Sabiq deputat Hacı Qalibin Bilgəhdəki villası söküldü - İcra nümayəndəsi DANIŞDI
23 may 2024 19:05 (UTC +04:00)

Sabiq deputat Hacı Qalibin Bilgəhdəki villası söküldü - İcra nümayəndəsi DANIŞDI

Bakının Bilgəh qəsəbəsində Xəzər sahilində keçmiş deputat Hacı Qalib Salahzadəyə məxsus olan villa sökülüb.

Lent.az-ın məlumatına görə, villanın sökülməsi ilə bağlı göstəriş Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev tərəfindən verilib. Əldə etdiyimiz məlumata görə, villa sökülməmişdən əvvəl qapısı hörülüb, daha sonra əraziyə texnika cəlb olunaraq tikililər sökülüb. Proses həyata keçirilərkən icra başçısının özü də ərazidə olub. Bəzi məlumatlara görə, burda icra başçısı ilə Hacı Qabil arasında insident yaşanıb. Belə ki, Hacı Qabil icra başçısını və əraziyə gəlmiş digər şəxsləri təhqir və təhdid edib. 

Hacı Qalib Salahzadə musavat.com-a bildirib ki, vaxtilə onun 500 min manata aldığı bağ torpaq sahəsini əhatələyən hasar dağıdılıb:

“Axşamdan icra başçısı Adil Vəliyev şəxsən əraziyə gəldi, dedi ki, bu dəqiqə buranı sökürəm. Hazırda da bağımı sökürlər, orada traktorlar işləyir. Prezident Administrasiyasının yüksək rütbəli məmurlarının adlarını çəkir, onların göstərişi ilə bağımı sökdüyünü deyir. Mənə də deyir ki, sənin üstündən maşınla keçərəm. Nə məhkəmə, nə qərar? Qışqıra-qışqıra mənə deyir ki, bu işləri mənə görməyi yüksək rütbəli məmurlar tapşırıb. Mənim özümü də provokasiyaya çəkirlər ki, bir iş açsınlar”.

Hacı Qalib Salahzadə bildirib ki, sökülən bağının ərazisində 3 evi olub: “Əlimdə öz adamı olan bələdiyyə sənədləri də var. O zaman bu torpağı mən nardaranlı Ağaismayıl, Fərhad kişidən 500 min manata almışam. Bu adamlar da sağdırlar”.

Sabunçu Rayon İcra Hakimiyyətinin Bilgəh qəsəbəsi üzrə nümayəndəsi Murad Cənnətov da lent.az-a açıqlamasında artıq ərazidəki tikililərin söküldüyünü bildirib. O qeyd edib ki, Qalib Salahzadə qanunsuz olaraq dövlətin torpaq fonduna aid olan ərazini mənimsəyib, saxta sənədlər düzəldib:

“Qalib Salahzadəyə bu ərazini qanunsuz zəbt etdiyi bildirilib. Ona dəfələrlə deyilib ki, bura bələdiyyə ərazisi deyil, dövlət topağıdır və çimərlik üçün nəzərdə tutulub. Bu prosesi aparmaq üçün icra hakimiyyətinin yüksək vəzifəli şəxslərin tapşırığına ehtiyacı yoxdur, ərazinin zəbt edilməsinin qarşısını almalıyıq. Bunu da etmişik”. 

İcra nümayəndəsi Hacı Qalibin icra baçısını və digər şəxsləri təhqir etdiyini də təsdiqləyib: “Ona bu ərazinin sökülməli olması ilə bağlı qanunun tələbi izah olunanda dövlət məmurlarını, o cümlədən icra başçısını və əraziyə gələn hər kəsi təhqir və təhdid edib. Hər kəsin ünvanına ağır təhqirlər yağdırıb, təhdid edib”. 

İcra nümayəndəsinin dediyinə görə, Hacı Qalib nəinki bu ərazidə, ümumilikdə Bilgəhdə onlarla hektarı zəbt edib: “ Bu qeyd olunan ərazi çimərlik üçün nəzərdə tutulub, bura ümumiyyətlə, bələdiyyə torpağı olmayıb. Məsələ ondadır ki, Hacı Qalib indiyə qədər bələdiyyə möhürünü özündə saxlayaraq, (Hacı Qalib vaxtilə Bilgəh bələdiyyəsinin sədri olub-red.) istədiyi vaxt özünə və yüzlərlə adama bu cür bələdiyyə sənədləri “təşkil edib”.

İcra nümayəndəsi onu da qeyd edib ki, ərazinin Dövlət Proqramına əsasən adablaşdırılması nəzərdə tutulur: “Orda başqaları da ərazini zəbt etmək istəyirdilər. Buna mane olundu. Elə bir neçə il əvvəl həmin bu Hacı Qabil ora yaxın ərazidə də qanunsuz çimərlik yaradıb, pul qazanmağa cəhd elədi. O zaman da bunun qarşısı alındı”. 

İcra nümayəndəsi bir daha qeyd edib ki, söküntü işləri aparılan əraziyə aid heç bir sənəd yoxdur: “Hacı Qalib özünün bələdiyyə sədri olduğu vaxt verdiyi “sənədi” təqdim edir. Ona izah eləmək olmur ki, bu ərazi, ümumiyyətlə, bələdiyyənin səlahiyyətində olan ərazi deyil”. 

Qeyd edək ki, Hacı Qalib Salahzadə Milli Məclisin deputatı olub. Hazırda onun oğlu Əlabbas Salahzadə də deputatdır.   
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7758
avatar

Oxşar yazılar