Şəmistan Əlizamanlı: “21 yaşlı qız mənə sevgi məktubunda yazmışdı ki...” -  SÖHBƏT
24 iyul 2012 13:48 (UTC +04:00)

Şəmistan Əlizamanlı: “21 yaşlı qız mənə sevgi məktubunda yazmışdı ki...” - SÖHBƏT

“Qadın klubu”muz fərqli layihələr təqdim edir. Bu layihənin məqsədi klubumuza məşhur kişiləri dəvət edib, müxtəlif mövzularda söhbət etməkdir.

Klubumuzun üzvləri:

İradə Tuncay – yazıçı-publisist
Günel Mövlud – yazar
Aygün Aslanlı – kinoşünas

Obrazlarımız

İradə Tuncay - təmkinli, ziyalı qadın
Günel Mövlud – romantik solçu
Aygün Aslanlı – melanxolik ziyalı

Budəfəki qonağımız: hərbi mahnıları məşhur ifaçısı Şəmistan Əlizamanlı


Onu müasir hərb tariximizin canlı kitabı, eksponatı da adlandırmaq olar. Ön cəbhədə atəşlərin susmadığı illərdə Şəmistan Əlizamanlının səsi müharibənin səsi ilə assosiasiya olunurdu. Müharibə barədə xəbərləri, hərb musiqisini onun səsi olmadan təsəvvür etmək mümkün deyil. Xalqı, Azərbaycan kişisini mübarizəyə, Vətən uğrunda savaşa səsləyən ən təsirli, ən cazibədar, ən effektli səs idi onun səsi.


Sonra atəşkəs başladı... O, ekranda, mətbuatda tədricən daha az görünməyə başladı. Amma həmin illərdə ağlı kəsən heç kim Azərbaycanın «Levitan»ını unutmadı...

Ondan klubumuza hərbçi paltarında gəlməyini xahiş eləmişdik. Amma qonağımız bizi o illərə qaytarmaq istəmədi. Bilmirəm, bəlkə də o illəri xatırlatmaq istəmir, heç kimə, bəlkə də heç nəyin daha əvvəlki kimi olmadığını, olmayacağını çoxdan anlayıb. Bilmirəm, amma o bizimlə görüşə sadə, mülki geyimdə gəldi...


Aygün Aslanlı:

- Şəmistan müəllim, necəydi o illər?


Şəmistan Əlizamanlı:

- Müharibəni gözü ilə görməyən insana onu dəqiq təsvir etmək mümkün deyil. Cəbhə tamam başqa dünyadı – orada hər dəqiqənin, hər anın başqa hökmü, hissi, ovqatı var. Dəfələrlə gözümün qarşısında adam ölüb. Tam sakitlik vaxtı qəfildən güllə yağışı başlayıb. Bir dəfə düz ön xəttə çox cavan bir əsgərdən müsahibə aldım. Çox cavan idi, bəlkə də bir-iki ay idi ki, gəlmişdi. Danışdıq, müxtəlif şeylər soruşdum, hətta soruşdum ki, sevgilisi varmı? Bir azdan döyüş başladı və həmin əsgəri ağzından vurdular. Gözümün qarşısında o qədər ölüm olub ki?

Günel Mövlud:

- Heç qorxmurdunuz o atışmanın, güllə-baranın arasında?


Şəmistən Əlizamanlı:

- Sizə bir şey deyim: adam birinci-ikinci dəfə güllə səsi eşidəndə dəhşətə gəlir. Amma sonra adamın beynində nəsə elə bir şey əmələ gəlir ki, sən daha bu səsi eşitmirsən. Daha doğrusu eşidirsən, amma artıq güllənin səsindən uçuş istiqamətini müəyyən eləyə bilirsən, özünü qorumağı bacarırsan. Orda əsgərlər vardı ki, üstlərinə gələn tankı, topu elə bil görmürdülər. Artıq öyrəşmişdilər.


Aygün:

- Şəmistan müəllim, siz bütün bu dəhşətləri öz gözünüzlə görmüş adamsınız. İndi müharibə haqda çəkilən filmlərə baxanda nə hiss eləyirsiz? Gerçəyə oxşayır, yoxsa sizə süni gəlir?


