Əhmədinejad Ərdəbildə Bakı ilə münasibətlərdən danışıb
16 sentyabr 2011 17:49 (UTC +04:00)

Əhmədinejad Ərdəbildə Bakı ilə münasibətlərdən danışıb

Lent.az-ın İran KİV-nə istinadən məlumatına görə, Tehran rəsmisi Güney Azərbaycan türklərinə vəd verdiyi kimi, Azərbaycan Respublikası haqqında da «xoş» sözlər söyləməklə baş qatmağa səy göstərib. Sentyabrın 15-də Ərdəbil əyalətinin Parsabad şəhərində əhali qarşısında çıxış edən prezident Mahmud Əhmədinejad ölkəsinin Azərbaycan Respublikası ilə əlaqələrindən danışıb.

Əhmədinejad deyib ki, İran Azərbaycan Respublikası ilə qardaşdır və onun müstəqilliyini dəstəkləyir: «İran İslam Respublikası Azərbaycan Respublikası ilə maksimum dostluq əlaqələri qurmağın tərəfdarıdır. Heç bir amil bu qardaşlıq münasibətlərinə xələl gətirə bilməz. Biz aramızda olan münasibətlərin, o cümlədən ticarət əlaqələrinin inkişafını istəyirik”.

Yeri gəlmişkən oxşar fikriləri, o, sözləri ermənilərlə görüşdə və Ermənistana səfərində də bəyan edib.

M.Əhmədinejadla birlikdə bəzi hökumət üzvləri də əyalətə gəlib. Onlardan birinin, yol və şəhərsalma naziri Əli Nikzadın Ərdəbildə söylədikləri İran hakimiyyətinin boş vədlər verməsinə ən aşkar örnək sayıla bilər. Nazir 2013-cü ilin sonunda Ərdəbil-Miyana dəmiryol xəttinin istismara veriləcəyini söyləyib: «Bu yöndə tikinti səkkiz sahədə çox yaxşı sürətlə davam edir».

Əli Nikzad qeyd edib ki, Azərbaycan Respublikası ilə həmsərhəd rayonda Ərdəbil-Parsabad (Muğan - S.S.) dəmiryol xəttinin tikintisi də gündəlikdədir. Hökumət üzvü sözügedən layihənin önəmini artırmaq üçün bunları da əlavə edib: «Ərdəbil-Parsabad dəmiryol xəttinin vasitəsi ilə biz Azərbaycan Respublikasına, Rusiyaya və daha sonra Çinə çıxış əldə edəcəyik».

Onun sözlərinə əsasən, Ərdəbil əyalətindəki dəmiryolunun tikintisi ilə bağlı heç bir maliyyə problemi yoxdur.

Göründüyü kimi, vəziyyəti gərginləşən kimi Tehran hakimiyyəti ya hərbi manevrlər, ya da Güney Azərbaycanın çeşidli şəhərlərində sosial-iqtisadi məsələlərə dair tədbirlər keçirir. Belə toplantılardan birincisi dünyaya, İran rejiminin özünə düşmən saydığı dövlətlərə güc nümayişidirsə, ikincisi hakimiyyətin Güney Azərbaycana guya ögey münasibət göstərmədiyini nümayiş etdirmək, bu məsələ ilə bağlı etiraz edənləri sakitləşdirmək üçündür.

Hələ bu ilin yayında Təbrizdə Şərqi Azərbaycan sənaye, ticarət və mədən palatasının təşəbbüsü ilə «Sərmayə imkanları» mövzusunda 4 günlük 3-cü beynəlxalq toplantı keçirilmişdi. Yığıncağa İran ticarət palatası, iqtisadi şurası təmsilçiləri yanaşı, əyalət icra başçısı Əhməd Əlirza Beygi də qatılmışdı. Həmin yığıncağın nəticəsi kimi bəlli oldu ki, Təbrizdə «analoqu» olmayan məscid tikiləcək. Halbuki şəhərdə ibadət etmək üçün yetərincə məscid mövcuddur. Bir neçə il öncə hakimiyyət tarixi Ərk qalasını sökərək, yerində ibadət yeri tikmək istədiyini bildirmişdi. Onda yerli sakinlərin etirazı nəticəsində rejimin bu fitnəsinin qarşısı az da olsa alındı.

Onu da yada salmaq istərdik ki, İran prezidenti Mahmud Əhmədinejad bu əyalətlərdə keçirdiyi hökumətin səyyar toplantıları zamanı bölgənin iqtisadi-sosial inkişafına diqqəti artıracağını boyun olmuşdu. Göründüyü kimi Azərbaycan əyalətləri İslam Respublikası rəhbərliyinin yadına işləri çətinə düşəndə, bir də seçkilər ərəfəsində yada düşür.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 499

Oxşar yazılar