Cənnətə çevriləcək QUBADLI
26 oktyabr 2021 12:30 (UTC +04:00)

Cənnətə çevriləcək QUBADLI

Qubadlının azad edilməsi Vətən müharibəsinin taleyində mühüm rol oynadı. Vətən müharibəsində Qubadlının azad edilməsi müharibənin taleyində mühüm rol oynayıb və Azərbaycan Prezidenti Qubadlı ictimaiyyəti ilə görüşündə də bunu xüsusi qeyd edib. Çünki Qubadlıdan sonra Azərbaycan Ordusu Laçının cənub hissəsində yerləşən kəndləri də azad etdi. Beləliklə, Laçın dəhlizi nəzarətə götürüldü. Bu isə artıq müharibənin taleyinin həll edilməsi demək idi. 

Hər bir azad edilmiş rayonun ictimaiyyəti ilə yerində görüşlər zamanı Ali Baş Komandan, Prezident İlham Əliyev əminliklə düşmən tərəfindən xarabalığa çevrilmiş yurd yerlərinin tezliklə abad ediləcəyi və  yenidən qurulacağını bildirdi. Elə Qubadlıya son səfərində də Prezident İlham Əliyev bildirib ki, rayonda infrastruktur layihələri ilə bağlı artıq ilkin təkliflər var. “Bütün kəndlər dağılıb, şəhər dağıdılıb, bir dənə də salamat kənd qalmayıb. Ona görə qubadlılıları buraya yerləşdirmək üçün əlbəttə ki, çox böyük işlər görüləcək. Burada infrastruktur işləri birinci sıradadır. Biz Qubadlı rayonunun bütün kəndlərini, o cümlədən Qubadlı şəhərini yenidən quracağıq. İndi göstəriş verilib. İndi Baş plan hazırlanır. Qubadlı şəhərinin Baş planı hazırlanır və yəqin ki, 2-3 aya hazır olacaq və təqdim ediləcək, o cümlədən Qubadlı ictimaiyyətinə təqdim ediləcək”. 

Dövlət başçısının tapşırığına əsasən, Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlərin aparılmasına başlanıb. Oktyabrın 25-də yeni açılan yarımstansiya azad edilmiş torpaqlarda yeddinci yarımstansiyadır və bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet vaxtında Qubadlı rayonunun ümumi istehlakı 12 meqavat olubsa, bu yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər. 
Dövlət başçısı onu da bildirib ki, indi Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkilir ki, bu yoldan insanlar rahat istifadə etsinlər. Eyni zamanda, burada istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün imkan olsun.

Bu aspektdə su resurslarını da xüsusi qeyd etmək lazımdır. Qubadlı rayonu ərazisindən iki böyük çay – Bazarçay və Həkəri keçir. Bu, böyük sərvətdir, çünki indiki şəraitdə su resursları dünyada gələcəkdə əsas yəni, yaşayış üçün əsas resurs kimi artıq tanınır. Bütün bunları nəzərə alaraq, gələcəkdə iqtisadi inkişafa nail olunması və düzgün planlaşdırma aparılması da dövlət başçısının xüsusi diqqətindədir. Bütün bunlar bir daha göstərir ki, işğaldan azad edilmiş digər ərazilər kimi Qubadlı da cənnətə çevriləcək. 

Politoloq Qabil Hüseynli Prezident İlham Əliyevin Qubadlı səfərini şərh edərkən bunları deyib: “Qubadlı Şərqi Zəngəzurun əhəmiyyətli rayonudur. Prezident bildirdi ki, maksimum qısa müddətdə işğaldan azad olunmuş bölgələri canlandırmaq, dirçəltmək və oraya qısa müddətdə böyük qayıdış planını başlatmaq niyyətindəyik. Hazırda işğaldan azad edilmiş bütün ərazilərin elektrikləşməsi prosesi də gedir. Burada müasir yarımstansiyalar böyük əhəmiyyətə malikdir. Yeni yarımstansiyanın Qubadlı rayonunda açılması o deməkdir ki, Qubadlının, ola bilsin, hətta Laçının elektriklə təchiz edilməsi məsələsi bu stansiyanın öhdəsinə düşsün. Bu, çox böyük hadisədir. Elektrik xətlərinin böyük hissəsi yüksək gərginliklidir və estakadalar üzərində qurulub”, - politoloq qeyd edib.

Qabil Hüseynli Həkəri çayının strateji əhəmiyyətindən də söz açıb: “Həkərinin Azərbaycanın sərəncamına qaytarılması bölgədə su ehtiyatları üzərində Azərbaycanın nəzarətini daha da gücləndirdi. Həkəri Şərqi Zəngəzurun simvolu da adlandırıla bilər. Çünki bu çay bölgənin iqtisadi və kənd təsərrüfatı sahəsində son dərəcə önəmli rol oynayır”.

Bir məqamı da qeyd edək ki, Qubadlının azad edilməsi taktiki baxımdan düşünülmüş və düzgün seçilmiş əməliyyat kimi tarixə düşdü. Qubadlı istiqamətində gedən döyüşlərdə məhz müharibənin nəticəsi görünməyə başladı. Rayonun işğaldan azad olunması düşmənin diz çökməsi və üçtərəfli bəyanata razılaşması üçün şəraiti ortaya çıxardı.

# 8787
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar