Milyonların nifrətini qazanan "başıxallı" prezident -  ONU TANI
31 avqust 2022 20:15 (UTC +04:00)

Milyonların nifrətini qazanan "başıxallı" prezident - ONU TANI

Azərbaycan xalqı onu daim nifrətlə xatırlayacaq. Buna heç kimin şübhəsi olmasın. O, 1990-cı il 20 Yanvar faciəsinin əsas təşkilatçısı idi. Məhz o, SSRİ konstitusiyasının 119-cu və Azərbaycan konstitusiyasının 71-ci maddəsini kobud şəkildə pozaraq fövqəladə vəziyyətin tətbiq edilməsi və hərbçilərin Bakıya yeridilməsi ilə bağlı qanunsuz fərman vermişdi. Nəticədə Bakı qara geyinmişdi və 32 ildir ki, Bakı və bakılılar qara şənbəni, o dəhşətli gecəni unuda bilmirlər.

O, SSRİ boyda dövlətin ilk və sonuncu prezidenti Qorbaçov bir ovuc erməni və öz arvadının əlində əsir-yesir qalmışdı. Təsəvvür edin, dünyanın altıda birini idarə edəsən və rəzil günə düşəsən. 

2017-ci ildə “Stavropolskaya Pravda” qəzetində  general-mayor Georgi Septanın “Kreml Dağlıq Qarabağda nə baş verdiyini bilirdi” adlı məqaləsi çıxmışdı. General Qorbaçovların erməni diasporuı ilə sıx əlaqələrini xatırlayır və onlara verilən hədiyyələrdən yazırrdı: “Ayvazovskinin tablolarından biri Sov.İKP MK-nın Baş katibi Mixail Qorbaçova hədiyyə edildi. Tablonun 1987-ci ildə SSRİ-nin Vaşinqtondakı səfirliyində Baş katibin həyat yoldaşı Raisa Qorbaçovaya erməni diasporunun nümayəndələri ilə görüşü zamanı verildiyinə dair sübutlar var. Sonra ABŞ erməniləri Qorbaçovaya İrandan gətirilmiş nadir almaz hədiyyə etdilər”. 

Qorbaçovun Qarabağ münaqişəsi zamanı tutduğu mövqe isə daha böyük fəlakətlərə yol açdı. Nəhayət, onun rəhbərlik etdiyi dövlət dağıldı. 

Mixail Qorbaçov əslən Stavropol diyarından idi. Onun hər iki babası keçən əsrin 30-cu illərində repressiyaya məruz qalmış, Sibirə sürgün edilmişdilər. Hələ beşinci sinifdə oxuyanda kombaynçı köməkçisi kimi kolxozda işə başlamışdı, Təsəvvür edin, 17 yaşındaykən SSRİ-nin ən yüksək ordenlərindən olan “Qırmızı Əmək Bayrağı”yla təltif edilmişdi.

Orta məktəbi bitirdikdən sonra Mixail Moskva Dövlət Universitetinin hüquq fakültəsinə imtahansız qəbul olunur. Moskvadan sonra Stavropol Kənd Təsərrüfatı İnstitutunu aqronom-iqtisadçı kimi bitirir. 1955–ci ildə komsomolda işə başlayır, Stavropol vilayətinin  təşviqat idarəsində müavin, şəhər Komsomolunun birinci katibi işləyir. 1962-ci ilin martından Stavropol vilayətində Sov.İKP-nın partiya təşkilatçısı kimi fəaliyyət göstərir. Nəhayət, vilayətin birinci katibi təyin olunur. 1978-ci ilin noyabrında Sov.İKP MK-nın katibi seçilir. 7 il sonra isə o, artıq dünyanın ən böyük dövlətinin rəhbəri idi. 

Mixail Qorbaçov SSRİ rəhbərləri arasında Oktyabr inqilabından sonra doğulan yeganə rəhbər olub. Ona bir neçə dəfə sui-qəsd də təşkil edilib. 7 noyabr 1990-cı ildə isə Qorbaçovu öldürmək istəyən Şmonov zərərsizləşdirildikdə onun cibindən tapılan kağızda SSRİ prezidentinə sui-qəsdin səbəbi məlum olub. O, Bakıda və Tiflisdə qırğınlar törətdiyinə görə Qorbaçovu fiziki cəhətdən məhv etmək istəyib. Maraqdır ki, Qorbaçov prezidentlikdən istefa verməmişdən bir neçə gün əvvəl onun haqqında “Vətənə xəyanət” maddəsi ilə cinayət işi açılıb. Cinayət işini SSRİ baş prokurorunun böyük köməkçisi Viktor İlyuxin rəsmiləşdirib. İstefasından sonra Qorbaçov haqqında cinayət işini xətm ediblər. 

