“Hüseyniyyun”un fəaliyyəti İranın Azərbaycanla münasibətlərinin korlanmasına yönəlib - Politoloq
07 iyun 2024 16:00 (UTC +04:00)

“Hüseyniyyun”un fəaliyyəti İranın Azərbaycanla münasibətlərinin korlanmasına yönəlib - Politoloq

İranda fəaliyyət göstərən “Hüseyniyyun” adlı radikal-ekstremist təşkilat yenidən Azərbaycana qarşı xoşagəlməz çağırışlar edib.

“Hüseyniyyun” terror qruplaşmasının illərdir əsas məqsədi vətəndaşları öz təsir dairəsinə salaraq, Azərbaycanda mövcud sivil, dünyəvi dövlətin dayaqlarını laxlatmaqdır. Bu təşkilat illərlə din pərdəsi altında gizlənərək, ən qəddar formada müxtəlif qanlı aksiyalarla üzə çıxıb.

“Hüseynçilər” din pərdəsi Azərbaycan cəmiyyətində pozuculuq fəaliyyəti ilə məşğul olublar. İran xüsusi xidmət orqanlarına bağlı bu radikal-ekstremist, məzhəbçi terror qruplaşmasının məqsədi vətəndaşlarımıza zərərli ideyaları aşılamaqla, onları dövlətə qarşı körükləmək, mövcud quruluşu devirməyə çağırışlar etmək, dini fanatizmin əsirlərini zombilər kimi verilən bütün əmrləri sorğu-sualsız icra etməyə hazırlamaqdır.

“Hüseyniyyun” son illər İranla Azərbaycan arasında müşahidə edilən gərginlikdə fəallıq nümayiş etdirib.

Təsadüfi deyil ki, “Hüseynçilər”in lideri Tohid İbrahimbəyli əqidədaşlarını təkcə İŞİD-lə mübarizəyə deyil, eyni zamanda Azərbaycanda silahlı münaqişəyə hazırlamaq niyyətində olduğunu açıq şəkildə dəfələrlə bildirib. 2023-cü il aprelin 3-də Azərbaycanın Təbrizdəki konsulluğu qarşısında keçirilən aksiyanın təşkilatçısı “Hüseyniyyun” idi.

2022-ci ilin avqustunda Azərbaycanın Londondakı səfirliyinin binasında düzənlənən tamaşanın “rejissorunun” da bu məzhəbçi terror qruplaşması olduğu təkzib olunmamış versiyalardan biridir.  

İranın Azərbaycanla münasibətlərində müəyyən irəliləmənin nəzərə çarpdığı son həftələrdə bu qruplaşmanın yenidən radikal çağırışlar etməsi, siyasəti qarışdırmaq istəyi nəyə hesablanıb?

Bu barədə Lent.az-a açqılama verən politoloq Yeganə Hacıyeva bildirib ki, sözügedən təşkilatın fəaliyyəti təkcə Azərbaycana qarşı yönəlik deyil, bu İranın xarici və daxili siyasətinə də zərər vurur:

“İranda fəaliyyət göstərən bir neçə radikal təşkilat var ki, bu qrupların fəaliyyəti İranın xarici siyasətinə gündəm diktə eləmək, qonşularla münasibətləri korlamaq kimi  hədəfləri güdür. Radikal qruplar bu addımları həm də özünün aktuallığını sübut etmək məqsədi ilə atır. Həmin radikal qruplaşmaların törətdiyi bu hadisələr son illər aktiv şəkildə inkişaf edib. Onlar İrandakı Azərbaycan səfirliyinə hücum edəcək qədər cəsarətli addımlar atıblar. Tərkibində 20 milyona qədər azərbaycanlı yaşayan bir dövlətdə bu kimi addımlar İranın həm xarici, həm daxili siyasətinə zərər vurur. Bu proseslər zaman-zaman artan xətlə gedir, zaman-zaman sakitləşir. Mövsümü xarakter daşıyır və gündəm yaratmağa hesablanır.  Bu qruplar İranın xarici siyasətinə gündəm diktə etməklə “bizə ehtiyac var” görüntüsü yaradırlar”.

Politoloq deyir ki, bu təşkilatın hədəfi İranın Türkiyə və Azərbaycanla münasibətlərini korlamaqdır.  

“Onların bir neçə hədəfi var və bu hədəflərdən biri Azərbaycanla, Türkiyə ilə münasibətləri korlamaqdır. İran öz ərazilərindən İrana qarşı hər hansı bir platforma kimi istifadəyə icazə verməyən, onun ərazi bütövlüyünü dəstəkləyən, çətin günlərdə yanında olan qonşuları ilə münasibətləri korlamamalıdır. Zaman-zaman radikal dini qruplar vasitəsi ilə bu münasibətlərin gərginləşdirilməsi cəhdlərini müşahidə edirik. İndi də onlardan biridir. Bu qruplar İslam aləmində müqəddəs hesab olunan Hüseyn, Fatimə kimi adlardan istifadə edərək terrorla eyniləşdirirlər. Bu adamlardan biri də azərbaycanlı Tohiddir. Bu qrupların uzun müddətli hesabda fəaliyyəti həm Azərbaycanla ikili münasibətlərə deyil, həm də İrana zərbə vurmaq deməkdir. Dünyada hansı qütblərin terroru necə dəstəkləməsindən asılı olmayaraq terroru alət olaraq istifadə edənlərin öz məqsədinə çatmadığının şahidi olmuşuq. Belə cəhdlər  heç vaxt nəticə verməyəcək”,- deyə Yeganə Hacıyeva əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3336
avatar

Oxşar yazılar