"Müharibədən sonra ələ keçirilən ermənilər hərbi əsir sayılmır" - Hüquqşünas
31 may 2021 17:14 (UTC +04:00)

"Müharibədən sonra ələ keçirilən ermənilər hərbi əsir sayılmır" - Hüquqşünas

Son vaxtlar müxtəlif təşkilatların və hüquq müdafiəçilərinin Azərbaycana etdiyi çağırışlarda “hərbi əsirlərin qaytarılması”, “hərbi əsirlərin təhvil verilməsi” kimi ifadələrə rast gəlinir.

Lent.az-ın məlumatına görə, hüquqşünas, Norma Hüquq Mərkəzinin direktoru Şamil Paşayev APA-ya açıqlamasında bildirib ki, bəzi təşkilat və hüquq müdafiəçilərinin, həmçinin medianın müharibə cinayətləri etmiş şəxslər barəsində “hərbi əsir” ifadəsini işlətmələri yanlışdır: “Azərbaycanla Ermənistan arasında 44 günlük müharibə 10 noyabrda üçtərəfli bəyanatın imzalanması ilə başa çatıb. Bu tarixdən sonra zərərsizləşdirilmiş silahlı birləşmə üzvləri müharibə əsiri və ya hərbi əsir kateqoriyasına aid edilmir. Ümumiyyətlə, müharibə əsiri beynəlxalq münaqişələrə şamil edilir. Beynəlxalq münaqişələrdə isə azı iki dövlət iştirak edir. “Müharibə əsiri” ifadəsi yalnız müharibə aparan dövlətlərdən birinin vətəndaşı olarkən tanınır. İstənilən üçüncü dövlətin vətəndaşı münaqişədə tərəf kimi iştirak edirsə və həmin dövlətlə müharibə yoxdursa, bu şəxsi “hərbi əsir” adlandırmaq olmaz. Bu, müharibə cinayətləri etmiş şəxs kateqoriyasına aid olur, müvafiq olaraq da barəsində araşdırma və istintaq aparılmalıdır”.

Hüquqşünas Şamil Paşayev qeyd edib ki, müharibə dövründə, ondan qabaq və ya sonra Azərbaycan ərazisində yaşayan, Azərbaycan vətəndaşları olan erməni yaraqlılarından silahlı mübarizədə zərərsizləşdirilənlər də hərbi əsir adlandırıla bilməz: “Əgər belələri varsa, onlar qiyamçı kimi xarakterizə edilir. Bu şəxslərin məsuliyyətə cəlb edilməsi isə Azərbaycan qanunvericiliyinə uyğun formada aparılmalıdır”.

Şamil Paşayev onu da bildirib ki, müharibə əsirləri ilə rəftar və onların qaytarılması qaydaları “Hərbi əsirlərlə rəftara dair 12 avqust 1949-cu il tarixli Konvensiya” ilə tənzimlənir: “ Həmin konvensiyada qeyd edilir ki, bu müddəalar iki və ya daha çox razılığa gələn tərəf arasında olan müharibələrə şamil edilir. Burdan da aydın olur ki, müharibə əsiri müharibə dövründə ələ keçirilən silahlı münaqişələrdə iştirak edən şəxslərə şamil edilir”.

Şamil Paşayev deyir ki, elə həmin konvensiya və digər beynəlxalq sənədlərdə qeyd olunub ki, hərbi əsirlərin qaytarılmasından əvvəl onların müharibə, sülh və insanlıq əleyhinə cinayətlərdə iştirak edib-etməməsi yoxlanılmalıdır: “Əgər belə cinayət törətmiş şəxslər varsa, onlarla bağlı aidiyyəti üzrə istintaq aparılaraq məsuliyyətə cəlb edilməsi təmin edilməlidir. Hərbi əsir statusu şəxslərə məsuliyyətə cəlb edilməmə immuniteti tanımır. Məsələn, hazırda Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işinin istintaqı aparılıb. Ümumiyyətlə, Birinci Qarabağ Müharibəsi dövründə azərbaycanlı girovlara və hərbi əsirlərə qarşı edilmiş qeyri-insani rəftar, digər insanlıq əleyhinə cinayətlərlə bağlı zamanında cinayət işi başlanılıb və bu şəxslərin çoxu təqsirləndirilən kimi cəlb olunaraq beynəlxalq axtarışa verilib”.

Şamil Paşayev xatırladıb ki, Nürnberq Beynəlxalq Hərbi Tribunalının prinsiplərində də göstərilib ki, beynəlxalq hüquqa görə cinayət əməli törədən şəxs cəzalandırılmalıdır: “Hərbi əsir statusu şəxsi beynəlxalq hüquq qarşısında işlətdiyi cinayətin məsuliyyətindən azad etmir”.

Hüquqşünas Şamil Paşayev bu cür məhkəmə prosesləri ilə bağlı xeyli təcrübənin də olduğunu bildirib: “Məsələn, 1945-ci ilin oktyabrında Nürnberq tribunalında II dünya savaşında “insanlığa qarşı cinayət, müharibə cinayəti, dünyada sülhə qarşı işlənən cinayət və müharibəyə səbəb olmaq” cinayətləri ilə mühakimə olunanlardan 24 nəfər barəsində müxtəlif qərarlar çıxarılıb. 1992-1995-ci illərdə Bosniya müharibəsi zamanı törətdiyi hərbi cinayətlərə görə, Veselin Vlaxoviç Bosniya məhkəməsinin qərarına görə 45 il müddətinə azadlıqdan məhrum edilib. Yuqoslaviya üzrə beynəlxalq tribunal Serb Respublikasının sabiq daxili işlər naziri Miço Stanişiç və keçmiş polis rəisi Stoyan Juplyaninin hər birini 1992-ci ildə Bosniya və Herseqovinada hərbi cinayətlər törətdiklərinə görə 22 il müddətinə azadlıqdan məhrum edib. Həmçinin, Bosniya serb hərbiçilərinin komandanı Ratko Mladic 2012-ci ildən Beynəlxalq Cinayət Tribunalında keçmiş Yuqoslaviya işi ilə əlaqədar mühakimə olunub. O, 1995-ci ildə Srebrenica soyqrımında 7000-dən çox bosniyalının qətlə yetirilməsində ittiham olunaraq ömürlük azadlıqdan məhrum edilib. Eynilə Ruanda işində də soyqırımda iştirak və insanlığa qarşı cinayətə görə 120 mindən çox insan həbs olunublar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3267
avatar

Oxşar yazılar