İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiyanın Azərbaycana səfəri iki qonşu dövlət arasında münasibətlərin möhkəmləndirilməsi baxımından tarixi mərhələ kimi qiymətləndirilə bilər. Bu səfər təkcə diplomatik protokolun icrası deyil, həm də qarşılıqlı etimadın, dostluq və mehriban qonşuluq əlaqələrinin yenidən gücləndirilməsi baxımından mühüm simvolik və siyasi məna daşıyır.
Səfər çərçivəsində Prezident İlham Əliyev və Prezident Məsud Pezeşkiyan arasında keçirilən görüş, aparılan danışıqlar, imzalanan sənədlər münasibətlərin gələcək inkişafı üçün strateji istiqamətləri müəyyənləşdirdi. Liderlərin bir-birinə “əziz qardaşım” deyə müraciət etməsi isə iki ölkə arasında yaranmış yeni siyasi atmosferin göstəricisidir. Bu, təkcə protokol xarakterli bir ifadə deyil, həm də qarşılıqlı ehtiramın və siyasi iradənin rəmzidir.
Azərbaycan-İran əlaqələrində yeni səhifə
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Cavid Vəliyev APA-ya açıqlamasında dövlətlərarası münasibətlərdə liderlərin rolunun həlledici olmasına diqqət çəkib: “Dövlətlərarası münasibətlərdə liderlərin rolu son dərəcə böyükdür. Biz bunu həm Azərbaycan-Türkiyə münasibətlərində, həm də Azərbaycanın digər türk dövlətləri ilə əlaqələrində açıq şəkildə görmüşük. Düşünürəm ki, Pezeşkian da Azərbaycan Prezidentinin bu kimi məsələlərdə nə qədər diqqətli və həssas olduğunu müşahidə edib. O hesab edir ki, Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üçün bu cür yanaşma daha məqsədəuyğundur. Pezeşkian bu yanaşmanın Azərbaycanla münasibətlərə müsbət təsir göstərəcəyini düşünür və buna uyğun davranır. Əlbəttə, “əziz qardaşım” deyə xitab etməsi həm Azərbaycan xalqı, həm də İranda yaşayan azərbaycanlılar tərəfindən müsbət qarşılanır. Çünki cənab Prezident xalq tərəfindən daim dəstəklənən, Qarabağı işğaldan azad etmiş liderdir. Düşünürəm ki, bu səbəbdən İran azərbaycanlıları arasında da cənab Prezidentə dərin hörmət mövcuddur. Pezeşkianın bu cür müraciəti həm İranda, həm də Azərbaycanda yaşayan soydaşlarımızın arasında Prezidentə olan etibarı daha da gücləndirməyə xidmət edir”.
İranlı siyasi ekspert Əli Qaem Məqami isə APA-ya müsahibəsində Azərbaycan və İranı ortaq dil, din və mədəniyyətə malik, Araz çayı və Xəzər dənizi ilə birləşən iki qardaş ölkə adlandırıb: "Bizim din və dil birliyimiz var. Azərbaycan və İran xalqları bir-birinə qan və ailə bağları ilə bağlıdırlar, onları həmişə bir-birinin yanındadır. Bu cür yaxın əlaqələr yalnız iqtisadi və siyasi baxımdan deyil, həm də mədəni, sosial və insanlıq aspektlərindən də böyük əhəmiyyət kəsb edir. "Əziz qardaşım" ifadəsi, bu güclü əlaqələrin, ortaq tarix və gələcək perspektivlərinin simvolu olaraq qiymətləndirilə bilər”.
Azərbaycan-İran sərhədi: Qonşuluqdan strateji tərəfdaşlığa
Azərbaycanla İran uzun və strateji əhəmiyyətə malik quru sərhədinə malikdir. Bu coğrafi yaxınlıq, ölkələr arasında iqtisadiyyat, nəqliyyat, enerji və mədəniyyət sahələrində sıx əməkdaşlıq üçün geniş imkanlar yaradır. İranın 12 dövlətlə sərhədi olsa da, Azərbaycanla olan sərhəd xüsusilə etibarlıdır və ikitərəfli münasibətlərdə mühüm rol oynayır. 44 günlük Vətən müharibəsindən sonra - 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyevin Xudafərinə səfəri Azərbaycan-İran dostluğunun təntənəsi kimi yadda qaldı. Azərbaycan lideri həmin gün Xudafərin körpüsünü “Dostluq körpüsü” adlandırdı. Dövlət başçısı bu jesti ilə iki ölkə arasında sülh və əməkdaşlıq əhvalını daha da möhkəmləndirdi. İranla olan sərhədin etibarlılığı həm də regional təhlükəsizlik baxımından böyük önəm daşıyır, çünki bu sərhəd bölgədə bir çox siyasi və iqtisadi proseslərə təsir göstərir.
Cavid Vəliyev torpaqların işğaldan azad olunmasının Azərbaycan-İran münasibətlərinə də müsbət təsir göstərdiyini düşünür: “Çünki illərlə Ermənistanın işğalı altında olan geniş bir ərazi idarəolunmaz, nəzarətsiz bir "boz zona"ya çevrilmişdi. Bu səbəbdən bir sıra mühüm layihələr uzun müddət gecikmişdi. Xüsusilə Xudafərin və Qız Qalası su elektrik stansiyaları, eləcə də hazırda tikilməkdə olan Ağbənd körpüsü kimi infrastruktur layihələri yalnız torpaqlarımız azad edildikdən sonra həyata keçirilməyə başladı. Azərbaycan hər zaman qonşuları ilə əməkdaşlıq əsaslı münasibətlər qurmağa çalışıb, heç vaxt onlar üçün təhdid yaratmayıb. Bu mövqe Azərbaycanla İran arasında imzalanan sənədlərdə də əksini tapır. İranla sərhəd bölgələri bu gün İran üçün ən sabit və etibarlı sərhədlərdən biri hesab olunur. Sərhəddə nə miqrasiya, nə də terrorizm problemi var. Yeganə problem narkotik qaçaqmalçılığı ilə bağlıdır ki, bu da, əsasən, İran ərazisindən Azərbaycana doğru yönəlir. Lakin Azərbaycan sərhədçiləri bu problemin qarşısını almaq üçün də mümkün olan bütün tədbirləri görürlər”.
İranlı ekspert Məqami isə qeyd edib ki, Rəsmi Tehran Azərbaycan da daxil olmaqla Qafqaz ölkələri ilə hərtərəfli əməkdaşlıq quraraq, bölgənin təhlükəsizliyi və inkişafını təmin etməyə çalışır: “İran İslam Respublikasının xarici və geostrateji hədəfi bütün Qafqaz ölkələri ilə ən yüksək səviyyədə siyasi, iqtisadi, təhlükəsizlik, humanitar əlaqələr, enerji, mədəniyyət, elm və texnologiya, təhsil və idman, ekosistem sahələrində əməkdaşlığı inkişaf etdirməkdir. Azərbaycan Qafqaz bölgəsinin ən zəngin ölkəsidir. İran və Azərbaycan Respublikası arasında əməkdaşlıq, bütün bölgə ölkələri və xalqlarının maraqlarını və təhlükəsizliyini təmin edə bilər”.
Regional sülh və suverenliyə dəstək
Pezeşkiyanın səfəri yalnız iki ölkə arasında əlaqələri möhkəmləndirmək deyil, eyni zamanda İranın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha ifadə etmək üçün də mühüm fürsət oldu. Bu mövqe regional əməkdaşlığın gücləndirilməsi ilə yanaşı, beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət prinsipinə əsaslanan siyasətin nümunəsi kimi qiymətləndirilir. Bu cür təşəbbüslər bölgədə sülh və sabitlik üçün əhəmiyyətli rol oynayır.
İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə qeyd edib ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və İran buna hörmətlə yanaşır.
Əli Qaem Məqami də ölkəsinin Azərbaycan Respublikasının müstəqilliyini rəsmən tanıdığını və Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olmasını qəbul etdiyini vurğulayıb: “İran Azərbaycan Respublikasının müstəqilliyini rəsmən tanıyır. İran rəsmiləri Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. İran Qarabağı da Azərbaycanın ayrılmaz parçası hesab edir. Eyni zamanda İran Ermənistanın azərbaycanlı müsəlman xalqının torpaqlarını işğal etməsini və törətdiyi soyqırımı kəskin şəkildə qınayır”.
Rəşt-Astara dəmir yolu Şimal-Cənub nəqliyyat dəhlizinin vacib hissəsi kimi
Rəşt-Astara dəmiryolunun tikintisi Azərbaycanın dəmiryolu infrastrukturunun müasir tələblərə uyğun şəkildə yenilənməsinə imkan yaradır. Bu layihə yalnız ölkə daxilində nəqliyyat şəbəkəsinin inkişafını təmin etmir, eyni zamanda Azərbaycan və İran arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə şərait yaradacaq. Rəşt-Astara dəmiryolu iki ölkə arasında ticarət axınını sürətləndirərək, logistika və yük daşınmasının asanlaşmasına kömək edəcək. Bu, həmçinin, Qafqaz və Orta Asiya bölgələrindən Avropa və digər bazarlara daşınan malların daha sürətli və daha ucuz şəkildə çatdırılmasına imkan verəcək. Bu infrastruktur layihəsi region dövlətləri arasında qarşılıqlı ticarət və əməkdaşlıq əlaqələrinin inkişafına müsbət təsir göstərəcək və Azərbaycanı regionda mühüm nəqliyyat mərkəzinə çevirəcək. Nəticədə, həm Azərbaycanın iqtisadiyyatı, həm də regionun ümumi inkişafı üçün mühüm addım olacaq.
