Astanada Beynəlxalq Türk Akademiyası (TWESCO) tərəfindən ənənəvi təşkil olunan III "Böyük Çöl" Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd edilib.
Lent.az-ın xəbərinə görə, TWESCO prezidenti Darxan Kıdırəli bildirib ki, bu il türk dünyasının tarixində Azərbaycan Xalq Cümhuriyyətinin 100, böyük qırğız şairi Çingiz Aytmatovun 90, qazax milli şairi Mağjan Jumabayevin 125, qədim türk yazılı abidələrinin ilk oxunuşunun 125 və Astana şəhərinin Qazaxıstanın paytaxtı elan olunmasının 20 illik yubileyi kimi əlamətdar hadisələrlə zəngindir. Ona görə də Beynəlxalq Türk Akademiyası III "Böyük Çöl" Beynəlxalq Humanitar Forumunu həmin yubileylərə həsr edib. Onun sözlərinə görə, əsas məqsəd tarixdə silinməz iz buraxan bu hadisələr və şəxsiyyətlərin irsini bütün dünyaya təqdim etməkdir.
Qazaxıstanın dövlət katibi Gülşara Abdıkalıkova isə AXC-nin türk dünyasının dövlətçilik ənənələrində özünəməxsus yerini qeyd edərək bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti türk dünyasının dövlətçilik və milli ideoloji fikir tarixində çox önəmli rol oynayıb. Bu məqsədlə Qazaxıstanda təşkil olunan Forumda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin də qeyd olunması əhəmiyyətli hadisədir.
Türkiyə baş nazirinin müşaviri, professor Aygün Attar isə Azərbaycan Xalq Cümhuriyyətinin yubiley tədbirlərinin beynəlxalq səviyyədə, o cümlədən Qazaxıstanda da qeyd olunmasından duyduğu məmnuniyyəti dilə gətirib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının keçmiş baş katibi Halil Akıncı Azərbaycanın tarix boyunca təkcə Qafqazda deyil, Anadoluda və Mərkəzi Asiyada da milli dövlətçilik ideologiyasının və milli düşüncənin formalaşmasında vacib rol oynadığına diqqət çəkib.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən irəli sürülən "Gələcəyə doğru: Mənəvi yenilənmə" proqramı və Astananın paytaxt elan olunmasının 20 illiyinə həsr edilən Forumun açılış mərasimində BMT Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO), İqtisadi Əməkdaşlıq Təşkilatı Elm Fondu (ECOSF) Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) və Türkdilli Dövlətlərin Parlament Assambleyası (TürkPA) kimi beynəlxalq təşkilatların rəhbərləri və səlahiyyətliləri, diplomatlar, dövlət və ictimai xadimlər, nüfuzlu araşdırma mərkəzlərinin rəhbərləri, aparıcı elm xadimləri və tədqiqatçılar da iştirak edib.
Beynəlxalq Forumda Almaniya, Azərbaycan, Çin, Qırğızıstan, Monqolustan, Moldova, Özbəkistan, Polşa, Rusiya Federasiyası, Tacikistan, Türkiyə və digər ölkələrdən təxminən 150 alim, tədqiqatçı və mütəxəssis, 6 fərqli paneldə aktual mövzularda məruzələr və fikir mübadiləsi ediblər.
III Beynəlxalq Humanitar Forumun "Türk dövlətçilik ənənələrinin xüsusiyyətləri" adlı paneli bütövlükdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilib. Bu bölmədə məruzəçilər Cümhuriyyətin türk dövlətçilik tarixində və milli azadlıq ideyalarının formalaşmasında oynadığı əvəzsiz rol barədə müzakirələr aparıblar.
Astananın Qazaxıstanın paytaxtı elan olunmasının 20-ci ildönümünə həsr olunmuş "Sivilizasiyaların harmoniyası və şəhər mədəniyyəti”, Türk dünyasının böyük şəxsiyyətləri Mağjan Jumabayevin 125, və Çingiz Aytmatovun 90 illik yubileyi münasibətilə "Türk ədəbi əlaqələri: Ənənə və müasirlik", böyük türkoloq V.Radlovun vəfatının 100, tanınmış elm xadimi V.Tomsenin Türk yazısını oxumasının 125 illiyinə həsr olunmuş "Türkologiyanın yeni imkanları" və "Böyük Çölün mənəvi oyanışı", "İnteqrasiyanın emi aspektləri: istiqamətləri və gələcəyi", habelə "Türk dövlətçilik ənənələrinin xüsusiyyətləri" adlı panellərdə Türk dünyasında elmin inkişafı, Avrasiya bölgəsində elmi inteqrasiya, şəhər mədəniyyəti, türkologiya, türk ədəbiyyatında ənənə və müasirlik, türk dövlətçilik ənənəsinin xüsusiyyətləri kimi məsələlərlə bağlı aktual təkliflər səsləndirilib.
Forum çərçivəsində 4 ölkə tərəfindən TWESCO nəzdində Altaistika, Türkologiya və Monqolistika Mərkəzinin yaradılması barədə anlaşma imzalanıb, türkologiyanın inkişafındakı xidmətlərinə bir neçə nüfuzlu alimə Akademiyanın qızıl medalı təqdim edilib. Həmçinin TWESCO tərəfindən son illər nəşr olunan kitabların sərgisi təşkil olunub.
Xatırladaq ki, Beynəlxalq Türk Akademiyası cari ilin aprel ayında UNESCO-nun Parisdəki mənzil-qərargahında təşkil etdiyi beynəlxalq forum çərçivəsində də AXC-nin 100 illiyinə ayrıca panel həsr etmiş və forum iştirakçıları Cümhuriyyətin qurucularından olan Ə.Topçubaşovun məzarını ziyarət etmişdilər.