Şəmistan Əlizamanlı:

- Açığı, müharibə haqqında ən effektli film Ceyhun Mirzəyevin «Fəryad» filmi oldu. Təzələrə gəlincə, pis deyil. Məsələn Ramiz Rövşənin ssenarisi əsasında çəkilən «Ağ atlı oğlan» filmi xoşuma gəldi. Ramiz Əzizbəylinin «Yalan»ı da pis deyil. Bizim müharibə filmlərimiz olmalıdır, bu baxımdan bunlar dəyərli filmlərdir. Amma heç birində müharibənin dəhşəti, o döyüşlərin, atışmaların effekti olduğu kimi verilməyib. Müharibənin özü, barəsində çəkilən bütün filmlərdən dəhşətli olur.


Aygün:

- Bir şey də soruşum sizdən. Bir neçə il əvvəl bir film çəkilmişdi, filmdə qorxaq bir əsgər obrazı vardı. Filmin axırında əsgər ağlayırdı. Filmin sifarişçisi olan Mədəniyyət Nazirliyi tələb elədi ki, həmin səhnə çıxarılsın. Doğrudanmı müharibədə ağlayan olmur və ya Azərbaycan əsgərini filmdə ağlayan yerdə göstərmək bizə, qəhrəmanlığımıza bir xələl gətirə bilər?


Şəmistan Əlizamanlı:

- Bu, müharibədir. Burada ağlayan da olur və bunu göstərmək heç bir qəhrəmanlığa zidd deyil. Sovet vaxtı qalib gəlmiş ordunun əsgərləri barədə çəkilən filmlərdə məgər ağlayan əsgər göstərmirdilərmi? «İnsanın taleyi» filmində, «Əsgər atası» filmində də qəhrəmanlar, sovet əsgərləri ağlayırdı.


Aygün:

- Şəmistan müəllim, həmin illərdə sizə ən çox təsir edən nə olub?


Şəmistan Əlizamanlı:

- Həmin illərdə bir çox adam vardı ki, mənim mahnılarımdan ruhlanıb, könüllü gedirdi. Elə təkcə «Cənab leytenant» mahnısına görə nə qədər insan leytenant olmağa çalışıb, bəziləri olub. Təbii ki, onların arasından az adam şəhid olmurdu. Müharibədən bir neçə il sonra yanıma bir qadın gəldi. Əri müharibədə şəhid olmuşdu. İndi ərgənlik çağında qızı vardı, ərə getməli idi, amma qadının onu köçürməyə imkanı yox idi. Mənə dedi: “Ərimi sən öldürmüsən. Onun əlli yaşı vardı, sənin mahnılarından sonra könüllü orduya getdi. İndi o şəhid olub, mənim bir qızımı da köçürməyə imkanım yoxdu”. Bu söz mənə çox pis təsir elədi. Başımı aşağı saldım və heç nə deyə bilmədim. Ona nə deyə bilərdim? Təkcə bir dəfə olmayıb, neçə dəfə olub ki, şəhid ailələrindən belə şeylər eşitmişəm.


Günel:

- Odun-alovun içində keçən neçə ildən sonra qəfil atəşkəs elan olundu. Nə hiss elədiniz? Ondan sonra necə yaşamağı düşünürdünüz?


Şəmistan Əlizamanlı:

- Bir müddət ümidlə yaşadım. Düşündüm ki, bəlkə müharibə başlayacaq, biz qalib gələcəyik və mən öz missiyamı – xalqa qələbə xəbərini vermək missiyası yerinə yetirəcəm. Bir müddət arxivi formalaşdırmaq haqda düşündüm. Tədricən gördüm ki, mənlik daha burda bir iş yoxdu. Nəhayət, 2000-ci ildə AzTV-dən getmək qərarına gəldim. Soruşdular ki, axı niyə gedirsən? Dedim ki, mən daha burda lazım deyiləm. Nə səsimdən istifadə olunur, nə də başqa imkanlarımdan. Nə qədər gəlib boş-boşuna oturmaq olar?


Aygün:

- Axı bütün telekanallarda az da olsa, hərbi-vətənpərvərlik verilişləri var. onlardan sizə heç təklif gəlmir?


Şəmistan Əlizamanlı:

- Bir neçə dəfə təklif elədilər. Amma mənə təklif olunan verilişlərin formatı mənim üçün çox qeyri-ciddi idi. Buna görə, razılaşmadım. O verilişləri ki, mən təklif elədim, onlarla da televiziyalar razılaşmadı.


Söhbətimizin bu yerində klubumuzun yeni üzvü İradə Tuncay gəlib çıxdı. Çatan kimi zarafatlaşdı:

- Axır ki, məni də bura gətirdiniz!


Qonağımız İradə xanımı görəndə həvəslənib bir xeyli Məmməd Arazdan danışdı.

Aygün:

- Yadımdadı, o vaxt Mikayıl Mirzə Məmməd Arazın «Qalx ayağa Azərbaycan!» şeirini oxuyanda zalda hamı ayağa qalxmışdı. Mən də öz yerimdə ayağa qalxmışdım. Amma bu gün adama elə gəlir ki, nə oxuyursan, oxu, heç kim ayağa qalxmayacaq. Bu nədir – bizə daha nə qəhrəman, nə də qəhrəmanlıq lazım deyil?


Şəmistan Əlizamanlı:

- Bu gün də şeir-filan olmadan qəhrəmanlıq eləyənlər var. Elə təkcə Mübariz İbrahimovu götürək. Onun elədiyi əslində, hər bir azərbaycanlının eləmək istədiyi idi. Ona qədər biz qəhrəmanlığı təkcə kitablardan oxumuşduq. Koroğlu, Qaçaq Nəbi, Qaçaq Kərəm, bunların hamısını biz kitabdan oxumuşduq. Amma Mübarizin qəhrəmanlığını həyatda gördük. Məncə, indi müharibə başlasa, minlərlə gənc savaşa hazırdı və bu, Mübarizin xidmətidi.


Günel:

- İradə xanım, siz necə bilirsiz, müharibə başlasa, doğrudanmı gənclər kütləvi şəkildə könülü gedəcək?

İradə Tuncay:

- Bilirsiz, o vaxtlar müharibənin romantikası var idi. Amma ortada başqa məsəllər də vardı. Bir tərəfdə əsgər vuruşurdu, əziz canını tankın altına atırdı, bir tərəfdə də kimlərsə kef məclisləri qurur, qadınlarla əylənirdi. Bizim Qarabağ müharibəmiz Böyük Vətən Müharibəsi kimi, böyük və kütləvi şəkildə müharibə, mübarizə anlamını ala bilmədi. Bilmirəm, bunun səbəbi nə oldu? Amma bütün müharibələrdə qüvvələri irəli bir neçə faiz aparır. Bütün xalqdan qəhrəman olmağı tələb eləmək olmaz.



Şəmistan Əlizamanlı:

- Mənə sual verirdilər ki, Levitanla sizin fərqiniz nədir? Cavab verirdim ki, Levitan böyük, qüdrətli bir ölkənin hərbi diktoru idi. O arxasında qüdrətli bir dövləti hiss eləyirdi. Amma mənim arxamda hansı qüvvə ola bilərdi? Mən təzəcə yaranmış bir dövlətin hərbi diktoru idim – hər şey təzəcə yaranmışdı: Müdafiə Nazirliyi, hərbi strukturu, bir sözlə, hər şeyi. Levitanı xüsusi maşınla gəzdirirdilər, onu silahlı əsgərlər qoruyurdu. Amma mənə heç vaxt nə maşın, nə də mühafizəçilər ayırmışdılar.


Günel:

- Amma boy-buxun məsələsində də fərqiniz olub. Levitan balacaboy adam idi axı...


İradə Tuncay:

- İnsanın ruhu onun boy-buxununda deyil axı. Tarixdə bir çox qəhrəmanın boyu balaca olub.


Günel:

- Çe Gevara da balacaboy adam olub. Aqil Abbasın da boyu balacadı. Ümumiyyətlə, İradə xanımın sevdiyi kişilərin hamısının boyu balaca olub.


İradə Tuncay:

- Yox, niyə ki? Mən Heydər Əliyevi də sevirdim – onun boyu hündür idi.


Günel:

- Şəmistan müəllim, səsinizi hələ də qoruyursuz? Səslə işləyən adamların axı belə bir qayğıları olur...



Şəmistan Əlizamanlı:

- Soyuq su içmirəm. Qazlı içkilər içmirəm. Çalışıram ya bulaq suyu, bulaq suyu olmayan yerlərdə də otaq temperaturunda adi su içim.


Aygün:

- Şəmistan müəllim, sizi toylara dəvət eləyirlər?



Şəmistan Əlizamanlı:

- Dost-tanışın toyuna gedirəm. Keçmiş müharibə iştirakçıları, vətənpərvər adamlar dəvət eləyəndə gedirəm. Elə vətənpərvər adam olur ki, istəyirəm, o adamın toyunda bir «Cənab leytenant» mahnısını oxuyum.


Günel:

- Şəmistan müəllim, bir dəfə eşitdim ki, o vaxtlar sizin çıxışlarınız adətən canlı olurmuş. Amma bəzən əvvəlcədən yazılmış lentləri canlı kimi təqdim eləmisiz. Olubmu belə şeylər?


Şəmistan Əlizamanlı:

- Bu cəmi bir neçə dəfə olub. Onda da bizdən asılı olmayan problemlərə görə. Siz də bunu eşidən kimi yazmışdınız....


Günel:

- O vaxt sizə sevgi məktubları çox gəlirdi?


İradə Tuncay:

- Əlbəttəəəəə! Mənim gözümün qarşısında olub belə şeylər. O vaxt biz bir yerdə işləyirdik axı. Şəmistan bəy bütün qadınların diqqət mərkəzində idi. Bəzi kişilər var ki, onlar qadın diqqətindən tez sıyılır, xarab olurlar. Mənim elə kişilərdən zəhləm gedir. Amma Şəmistan bəy özünü necə təmkinli, laqeyd, sakit aparırdı!


Günel:

- Kak podabaetsya voennomu diktoru...



Şəmistan Əlizamanlı (gülür):

- İradə xanım, siz o vaxt mənə fikir verirdiniz ki?


Günel:

- Deyəsən, çox maraqlı söhbət başlayacaq. İndi bir daha başa düşdüm ki, İradə xanımı boşuna çağırmamışıq.



Şəmistan Əlizamanlı:

- Əlbəttə, elə şeylər də olurdu. Bir dəfə bir qız yazmışdı: “21 yaşım var, sizə vurulmuşam, əgər məktubumu oxudunuzsa, axşam xəbərləri oxuyanda əlinizi bir dəfə saçınıza çəkin”. Təbii ki, mən əlimi saçıma çəkib-eləmədim.


Günel:

- Şəmistan müəllim, yeri gəlmişkən, Azərbaycan qadınının müharibədə iştirakı oldumu?



Şəmistan Əlizamanlı:

- Əlbəttə, kütləvi şəkildə deyildi. Amma var idi. Az deyildilər. Onlardan çoxu döyüşmürdü. Tibb bacısı işləyəni də vardı, mətbəxdə işləyən vardı.


Günel:

- Amma Sovet dövründəki kimi deyildi hər halda...

İradə Tuncay:

- Axı biz elə də uzun müharibə aparmadıq. İkincisi nəzərə alaq ki, Azərbaycan mentalitetində qadının müharibədə, kişilərin arasında olmağı qəbul olunmur. Böyük Vətən Müharibəsində iştirak edən azərbaycanlı qadınlar müharibə qurtarandan sonra ərə gedə bilmədilər. Azərbaycan kişiləri onları almadı. Bəziləri müharibə yoldaşlarına ərə getdi, ya da başqa millətin nümayəndələrinə. Bizim fikirlərimiz o vaxtdan bəri dəyişməyib. Buna görə də bizim qadınların müharibədə, məhz ön cəbhədə çox fəal iştirakını gözləmək də olmazdı.



Şəmistan Əlizamanlı:

- Bilirsiz, qadın həm də çox zərifdi. Cəbhədə, səngərdə isə zəriflik keçmir. Müharibə meydanı sərtlik, kobudluq, dəmir iradə tələb eləyir. Amma qadının da müharibədə öz funksiyası var. Yaralı ilə məşğul olmalıdı, rabitəçi ola bilər. Ən əsası ruhlandıra bilər, cəbhədə döyüşən qadın görən kişi də məğlub olmağı özünə sığışdırmaz. Yəni cəbhədə qadının çox işdə köməyi dəyə bilər.


Günel:

- Şəmistan müəllim, içki-siqaretlə aranız necədi?



Şəmistan Əlizamanlı:

- 18 yaşım olanda siqaretə başladım. Amma çox çəkmirdim. Bir qutu alırdım, bir neçə gün bəs eləyirdi. Bu yaxınlarda tamam atdım. İçkiyə gəlincə, hə, indi də içirəm. Amma onu da çox yox, elə arada dost məclisi olanda. Yaxşı meyvə araqları gələndə, içirəm, amma mən ümumiyyətlə heç nəyin aludəsi olmağı sevmirəm.