Politoloq Cavid Vəliyev Rəşt-Astara dəmir yolunun Şimal-Cənub nəqliyyat dəhlizinin əhəmiyyətli hissəsi olduğunu deyir: “Rəşt-Astara dəmir yolu Şimal-Cənub nəqliyyat dəhlizinin olduqca vacib hissəsidir. Lakin bu məsələdə əsas məsuliyyət İranın üzərinə düşür. İran həmin yolun tikintisini və ya təmirini həyata keçirməli, bunun üçün ya kredit əldə etməli, ya da maliyyə vəsaiti ayıraraq layihəni öz hesabına reallaşdırmalıdır. Buna baxmayaraq, indiyədək bu məsələ tam həllini tapmayıb. Ancaq Pezeşkian hökuməti dövründə bu istiqamətdə ciddi addımlar atıldığı müşahidə olunur. İran rəsmilərinin açıqlamalarından da görünür ki, məsələnin həlli üçün real səylər göstərilir. Düşünürəm ki, bu təşəbbüslər nəticəsində yaxın gələcəkdə müsbət nəticələr əldə olunacaq. Əgər layihə reallaşarsa, bu, Şimal-Cənub dəhlizində Azərbaycanın rolunu daha da gücləndirəcək”.
Energetika sahəsində əməkdaşlıq
İranla Azərbaycan arasında energetika sahəsində əməkdaşlıq iki ölkə arasında qarşılıqlı faydalı əlaqələrin inkişafını təmin edir. Bu əməkdaşlıq, neft və qaz hasilatı, enerji daşınması və yeni enerji layihələrinin birgə həyata keçirilməsi kimi sahələri əhatə edir. Xüsusilə, Xəzər dənizinin enerji resursları Azərbaycan və İran üçün mühüm strateji əhəmiyyət kəsb edir. Eyni zamanda, İran, Azərbaycan və Rusiya arasında enerji mübadiləsi üçün regional enerji bazarının yaradılması, bu ölkələrin enerji sektorlarındakı potensialını daha səmərəli şəkildə birləşdirmək üçün mühüm bir addım ola bilər. Bu bazar, enerji resurslarının daha sərbəst şəkildə ticarətini təmin edərək, üç ölkə arasında enerji mübadiləsini asanlaşdıracaq və iqtisadi inteqrasiyanı sürətləndirəcək. Nəticədə, bu əməkdaşlıq həm regional sabitliyi gücləndirəcək, həm də enerji təhlükəsizliyini təmin etmək üçün əhəmiyyətli addım olacaq.
BMTM İdarə heyətinin üzvü Cavid Vəliyev Azərbaycanla İran arasında enerji sahəsində həm əməkdaşlıq təcrübəsinin, həm də geniş imkanların mövcud olduğunu qeyd edib: “Yeni dövrdə bu əməkdaşlıq üçün əlavə imkanlar yaranıb. Xüsusilə alternativ və yenilənə bilən enerji sahəsində tərəfdaşlığın inkişaf etdirilməsi aktuallıq qazanıb. Azərbaycanın son illərdə böyük önəm verdiyi sahələrdən biri də məhz alternativ enerji mənbələrindən elektrik enerjisi istehsalıdır. Ölkəmiz həm bu enerjini istehsal edə bilən, həm də onun tranzitini təmin edən vacib mərkəzə çevrilməkdədir. Bu istiqamətdə artıq müəyyən müqavilələr imzalanıb, bu da Azərbaycan-İran əməkdaşlığı üçün yeni perspektivlər açır. Digər tərəfdən, Rusiya qazının İrana satılması məsələsi də gündəmdədir. İran və Rusiya arasında bu sahədə həm həcm, həm də texniki məsələlərlə bağlı razılaşmalar əldə olunub. Qazın Azərbaycan ərazisindən tranzit yolu ilə ötürülməsi də razılaşdırılıb. Hazırda 2 milyard kubmetrdən artıq qaz həcmi üzrə razılaşma olduğu görünür, lakin gələcəkdə bu həcmin artırılması da mümkündür. Azərbaycan bu əməkdaşlıqda tranzit ölkə kimi həm ticari, həm də geosiyasi baxımdan müəyyən üstünlüklər əldə edəcək. Eyni zamanda bu layihələr tərəflər arasında etimadı möhkəmləndirəcək və enerji sahəsində əməkdaşlıq imkanlarını daha da genişləndirəcək”.
İranlı ekspert də qeyd edib ki, Tehran və Bakı arasında energetika sahəsində əməkdaşlıq, eləcə də İran, Azərbaycan və Rusiya arasında enerji mübadiləsi üçün regional enerji bazarının yaradılması imkanları mövcuddur: “İranla qonşu Azərbaycan Respublikası arasında energetika sahəsində əməkdaşlıq, həm ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, həm də regionun enerji təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. İran bu əməkdaşlığı yalnız texniki və iqtisadi tərəf kimi deyil, həm də strateji regional sabitliyin əsas sütunlarından biri kimi qiymətləndirir. Ölkələrimiz arasında enerji sahəsində bir neçə mühüm təşəbbüs həyata keçirilib. Xüsusilə elektrik enerjisi şəbəkələrinin birləşdirilməsi, enerji mübadiləsinin balanslaşdırılması və qarşılıqlı təchizat sistemlərinin gücləndirilməsi bu istiqamətdə atılan real addımlar sırasındadır. İran bu əməkdaşlıqda tərəflər arasında qarşılıqlı etimada əsaslanan uzunmüddətli planlaşdırmanı dəstəkləyir”.
Beynəlxalq təşkilatlarda ortaq mövqe
İranla Azərbaycan arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regional və qlobal səviyyədə mühüm əhəmiyyətə malikdir. Hər iki ölkə İslam Əməkdaşlıq Təşkilatı (İƏT), D8 Qrupunun, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) kimi beynəlxalq platformalarda fəal iştirak edir. Bu təşkilatlar çərçivəsində Azərbaycan və İran qarşılıqlı siyasi və iqtisadi maraqları müdafiə etmək, həmçinin, regional təhlükəsizlik və sabitliyi gücləndirmək məqsədilə birgə fəaliyyət göstərirlər. İƏT çərçivəsində iki ölkə arasında İslam dünyasında əməkdaşlıq və birliyin təşviqi istiqamətində addımlar atılır. D8 və ECO təşkilatları iqtisadi inkişafı və ticarət əlaqələrini gücləndirmək üçün müvafiq təşəbbüslər irəli sürür. ŞƏT və AQEM isə Asiya regionunda daha geniş əməkdaşlıq və etimad qurulmasına xidmət edir, İran və Azərbaycan üçün əhəmiyyətli platformadır. Bu əməkdaşlıqlar, həmçinin, enerji, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə təkan verir.
Cavid Vəliyev vurğulayıb ki, Azərbaycanla İran bir sıra regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir, Azərbaycanın D-8-ə üzvlüyünə İranın dəstəyi, həmçinin, Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısı bu əməkdaşlığın mühüm nümunələrindəndir: “Azərbaycanla İran bir çox regional təşkilatlarda və beynəlxalq təşkilatlarda həm təmsil olunur və burada əməkdaşlıq edir. Bunun ən son müsbət nümunələrindən biri Azərbaycanın D8-ə üzvlüyünə İran tərəfindən etiraz edilməməsi, buna müsbət yanaşılması, dəstək verilməsi oldu. Bu, Azərbaycanda olduqca müsbət qiymətləndirildi. İki ölkənin bu təşkilatlar çərçivəsində əməkdaşlığı müəyyən fərqli imkanlar da yaradır”.
İranlı ekspertin fikrincə, İran və Azərbaycan arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq regionda qarşılıqlı etimadın möhkəmlənməsinə, ortaq maraqların müdafiəsinə və regional sabitliyin qorunmasına xidmət edir: “Bu əməkdaşlıq, həmçinin, Qafqazda və Xəzər dənizi hövzəsində sülh və təhlükəsizliyin təmin olunması, iqtisadi layihələrin irəli aparılması, nəqliyyat və enerji dəhlizlərinin koordinasiyalı şəkildə inkişaf etdirilməsi baxımından strateji əhəmiyyət daşıyır. İran üçün Azərbaycan yalnız qonşu və mədəni əlaqələri olan ölkə deyil, həm də beynəlxalq səviyyədə qarşılıqlı dəstək və koordinasiya baxımından vacib tərəfdaşdır. Belə əməkdaşlıq həm İslam Əməkdaşlıq Təşkilatı, həm Qoşulmama Hərəkatı, həm də digər regional bloklar daxilində birgə mövqelərin formalaşdırılmasına və beynəlxalq məsələlərdə ortaq maraqların müdafiəsinə şərait yaradır”.