Yer üzündə yaşamış ən dahi amerikalı - Uolt Uitmen
“Qanla dolu coşğun keçmişimizə nəzər yetirsək, özünü sivil adlandıran digər ölkələrdən elə də fərqlənmədiyimizi görərik.” Bu, məhşur amerikalı yazıçı Henri Millerin illər sonrakı etirafıdır. 88 yaşlı yazıçı deyir ki, o , istənilən böyük ölkənin cılız vətəndaşlarının düşündüyü kimi “Biz necə varıqsa elə olmaqdan xoşbəxtik. Bizim heç nəyi dəyişdirməyə ehtiyacımız yoxdur” şəklində düşünə bilməz. Miller əlavə edir ki, dünyanın bütün sivil millətləri arasında amerikalılar, ona ən narahat, ən acgöz millət kimi görünür. Bununla belə, yazıçının düşüncəsinə inansaq, amerikalılar arzulara qapılıb, bütün dünyanı özlərinə bənzətməyə çalışırlar. Lakin bununla məşğul olarkən, onlar guya dünyanı düzəltmək arzusuyla, əksinə onu dağıdır və zəhərləyirlər...
Henri Miller fikirlərini dahi amerikalı şair Uolt Uitmen düz yüz il əvvəl belə ifadə etmişdi:
“İrəli, mənim sevimli amerikalılarım, atlarınızı daha da uzaqlara çapın həyəcanla! Pul, siyasət uğrunda! Bütün kilidləri açın, daha da uzaqlara yetişmək üçün, hər kəsə dərs vermək üçün! Çox yaxında istədiyinə çatacaqsan, ancaq onları saxlamaq istəsən belə bacarmayacaqsan. Ən yaxşısı (köhnə və yeni ölkələrə) vaxtında göstəriş ver, minlərlə “dəlixana” tiksinlər. Çünki sən axmaqlardan ibarət bir millət yaratmaq üçün ən doğru yolu seçibsən”.
Əminik ki, bu dahi yazarlar indi yaşasaydılar, amerikalıların yeni utanc yeri olan daha bir “xana” - həbsxanalar haqqında da mütləq bir fikir yürüdərdilər .
Dünyanın ən böyük “həbsxana ölkəsi”
Əvvəlcə ondan başlayaq ki, ABŞ həbsxanalarında olan 2.2 milyon insan ölkə əhalisinin 4%-ni təşkil etsə də, dünyada həbsxanalarda olan insanların 25%-ni özündə cəmləşdirir. 1.5 milyonla Çin 2-ci, 870 minlə Rusiya 3-cüdür. Göründüyü kimi, Amerika Birləşmiş Ştatları həm də dünyanın ən böyük “həbsxana ölkəsidir”. “Demokratiyanın beşiyi” hesab edilən bir ölkədə bu qədər insanın məhbus həyatı yaşaması düşündürücüdür. Bu gün hər hansı bir ölkədə ictimai asayişin qorunması istiqamətində görülən tədbirləri ciddi tənqid və qınaq obyektinə çevirən ABŞ-ın özündə bu sahədə insan hüquqlarının kobud şəkildə pozulduğunun şahidi oluruq. Bu məhbusların bir çoxu isə polis zorakılığı ilə üzləşən və ədalətsizliyin pozulmasına müqavimət göstərənlərdir. Misal üçün, ABŞ-da “ADX Florence” adlı xüsusi ciddi rejimli həbsxanaların tikilməsi uzun müddət Amerika cəmiyyətində müzakirə və qınaq obyektinə çevridi. Bu həbsxananın tikilməsində məqsəd xüsusi terror təşkilatlarına cavab vermək, digər ABŞ həbsxanalarının ciddi rejiminə qarşı siyasi addım atmaq idi. Narahatçılıq üçün kifayət qədər ciddi səbəblər də az deyildi.
Qoruqçular məhbuslarla çox sərt davranır, məhbusları tam sakit olmağa, onları söhbət etməyə, pıçıldamağa, hətta öz kamera yoldaşı ilə belə danışmağa icazə vermirlər. Burada işçi heyəti məhbuslara, məhbuslar isə bir-birinə o qədər psixoloji təzyiqlər edirlər ki, nisbətən zəifləri özlərini öldürməkdən belə çəkinmir. Bu isə Amerika cəmiyyətində ölkənin hüquq mühafizə sisteminə onsuz da mənfi olan münasibəti daha da artırdı.
