Neçə gündür bütün dünyanın gözü Qazaxıstana yönəlib. Yanvarın 2-dən başlayan kütləvi aksiyalar təəssüf ki qan tökülmədən keçinmədi. Morqlar doludur, yüzlərlə yaralı var. Ölkədə xaos və anarxiya baş alıb gedir. Sanki kimsə, hansısa qüvvələrsə, qazax xalqını böyük bir faciəyə sürükləməkdədir.
İş o yerə çatıb ki, yanvarın 5-i axşam ölkə prezidenti Qasım-Comərd Tokayev ritorikasını xeyli sərtləşdirdi. O, Qazaxıstanın terrorla üz-üzə qaldığını bəyan etdi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) yardım istədi. Yanvarın 6-a keçən gecə hazırda KTMT-yə sədrlik edən Ermənistanın baş naziri Nikol Paşinyan təşkilatın Qazaxıstana sülhməramlı hərbi kontingent yeridəcəyini bəyan etdi.
Təsəvvür edin Ki, Qazaxıstana qoşun göndərən ölkələrdən biri Ermənistandır. Politoloq Elçin Mirzəbəylinin təbirincə desək, “indi hətta əsgər və zabitlərinin fərariliyi dillərdə dastan olan, əzik, məğlub Ermənistan və onun baş naziri də “Qazaxıstana qoşun yeritməkdən” danışır. Təəssüf… Nəinki qardaş ölkəyə, heç bizimlə yaxından-uzağa əlaqəsi olmayan xalqlara belə bunu arzulamazdıq. Görünür ermənilər 1918-19-cu illərdə Türküstanda həyata keçirdikləri soyqırım cinayətlərini, eləcə də Levon Mirzoyanın qazax xalqına qarşı amansız repressiyalarını hələ də unutmayıblar. Bir zamanlar bolşeviklərlə işbirliyi içərisində Türküstanda törətdikləri cinayət əməllərini, hətta “erməni diktaturası” qurmaq niyyətlərini indi KTMT-nin tərkibində gerçəkləşdirmək istəyirlər”.
Rusiyanın nəzarəti altındakı KTMT-nin Qazaxıstana qoşun yeridəcəyi bəlli olandan ekspertlər iğtişaşlarda Moskvanın əli olduğuna dair fikirlər səsləndirməyə də başladılar. Amma iş ondadır ki, bu saatlaracan Rusiya prezidenti Vladimir Putin hələ ki, Qazaxıstan hadisələrinə açıq münasibət bildirməyib.
Heç kimə sirr deyil ki, Qazaxıstanda baş verənlər Azərbaycanda da maraq və narahatlıqla izlənilir. Və haqlı bir məqam odan ibarətdir ki, Qazaxıstanın düşdüyü durum və müstəqilliyini de-fakto itirmək təhlükəsi ilə qarşılaşmasını izləmək çox üzücü bir mənzərədir və ölkənin rifahını arzulayan hər bir azərbaycanlının ürəyini sızladır. Qonşu ölkədə baş verənlərdən necə deyərlər ruhlananlar da az deyil. İndi Azərbaycandakı bəzi qüvvələri ictimai rəyə əsassız mesajlar ötürür, öz miskin niyyətlərini gerçəkləşdirmək üçün Qarabağın itirilməsinə belə hazırdırlar. Bu adamlar on illərdir dəyişməyiblər, hələ də fürsət gözləyirlər. Baş verənlərin necə aydın və çılpaq olduğunu anlamırlar.
Heç kimə sirr deyil ki, türk dövlətlərinin İstanbul zirvəsindən sonra, bu dövlət başçılarının sərgilədiyi birlik, Turan ideyası, birliyi bəzi gücləri xüsusi narahat edirdi. Bu qüvvələr son zamanlar SSRİ-ni bərpa etmək haqda açıq danışırdılar. Qazaxıstan isə əksinə, türk birlinyə gedən yolda əsas platsdarmlardan idi. Sürətlə inkişaf edən Qazaxıstan gələcəkdə Türk birliyinin əsas lokomotivlərindən olacaqdı. Bax, budur onu yolundan döndərmək istəyirlər. Deyəsən, bacarırlar da.
“Son günlər Qazaxıstanda baş verən hadisələrin ölkənin sülh və sabitliyinə zərər vermədən başa çatmasını arzulayırıq. Türk Dövlətləri Təşkilatı ağsaqqalları olaraq Qazaxıstanla güclü müttəfiqliyimizi nəzərə çatdırmaq istəyirik. Hadisələrdə həlak olan qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik”. Bunu Türkiyənin keçmiş Baş naziri, Türk Dünyası Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım tviter hesabında yazıb. O, daha sonra əlavə edib: “Qazaxıstanda həyatın normal axına dönməsi üçün hər cür dəstəyi verməyə hazırıq”.
Elə hamımızın da istəyi bu deyilmi?..