Azərbaycanda kommersiya məhkəmələri yaradılır
Azərbaycanda yeni məhkəmə yaradılır.
APA-nın məlumatına görə, bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” qanun layihəsi I oxunuşda Milli Məclisin bu gün keçirilən növbədənkənar xüsusi sessiyasının ilk plenar iclasında müzakirə edilib.
Qanuna yeni əlavə edilən 46-1-ci maddəyə əsasən, kommersiya məhkəməsi və onun səlahiyyətləri aşağıdakı kimidir:
- Kommersiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır;
- Kommersiya məhkəməsi məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir;
Azərbaycan Respublikasının qanunları ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
Sənədin 46-4-cü maddəsində (Kommersiya məhkəməsi sədrinin səlahiyyətləri) göstərilib ki, Kommersiya məhkəməsi sədri aşağıdakı səlahiyyətlərə malikdir:
- Məhkəmədə işin təşkilinə və məhkəmə aparatının işinə rəhbərlik etmək;
- Məhkəmə iclasına sədrlik etmək, işlərin kargüzarlıq qaydalarına uyğun bölüşdürülməsinə nəzarət etmək;
Məhkəmə aparatının işçilərinin işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və intizam qaydasında cəzalandırılması məsələlərini həll etmək;
- Məhkəmə fəaliyyətinin təşkili vəziyyətinin, məhkəmə təcrübəsinin öyrənilməsinə və ümumiləşdirilməsinə, məhkəmə statistikasının aparılmasına rəhbərlik etmək;
- Şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmənin işini təşkil etmək;
- Azərbaycan Respublikasının qanunları ilə ona həvalə edilmiş digər səlahiyyətləri həyata keçirmək.
Qanun layihəsinə yeni 46-3-cü maddə ( Kommersiya məhkəməsinin tərkibi) də əlavə edilib.
Yeni maddəyə görə, Kommersiya məhkəməsi sədr və hakimlərdən ibarət olacaq. Kommersiya məhkəməsində 12 və daha çox hakim ola bilər. Kommersiya məhkəməsində sədr müavini vəzifəsi təsis edilir. Hakimlərin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyənləşir.
Dəyişikliklə Qanunun 42-ci maddəsinin (İnzibati-iqtisadi məhkəmə) adından və bəndlərindən “İqtisadi” sözü çıxarılıb. Qanunun 43, 44, 45 və 45-1-ci maddələrində də müvafiq dəyişiklik edilib.
Azərbaycanda mövcud olan 7 inzibati-iqtisadi məhkəmənin hamısı inzibati məhkəmə adlandırılacaq. Bunlar 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsidir.
Sənnəddə həmçinin kommersiya məhkəmələrinin sədrlərinin maaş məsələsinə də toxunulub. Kommersiya məhkəmələrinin sədrləri ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin sədrləri kimi Ali Məhkəmə sədrinin vəzifə maaşının 80%-i həcmində yəni, 1824 manat maddi təminat alacaq.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
870