“Washington Post” qəzetinə istinad etsək 2015-ci ilin yanvar-iyun ayları ərzində ABŞ-da polis tərəfindən 385 nəfər öldürülüb. Maraqlıdır ki, polis zorakılığı ilə müşayiət olunan hadisə qurbanlarının arasında qaradərililərin sayının üç dəfə çox olduğu bildirilir. Bu isə dünyaya insan hüquq və azadlıqları, demokratiya dərsi keçməyə iddialı olan bir ölkənin dövlət səviyyəsində irqi ayrı-seçkiliyi dəstəklədiyi anlamına gəlir.
Ümumiyyətlə, son zamanlar ağdərili polis əməkdaşlarının qaradərili şəxsləri qətlə yetirməsi halları xeyli dərəcədə artıb. Ferqyuson və Baltimorda baş verən qiyamlar da məhz qaradərili əhalinin bu diskriminasiya siyasətinə olan etirazı idi. Onu da deyək ki, son on ildə ABŞ-da polis zorakılığı fonunda hər il orta hesabla 545 mülki şəxsi öldürülür. Maraqlıdır, digər dövlətlərdən insan hüquqlarına hörmətlə yanaşmağı tələb edən ABŞ-da vətəndaşların təməl hüququ olan yaşamaq hüququ niyə bu qədər qəddar şəkildə pozulur?
Cinayəti törədənlər cəzasız qalır…
“Washington Post” qəzetində yer alan statistikaya nəzər salsaq, daha bir maraqlı faktla rastlaşa bilərik ki, polis zorakılığı ilə öldürülən şəxslərin 40%-i silahsız olub. Qeydə alınan 385 cinayət hadisəsinin yalnız üçündə cinayət işi açılıb. Ekspertlərin fikrincə, bu onu sübut edir ki, ABŞ-ın ədalət məhkəmələri qaradərili şəxslərin öldürülməsi faktları ilə bağlı qərəzli mövqe tutur.
Utancverici “nüfuz”
İndi başa düşmək olur ki, ABŞ həbsxanalarında vəziyyət niyə ürəkaçan deyil. Belə ki, həmin həbsxanalarda insan hüquqları kobud surətdə pozulur, qaradərililərə qarşı qərəzli mövqe nümayiş etdirilir və nəticədə güclü həbsxana qiyamları baş qaldırır. Bu qiyamlardan iki il bundan əvvəl Kentukki ştatındakı həbsxanada baş vermiş və 250 nəfər insan xəsarət almışdı.
İnsanlığın bitdiyi yer - Quantanamo həbsxanası
Bu həbsxana haqqında tükürpədici faktlar, dəhşətli hekayələr və hətta böyük qalmaqallara səbəb olan fotolar artıq neçə illərdir dünya mediasının gündəmindən düşmür. ABŞ-da dustaqların amansız işgəncələrə məruz qaldığı, dəhşətli işgəncə metodlarının tətbiq olunduğu yer Quantanamo həbsxanasıdır. Bu həbsxanadakı işgəncələrlə bağlı ən sarsıdıcı material kimi əvvəllər Quantanamoda 6 il məhbus olmuş Muhammed uld-Slahinin gündəliyini göstərmək lazımdır. Kitab halında çap olunan bu gündəlikdə ABŞ-ın Quantanamodakı məhbuslara qarşı tətbiq etdiyi dəhşətli işgəncələr haqda ətraflı məlumat verilir.
Məhbus Məcid Xanın məruz qaldığı işgəncələr..
“Reuters” xəbər agentliyi Quantanamoda məhbus olan Məcid Xan adlı şəxsin həbsxana işçilərinin törətdiyi işgəncələrdən yazıb. Dərc olunmuş yazıda Məcid Xanın cinsi təcavüzə məruz qaldığı, günlərlə fasiləsiz dirəkdən asıldığı və buz kimi su ilə doldurulmuş vannalarda az qala boğulana qədər saxlanıldığı kimi dəhşətli faktlar barədə detallı şəkildə məlumat verilmişdi. “Reuters” bu məlumatları Məcid Xanla onun vəkilləri arasında baş tutan söhbətlərdən götürmüşdü.
“Əbu-Qreyb” həbsxanasının dəhşətləri
ABŞ-ın İraqı işğal etməsi bir çoxunun normal davam edən həyatını dəyişdirdi və geridə minlərlə acı həyat hekayəsi qaldı. İraqda yaşanmış ən dəhşətli hadisələr, heç şübəsiz ki, "Əbu Qreyb"də baş verdi. Bu dəhşətləri əks etdirən fotolar mediaya sızandan sonra dünya şoka düşmüşdü. 2002-ci il 11 sentyabr terror aksiyasından sonra yaradımış bu həbsxanaya görə, bütün dünya ABŞ-ı ittiham hədəfinə çevridi.
2003-ci ildə "Əbu Qreyb"də tətbiq edilən işgəncələrlə bağlı ən dəhşətli faktlarla amerikalı jurnalist Seymur M.Hershin araşdırmasından da tanış olmaq olar. Hersh bildirib ki, “Əbu-Qreyb” həbsxanasında iraqlı gənclərə və uşaqlara analarının gözləri qarşısında təcavüz edilib və bütün bunlar videoya çəkilib. “Əbu-Qreyb” dəhşətlərini ilk olaraq dünyaya yayan amerikalı jurnalist Hersh həbsxanada yaşanan dəhşətli hadisələrin cəmiyyətə açıqlanmadığını, Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) tərəfindən bu məlumatların gizli saxlandığını deyib. Məşhur jurnalist hətta ABŞ hökumətini müharibə cinayətlərini gizlətməkdə günahlandırıb. Yayılmış digər məlumatlara görə, həbsxanada iraqlı gənclərə sopalarla təcavüz edilib, qadın paltarları geyinməyə məcbur edilib, bəzilərinə isə elektrik cərəyanı qoşulub.
Görüntülərin ortaya çıxmasından sonra ABŞ-lı çavuş Charles Graner hərbi məhkəmə qarşısına çıxarılıb. Həbsxanaya məsul olan general J.Kaprinski isə işgəncələrin bir siyasət olduğunu, sorğu-suallarda CİA agentlərinin də iştirak etdiyini bildirmişdi.
Təəssüf ki, bu gün Şərqi Avropa ölkələrində Mərkəzi Kəşfiyyat İdarəsinin gizli həbsxanalarının olduğunu iddia edən və ABŞ dövlətindən hesabat tələb edən bəzi Avropa təşkilatları və rəsmiləri də əslində ABŞ-ın «müstəsna hüquqlara malik» bir dövlət kimi formalaşmasına yardımçı olmuşlar. Müxtəlif maliyyə institutlarının yaradılmasında ABŞ-la birgə fəaliyyət, postsovet ölkələrində yeni «müştəri ölkələrin» formalaşması üçün texniki yardımların göstərilməsi, bu ölkələrlə əməkdaşlıq və tərəfdaşlıq sazişlərində ABŞ-ın maraqlarının dolayısı ilə nəzərə alınması, anti-İraq koalisiyasına daxil olmaq və sair fəaliyyətlər Avropa İttifaqına daxil olan ölkələrin ABŞ-la bir «səngərdə vuruşduğundan» xəbər verir.
Bu gün ayrı-ayrı ölkələrdə insanların hüquq və azadlıqlarının vəziyyətinə dair hesabatlar dərc edən, təcridxanalardakı “ağır vəziyyətdən” dəm vuran rəsmi Vaşinqton nə qədər gülünc və biabırçı vəziyyətdə olduğunu anlamaq istəmir. Bütün imperiayaların təfəkkür tərzi olan mənəmlik iddiası, təkəbbür ona güzgüyə baxmağa imkan vermir. Əgər baxa bilsəydi, görərdi ki, onun sayəsində bu gün bütün dünya Quantanamo və Əbu-Qreybə çevrilir.