Azərbaycan və Serbiya rezidentləri açılışda iştirak ediblər
Fevralın 8-də Bakının mərkəzində serb xalqının böyük oğlu, görkəmli alim Nikola Teslanın abidəsinin açılışı olub. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə,
Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Serbiya prezidenti Tomislav Nikoliç, xanımı Dragitsa Nikoliç açılış mərasimində iştirak ediblər.
Dövlət başçısı və xanımı Avstriya prezidentini və xanımını qarşılayıblar.
Prezidentlər İlham Əliyev və Tomislav Nikoliç abidənin üzərindəki örtüyü götürdülər, önünə gül dəstələri qoyublar.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Serbiyanın birinci xanımı Dragitsa Nikoliç də abidə önünə gül dəstələri qoyublar. Məlumat verilib ki, paytaxtın mərkəzində, Azadlıq prospekti və Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən parkda ucaldılmış abidənin müəllifləri Xalq Rəssamı, heykəltəraş Ömər Eldarov və memar Sənan Salamzadədir. Bürüncdən hazırlanmış abidənin hündürlüyü postamentlə birlikdə 3,3 metrdir. Abidənin fonunda görkəmli alimin əsas ixtiralarından olan dəyişən cərəyan generatorunu əks etdirən dekorativ panno quraşdırıb. Abidənin yerləşdiyi park abadlaşdırılmış, sakinlərin istirahəti üçün hərtərəfli şərait yaradılıb.
Dövlət başçısı və xanımı, Serbiyanın Prezidenti və xanımı Xalq Rəssamı Ömər Eldarov ilə söhbət etdilər.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Prezident Tomislav Nikoliç, xanımı Dragitsa Nikoliç abidə önündə xatirə şəkli çəkdiriblər.
Sonra Azərbaycan və Serbiya prezidentləri açılış mərasimində çıxış ediblər.
Sonda xatirə şəkli çəkdirilib.
Serbiya prezidenti və xanımı abidənin müəllifi Ömər Eldarova təşəkkür ediblər.