İranın Urmu gölü bəhanəsi
14 sentyabr 2011 23:19 (UTC +04:00)

İranın Urmu gölü bəhanəsi

Sentyabrın 3-də başlayan etirazlardan sonra Tehran hakimiyyəti yenə də azərbaycanlıları tələblərindən yayınmaq və ya vaxtı uzatmaq taktikasını seçib. İranın Ətraf Mühit və Ekologiya Təşkilatının rəhbəri Məhəmmədcavad Məhəmmədzadə məsələ ilə bağlı bunları söyləyib: “Urmiya gölünə Araz və Silvan çaylarından su kəməri çəkilməsi nəzərdə tutulur. Bu layihəni həyata keçirmək üçün isə hökumət tərəfindən 900 milyon dollar vəsait ayrılıb”. İran prezidentinin parlament məsələləri üzrə müavini Məhəmmədrza Mirtacəddini jurnalistlərə açıqlamasında hökumətin Urmiya gölü probleminin həlli üçün Nazirlər Kabinetində ciddi müzakirələr aparıldığını və qərarlar qəbul olunduğunu deyib: “Urmiya gölünün xilası üçün prezidentin birinci müavini Məhəmmədrza Rəhiminin başçılığı ilə işçi qrup yaradılıb. Qrup bu problemin həlli istiqamətində ciddi işlər görür. Araz çayından suyun Urmiya gölünə axıdılması məqsədilə bu ilin dövlət büdcəsindən 25 milyard tümən (22 milyon dollar) vəsait ayrılıb”.

Xatırladaq ki, İran hakimiyyəti artıq neçə illərdir, Güney Azərbaycan türklərinin başını qatmaq siyasəti yeridir.

2009-cu ilin prezident seçkisindən öncə prezident Mahmud Əhmədinejadın başçılığı ilə keçirilən hökumətinin iclaslarından birində onun rəhbərliyi altında Urmiya gölünün problemlərinin araşdırılması ilə bağlı dövlət komissiyası yaradıldığı elan olunsa da, ötən iki ilə yaxın müddət ərzində gölün qurumasının qarşısının alınması istiqamətində əməli bir iş görülməyib. Onda prezidentin müavini və komissiyanın sədri Məhəmmədrza Rəhimi bildirmişdi ki, bu su hövzəsi ətrafında çoxsaylı problemlər yaranıb və onları həll etmək lazımdır: “Yaranan komissiya tarixi gölün problemləri ilə məşğul olacaq və onun quruması səbəblərini araşdıracaq. Gölü xilas etmək üçün biz əlimizdən gələni edəcəyik”.

Vəziyyətin ağırlığını bildikləri halda İran parlamenti bu il avqustun 16-da “Urmiya gölünün dirçəldilməsi” layihəsini nədən rədd etdi? Bu günlərdə isə çeşidli informasiya vasitələri ilə gölün səviyyəsinin 80-100 sm qalxdığına dair dezinformasiya yayıb.

Ötən gün isə İran hakimiyyəti yeni bəhanə ilə çıxış edib. Urmiya gölünün qurumasının əsl səbəbini gizlədən ölkə rəhbərliyi suçu yenə başqalarının üzərinə yığmağa çalışır. Hakimiyyət gölün qurumasının qarşısını almaq üçün Araz çayından kanalın çəkilməsində israr edir. Kürdüstan əyalətindən axan Sevlan çayı da bir bəhanədir. Mütəxəssislərin fikrincə, bu çaydan axıdılacaq su yalnız ehtiyacın 10 faizini təşkil edə bilər.

İranın təbliğat maşınlarının qənaətincə, “Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Arazın suyunun Urmiya gölünə axıdılmasından narahatdır”. Tehran bu təbliğatı ilə Güney Azərbaycan türklərinin İran rəhbərliyinə olan hiddətini Quzey Azərbaycana yönəltməyə cəhd göstərir. İslam Respublikası bunları iddia edir: “Azərbaycan rəsmisinin Arazın suyunun Urmiya gölünə axıdılması barədəki açıqlaması elə bir şəraitdədir ki, bundan qabaq Bakıdakı ant-İran dairələri Azərbaycan dövlətinin himayəsi altında Urmiya gölünün quruması ilə bağlı İrana qarşı geniş təbliğat aparıblar…” Bu təbliğatı ən yumşaq şəkildə dəyərləndirmək olar - çox gülməli və olduqca gülünc bir bəhanə.

Ehtimal etmək olar ki, gölün qurumasına səbəb Tehran rejiminin savadsız, elmi araşdırmasız fəaliyyətinin nəticəsidir. Ancaq bu ehtimal olaraq qalmaqdadır. Baş verənlərdən və İran rəhbərliyinin davranışından belə görünür ki, hakimiyyət buna əvvəldən hazırlaşırmış. Məsələn, elmi ədəbiyyatlarda yazılıb: “Yağıntı olmazsa belə Urmiya özünü su ilə təmin edə bilər, çünki bu gölə yeraltı çaylar axır”.

Bu günlərdə isə bu təbii su hövzəsinin qurudulmasının planlı olduğu ilə bağlı yeni bir fakt aşkarlanıb. Bir sıra mənbələrinin fikrincə, bu gölün ərazisində uran yataqları var. Tehrana isə atom-nüvə proqramını gerçəkləşdirmək üçün bu radioaktiv maddəyə böyük ehtiyac duyur. Ona görə də gölün məqsədli qurudulmasına dair daha bir sübut ortaya çıxır.

Nəhayət hakimiyyətin Azərbaycan Respublikasına qarşı təbliğatına qayıdaq. Bu sayaq böhtanlar atmaq, şərləmək, yalanlar danışmaq bir qayda olaraq, suçu başqasında axtarmaq İran İslam Respublikasının adətidir. 33 ildir ölkədəki istənilən siyasi, ictimai, iqtisadi və s. etirazların səbəbini araşdırıb, onu aradan qaldırmaqdansa, Tehran hakimiyyəti bu sayaq etirazların “xaricdən qaynaqlandığını” bəhanə göstərməyə adət edib.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 709

Oxşar yazılar