Tarixi Şuşa Bəyannaməsi: Beynəlxalq ekspertlər nə deyir?
16 iyun 2021 16:15 (UTC +04:00)

Tarixi Şuşa Bəyannaməsi: Beynəlxalq ekspertlər nə deyir?

Çox əlamətdar gün idi. Şuşada, hə məhz Şuşada Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə imzalandı. Şuşa Bəyannaməsi yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcı oldu. Əslində, dünən gələcək qələbələrin də təməli qoyuldu. Heç kimə sirr deyil ki, Azərbaycan-Türkiyə əməkdaşlığı bütün müstəvilərdə yüksələn xətlə inkişaf edir. Və Vətən müharibəsində Azərbaycanın qazandığı qələbədən sonra bölgədə yeni reallıq yaranıb. 
İndi bütün dünya bu reallığı, bu müttəfiqliyi qəbul edir. Artıq bir sıra beynəlxalq ekspertlər belə Şuşa bəyannaməsi lə regionda yeni reallıqların yarandığının fərqindədir. Məsələn, amerikalı jurnalist və analitik İrina Tsukerman verdiyi açıqlamada qeyd edib ki,  bu vacib hadisə iki ölkə arasında strateji münasibətlərin dərinləşməsinə yol açacaq: “Bəyannamənin adı eyni zamanda həm rəmzi, həm də mühüm əhəmiyyət ifadə edir”. Ekspert bildirib ki, sənəd hər iki xalqa regionun zəngin mədəni irsini xatırladır, Azərbaycanla Türkiyə arasında mədəni əlaqələri zənginləşdirir, eləcə də Türkiyənin müharibə vaxtı siyasi müttəfiq kimi vacib rolunu tanıyır. “Bu, onu ifadə edir ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra ona vacib kömək etmiş yaxşı dostlarını alqışlayır və sülh prosesində iştirakını görmək istəyir”. 
“Müttəfiqlik münasibətləri barədə Şuşa Bəyannaməsi Türkiyənin Azərbaycanın ərazi bütövlüyünə daha da çox sadiqliyini əks etdirir”. Bunu isə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib. O bildirib ki, Şuşa Bəyannaməsinin imzalanması stabilləşdirici addımdır: “Bəlkə də bəyannamədə ən vacib maddə üçüncü dövlət və ya dövlətlər tərəfindən ölkələrdən birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyünə qarşı təhdid, təcavüz təqdirində birgə məsləhətləşmələrin keçirilməsi, bir-birinə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq silahlı qüvvələrin güc və komanda strukturlarının razılaşdırılmış fəaliyyətinin təmin edilməsidir. Şuşa Bəyannaməsi Türkiyənin Azərbaycanın ərazi bütövlüyünə daha da çox sadiqliyini əks etdirir”. 
“Qlobal gərginliklərin getdikcə artdığı bir vaxtda NATO sammitindən sonra Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər edərək cənab Prezident İlham Əliyevlə birgə iki ölkə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsini imzalaması çox əhəmiyyətli geopolitik mesajlar verir”. Bunu İstanbul Altınbaş Universitetinin dosenti, hərbi ekspert, ehtiyatda olan polkovnik Eray Güçlüer deyib. O bildirib ki, belə bir məqamda Cənubi Qafqazı imperialist güclərin nəzarətindən çıxararaq regionun münaqişə yuvasına çevrilməsinin qarşısını almaq, sülhü, rifahı təmin etməklə düzgün inkişafa zəmin yaratmaq baxımından Şuşa Bəyannaməsi çox böyük tarixi, siyasi və iqtisadi əhəmiyyətə malikdir: “NATO-nun 2030-cu ilədək yerinə yetirmək istədiyi planında çox önəmli məsələ olan Qarabağda Türkiyə ilə Azərbaycanın belə bir əməkdaşlığa imza atması qlobal güclərə qarşı ən münasib bir balans yaratmış olacaq. Yəni əgər bundan sonra regionda hər hansı bir fəaliyyət olacaqsa, Azərbaycanla Türkiyə bunun xaricində qala bilməz”. Ekspert qeyd edib ki, Şuşa Bəyannaməsi ilə Ermənistanın özbaşınalığının qarşısı alınacaq: “Azərbaycan-Türkiyə əməkdaşlığı nəticəsində Ermənistanın özbaşınalığına son qoyulacaq. Cənab Prezident İlham Əliyevin də çıxışlarında dediyi kimi, Türkiyə haqlı mübarizəsində Azərbaycanın yanında yer almaqla Ermənistana dəstək verən ölkələrə də öz yerini göstərmiş oldu. Türkiyə-Azərbaycan əməkdaşlığının inkişafı bütünlükdə region ölkələrinin inkişafına səbəb olacaq”.
