APA-nın hazırda sessiyanı izləyən Avropa müxbirinin məlumatına görə, ilkin olaraq məruzələrin hesabatlarını təqdim ediblər.
J. D. Qrex və P. Aqramunt Azərbaycana etdikləri səfər haqda, ümumi olaraq ölkədəki vəziyyət haqda məlumat veriblər. Onlar Azərbaycanda müəyyən irəliləyişlərin olduğu deyiblər.
Onlar Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra bu ölkədə demokratik institutların fəaliyyəti və korrupsiya ilə mübarizə istiqamətində qanunverici sənədlərin qəbul edildiyini, bununla belə, bu qanunların icrasında müəyyən problemlərin olduğunu da qeyd ediblər. Onların fikrincə, Azərbaycandakı əsas problemlər ölkədə məhkəmə sisteminin müstəqil olmamasıdır ki, bu da insan hüquqları və qanunun aliliyi kimi məsələlərə əsas maneədir. Bundan başqa, həmməruzəçilər ölkədə fundamental azadlıqlar, söz və fikir azadlığı, sərbəst toplaşma azadlığı kimi məsələlərin narahatlıq doğurduğunu bildiriblər.
K. Ştrasser isə çıxışında artıq AŞPA-nın ümumi olaraq siyasi məhbuslar anlayışını göstərən sənədinin olduğunu bildirib, hazırda Azərbaycan üzrə bu məsələnin araşdırılmasının vacibliyini vurğulayıb. O, belə hesabatların başqa üzv ölkələr üçün də hazırlanmasının mümkünlüyünü deyib. Məruzəçi Azərbaycanda siyasi məhbus problemi sahəsində son 4 ildə müəyyən irəliləyişlərin olduğunu, bir çox məhbusun azad edildiyini desə də, bu sahədə hələ də problemlərin olduğunu diqqətə çatdırıb.
Sonra məruzələr ətrafında çıxışlar başlayıb. Deputatlar əsasən K. Ştrasserin məruzəsinə münasibət bildiriblər.
Yunanıstanlı deputat, xanım Teodora Bakoyannis Azərbaycan barədə məlumatlı olduğunu, ölkədə bir çox işlərin görülməsinin vacibliyini qeyd edib: “Amma bu ölkədə bu gün xanımlar azad gəzə bilirlər, dini tolerantlıq var. Ona görə də bu məsələdə Ştrasser ehtiyatlı olmalıdır. Bu, doğru olmayan, qərəzli hesabatdır. Biz ilk hesabata səs verməliyik, ikincisinə isə yox. Yaxşı olar ki, biz siyasi məhbus məsələsini danışıqlar yolu ilə həll edək”.
Ukraynalı deputat Sergey Sobolev də Ştrasserin hesabatına səs verməməyə çağırıb: “Belə məruzəni qəbul etməkdənsə, bu sahədə əməkdaşlıq etmək, siyasi məhbus problemini həllinə nail olmaq daha düzgün olardı”.
Norveçdən olan deputat, xanım Liz Kristoffersen Azərbaycanda problemlərin olduğunu deyib, insan haqlarının pozulduğunu bildirib.
Fransadan olan deputat Jan Mari Boçkel həmməruzəçilərin hesabatını dəstəklədiyini deyib, Ştrasserin hesabatının isə yarımçıq olduğunu bildirib. O, Azərbaycanda gedən iqtisadi inkişafın demokratiyaya da təkan verəcəyini vurğulayıb. Deputat, həmçinin AŞ-nı Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv olmağa çağırıb.
Müzakirələrdə söz alan Azərbaycan nümayəndə heyətinin üzvü Rövşən Rzayev AŞPA-nın Azərbaycana qarşı ikili və qərəzli yanaşmasını anlamadığını deyib: “Azərbaycanda bu gün kimsə azad şəkildə öz fikrini ifadə etdiyi üçün cinayət məsuliyyətinə cəlb olunmur. Azərbaycan hazırda hüquqi dövlət quruculuğu ilə məşğuldur. Avropa Şurasından da bu işdə bizə öz yardımını göstərməsini gözləyirik. Amma yardım etmək əvəzinə belə qərəzli hesabatla üzərimizə gəlir. Son vaxtlar ölkə başçısı tərəfindən verilmiş bir neçə əfv sərəncamı ilə bir çox məhbus artıq azad edilib. Kristofer Ştrasser isə yenə də hesabatında 85 nəfər siyasi məhbusun olduğunu qeyd edir. Bu rəqəmlərin haradan götürüldüyü anlaşılan deyil”.
Azərbaycanla bağlı məruzələri tənqid edən erməni deputat Naira Zöhrabyan Ermənistan nümayəndə heyətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təklif etdiyi müddəaların heç birinin həmməruzəçilər tərəfindən qəbul edilmədiyini bildirib.
Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri David Arutunyan Azərbaycanın öhdəlikləri ilə bağlı hesabatı Azərbaycanpərəst sənəd kimi dəyərləndirib: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı terminologiyalar burada düzgün verilməyib. Hesabatda qaçqın və məcburi köçkünlərlə bağlı rəqəmlər də çox şişirdilib. Biz bu hesabatın əleyhinə səs verəcəyik”.
Daha sonra söz alan Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxışını Azərbaycandakı vəziyyəti tənqid edən erməni deputatlara cavab verməklə başlayıb.
