Bahar Muradova: “Dağlıq Qarabağ probleminin həlli üçün beynəlxalq birliyin siyasi qərarı lazımdır”
08 sentyabr 2011 16:14 (UTC +04:00)

Bahar Muradova: “Dağlıq Qarabağ probleminin həlli üçün beynəlxalq birliyin siyasi qərarı lazımdır”

“Dağlıq Qarabağ probleminin həlli üçün beynəlxalq birliyin siyasi qərarı lazımdır”.

Lent.az-ın verdiyi məlumata görə, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində söyləyib.

Bahar Muradova deyib ki, beynəlxalq güclərin imkanlarının, hansı təsir rıçaqlarının olduğunu hamı bilir, sadəcə, bundan istifadə üçün qərarlılıq ortada yoxdur: Necə ola bilir ki, bir ölkəyə qarşı anındaca addımlar atılır, digər ölkə üçün onilliklər sərf olunur? Burada məsələlərə ikili yanaşma, çoxüzlü standartlar ortadadır. Qərar olsa ki, artıq bu münaqişəyə son qoymaq lazımdır, bunu anındaca etmək mümkündür. Yəni dünya dövlətlərinin Ermənistanın təcavüzünə “dur” demək imkanları var, onlar bunu edə bilərlər. Sadəcə, yenə deyirəm ki, bunun üçün siyasi qərar, konkret əməli fəaliyyət lazımdır”.

Vitse-spiker Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətə dair məsələnin BMT Baş Assambleyasının növbəti sessiyasının gündəliyinə daxil edilməsinə də toxunub. O bildirib ki, ermənilər yalnız Minsk qrupu çərçivəsində hərəkət etməyə üstünlük verirlər, çünki Minsk qrupu çərçivəsində fəaliyyətin nə olduğu ortadadır: “Azərbaycan isə haqlı olaraq məsələyə fərqli yanaşır. Biz mövcud beynəlxalq imkanların hər birindən istifadəyə etməyi məqbul sayırıq. Hesab edirik ki, ölkəmiz beynəlxalq birliyin üzvü kimi bütün təşkilatlarda bir çox məsələlərə münasibət bildirən qərarların qəbulunda iştirak edirsə, bizi narahat edən məsələlərlə bağlı da qərarlar qəbul edilməlidir.

Məlumdur ki, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələri var. Ona görə də BMT çərçivəsində bu məsələnin müzakirəsində təəccüblü heç nə yoxdur. Digər qurumlar da BMT-nin bir çox məsələlərə münasibətini çox zaman əldə rəhbər tuturlar və tutmalıdırlar. Bu nöqteyi-nəzərdən BMT çərçivəsində Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə də dair məsələnin yenidən müzakirə edilməsi və müvafiq qərarın qəbul olunması məqsədəuyğun olardı. Təbii ki, bu amil Azərbaycanın diplomatik mövqeyinin möhkəmlənməsinə xidmət edəcək. Həm də, bəzi dövlətlərin öz mövqelərinin dəqiqləşdirilməsi baxımından vacibdir”.

Bahar Muradova bu gün ermənilərin dilə gətirdiyi bir arqumenti də xatırladıb: “Bu gün ermənilər belə fikirlər işlədirlər ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri qəbul olunan zaman guya təşkilat üzvləri məsələnin mahiyyətindən o qədər də xəbərdar deyilmiş. Amma müasir dövrdə belə qərarların qəbulu artıq heç kimdə şübhə doğurmur, hansı ki, bir sıra təşkilatlar belə qərarlar qəbul ediblər. BMT Baş Assambleyasının 66-cı sessiyasının gündəliyinə bu məsələnin daxil edilməsi önəmlidir. Çünki atəşkəs olduğu halda tez-tez dinc insanların həyatını itirdiyi, əmlakına ziyan dəydiyi, milli-mənəvi sərvətlərin talandığı dövrdə bu məsələyə münasibət bildirməyin özü həmin təşkilatın səlahiyyətinə daxil olan məsələdir. Bu baxımdan, BMT və digər beynəlxalq təşkilatlarda münaqişəyə dair vəziyyətin müzakirəsinin problemin həllinə müsbət təsiri ola bilər. Ümumiyyətlə, mən hesab edirəm ki, Azərbaycan tərəfindən münaqişə ilə bağlı həm ölkədə, həm də xaricdə tədbirlərin təşkil olunması əhəmiyyətlidir. Bütün bunlar reallıqların daha geniş miqyasda təbliği, müxtəlif dairələrdə münaqişə haqda obyektiv təsəvvürlərin formalaşması baxımından vacibdir”.

Vitse-spiker ATƏT Parlament Assambleyasında (PA) Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrin təşkil ediləcəyini də gözləyir. Onun sözlərinə görə, qurumun ötən yay sessiyası ərəfəsində Azərbaycan nümayəndə heyəti bu məsələni qaldırıb: “ATƏT PA-nın sədri Petros Eftimiu Azərbaycana səfəri zamanı bu məsələ daha konkret şəkildə onun qarşısında qoyulmuşdu. O zaman Petros Eftimiu bildirdi ki, Minsk qrupu həmsədrlərinin iştirakı ilə ATƏT PA-nın sessiyalarının birində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr təşkil olunsun və mövcud durum haqda həmsədrlərin hesabatı dinlənilsin. Qurumun rəhbəri belə bir müraciətlə həmsədrlərə müraciət etmişdi, amma yay sessiyasında bu tədbir keçirilməsi alınmadı. Azərbaycan və erməni parlament nümayəndə heyətlərinin iştirakı ilə keçirdiyi görüşdə Petros Eftimiu bizə məlumat verdi ki, məsələ üzərində işini davam etdirir və qurumun payız sessiyasında belə dinləmələrin keçirilməsi baş tuta bilər. Əgər hansısa ciddi problem buna mane olacaqsa, məsələ qurumun qış sessiyasında müzakirəyə çıxarılacaq. Biz də çox böyük ümidlə gözləyirik ki, təşkilatın rəhbəri bu müzakirələrin reallaşmasına və münaqişənin ədalətli həllinə çalışacaq. Bu, təkcə Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən tərəf kimi təkcə bizim üçün maraqlı deyil. Bununla, eyni zamanda ATƏT münaqişənin həlli prosesində iştirakını artırmağa çalışır. Əlbəttə, belə bir müzakirələrin təşkil edilməsi qurumun nüfuzunu artıracaq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1118

Oxşar yazılar