“Cavab, Ermənistandır və bizim sübutlarımız var. Çünki mülki şəxslər və hərbçilər arasında ilk qurbanlar azərbaycanlılar idi. Bu, bizə qarşı ardıcıl surətdə üçüncü hərbi təxribat idi”.
APA-nın məlumatına görə, Prezident İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində “Sentyabrın 27-də müharibə başladı. Sizin, “kim birinci atəş açdı” sualına cavabınız nədir” sualına cavablında deyib.
Prezident qeyd edib ki, hərbi təxribat birinci, iyul ayında törədilib: “O zaman onlar Ermənistan-Azərbaycan sərhədinə hücum etdilər. Bizim mülki şəxslər və hərbi qulluqçular arasında itkilərimiz olmuşdur. İkinci cəhd avqust ayında baş vermişdir. Ermənistan diversiya qrupu göndərmişdir, onun başçısı tərəfimizdən saxlanılmışdır və o, ifadə vermişdir ki, mülki şəxslərə hücum etmək üçün göndərilmişdir. Üçüncü dəfə sentyabrın 27-də onlar təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndləri ağır artilleriya bombardmanına tutdular. Biz cavab verdik və bu, belə başlamışdır”.