Günel:

- Amma məncə, bəzən nəyinsə aludəsi olmaq da lazımdı...



Şəmistan Əlizamanlı:

- Amma hər gün də içmək olmaz axı...


İradə Tuncay:

- Olur, olur! Mən görmüşəm!


Günel:

- Şəmistan müəllim, sizin barənizdə iki ayrı-ayrı fikir var. Bəziləri deyir ki, siz davranışınızla adamı utandıracaq qədər mədəni adamsınız. Bəziləri də deyir ki, o çox sərt adamdı, hirslənəndə adama çox sərt sözlər deyə bilər, ondan qorxmaq lazımdı. Hansı həqiqətə yaxındı?


Şəmistan Əlizamanlı:

- Mən indi sizinlə oturub danışanda necə görünürəmsə, eləyəm. Sakitəm, amma yanımda şit, xoşagəlməz hərəkətləri xoşlamıram və belə şeylər görəndə iradımı bildirirəm. Neyləyim, belə şeyləri qəbul edə bilmirəm. Amma quru, rəsmi adam da deyiləm, zarafat eləməyi, kompliment deməyi, qarşımda oturan adamı dinləməyi sevirəm.


İradə Tuncay:

- Günel, bax da, indi oturub qarşında, hansı ehtimala inanmaq istəyirsən?


Günel:

- Bir dəfə Şəmistan müəllim barədə yazı yazmışdım. O yazıdan əsəbiləşməyibsə, məncə kifayət qədər yumşaq adamdı. Şəmistan müəllim, bizim əsgərlərin Rəqsanənin klipinə çəkilməsinə necə baxırsız?


İradə Tuncay:

- Sən niyə hər şeyə belə pis baxırsan? Burada nə var ki? Əsgərlərdi, cavan oğlanlardı, uzun müddət qadın görməyən adamlardı. Və birdən həmişə ekrandan gördükləri bir xanım onların hərbi hissəsinə gəlir, onlarla danışır. Onun klipinə çəkilirlər. Burada pis nə var axı?




Şəmistan Əlizamanlı:

- Məncə də pis bir şey deyil. Amma mahnının mətninə dəxli olmalıdır. Musiqi, mətn əsgərlə, əsgər həyatı ilə üst-üstə düşürsə, qoy olsun. Amma sözlərin, musiqinin hərbə, əsgərə dəxli yoxdursa, o qədər də yaxşı qəbul eləmirəm.


Aygün:

- Məncə də burada pis bir şey yoxdur, onsuz da bizim əsgərlər elə Rəqsanəyə qulaq asırlar, Azər Zeynalova yox. O vaxt da Amerikan əsgərləri ilə görüşə Merilin Monronu gətirirdilər.


İradə Tuncay:

- Məncə gəncliyi hər şeyə görə qınamaq olmaz. Ona zorla heç kimi sevdirmək olmaz.


Günel:

- Mən əminəm ki, zorla elə yaxşı sevdirmək olar ki!


İradə Tuncay:

- Necə, əmrlə: «Səhər oyananda hamı xoşbəxt olmalıdır!»?


Günel:

- Şəmistan müəllim, müharibə yenə başlasa, hərbi diktor olacaqsınız?



Şəmistan Əlizamanlı:

- Yox.


Günel:

- Bəs, müharibə olsa, bizim hərbi diktorumuz kim olacaq?



Şəmistan Əlizamanlı:

- Mən bilirəm ki, müharibə olmayacaq. Mən dövlət adamı deyiləm. Amma belə düşünürəm ki, Qarabağ daha təkcə Azərbaycanın məsələsi deyil. Bu, beynəlxalq bir məsələdir və bu müharibəni başlamağa bizə imkan verməzlər.



Günel:

- Memuar yazırsınız? Axı siz olduqca maraqlı, tarixi hadisələrin şahidi olmusunuz...



Şəmistan Əlizamanlı:

- Müharibə illəri mənim şərəfim, ağrımdı. Təbii ki, mən gördüklərimi yazmaq, bu hadisələri bir kitab kimi görmək istəyərəm. Amma özümün yazmaq həvəsim yoxdur, özüm də narahat adamam, tez-tez fikrim dağılır. Fikirləşirəm ki, bunu kasetə, diktofona yazdırıb, sonra yazılı variantını hazırlatdırım...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2991

Oxşar yazılar