Heç kimə sirr deyil ki, Rusiya ilə Azərbaycan arasında imzalanan Moskva bəyannaməsi hər iki ölkə arasındakı münasibətləri yeni mərhələyə çıxaracaq.
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində əldə olunmuş nəticələr Rusiya Azərbaycan əlaqələrini yeni inkişaf səviyyəsinə yüksəltdi. Azərbaycan və Rusiya artıq müttəfiq dövlətlərdir.
Bu səfər son illər Azərbaycanın xarici siyasətində ən önəmli hadisələrdən biri, Prezident İlham Əliyevin siyasi-diplomatik məharətinin nümayişidir.
Bundan başqa, müttəfiqlik sənədinin imzalanması Ermənistanın Rusiya ilə münasibətləri inhisara almaq, bu ölkənin imkanlarından öz maraqları üçün istifadə etmək, Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTMT) təşkilatında üzvlükdən yararlanmaq imkanlarını heçə endirdi, Ermənistana böyük zərbə oldu.
EKspertlərin fikrincə, hazırda Rusiya Federasiyasının da daxil olduğu regionumuzda çox mühüm tarixi hadisələr baş verir. Bu, dövlətlərin milli maraqlarının və təhlükəsizliyinin təmin olunması üçün yeni şərtlər irəli sürür. Belə mərhələdə qonşu, dost və strateji müttəfiq ölkələrin prezidentlərinin görüşü həm yeni iqtisadi şərtlərin, həm də yeni siyasi-humanitar şərtlərin formalaşması baxımından olduqca əhəmiyyətlidir.
Rusiya-Azərbaycan münasibətləri təkcə ikitərəfli münasibətlər kontekstində deyil, həm də bütövlükdə regionun gələcəyi kontekstində qiymətləndirilməli olan münasibətlərdir. Çünki Rusiya-Azərbaycan münasibətlərinin keyfiyyəti bütövlükdə regionun geostrateji müvazinətini formalaşdırır.
Yeri gəlmişkən, bu iki ölkə qarşılıqlı şəkildə bir-birinə investisiya qoyur. Azərbaycan Rusiya Federasiyasına 1 milyarddan çox sərmayə yatırıb. Rusiya Federasiyasının Azərbaycandakı yatırımı təqribən 4 milyard, ticarət dövriyyəmiz isə 3 milyarddır.
Burada bir məqama da diqqət yetirək. Bəyannamənin birinci maddəsində qeyd olunduğu kimi, Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar. Bu maddə Rusiya-Azərbaycan münasibətlərinin əsasını təşkil edir və Qarabağda yaşayan ermənilərin gələcəyi ilə bağlı bəzi dairələrin xam xəyallarına nöqtə qoyulması deməkdir. Belə ki, Rusiya və Azərbaycan ölkələrin ərazi bütövlüyünə və dövlət müstəqilliyinə hörmətlə yanaşır və hər hansı bir təhdid yaranarsa, qarşılıqlı dəstəklənməyə öhdəlik götürürlər.
Qırx üç maddədən ibarət Bəyannamədə maddələrin 50 faizi təhlükəsizlik və hərbi əməkdaşlıq məsələlərinə həsr olunub. Yəni, bu məsələlərin müttəfiqlik Bəyannaməsində əks olunması Rusiyanın özü üçün də zərurətdən irəli gəlir. Çünki Rusiya nə qədər böyük ölkə olsa da, onun üçün kifayət qədər xarici təhdidlər mövcuddur. Bəyannamədə ölkələr arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsi, hərbi sənayenin inkişaf etdirilməsi və lazım gələrsə, bir-birinin dəstəklənməsi məsələləri də əks olunub.
Sonda qeyd edək ki, bu sənəd suveren dövlətlərimizin müstəqilliklərinə hörmət edilməklə əməkdaşlığın inkişafına və təhlükəsizliyin təmin olunmasına yeni təkan verəcək.