Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərini, eyni zamanda, beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətdilər.
İşğalçı və məğlub Ermənistan bu təxribatı ilə bir daha dünya ictimaiyyətinin gözü qarşısında revanşist niyyətlərindən əl çəkmədiyini nümayiş etdirdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev daim çıxışlarında, müraciətlərində bu bəyanatı səsləndirir ki, Ermənistanda baş qaldırmaq istəyən revanşist qüvvələr dəmir yumruğun yerində olduğunu unutmamalıdırlar.
Uzun müddətdir Ermənistan beynəlxalq aləmdə Azərbaycana qarşı kampaniya aparır, sülh danışıqlarını, kommunikasiyaların açılmasını, ümumilikdə regionda təhlükəsizliyini təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüsləri və atılan addımları sabotaj edir, 2020-ci il noyabrın 9-da imzalanmış üçtərəfli bəyanatın müddəalarının icrasından boyun qaçırırdı.
Ermənistanda revanşist ab-hava qızışdırılırdı, “torpaqların qaytarılması”, “Qarabağın müstəqilliyinin təmin edilməsi” və s. bu kimi iddialar süni şəkildə stimullaşdırılırdı.
Ermənistan hakimiyyəti ordunu bərpa etmək istiqamətində iş aparırdı, Rusiya, ABŞ, Avropa ölkələrindən silah alınması və ordunun təchizat məsələlərinin həlli istiqamətində iş aparılırdı. Paralel olaraq Qarabağa hərbçilər və silah göndərilirdi, orada yeni müqavimət nöqtəsi yaradılmasına cəhdlər olunurdu. Digər tərəfdən, Ermənistan Azərbaycanla sərhəddə yeni hərbi obyektlər yaradır, Kəlbəcər və Laçın istiqamətində gələcək hücum üçün plasdarm formalaşdırılırdı.
Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda Vladivostokda keçirilmiş forumda çıxışı zamanı faktiki olaraq yeni hərbi qarşıdurma iddiası səsləndirdi və bu açıqlama sentyabrın 12-də başlanan gərginliyin siyasi anonsu oldu.
Azərbaycan dəfələrlə ən müxtəlif səviyyələrdə Ermənistanın revanşist siyasətini ifşa edib, həyata keçirilən hazırlıqların hansı məqsədə xidmət etdiyini faktlar əsasında göstərib və Ermənistan hakimiyyətini bu cəhdlərin onun özü üçün ağır nəticələrə gətirib çıxaracağını xəbərdar edib.
Faktiki olaraq sentyabrın 12-13-də baş verənlər 2020-ci il iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədində Tovuz rayonu istiqamətində Ermənistanın növbəti təxribatı nəticəsində baş verən qarşıdurma ilə analogiya təşkil edir. Azərbaycan növbəti dəfə Ermənistanın hərbi-siyasi təxribatına məruz qalaraq cavab vermək və öz təhlükəsizliyinin təmin olunması üçün adekvat addımlar atmaq məcburiyyətində qaldı.
Ermənistanın növbəti avantürası bir daha göstərdi ki, regionda formalaşmış yeni reallığın dəyişdirilməsi istiqamətində atılan istənilən addım Ermənistanın özü üçün yeni faciələrə səbəb olacaq. Ermənistanın Azərbaycanla sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu, Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan bütün hərbi təyinatlı obyektlər darmadağın edildi. Bu obyektləri bərpa etmək üçün Ermənistana ən azı 4-5 il vaxt lazımdır.
Azərbaycan həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürdü. Artıq nə indi, nə də gələcəkdə Ermənistan Azərbaycana heç bir real təhlükə yarada bilməyəcək.
Ermənistanın xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan iki S-300 raketi, 200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla postu məhv edildi. Ermənistanda yüzlərlə yaralı var;
Ermənistanın ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağını bir daha aydın göründü. Azərbaycan Ordusu cəmi 7 saat davam edən unikal cavab əməliyyatı gerçəkləşdirməklə Ermənistanın uzun müddətdir qurduğu planları alt-üst etdi. Ermənistan başa düşməlidir ki, kiməsə, hansısa qüvvələrə arxalanıb Azərbaycanı fakt qarşısında qoya bilməz.
2020-ci il Tovuz hadisələrindən hazırkı gərginliyi fərqləndirən önəmli cəhət odur ki, həmin dövrdə Azərbaycan əraziləri işğal altındaydı. Bu gün isə Azərbaycan əsgəri Azərbaycanın dövlət sərhədinin Kəlbəcər, Laçın, Zəngilan rayonları istiqamətində Ermənistanın təxribatlarına layiqli cavab verir.
Ermənistanın son təxribatı nəticəsində həlak olmuş əsgər və zabitlərimiz öz canlarını doğma torpağımızın müdafiəsi, düşmənin yeni təcavüz planlara imkan verməmək üçün qurban verdilər. Onlar 2020-ci ilin iyulunda general Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və digər igidlərimizin qəhrəmanlığını, igidliyini, şücaətini bir daha düşmənə və bütün dünyaya nümayiş etdirdilər. Azərbaycan əsgəri bir daha göstərdi ki, Vətəninə qarşı istənilən addımın, təxribatın qarşısını almaq qüdrətindədir. Ermənistan başa düşməlidir ki, kiməsə, hansısa qüvvələrə arxalanıb Azərbaycanı fakt qarşısında qoya bilməz.