“Azərbaycanı tənqid etmək, Azərbaycanda siyasi məhbusların olmasından ağız dolusu danışmaq əvəzinə, yaxşı olardı ki, siz özünüz Ermənistanda, Dağlıq Qarabağ bölgəsində əsgəri xidmət çəkmək, müharibədə iştirak etmək istəmədiyinə görə həbsə atılmış erməni gənclərin həbsdən azad edilməsinə çalışasınız. Məni təəccübləndirən məsələ odur ki, 12 il AŞPA-da fəaliyyət göstərdiyim müddətdə ilk dəfədir, bir ölkə üzrə eyni zamanda iki fərqli hesabatın müzakirəyə çıxarıldığını görürəm. Azərbaycan AŞPA-da monitorinq altında olan ölkədir. Azərbaycan üzrə birinci hesabatın kifayət qədər tənqidi xarakter daşımasına baxmayaraq, biz də öz növbəmizdə, bu prosesə yardım etmək üçün hər şey edirik. Hərdən mən bu tənqidlərlə razılaşmıram, amma bizə bu problemləri həll edə bilməmiz üçün ilk növbədə dialoq lazımdır. Biz Monitorinq Komitəsi ilə müzakirələrimizi, əməkdaşlığımızı davam etdirməliyik. Çünki bu bizim Avropa Şurası üzvü kimi ilk növbədə öhdəliklərimizdəndir. Avropa Şurası təşkilat olaraq üzv ölkələr üçün yaradılıb, onlara qarşı yaranmayıb. Biz cənab Ştrasserin hesabatına necə səs verə bilərik ki, bu sənəddə fərqli faktlar çox qəribə şəkildə əks olunub. Məruzəçinin təqdim etdiyi siyahıda elə şəxslərin adları var ki, ümumiyyətlə belə adamlar yoxdurlar. Siyahıda olanlardan 40 nəfəri artıq azad edilib, 10 nəfərin işinə məhkəmələrdə baxılmaqdadır. Buna baxmayaraq, cənab Ştrasser bir-iki saat əvvəl yenilənmiş siyahısını təqdim etdi bizə. Biz cənab Ştrasserə yox, bu hesabata qarşıyıq. Biz yalnız bir ölkənin təftiş olunmasına qarşıyıq», – deyə S. Seyidov bildirib.
Dağlıq Qarabağ üzrə AŞPA-nın Alt-komitəsinin sədri, ispaniyalı deputat Yordi Çukla da Ştrasserin hesabatının yalnız Azərbaycan üzrə aparılmasına qarşı çıxıb: “Niyə bu hesabat ancaq Azərbaycan üzrə aparılıb? Üstəlik bu hesabatda çoxlu uyğunsuzluqlar var, sənəddə qərəzli niyyətin olduğu hiss olunur. Hesab edirəm ki, belə qərəzlilik qəbuledilməzdir”.
Lixtenşteynli deputat Volvend Renate bildirib ki, Azərbaycanda siyasi məhbus probleminə yalnız düzgün məhkəmə sistemi qurulanda son qoyulacaq. O, Ştrasserin hesabatı ilə razı olduğunu bildirib, deputatları hər iki sənədə səs verməyə çağırıb.
İrlandiyadan olan deputat Leyden Terri isə Monitorinq Komitəsi həmməruzəçilərinin hesabatının çox yaxşı hazırlandığını deyib: “Sevindiricidir ki, azərbaycanlı həmkarlarımız da bu sənədi qəbul edirlər. Lakin siyasi məhbuslarla bağlı hesabatın əleyhinə səs verməliyik. Çünki sənəddə göstərildiyi kimi, Azərbaycanda 85 siyasi məhbusun olduğu barədə məlumat doğru deyil. Bu məlumatlar artıq yoxlanılıb. Azərbaycan Avropa Şurasında üzv olduğu müddətdə çox irəliləyişlərə nail olub".
İtaliyalı Cüzeppe Valentino Ştrasserin hesabatında faktların göstərilmədiyini, daha çox mülahizələrə üstünlük verildiyini qeyd edib: “Bu sənəd kifayət qədər subyektivdir və mən həmkarlarımı bu hesabatın əleyhinə səs verməyə çağırıram. Birinci hesabatı isə qəbul etməliyik”.
İsveçrəli deputat Maksimilian Reyman Azərbaycanın iqtisadi baxımdan güclü dövlət olduğunu, bunu siyasi və hüquqi sahələrə aid etməyini mümkün olmadığını deyib: “Azərbaycan hakimiyyəti opponentlərini həbs etməklə məşğuldur. Hesab edirəm ki, bu siyasi məhbus məsələsi tez bir zamanda həllini tapmalıdır. Mən bu hesabatın lehinə səs verməyə çağırıram".
Andorralı deputat Mateo Pi siyasi məhbusların Avropanın bütün ölkələrində ola biləcəyini deyib: “Hesab edirəm ki, böyük və kiçik dövlətlərə münasibətdə belə məsələlərdə ikili standartlar mövcuddur. Mən şəxsən ilk hesabatı müsbət qarşılayıram, cənab Ştrasserin hesabatı haqda isə bunu deyə bilmərəm”.
Müzakirələr başa çatıb. Məruzəçilər müzakirələrə dair fikir bildirdikdən sonra hər iki hesabat səsverməyə çıxarılacaq.