23 il Ağdamsız ...
23 iyul 2016 11:01 (UTC +04:00)

23 il Ağdamsız ...

 

 

Azərbaycanın ən dilbər guşələrindən, mədəni beşiklərindən olan Qarabağ və onun ayrılmaz hissəsi Ağdamın işğalından bu gün 23 il ötür.

 

23 iyul 1993-cü ildə Qarabağın işğalı zamanı ən geniş miqyaslı əməliyyatlardan biri baş verib. Həmin ilin iyun-iyul aylarında Gəncə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirmək imkanı verir. Ağdam üzərinə edilən birinci hücum nəticəsiz qaldıqdan sonra ermənilər qüvvəni Ağdərə istiqamətində cəmləşdirir. İyulun əvvəllərində Ağdərə düşmən əlinə keçir. Bunun ardınca ermənilərin iki ordu korpusu Ağdam istiqamətində əməliyyata başlayır. 42 gün davam edən qeyri-bərabər döyüş Ağdamın işğalı ilə sona çatır.

 

Ərazisi 1094 kv.km olan Ağdamın 846,8 kv. km-i, yəni 77,4%-i, bir şəhər və 80 kəndi ermənilərin əlinə keçdi, o vaxta qədər Ağdamın 1 şəhər, 124 kəndi vardı. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qaldı.  Ağdam uğrunda gedən döyüşlərdə Azərbaycan tərəfi 6 mindən çox şəhid verib. Doğma yurdlarından köçkün düşən rayon əhalisinin əksəriyyəti ölkənin müxtəlif bölgələrinə səpələniblər. Hazırda Ermənistan "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasının və "Mədəni sərvətlərin qeyri–qanuni dövriyyəsi haqqında" Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq, Azərbaycanın mədəni sərvətlərini talamaqda davam edir. Ağdamın işğalı ilə Azərbaycan iqtisadiyyatı 3 milyard manat vəsait itirib. 40 min ha-dan çox əkin sahəsi olan və ölkənin ən iri aqrar rayonlarından sayılan Ağdamda indi 17 min ha sahədə əkin aparılır. 

 

190 minə yaxın əhalisi olan Ağdamın yalnız 22,6 faizi Azərbaycanın nəzarətindədir. Həmin ərazi işğaldan etibarlı şəkildə müdafiə olundu, köçkünlərin yaşayış şəraitini yaxşılaşdırmasına başlandı. Ulu öndər Heydər Əliyevin qaçqın və məcburi köçkünlərlə bağlı başladığı tədbirləri davam etdirən Prezident İlham Əliyev ağdamlı köçkünlərin problemlərinin həlli, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, abadlıq-qururculuq işlərinin genişləndirilməsi istiqamətində mühüm addımlar atdı. İndiyədək Ağdamda bütün sosial-texniki infrastruktura malik 18 müasir qəsəbə salınıb, daha bir qəsəbənin tikintisi isə başa çatmaq üzrədir. Yeni qəsəbələrdə 40 mindən çox ağdamlı məskunlaşıb, ümumilikdə rayon əhalisinin 90 mindən çoxu Ağdamda yaşayır. 

 

Atəşkəsin elan olunmasından bu yana ən irimiqyaslı hərbi əməliyyat olan aprel döyüşləri sübut etdi ki, ordumuz istənilən vaxt hücuma hazır vəziyyətdə dayanıb. Azərbaycan ordusu və onun arxasında dayanan xalq inamı göstərdi ki, millət olaraq Qarabağ üçün vuruşmağa hazırıq. Çünki Qarabağsız Azərbaycan, Ağdamsız da Qarabağ ola bilməz

 

Nailə Məmmədova

“Azerbaijan Realities”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 282
avatar

Oxşar yazılar