“Ürəyi xaş istəyib, gətirib yedirtmişəm, mənə bıçaq çəkir” – 20 manatlıq DAVA
14 noyabr 2025 14:08 (UTC +04:00)

“Ürəyi xaş istəyib, gətirib yedirtmişəm, mənə bıçaq çəkir” – 20 manatlıq DAVA

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə Xəyal Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə zərərçəkənin ifadəsi ilə davam edib. Zərərçəkən Elnur Məmmədov  təqsirləndirilən şəxslə əvvəllər dostluq münasibətlərinin olduğunu deyib:

"Xəyal 20 manat pul almışdı məndən, neçə müddət idi ki, qaytarmırdı. Zəng elədim buna, dedim "Pulu qaytarmaq fikrin yoxdur?" Başladı bəhanələr gətirib məni  acılamağa.Söydük bir - birimizi telefonda. İçkili idim özü də, durub gəldim onun işlədiyi bazara. Yaxınlaşanda gördüm  əlindəki bir manatlıq, göy dəstəkli bıçaqla  meyvə soyub yeyir. Məni görən kimi  üstümə hücum çəkdi, amma gücü çatmadı mənə. Yıxdım onu yerə. Toplaşanlar araladılar bizi. Maşına oturub getdim, gedə-gedə  güzgüdə gördüm ki, sifətim qanayıb, üzümdə qanlı cızıq var. Təzədən ora geri qayıtdım, dedim "Mənə "şram" çəkmək istəyirdin, üzümə niyə vurdun?"  Tüpürdü üzümə, təzədən bir- birimizə hücum elədik. Mən ona heç vaxt pis olmamışam; ürəyi xaş istəyib, gətirib yedirtmişəm. Allah şeytana lənət eləsin, beş on-dəqiqəlik bir əsəbin oyununa düşdük".

Daha sonra zərərçəkənin müxtəlif vaxtlarda verdiyi  ifadələri məhkəmədə səsləndirilib. Bu zaman ifadələrdə olan ziddiyyət və uyğunsuzluq məlum olub. Zərərçəkən buna səbəb kimi  həmin vaxt içkinin təsirində olduğunu dedi. Məhkəmə  şahid ifadələrinin dinlənilməsi üçün növbəti məhkəməni 5 dekabr saat  10:30 -a təyin etdi.

Xatırladaq ki, 31 yanvar 2025-ci il tarixində Hüseynov Xəyal Ramiz oğlu  tanışı Elnur Məmmədovu münaqişə zəminində bıçaqlayaraq xəsarət yetirib. Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan X. Hüseynova qarşı Cinayət Məcəlləsinin 29, 120.2.2 və 221.3- cü maddələri ilə ittiham irəli sürülmüşdür.

Fərqanə Novruzova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 612

Oxşar yazılar