Müsavatçı, keçmiş millət vəkili İkram İsrafili YAP-çı deputat Aydın Mirzəzadəni oğlunun toyuna dəvət etdiyinə peşman etdilər. Müsavatın sabiq Divan üzvü bilmədi oğlunun şad gününə sevinsin, ya irəli sürülən ittihamlara cavab versin. İkram İsrafil beş il parlamentdə Aydın Mirzəzadə ilə yanaşı oturub, bir sözlə, kişilərin haqq-salamları olub. İkram bəy də özünün şad günündə Aydın müəllimin iştirakını vacib bilib. Di gəl ki, bu iştirak cəbhəçi bəylərin xoşuna gəlmədi. İttihamın biri bir qəpikdən döşədilər qarşılarının çıxanların qabırğalarına. Ki, İkram bəy düz etməyib! Niyə? Səbəb də budur ki, bu dəvətlə AXCP-Müsavat ittifaqına ağır zərbə dəyib.
Əgər bir dəvətnamə ilə bu ittifaqın təməli laxlayırsa...
Bu gün isə Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənli bir tədbirdə YAP rəhbərliyində olan şəxslərlə eyni masanı paylaşıb. İndi də Müsavat tərəfdən ara-sıra “atəş səsləri” eşidilir, şəkillər paylaşılır, “bəs siz niyə...” tipli sevincək və insafən, yerinə düşmüş cavablar səslənir...
Misir prezidenti Ənvər Sadat böyüklük göstərib, ölkəsinin torpaqlarını işğal edən İsrailin ayağına qədər getdi. Getdi və çox keçmədən sui-qəsdlə öldürüldü. Qara beyinli adamlar terrorla Sadatı cismən yox etdilər.
Haşa, biz heç kimə “qara beyinli” yarlığı yapışdırmırıq. 26 ildir meydanlarda çiyin-çiyinə mübarizə aparan yoldaşlar hazırda mənəvi terrora əl atıb, sosial şəbəkələrdə bir-birlərinin ünvanlarına ağır ittihamlar səsləndirirlər.
Üzülməmək əldə deyil. Geriyə boylanmaq və bir də hökmən irəliyə baxmaq lazımdır. Bu, lazım olduğu qədər, həm də vacibdir. Çünki bu günün sabahı var. Və bu sabah çox kiçik ölkədə açılır. Heç “Bizim bir düşmənimiz var, o da erməni separatçılarıdır” kimi ucuz ura-patriot tezislərə də əl atmaq lazım deyil. Bəlkə ittiham etməyin daşını ataq, bəylər? Ən azı, lap elə çoxu ittiham edilənlərdən olmamaq üçün bunu edək.
Axı yaşadığımız məmləkət dünyanın coğrafi-siyasi-iqtisadi-hərbi ölçülərilə müqayisədə elə vur-tut bir masa boydadı!
Hara fırlansaq, bu masanın ətrafındayıq. Hara fırlansaq, bir masanın ətrafında görüşəcəyik.