Türkiyə və Yunanıstanı müharibə həddinə çatdıran 2 qaya parçası - TARİX
17 dekabr 2022 20:15 (UTC +04:00)

Türkiyə və Yunanıstanı müharibə həddinə çatdıran 2 qaya parçası - TARİX

Kipr məsələsi Türkiyə ilə Yunanıstan münasibətlərində ən gərgin məqam sayılır. Türk və yunan icmaları uzun illərdir ki, adanın statusu və dövlət quruluşu barədə razılığa gələ bilmir.

Amma bununla yanaşı, Türkiyə və Yunanıstan münasibətlərinə mənfi təsir edən daha bir problem – Egey məsələsi də var.

Dənizdə su hövzəsi və hava məkanının müəyyənləşməsi, iqtisadi zonaların ilə bağlı delimitasiya prosesi və Egey dənizindəki bəzi adalarla bağlı mübahisə bu məsələnin əsasını təşkil edir.

Egey məsələsindəki ən kəskin problem isə Yunanıstanın İmiya, Türkiyənin isə Kardak adı verdiyi 2 kiçik adaya görədir. Sahəsi 40 min kvadrat metr təşkil edən həmin adalar daha çox qaya parçası sayılır.

Kardakı strateji edən əsas məsələ onun Türkiyə sahillərindən 7 kilometr məsafədə yerləşməsidir. 

Hər iki ölkə daimi sakinləri olmayan bu iki qayalığa ərazi iddiası irəli sürür. Bu mübahisə fonunda Kardak qayalıqları ilə bağlı iki tərəfi müharibə həddinə gətirə biləcək insidentlər qeydə alınıb.

1932-ci ildə Türkiyə sahilləri ilə Yunanıstanın Kastelorizo adası arasında yerləşən bir neçə kiçik adanın suverenliyini müəyyən edən konvensiya imzalandı. Konvensiya Türkiyə ilə o zamanlar Dodekanes adalarını idarə edən İtaliya arasında imzalanmışdı.

1947-ci ildə müttəfiqlər İtaliya ilə Paris sülh müqaviləsi imzaladı və bu müqavilənin şərtlərindən biri arxipelaqın Yunanıstana verilməsi oldu. Həmin müqaviləyə əsaslanan Yunanıstan Kardak (İmiya) qayalıqlarına iddialıdır.

Ankara isə qayalıqların Türkiyənin ərazi sularında olduğunu əsas gətirərək yunan tərəfinin iddialarını rədd edir. Bu mübahisə 27 il əvvəl Türkiyə ilə Yunanıstan arasında müharibəyə də səbəb ola bilərdi.

1995-ci il dekabrın 25-də Türkiyəyə məxsus gəmi qəza səbəbi ilə həmin qayalıqlardan birinin sahillərinə yan alır. Gəmiyə texniki yardım üçün yunan gəmisi əraziyə yaxınlaşsa da, türkiyəli gəmi kapitanı Türkiyənin ərazi sularında olduqları üçün yardımdan imtina edir.  

Dekabrın 29-da Türkiyə Kardaka iddialarını irəli sürdü və qəzalı gəmini təmir etdi. Gəmi ilə bağlı insident 1 ay sonra mediaya məlum oldu və iki ölkə arasında münasibətlər açıq müstəvidə gərginləşdi.  

1996-cı il yanvarın 25-də Kalimnos yunan adasının 4 sakini qayıqla Kardakın şərq sahillərinə yan alaraq burada yunan bayrağını qaldırdılar. Buna cavab olaraq, 2 gün sonra helikopterlə əraziyə gətirilən “Hürriyət” qəzetinin əməkdaşları bura eniş edərək yunan bayrağını türk bayrağı ilə əvəzlədilər. Hadisə canlı yayımda bütün ölkəyə yayımlandı.

Yanvarın 28-də bu dəfə Yunanıstan Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər Kardaka yaxınlaşdı və Türkiyə bayrağını yenidən Yunanıstan bayrağı ilə əvəzlədi. Hər iki ölkənin baş nazirləri qarşılıqlı sərt açıqlamalar verdi.

Ardınca, həm Türkiyə, həm də Yunanıstanın hərbi gəmiləri mübahisəli əraziyə yönəldi. Yunanıstan xüsusi təyinatlıları Kardak qayalıqlarının şərqində, türkiyəli həmkarları isə qərb sahilinə desant çıxardı.

Paralel olaraq, Türkiyə qoşunları Kiprdə “yaşıl zona” ətrafında öz hərbi qüvvələrini artırdı. 1996-cı il yanvarın 31-i səhər saatlarında Yunanıstanın “Navarino” hərbi freqatından havaya qalxan helikopteri kəşfiyyat uçuşuna çıxır. Amma onun mübahisəli qayalıqlar üzərində uçuşu çox çəkmir və helikopter qəzaya uğrayır.

Onun göyərtəsində olan 3 zabit isə həlak olur.

Hadisənin Türkiyənin atəşi yoxsa texniki səbəbdən olması mübahisələr doğursa da, hər iki tərəf gərginliyi azaltmaq üçün insidenti gizlətməyə çalışırdı.

ABŞ-ın vasitəçiliyi ilə Afina və Ankara arasında aparılan danışıqlardan sonra tərəflər silahlı qüvvələrini ərazidən çəkməyə razılaşır.

Amma mübahisə bu günə qədər həll olunmayıb. İnsidentin sülhlə başa çatmasından 7 ay sonra Yunanıstanın Dassault Mirage 2000 təyyarəsi Türkiyənin F-16D təyyarəsini raketlə vurur. Pilotlardan biri həlak olsa da, katapult edən digər pilot sağ qalır.

Gərginlik qısa müddətdə yenidən birbaşa toqquşma səviyyəsinə çatsa da, növbəti 20 il sakit keçir.

2016-cı ildə helikopter qəzasının 20-ci ildönümündə Yunanıstan müdafiə naziri kövrək sülhü pozur. O, helikopterin göyərtəsində Kardak qayalıqlarının şərq sahillərinə gələrək pilotların xatirəsinə əraziyə əklil atır.

2017-ci ildə Türkiyə ordusunun Baş Qərargah rəisinin olduğu raket kateri mübahisəli qayalıqlara yaxınlaşsa da, onu Yunanıstana məxsus sahil gəmisi qarşılayır. İnsident ciddi nəticələrə səbəb olmur.

2018-ci ilin fevralında isə Türkiyəyə məxsus sahil gəmisi Kardak qayalıqları yaxınlığında yunan gəmisi ilə toqquşur. Xoşbəxtlikdən hadisə zaman ölən və yaralanan olmur.

Tərəflər xarici işlər nazirləri çərçivəsində sərt bəyanatlar verməklə kifayətlənir.

Kardak qayalıqları Kipr məsələsi ilə yanaşı, Türkiyə-Yunanıstan münasibətlərinə mənfi təsir göstərən əsas amillərdən sayılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4371
avatar

Vüqar İsmayılov

Oxşar yazılar