 “Şuşa Bəyannaməsi sadəcə Azərbaycanla Türkiyə arasında qəbul edilən sənəd kimi anlaşılmamalıdır. Gələcəkdə böyük türk dünyasının təməlini qoyan bu sənədin iki ölkənin sərhədlərini aşaraq bütün türk coğrafiyasını əhatə edəcəyinə inanıram”. Bunu APA-nın Türkiyə bürosuna istefada olan kəşfiyyatçı polkovnik, təhlükəsizlik və psixoloji hərb sahəsi üzrə türkiyəli mütəxəssis Coşkun Başbuğ bildirib. Azərbaycanla Türkiyə arasında qəbul edilən Şuşa Bəyannaməsinə mövqe bildirən C.Başbuğun sözlərinə görə, Türkiyə və Azərbaycan respublikaları arasında 1921-ci ildə imzalanan Qars sazişindən sonra, müxtəlif protokollar səviyyəsində sənədlər imzalansa da, Şuşa bəyannaməsi 1994 və 2010-cu ildə iki ölkənin qəbul etdiyi əməkdaşlıq müqavilələri qədər əhəmiyyətli, hətta o sənədlərdən də çox əhatəli və önəmlidir: “İki səhifəlik bu sənəd mənim fikrimcə, hər türk övladının gerçəkləşməsini arzu etdiyi Turan dövlətinin başlanğıcıdır. Bəyannamədə siyasi, iqtisadi, mədəni, təhsil, səhiyyə, hərbi, milli təhlükəsizlik və sair sahələr üzrə birgə əməkdaşlıqdan bəhs edilib. Bu sahələrdə əməkdaşlığın inkişafı əlbəttə çox vacibdir, amma bu sənədin ən önəmli tərəflərindən biri budur ki, biz Qafqaz, Orta Asiya, Şərqi Türküstan, hətta Avropadakı türkmənşəli dövlət olan Macarıstan, eləcə də digər türkdilli toplumlar da birləşməklə NATO səviyyəsində nəhəng bir gücə çevrilə bilərik”. Ekspert bildirib ki, Bəyannamədə hər iki ölkələrdən birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid, təcavüz edildiyi təqdirdə, beynəlxalq hüququn tələbləri çərçivəsində bir-birlərinə dəstək verməsi də sənəddə ən əhəmiyyətli məsələlərdən biridir: “İki ölkədən birinə edilən hər hansı bir hücumun, digər ölkə üçün də təhlükə olaraq qəbul edilməsi çox önəmli mesajdır. Zatən regionda böyük güc olan Türkiyə və Azərbaycana bundan sonra kimsə kəm gözlə baxa bilməyəcək, gizlində, arxada nə çirkin planlar qursalar belə bunu əsla həyata keçirmək şansları olmayacaq. Hərbi və təhlükəsizlik sahələrində birgə fəaliyyətlərin təşviq edilməsi, hərbi təhlükəsizlik əlaqələrinin möhkəmləndirilməsi, hərbi təlim-təhsilin gücləndirilməsinin də sənəddə yer alması və bunun tətbiqi bir millət anlayışımızla bərabər bizdə bir ordu təəssüratını da yaradır. Və bu həmrəyliyin, bu birliyin gələcəkdə böyük və vahid bir türk dövlətində bərqərar olacağına inancım tamdır”. 
C.Başbuğ əlavə edib ki, Bəyannamədə Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması ilə bağlı əks olunan məsələlər də regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına zəmin yaratmaq baxımından böyük əhəmiyyət daşıyır: “Azərbaycanla Türkiyəni birləşdirən bu dəhliz türk dövlətlərinə inanılmaz üstünlük qazandıracaq. İki qardaş ölkə arasında məsafə də yaxınlaşacaq, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunması və inkişaf etdirilməsi, yeraltı zənginliklərin türk dünyasından keçməsi, eləcə də beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı hər iki ölkənin həm siyasi, həm də iqtisadi qüdrətini artıracaq. Bu da təkcə iki türk dövlətinə deyil, digər türk dövlətlərinə, eləcə də dünyaya əhəmiyyətli dəstək vermiş olacaq”. 
Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri barədə Şuşa Bəyannaməsinin imzalanması ölkə liderlərinin Cənubi Qafqazda sabitlik və çiçəklənməyə kömək göstərməkdə qətiyyətliliyi ilə bağlı digər maraqlı tərəflərə ismarıcdır. Bunu Trend-ə ABŞ-ın “SouthFive Strategies” yəhudi təşkilatının prezidenti Ceyson Epşteyn deyib. O qeyd edib ki, bu sənədin imzalanması Türkiyə ilə Azərbaycan arasında əlaqələri daha da möhkəmləndirir: “Prezident Rəcəb Tayyib Ərdoğanın Brüsseldə apardığı danışıqlara baxmayaraq, onun Prezident İlham Əliyevlə görüşü bu həftənin ən vacib danışıqları olub”.

# 2574
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar