Azərbaycan ilə Kuba arasında keçmiş sovetlər dönəmindən yaxşı münasibətlər formalaşıb. Minlərlə kubalı Azərbaycanın ali təhsil müəssisələrində təhsil alıb.
Lent.az xəbər verir ki, Kuba BMT-nin, Qoşulmama Hərəkatının ən fəal və nüfuzlu üzvlərindən biridir.
Azərbaycan və Kuba beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir.
Azərbaycanın Kubaya dəstəyinin ən bariz nümunəsindən biri ölkəmizin hər il BMT Baş Assambleyasında Kubaya qarşı embaroya son qoyulmasına dair qətnamənin lehinə səs verməsidir.
Ötən ilin oktyabr ayında Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilmiş XVIII Zirvə Görüşü zamanı Kuba Prezidenti Migel Diaz-Kanel iştirak edib. Kuba Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bu ilin may ayında Qoşulmama Hərəkatının COVİD-19-a qarşı videokonfrans formatında Zirvə Görüşünə də qatılıb. Hər iki tədbirdə ən yüksək səviyyədə iştirak Kubanın Azərbaycana və onun rəhbərinə münasibətinin göstəricisidir.
Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVİD-19-a qarşı dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında xüsusi sessiyasının çağırılması təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri Kuba olub.
Kubanın səhiyyə sistemi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyanın ən təsirli və bənzərsiz sistemlərindən biri olaraq xarakterizə olunur. COVID-19-a qarşı mübarizədə kubalı həkimlər briqadası hazırda İtaliya, Andorra, Qətər, Venesuela, Meksika, Nikaraqua, Qrenada, Surinam, Yamayka, Beliz, Cənubi Afrika və s. daxil olmaqla bir çox ölkələrdə çalışırlar.
Ümumiyyətlə, Kuba “tibbi diplomatiya” (medical diplomacy) sahəsində dünyada lider ölkə kimi tanınır. Bu vasitə Kuba üçün beynəlxalq imicinin formalaşdırılmasına da xidmət edir.
1963-dən etibarən 400 mindən çox kubalı tibbi personal dünyanın 164 ölkəsində fəaliyyət göstərib. 2019-cu ildə 28 mindən nəfərdən çox heyət dünyanın 59 ölkəsində, əsasən də təbii fəlakətlər və epidemiyalardan əziyyət çəkən Latın Amerikası və Afrika ölkələrində BMT-nin humanitar missiyaları çərçivəsində və ikitərəfli razılaşmalar əsasında çalışırlar.
Kubada səhiyyə sistemi pulsuzdur. Bu sahə texnoloji cəhətdən inkişaf etmiş olmasa da, ölkə tibbi təhsil, habelə çətin vəziyyətlərdə işləməyi bacaran peşəkar həkimlər baxımından Kuba dünyanın qabaqcıl ölkələrindən sayılır.
Bu il iyulun 7-də Azərbaycan və Kubanın səhiyyə nazirlikləri arasında “Fövqəladə hadisələrə cavabvermə üzrə əməkdaşlıq haqqında Saziş” imzalanıb ki, nəticədə 115 nəfərdən ibarət tibbi heyət iyulun 12-dən Bakıya gəlib. Heyət 3 ay müddətində Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) çalışacaq.
Onlar arasında 54 nəfər reanimotoloq, anestezioloq, epidemioloq, infeksionist, radioloq, fizioterapevt və s. ixtisaslar üzrə həkimlər və COVİD təcrübəsini əldə etmiş universal tibbi mütəxəssislər, digərləri isə reanimasiya tibb bacılarıdır.
Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondo jurnalistlərə müsahibəsində Azərbaycan və Kuba arasındakı münasibətlərin inkişaf etdiyini qeyd edib. O bildirib ki, indiki zamanda Kuba özünə doğma hesab etdiyi Azərbaycana dəstəyini əsirgəmir. Bu səbəbdən Kubadan Azərbaycana böyük tibb personalı gəlib. Bu addım, eyni zamanda, həmrəyliyin göstəricisidir.
Kubadan gələn həkim briqadasının rəhbəri Deysi Torres Avela vurğulayıb ki, briqada pandemiyaya qarşı mübarizədə Kubanın təcrübəsini bölüşəcək. O, həmçinin əlavə edib ki, Azərbaycana reallaşan bu səfər humanizmin göstəricisidir. O bildirib ki, kubalı tibb işçiləri azərbaycanlı həmkarları ilə birgə COVID-19-a qarşı birgə mübarizə aparacaqlar.