2 fevral Forumu: Gənclər üçün yol xəritəsi
03 fevral 2022 15:15 (UTC +04:00)

2 fevral Forumu: Gənclər üçün yol xəritəsi

"İyirmi beş il bundan əvvəl ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanda Gənclər Günü təsis edildi və o gündən bu günə qədər fevralın 2-də biz bu günü qeyd edirik. Ondan bir il əvvəl isə Heydər Əliyevin təşkilatçılığı və təşəbbüsü ilə Azərbaycanda birinci Gənclər Forumu keçirilmişdir. O vaxtdan bu günə qədər gənclər siyasəti daim dövlətin prioritetləri sırasında idi. O gündən bu günə qədər bir nəsil dəyişdi və bu gün bu salonda oturan gənclər o vaxt ya hələ dünyaya gəlməmişdi, ya da balaca uşaqlar idi. Bir nəsil dəyişdi və Azərbaycan dəyişdi.
Bu sözləri Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda giriş nitqində deyib.

Əslində, forumda Prezident gəncləri düşündürən bir çox suallara aydınlıq gətirdi. Sanki onlar üçün bir yol xəritəsi cızdı. Elə bir sıra siyasi şərhçilər də  Prezident İlham Əliyevin hakimiyyətdə olduğu dövrdə ölkəmizdə vətənpərvər, sağlam düşüncəli və gələcəyimizi etibar edə biləcəyimiz gənc nəsil yetişidiyini etiraf edirlər.

Millət vəkili Azər Badamovun fikrincə, Forumda dövlət başçısı da gənclərə indiki dövrdə ölkəmiz üçün necə və nə etmək lazım olduğu haqqında öz tövsiyələrini verdi. Məsələn, Prezident qloballaşan dünyada informasiya müharibəsinin davam etdiyini və burada gənclərimizin rolunun hər zaman vacib olduğunu vurğuladı. Eyni zamanda xaricdə təhsil, indiki zamanda xaricdə təhsil almış mütəxəssislərin ölkəyə qayıtmasının vacibliyi, inklüziv cəmiyyətin qurulmasında fiziki imkanları məhdud gənclərin iştirakı, gənc startapçıların öz biznes fəaliyyətlərini qurması, ermənilərin dağıtdığı ərazilərin təsviri incəsənət vasitəsilə tarixə yazılması, işğaldan azad edilmiş torpaqlara qayıdışımız və digər məsələlər barədə fikirlərini açıqladı. 