Qərbdə onu islahatçı kimi təqdim edirlər. Amma onun başladığı və islahat adlandırdığı bütün proseslər faciələrə, sonucda isə ölkəsinin dağılmasına səbəb olub. Məsələn, onun antialkoqol kampaniyası ölkə iqtisadiyyatına kifayət qədər ciddi mənfi təsir göstərib. Sonralar özü də bu sahədə atdığı addımın səhv olduğunu etiraf edib. 

Deyilənə görə, ən çox sevdiyi içki süd və qəhvə olsa da, o, özünü alkoqollu içkilərdən heç vaxt məhrum etməyib. Mixail Qorbaçov uzun illər səbəbi məlum olmayan allergiyadan əziyyət çəkib. Kreml həkimlərinin dediyinə görə, başındakı iri xal da yüksək allergiyanın nəticəsiydi. Son illərdə isə böyrək xəstəliyindən günləri dializdə keçirdi. 

SSRİ dağılandan sonra  Qorbaçov bir çox imtiyazlara sahib oldu. Avtomobil, mühafizə, tibbi xidmət, dövlət ödənişi ilə əşya və ərzaq təminatı və kimi imtiyazlardan istifadə edən Qorbaçov özünü yetərincə rahat və komfort bir şəraitdə hiss edirdi. Dünyanın nüfuzlu ali məktəblərində  mühazirələr üçün külli miqdarda qonorar alırdı. 1993-cü ildə Mixail Qorbaçov Vima Vandersin “Belə uzaqdır, elə yaxındır” filmində özü-özünü oynamışdı. 1997-ci ildə M.S.Qorbaçov “Pizza Hut” pizza şirkətinin reklamında çəkilmişdi. Onun adıyla araq belə istehsal edilirdi. 

Qorbaçovun Kremldə ehtiyat etdiyi, nüfuzundan çəkindiyi yeganə şəxs Heydər Əliyev idi. Heydər Əliyev Kremldə işlədiyi 5 il ərzində keçmiş SSRİ-nin həyatının ən müxtəlif - nəqliyyat, rabitə, elm, mədəniyyət, səhiyyə, təhsil, sosial rifah sahələrə və ən nəhayət, xarici siyasətə böyük dəyişikliklər gətirə bilmişdi. Bu sahələrin hər birində Heydər Əliyevin sözünün, işinin izləri hələ də qalmaqdadır.

Publisist Elmira Axundova yazır ki, Moskvada Heydər Əliyev həm də yaxın və doğma adamlarını - əvvəlcə çox etibar etdiyi, ehtiram bəslədiyi Yuri Andropovu, sonra isə sevimli həyat yoldaşı və silahdaşı Zərifə xanım Əliyevanı itirdi. SSRİ-nin sonuncu baş katibi Mixail Qorbaçovun ona qarşı xainliyi Heydər Əliyevin qəlbində dərin çapıqlar qoydu. Müəllif yazır ki, Heydər Əliyevin Siyasi Büronun rəhbərliyindən uzaqlaşdırılmasının Dağlıq Qarabağın Azərbaycandan ayrılması kampaniyasının başlanğıcı ilə birbaşa əlaqəli olması heç kim üçün sirr deyil.

Heydər Əliyevin istefasından düz 20 gün sonra dünyada Qorbaçovun fikirlərinin carçısı kimi tanınan Sov.İKP MK baş katibinin iqtisadi məsələlər üzrə müşaviri, akademik Aqambekyan Fransanın “Humanite” qəzetinə müsahibəsində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsinin çox tezliklə həll olunacağını demişdi. Bundan sonra Dağlıq Qarabağ Muxtar Vilayətində, Ermənistanda və Moskvada məlum proseslər başladı. Heydər Əliyev bu hadisələri ürək ağrısı ilə xatırlayaraq deyirdi ki, dəfələrlə Qorbaçova və baş katibin ətrafındakı məsul şəxslərə müraciət etməsinə baxmayaraq, onu dinləmək istəmir, məsləhətlərinə məhəl qoymurdular. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7494
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar