“Qarabağın azad edilməsi üçün Pakistan hər cür dəstəyi verməyə hazırdır”. Bunu Lent.az-ın İslamabada ezam olunmuş müxbiri ilə söhbətində Pakistan Senatının Xarici Əlaqələr Komitəsinin sədri Hacı Məhəmməd Adil bildirib.
Pakistan dövlətinin xarici siyasət kursunu müəyyənləşdirən bir quruma rəhbərlik edən Hacı Məhəmməd Adil qeyd edib ki, coğrafi məkanda bir-birindən uzaqda yerləşsə də, Azərbaycan və Pakistanın münasibətlərinə ən yaxın və mehriban qonşular da həsəd apara bilər.
“Bizim müttəfiqliyimizi, dostluğumuzu gözü götürməyən qüvvələr var və bu, sirr deyil. Amma biz müdrik xalqlarıq və bu dostluğa nifaq salmaq istəyənləri yerində oturda bilirik. Hər iki dövlətin Qarabağ və Kəşmir kimi oxşar problemləri var. Qarabağ həm də bizim problemimizdir. Azərbaycan xalqı bilsin ki, Qarabağın azad edilməsi üçün Pakistan hər cür dəstəyi verməyə hazırdır”.
Komitə sədrinin dediyinə görə, Ermənistan müxtəlif, ortaq münasibətdə olduğumuz dövlətlərin vasitəçiliyi ilə Pakistandan onun müstəqilliyini tanımaq barədə israrlı xahişlər edib. Amma bizim mövqeyimiz qəti və prinsipialdır. Biz belə dövləti tanımırıq. Hər dəfə məndən bu məzmunlu suallara cavab istəyəndə elə beləcə də deyirəm: “Nə? Ermənistan? Biz belə dövlət tanımırıq!” Bəli, Ermənistan Qarabağı, müsəlman torpaqlarını tərk etməyincə heç bir danışıqdan və tanımaqdan söhbət gedə bilməz”, - deyə, Hacı Məhəmməd Adil bildirib.
Səbuhi Məmmədli,
İslamabad