Əbədi qayıtmışıq, əbədi yaşayacayıq - TƏHLİL
11 may 2022 18:23 (UTC +04:00)

Əbədi qayıtmışıq, əbədi yaşayacayıq - TƏHLİL

Azərbaycan Prezidenti İlham Əliyevin Ümummilli lider Heydər Əliyevin doğum gününü Şuşada qeyd etməsinin həm də rəmzi mənası vardı. Çünki artıq iki ilə yaxındır ki, Heydər Əliyevin Qarabağı azad görmək arzusu reallaşıb.

Şuşa Heydər Əliyevin həmişə önəm verdiyi şəhər olub. Yadınızdadırsa, Şuşa işğaldan azad edilən gün Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyini bəyan etmiş və bu, xalq arasında böyük sevgiylə qarşılanmışdı. 

Prezident İlham Əliyevin Şuşadan verdiyi bəyanatlar, o cümlədən onun həm Şuşada, həm də Füzulidə bərpa-quruculuq prosesinin gedişi ilə şəxsən tanış olması, müvafiq göstərişlər verməsi əslində Qarabağın yenidən qurulmasının ifadəsiydi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bu dəfəki səfərləri zamanı Füzuli və Şuşada bir sıra obyektlərin təməli qoyuldu. Füzuli şəhərində inşa olunacaq Peşə Liseyinin, 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması, Şuşadakı inzibati binada və Şirin su hamamında, məşhur tarzən Sadıqcanın vaxtı ilə Şuşada yaşadığı evində, Mehmandarovların malikanə kompleksində və “Shusha Boutique Hotel”in yerləşəcəyi ərazidə görülən işlərlə, həmçinin Şuşa Realnı Məktəbində həyata keçiriləcək təmir-bərpa işləri ilə tanışlıq və “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirakı bir daha məlum həqiqəti təsdiqlədi. 

Dövlət başçısı Şuşadan müraciəti zamanı onu da vurğulayıb ki, bütün bölgələrdə quruculuq-bərpa işləri sürətlə gedir, azad edilmiş bütün ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq və bərpa işləri aparılır. "Əslində, şəhərlər, kəndlər yenidən qurulur. Çünki işğal dövründə düşmən bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir, bütün tarixi abidələrimizi dağıtmışdır, Qarabağın, bölgənin, Qafqazın incisi olan Şuşa kimi şəhəri bərbad hala qoymuşdur. Biz - bu torpaqların sahibləri artıq qayıtmışıq və bu torpaq, bu səma bunu görür. Görür ki, hər gün inkişafla bağlı daha bir addım atılır. Hər gün daş üstə bir daş qoyulur. Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bərpa edirik. Bu gün mayın 10-da mən mütləq burada olmalı idim. Ulu Öndərin xatirəsinə öz ehtiramımı və Azərbaycan xalqının ehtiramını buradan ifadə etməli, bir daha deməli idim ki, biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq”. 

Dövlətimizin başçısı müraciət zamanı bir qədər keçmişə də ekskurs edib. Sitat: “2003-cü ildə Azərbaycan xalqı ilk dəfə mənə etimad göstərərək bir daha Ulu Öndərin siyasətinə sədaqətini nümayiş etdirdi. Mən isə öz növbəmdə demişdim ki, əgər xalq etimad göstərərsə, mən prezident kimi Heydər Əliyev yolu ilə gedəcəyəm, bu yoldan dönməyəcəyəm və ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyəm. Buna and içmişdim. Xoşbəxt adamam ki, bu anda sadiq oldum və bu gün Qarabağ azaddır. Bu gün Qarabağda və Zəngəzurda Azərbaycan bayrağı dalğalanır. Arxamdakı inzibati binanın damında Şuşanın alınmasından sonra Azərbaycan bayrağı qaldırılmışdır və binanın damından müzəffər Azərbaycan əsgərləri Şuşanın azad olunması ilə bağlı mənə raport vermişlər. Bu gün mayın 10-da mən yenidən Ulu Öndərin xatirəsinə Azərbaycan xalqının ehtiramını ifadə edərək Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da xalqımızın, dövlətimizin inkişafı, müstəqilliyimizin möhkəmləndirilməsi üçün əlimdən gələni əsirgəməyəcəm”.

Müraciətdə Qarabağa “Böyük Qayıdış”ın daha tez reallaşdırılması, insanlarımızın öz doğma yurdlarına dönməsi və layiqli həyat şəraitinin yaradılması mesajları da verildi. Və indi heç kimə sirr deyil ki, erməni vandallarının  dağıtdığı ərazilər yenidən dirçələcək, nəinki Azərbaycanın, dünyanın ən gözəl guşələrindən birinə çevriləcək. Və Cənab prezidentin də vurğuladığı kimi, həqiqətən biz bu torpaqların sahibləriyik, artıq qayıtmışıq və bu torpaq, bu səma bunu görür. 

Elə bütün dünya da...

# 2325
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar