Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri böyük əhəmiyyət daşıyır. Prezidentlər arasında mzalanmış sənədlər göstərir ki, iki ölkə arasında əlaqələrin həm iqtisadi həm ticari, həm siyasi dialoq, həm də mədəni sahələrdə inkişaf üçün geniş perspektivlər mövcuddur.
Elə Azərbaycan Prezidentinin “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, İlham Əliyevin Azərbaycan- Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətdir.
Əslində, Azərbaycan və Qazaxıstan bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirir. İkitərəfli münasibətlərdə və beynəlxalq problemlərə dair bütün məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür.
Beynəlxalq səviyyədə Azərbaycan-Qazaxıstan əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir. Xarici siyasətdə iştirak etdiyimiz aparıcı beynəlxalq təşkilatlarda geniş əhatəli məsələlər üzrə fəal əməkdaşlıq edirik, daim bir-birimizi dəstəkləyirik və bu, gələcəkdə də davam edəcək. Çünki əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatların sayı kifayət qədər çoxdur və hər yerdə Qazaxıstan və Azərbaycan nümayəndələri sıx, qarşılıqlı fəaliyyətdədirlər.
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı tərəflər arasında 20-dən artıq sənəd imzalanmışdır. Bu qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə ciddi kömək edəcək. Səfər zamanı imzalanmış “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin xüsusi əhəmiyyətə malik olduğunu qeyd etmək lazımdır. Birgə Bəyannamədə həm də Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı da əksini tapıb. Həmçinin, Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib. Aparılan danışıqlar, imzalanməş sənədlər ümumilikdə göstərir ki, Azərbaycan-Qazaxıstan əməkdaşlığı yeni mərhələyə qədəm qoyur.
Qazaxıstan-Azərbaycan münasibətləri Orta Asiya və Cənubi Qafqaz regionunda iqtisadi-siyasi baxımdan təyinedici münasibətlərdir.
Millət vəkili Hikmət Babaoğlu deyir ki, hər iki ölkənin iqtisadi və kommunikasiya ehtiyatları böyük potensiala sahib olmaqla tarixi İpək yolunun orta xətti üzrə əsas vektoru təşkil edir:
"İstər tarixi kontekstdə istərsə də son 30 illik müstəqillik dövrü tariximizdə Qazaxıstan və Azərbaycan etibarlı tərəfdaş yaxın dost və qardaş ölkələr olub. Ən yaxın siyasi keçmişimizin çətin dövrlərində, artıq tarixə qovuşmuş münaqişə dövrü tariximizdə qardaş ölkə istər siyasi diplomatik istərsə də mənəvi-siyasi baxımdan həmişə Azərbaycanın yanında olub .Əldə etdiyimiz tarixi Zəfərimizdən sonra da Qazxaıstan bu uğurlarımızı öz uğuru kimi qəbul edən ölkələrdən biri kimi çıxış edib. Hazırda işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması prosesində iştirak etmək istəyən, həmin əraziyə sərmayə yatırmaq üçün müraciət edən şirkət və özəl sektor nümayəndələri içərisində də Qazaxıstan təmsilçiləri birinci yerdədir”.
Elə Qazaxstan tərəfindən Füzuli rayonunda tikiləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsinin təqdim edilməsi də bəhs etdiyimiz mənəvi-siyasi münasibətlərin əsas göstəricilərindən biri hesab edilə bilər.
Millət vəkilinin dediyinə görə, müasir beynəlxalq münasibətlər sisteminin reallıqlarına gəldikdə isə Azərbaycan və Qazaxıstan arasında imzalanan “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” iki qardaş ölkənin gələcək təhlükəsizlik və əməkdaşlıq perespektivləri baxımından mühüm əhəmiyyət kəsb edən strateji sənəddir. Bu iki qardaş ölkənin münasibətləri tarixində tamamilə yeni bir mərhələ yaratmaqla daha dərin inkişaf və inteqrasiyaya gətirib çıxaracaq.
Qazaxıstanlı politoloq Zamir Karajanovun təbirincə desək, bu səfər onu təsdiqləyir ki, inkişaf etdirdiyimiz etimad və əməkdaşlıq kifayət qədər yüksək səviyyədə qalır. “Hazırkı səfər ölkələrimiz arasında münasibətlərin inkişaf tendensiyasını bir daha təsdiqləyir. Belə olan halda biz əməkdaşlığın genişləndirilməsinə və dərinləşməsinə yönəlmiş tendensiya görürük”.