“Düşünürəm ki, gənclərimiz bu görüşdən çox razı qaldılar. Gənclər Prezidentlə görüşdə öz gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi üçün bir yol xəritəsi əldə etmiş oldular”.
“Prezident İlham Əliyevin gənclərlə görüşdə səsləndirdiyi fikirlər milli vəzifələr baxımından strateji əhəmiyyətli, Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yeri və rolunun müəyyənləşdirilməsi kontekstdə isə bir çağırış idi”.
Bunu isə Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
H. Babaoğlu deyib ki, dövlət başçısı əldə etdiyimiz tarixi Zəfər və onun nəticələrinin dünyaya qəbul etdirilməsini şərh edərkən mənəvi məsələləri önə çəkdi: “Prezident İlham Əliyev milli özünüdərk, vətənpərvərlik, milli birlik və həmrəylik kimi mənəvi-strateji komponentlər üzərində xüsusi dayanaraq bütün bu nailiyyətlərimizdə mənəvi keyfiyyətlərin mühüm rol oynadığını qeyd etdi. Dövlət başçısı dövlətçilik institutunun da əsasını təşkil edən komponentlərdən biri kimi mənəvi siyasi dəyərlərin əhəmiyyətindən də danışdı. Qeyd etdi ki, milli-mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir və müasir müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub. Biz bu dəyərləri qoruyub saxladıqca, dövlətimiz daha da qüdrətli olacaq, xalqımız da əbədi azad, müstəqil xalq kimi yaşayacaq. Əslində bu fikirlər mili dövlətin mövcudluğunun başlıca mənəvi –strateji komponentlərindən birinin milli-mənəvi dəyərlər olduğunu aydın ifadə etməklə, onu qoruyub və əbədi etməyin də yolunun məhz bu dəyərlərə sadiq olmaqdan keçdiyini ifadə edir. Bu mənada Prezidentin fikirləri konseptualdır, gənclər üçün çağırışlar və vəzifələr müəyyən edir, yol göstərir. Bu aspektdə dövlət başçısı milli yaddaşın əsas komponentlərindən biri olan tarixi yaddaş və onun milli-mənəvi dəyərlərin formalaşmasında oynadığı rola nəzər yetirərək, tarixi yaddaşın vacibliyinə toxundu. Çünki tarix təkcə dünən yaşananların xronoloji ardıcıllığı deyil, həm də sabahı necə yaşayacağımızın təcrübə və dərsidir, ya da elə ibrətidir. Tarixi hadisələri unutmamaq, tarixdə yol verilmiş səhvləri yadda saxlayaraq, onu bir daha təkrar etməmək lazımdır. Kimin kim olduğunu bilmək və onunla münasibətləri necə qurmağın daha doğru olduğunu yəqin etmək gərəkdir. Milli taleyimizlə bağlı qərarlar qəbul edərkən bütün bunları nəzərə almaq həmişə strateji əhəmiyyət daşıyıb və daşıyacaq. Ona görə də Azərbaycanın ən yeni və şanlı hərbi-siyasi tarixinin memarı kimi Prezident İlham Əliyev bildirdi ki, tariximizi yaxşı bilirik və bilirik ki, uzun illər, əsrlər boyu Azərbaycan müstəqil deyildi, başqa ölkələrin tərkibində yaşayırdı. Ancaq buna baxmayaraq, öz milli xüsusiyyətlərini itirmədi, milli xüsusiyyətlərini qorudu. Dövlət başçısı vurğuladı ki, biz həmişə öz milli dəyərlərimizə, ənənələrə sadiq olmuşuq, onları qorumuşuq, nəsildən-nəslə əsrlər boyu bu milli ideologiyamızı, milli xüsusiyyətlərimizi ötürürmüşük. Beləliklə də özümüzü assimilyasiyadan, kənar təsirdən qoruyurduq”.
Deputat qeyd edib ki, gənclərlə görüşdə səsləndirilən fikirlərin əsas istiqamətlərindən biri də qlobal imperializmin müxtəlif ideoloji siyasi mərkəzləri tərəfindən gənclərin hədəf kimi müəyyənləşdirilməsi, onların davranışlarının və milli kimliklərinin sorğulanması və manipulyasiya edilməsi cəhdləri ilə bağlı idi: “Şübhəsiz ki, hər bir xalqın gəncliyi onun gələcəyidir. Bir xalqın gəncliyini təsir altına salmaq o xalqın gələcəyi ilə bağlı söz sahibi olmaq deməkdir. Hazırda “vahid dəyərlər” adı altında bəzi “universal” dəyərləri milli dəyərlər yerinə oymaqla gənc nəsli öz milli dəyərlərindən uzaqlaşdırmaq cəhdləri də əslində elə bu məqsədə xidmət edir. Azərbaycana qarşı da həmişə belə addımlar ardıcıl olaraq atılır. Bütün bunları nəzərə alan Prezident İlham Əliyev vurğuladı ki, düzdür, qloballaşma termin olaraq indi dünya leksikonundan çıxarılır, çünki bu cərəyana qarşı dünyada çox geniş müqavimət göstərilib, ancaq ideya olaraq qalır. Yəni qloballaşma bu gün başqa ad altında kök salır. Bu meylin əsas məqsədi müxtəlif ölkələrin daxili işlərinə qarışmaq, bərabərlik, qloballaşma, yaxud da insanları, xüsusilə gəncləri vahid dəyərlər, dırnaqarası dəyərlər ətrafında birləşdirmək, kosmopolit gənclər yetişdirmək və təbii ki, ondan sonra o ölkələri idarə etməkdir. Göründüyü kimi, təsbit edilmiş gerçəklik və düzgün ifadə edilən ideoloji istiqamət gənclərimizin qlobal imperializmin strateji toruna düşməmələri üçün vacib çağırışdır. Ancaq Azərbaycanda həyata keçirilən düzgün gənclər siyasəti bu vaxta qədər bəzi dağıdıcı ideoloji mərkəzlərin bu planlarının qarşısını vaxtında alıb. Elə Gənclər Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər də Azərbaycanın gələcəyi olan gənclərimiz üçün konseptual əsaslarda bir yol xəritəsi hesab edilə bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2649
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar