"Prezident bundan əvvəlki paradda da demişdi ki, Şuşada dalğalanan bayraq Azadlıq meydanına gətiriləcək".
Bu sözləri bu gün keçiriləcək "Zəfər paradı" barədə Lent.az-a danışan "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirməsi" ictimai birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyib. O bildirib ki, paradda 200 mehmetcikin də iştirak etməyi çox gözəl bir haldır:
"Bu gün Azərbaycan tarixinin çox möhtəşəm bir faktının şahidi olacağıq. Silahlı Qüvvələrimiz Zəfər paradı keçirir. Bu, ümumxalq bayramıdır. Əvvəllər hər il bir-birimizi təbrik edəndə "o gün olsun Şuşada qeyd edək, ordumuzun zəfər paradı olsun" deyirdik. Bu gün həmin Zəfər paradı baş tutacaq. Paradda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı Azərbaycan və Türkiyə qardaşlığını dünyaya nümayiş etdirməkdir. Türk əsgərlərinin də paradda iştirak etməsi çox gözəl bir haldır. Vətən Müharibəsi Qəhrəmanı, general Zaur Məmmədovun Azərbaycan bayrağını Şuşadan Azadlıq meydanına gətirməsi xüsusilə qürurlandıracaq. Prezident bundan əvvəlki paradda da demişdi ki, Şuşada dalğalanan bayraq Azadlıq meydanına gətiriləcək".
Emin Həsənli Prezident İlham Əliyevin dünən hərbi qulluqçuların təltif edilməsi ilə bağlı sərəncamlarına da toxunub: "Vətən müharibəsində iştirak edən şəxsi heyət müxtəlif orden və medallarla təltif olundular. Növbəti günlərdə digər zabit, gizir, çavuş və əsgər heyəti də təltif olunacaq. Bundan əlavə, arxa cəbhədə xidmət edənlər də təltif ediləcək. Azərbaycan Ordusu bu müharibədə dünyaya göstərdi ki, bir qarış torpağı uğrunda canından keçməyə hazırdır. Ötən dövrdə də Azərbaycan göstərdi ki, müstəqilliyi və ərazi bütövlüyü üçün heç bir güzəştə getməyəcək və öz varlığını daim qoruyacaq. Fəxrlə deyə bilərik ki, xalqımız vətən uğrunda vahid bir bayraq altında birləşdi. Hərbi akademiyada, təlimlərdə Şuşa döyüşü, İkinci Qarabağ müharibəsi haqqında danışılacaq və tədris ediləcək".