Helikopter faciəsi: Kəmfürsətlər niyə tələsir?
01 dekabr 2021 15:15 (UTC +04:00)

Helikopter faciəsi: Kəmfürsətlər niyə tələsir?

Noyabrın 30-u saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hərbi helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak oldu, 2 nəfər yaralandı. 

Artıq Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq olunur. Məlumata əsasən, istintaqın hazırkı mərhələsində müəyyən edilmişdir ki, noyabrın 30-u saat 10 radələrində döyüş təlimlərinin keçirilməsi məqsədilə uçuş həyata keçirmək üçün havaya qalxmış DSX-ya məxsus Mİ-17 markalı helikopterin qəzaya uğraması faktında hər hansı kənar müdaxilənin olması istisna olunur. 

Elə Baş prokuror Kamran Əliyev də jurnalistlərə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin tapşırığı əsasında cinayət işi tam və hərtərəfli araşdırılacaq, bu hadisənin bütün səbəb və şəraiti istintaq zamanı öyrəniləcək. İstintaqın gedişi barədə Azərbaycan ictimaiyyəti ətraflı və mütəmadi məlumatlandırılacaq. 

Baş prokuror təəssüf hissi ilə onu da qeyd edib ki, bəzi şəxslər tərəfindən bu hadisədən siyasi məqsədləri üçün sui-istifadə hallarına cəhdlər göstərilir, heç bir fakta söykənməyən əsassız şayiələr yayılır. 

“Bununla bağlı bildirirəm ki, bu kimi şəxslər barədə Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan ən sərt tədbirlərin görülməsi təmin ediləcək. Bu faciədən siyasi məqsədlər üçün istifadə edilməsi yolverilməzdir”. 

Əslində bu narahatlıq dünəndən, hadisə baş verəndən var. Söhbət ondan gedir ki, bəzi obıvatellər helikopter qəzası ilə bağlı hər hansı fakta  istinad etmədən və istintaqın nəticəsini gözləmədən ehtimallar əsasında fikir yürüdürlər, cəmiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş uğursuz cəhd edirlər. Helikopterin qəzaya uğraması faktı ətrafında dezinformasiyalar yayaraq Azərbaycan Silahlı Qüvvələrinin imicinə zərbə vurmaq cəhdləri açıq-aydın görünür. 

Həmkarımız Elvin Şirinov bu kontekstdə çox maraqlı məqama toxunur. SİTAT: “Baş vermiş helikopter qəzası ilə bağlı ən çox qarşılaşdığım şərhlər "komplo teorisi"nə söykənir. Ən çox verilən sual isə “bu qədər yüksək rütbəli hərbçi necə bir helikopterdə uçub?” kimi səslənir. Qeyd etmək istəyirəm ki, ordu birləşmələrində, ilk növbədə rütbə deyil, tutduğu vəzifəyə baxırlar, yəni, yüksək rütbə heç də hər şey demək deyil. Əlbəttə, qəzanın səbəblərini hüquq-mühafizə orqanları araşdıracaq, ictimaiyyəti məlumatlandıracaq, uçuşların təhlükəsizliyinə görə cavabdeh şəxslərin məsuliyyəti aşkarlanarsa, heç kimin cəzasız qalmayacağı da bəllidir. 

Amma çox təəssüf hissi ilə qeyd etməliyəm ki, olur belə qəzalar... Dünyanın hər yerində, hər bir ölkəsində, ümumiyyətlə, uçuşların olduğu hər bir yerdə. Son 20 ildə Azərbaycanda hərbi, eləcə də mülki aviasiya sahəsində qəzaların dünyanın orta statistik göstəricilərdən dəfələrlə aşağı olması ölkədə bu sahəyə, uçuşların təhlükəsizliyinə ayrılan diqqətdən xəbər verir. Təəssüf ki, heç bir böyük diqqət, görülən tədbirlər fors-major kimi halları, yəni belə qəzaların baş verə biləcəyi ehtimalını istisna edə bilmir”.

 Hərbi ekspert Ramil Məmmədli: “Azərbaycan Ordusu qalib ordudur, xalqın ordusudur. Ordumuzun invertarında uçuşa və döyüşə hazır olmayan aviasiya yoxdur. Əgər aviasiya vasitəsi uçursa, deməli, istifadəyə yararlıdır. Hazırda istintaq-ekspertiza qrupu yaradılıb, qəzanın səbəbləri araşdırılır”. 

Siyasi şərhçi Aqşin Kərimov qeyd edir ki, niyə o qədər rütbəlinin helikopterdə olması sualının cavabı var: “Birincisi, helikopter heyətində rütbəlilər olur, orada gizir ya da MAXE belə olmur. Ümumiyyətlə aviasiyada uçuşları rütbəlilər həyata keçirir. İkincisi, Türkiyədə bu ilin martında baş verən helikopter qəzasında bir general-leytenant olmaqla 11 nəfər şəhid olmuşdu, 3 nəfər yaralanmışdı. Texnika saz olsa belə, qəzadan sığortalanmayıb”. 

O ki qaldı qəzaya, ekspertlərin gəldiyi qənaət belədir: Dünyanın heç bir ordusu, ən müasir aviasiyaya malik ordular belə qəzadan sığortalanmayıb. Bəzi fürsətcillərin  Azərbaycan Silahlı Qüvvələrinin imicinə zərbə vurmaq cəhdləri isə sadəcə yaramazlıqdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6645
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar