Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının Diaqnostik və İnvaziv Radiologiya İnstitutunun şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev Prezident İlham Əliyevə doğum günü münasibəti ilə təbrik məktubu ünvanlayıb.
Lent.az xəbər verir ki, təbrikdə deyilir:
“Möhtərəm cənab Prezident.
Sizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, uzun ömür, cansağlığı arzulayıram.
Mən Sizə bir hadisə barədə yazmaq istəyirəm. Vətən müharibəsinin getdiyi vaxtlar idi. Köln şəhərində çalışdığım klinikaya vəziyyəti kritik olan insult xəstəsi gətirildi və mən beyin əməliyyatına qərar verdim. Əməliyyat əla nəticə ilə bitdi. Xəstə ayıldı, mən ona yaxınlaşana qədər başına nə gəldiyini, ölümdən döndüyünü və onu kimin xilas etdiyini digər həkimlər demişdilər. Müayinəyə başlayıb tibbi suallar verəndə zəif, qırıq səslə “Azərbaycan” dedi və gözüyumulu gülümsədi. Təəccübləndim. Soruşdum ki, Azərbaycanı tanınyırsınız? Niyə gülümsəyirsiniz? Cavabında “İlham Aliyev” dedi və əli ilə “əla” işarəsini göstərdi. Öz-özümə dedim ki, pasiyent ayılandan sonra onunla mütləq bir də danışacağam. Səhər getdim yanına, halını soruşduqdan sonra “dünən Prezidentimizin adını çəkdiniz, onu tanıyırsınız?” - deyə soruşdum. “Bəli, tanıyıram, onun bütün müsahibələrini izləyirdim, düz danışır”, - deyə cavab verdi. Söhbətimiz uzun oldu. O almanın həyatda qalmasında rolumun olmasına çox sevindim. Həm də çox qürurlu idim.
Cənab Prezident, Siz narkozdan ayılan bir əcnəbinin yanında Azərbaycanın adını çəkən kimi yada düşəcək qədər sevilirsiniz. Bu sevgini və hörməti Siz özünüz qazanmısınız.
Sizi bir daha təbrik edirəm”.