Azərbaycan prezident Sabirin abidəsinin açılışında iştirak edib
13 sentyabr 2011 18:17 (UTC +04:00)

Azərbaycan prezident Sabirin abidəsinin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev Şamaxı rayonuna səfəri çərçivəsində sentyabrın 13-də Sabir qəsəbəsində olub. Lent.az-ın “AzərTAc” agentliyinə istinadən verdiyi məlumata görə, dövlət başçısına məlumat verilib ki, 3444 nəfərin yaşadığı qəsəbədə 4190 təsərrüfat mövcuddur. Son vaxtlarda qəsəbənin küçələrində geniş abadlıq işləri görülüb, elektrik və digər kommunal xətləri yenilənib, geniş yaşıllaşdırma işləri aparılıb. Qəsəbənin girişində görkəmli şair Mirzə Ələkbər Sabirin abidəsi ucaldılıb.

Prezident İlham Əliyev dahi Azərbaycan şairi Mirzə Ələkbər Sabirin abidəsinin açılışında iştirak edib, önünə gül dəstəsi qoyub.

Dövlət başçısı Şamaxıya səfər çərçivəsində “Şirvan” mehmanxanasında aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olub. Diqqətə çatdırılıb ki, bina 1974-cü ildə inşa edilib, ötən ilə qədər istifadədə olub. Binanın istifadəyə yararsız olması nəzərə alınaraq 2010-cu ilin fevralından mehmanxanada təmir işlərinə başlanılıb. Onmərtəbəli, 36 nömrəsi olan mehmanxananın sahəsi 6 min kvadratmetrdir. Hazırda binanın interyerində son tamamlama işləri görülür. Burada yenidənqurma işlərini bu ilin dekabrında başa çatdırmaq nəzərdə tutulub.

Məlumat verilib ki, əsas binada mini bar, hovuz, SPA mərkəzi, sauna, gimnastika bölməsi, türk hamamı, bilyard klubu, 10-cu mərtəbədə 60 nəfərlik restoran fəaliyyət göstərəcək. Bundan əlavə, mehmanxananın həyətində tikiləcək binada böyük konfrans zalı, tədbirlərin keçirilməsi üçün müxtəlif zallar və digər inzibati otaqlar olacaq. Ərazidə uşaqlar üçün də oyun meydançaları yaradılacaq.
Bildirilib ki, bu mehmanxana kompleksi böyük turizm potensialı olan Şamaxıda qonaqların qəbul edilməsində mühüm rol oynayacaq. Bundan əlavə, rayona dincəlməyə gələnlərin rahat şəraitlə təmin olunmasına geniş imkanlar açacaq.

Azərbaycan prezidenti Şamaxıda Cümə məscidində aparılan bərpa və yenidənqurma işləri ilə də tanış olub. Dövlət başçısına əvvəlcə məscidin ətrafında aparılan abadlıq işləri barədə məlumat verilib.

Məsciddə aparılan yenidənqurma işləri ilə tanış olan prezident İlham Əliyevə məlumat verilib ki, Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən biri olan Cümə məscidi Xəlifə Xalid ibn Vəliyədin dövründə onun qardaşı Müslüm ibn Vəliyədin Azərbaycana gəlməsinin şərəfinə 743-cü ildə inşa edilib. 1859-cu və 1902-ci illərdə baş verən zəlzələlər Cümə məscidinə ciddi ziyan vurub. Sonralar məscid Azərbaycanın ilk ali təhsilli memarı Zivər bəy Əhmədbəyovun və Polşa mühəndisi İosif Ploşkonun layihəsi əsasında yenidən bərpa olunub. 1918-ci ilin martında ermənilər tərəfindən Şamaxıda törədilən soyqırımı zamanı ən böyük qırğın Cümə məscidində baş verib. Şamaxılıların Allah evi kimi məscidə sığınmasından istifadə edən ermənilər burada yanğın törədərək təxminən 1700 günahsız insanı qətlə yetiriblər.

Vurğulanıb ki, sovet dövründə təyinatı üzrə istifadə olunmayan məscid məhv olmaq təhlükəsi ilə üzləşib. Ancaq Azərbaycanın bütün sahələrdə inkişafına, o cümlədən milli mənəvi dəyərlərimizin qorunmasına böyük diqqət və qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyevin tapşırığı və təşəbbüsü ilə 1980-ci ildə bu tarixi abidə təmir olunub.

Bildirilib ki, milli mənəvi dəyələrimizin qorunması və inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlayan dövlət başçısının təşəbbüsü və tapşırıqlarına əsasən, paytaxtda və digər bölgələrimizdə onlarla məscid, dini məbəd, tarixi abidə, ziyarətgah inşa edilmiş, bərpa olunub və yenidən qurulub. Prezident İlham Əliyevin ötən illərdə Şamaxıya səfəri çərçivəsində Cümə məscidində olması və “Şamaxıdakı Cümə məscidi Dövlət Tarix-Memarlıq Abidəsinin bərpası ilə əlaqədar tədbirlər haqqında” sərəncam imzalaması da bu müqəddəs amaldan qaynaqlanır.

Qeyd edildi ki, Heydər Əliyev Fondu da bu istiqamətdə bir sıra mühüm layihələr həyata keçirir. Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan “Tolerantlığın ünvanı: Azərbaycan” layihəsi çərçivəsində Şamaxıdakı Cümə məscidində aparılan işlər Azərbaycan-Şərq memarlığının incisi olan bu abidəyə də ikinci həyat verir.

Dövlət başçısının diqqətinə çatdırıldı ki, Şamaxı Cümə məscidində əsaslı təmir və bərpa işlərinə 2010-cu ilin martında başlanılıb. Baş plana əsasən, hazırda ikimərtəbəli inzibati binanın, məişət binasının, məscidə giriş pilləkəninin və körpücüyün tikintisi başa çatdırılıb. Məscidin 36 metr hündürlüyündəki iki minarəsinin tikintisi artıq sona yetib. Minarələrin davamlılığını artırmaq məqsədi ilə 15 metr dərinliyində özülbərkitmə işləri aparılıb. Hazırda obyektdə tamamlama-bəzək işləri davam etdirilir. Məscidin ibadət yeri 1316 kvadratmetrdir. Təxminən bir hektar ərazisi olan məsciddə bərpa və yenidənqurma işləri sürətlə davam edir. Məscidin günbəzi qədim memarlıq üslubundakı naxış və ornamentlərlə bəzədiləcək. Cümə məscidini üç tərəfdən əhatə edən tağvarı dəhlizlər inşa olunur. Məscidin ərazisində konfrans zalı, kitabxana, dəstəmaz yerləri və digər otaqlar yaradılacaq.

Bildirildi ki, Şamaxı seysmik zonada yerləşdiyi üçün məscidin bünövrəsi bir metr dərinliyində dəmir-beton konstruksiyalarla möhkəmləndirilib. Yeni layihəyə görə, ibadət məkanının qarşısında üstündə günbəz olan 4 metrlik giriş qapısı da tikiləcək. Ərazidəki qədim hücrələr də bərpa olunacaq, ətrafda geniş abadlıq işləri aparılacaq.

Cümə məscidində aparılan bərpa və yenidənqurma işlərinin yüksək keyfiyyətlə, Azərbaycanın çoxəsrlik milli memarlıq irsi ənənələrinə uyğun şəkildə yerinə yetirilməsi üçün dövlət başçısının Sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan Şamaxı Rayon İcra Hakimiyyətinə vəsait ayrılıb. Bu da memarlıq üslubu, qədimliyi və orijinallığı ilə seçilən Şamaxı Cümə məscidinin yenidən qurulmasına imkan verəcək. Beləliklə, Şərq memarlığının nadir incilərindən olan Şamaxı Cümə məscidi ölkəmizdə milli mənəvi dəyərlərə göstərilən diqqət və qayğının bariz nümunəsinə çevriləcək.

Prezident İlham Əliyev məscidin istifadəyə veriləndən sonrakı görüntüsünü əks etdirən stendə baxıb, tövsiyə və tapşırıqlarını verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 484

Oxşar yazılar