İrandan qonşularına hədə cəhdi, yaxud PKK ilə anlaşılmaz münasibətlər
07 sentyabr 2011 21:31 (UTC +04:00)

İrandan qonşularına hədə cəhdi, yaxud PKK ilə anlaşılmaz münasibətlər

Bu məqsədlə o, hərbi təlimlər keçirir, şimal-şərq bölgəsindəki sərhədləri möhkəmləndirməyə çalışır.

Bu günlərdə İslam Respublikasının Hava Hücumundan Müdafiə qüvvələri komandanı polkovnik Abuddal Rəşadi bildirib ki, şimal-şərq sərhədlərdən ehtimal olunan təhlükənin qarşısını almaq məqsədi ilə bu bölgədə hava hücumundan müdafiəni təşkil etməyə tam hazırdırlar. Onun sözlərinə görə, bu ərazidə xarici qüvvələrin istənilən hərəkətinə nəzarət etməyə, onları sərhədlərindən «vurub çıxarmaq qüdrətinə malikdirlər». Rəşadi qeyd edib ki, bu bölgə Əfqanıstan və Türkmənistana yaxındır, o, ölkələrdə isə xarici dövlətlərin hərbi qüvvələri yerləşib.

Sentyabrın 6-dan isə İslam Respublikasının şimal-qərb hissəsində «Müqəddəs sərhədləri qorunması», yaxud «Vilayət fəadiləri-3» adı altında 10 günlük hərbi təlimlər keçirməyə başlayıb. İran Hava Qüvvələri ikinci komandanı general Dərəbağı, Hava Qüvvələri komandanını müavini general Ələvi və qurumun sözçüsü general Citfuruşun bununla bağlı mətbuat konfransı keçirib. Hərbçilər bildirib ki, təlim müddətində hava hücumundan müdafiə qüvvələrinə bağlı hərbi təyyarələrin təchizatı və 4 mərhələdən ibarət taktiki tapşırıqlar yerinə yetiriləcək. Təlim zamanı «F-4», «F-5», «Miq-29», qırıcı-bombardmançı «Su-24», İran istehsalı sayılan «Saika» hərbi təyyarəsi, habelə yük daşıyıcısı «S-130» hərbi hava maşınları da olacaq.

Hərbi təlimə məsul Həsən Çitfuruş deyib ki, İranın Hərbi Hava Qüvvələri Xəzər dənizi bölgəsində istənilən təhlükəyə cavab verməyə hazırdırlar.

ABŞ və NATO-nun raket əleyhinə sistemin Diyarbəkirdə yerləşdirilməsi xəbəri həm İran hakimiyyətini, həm də terrorçu kürdləri rahatsız edib. Onu da qeyd edək ki, bu rayon yaxınlığındakı Pirincilikdə yerləşən hərbi bazadan ABŞ 1998-ci ildən istifadə etməkdədir. Başqa sözlə, Diyarbəkirdə yeni sistemin yerləşdirilməsi qeyri-adi hadisə deyil. Türkiyə Xarici İşlər Nazirliyinin təmsilçisi Səlcuq Ünal bu günlərdə məsələ ilə bağlı bildirib ki, həmin bazanın yerləşdirilməsi haqda razılıq ötən il NATO-nun Lissabonda keçirilən zirvə toplantısında əldə edilib.

«Press tv»-nin məlumatına əsasən, İran məclisinin təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlaəddin Brücerdi deyib: «İran hakimiyyəti hesab edir ki, müsəlman dövlətləri bölgədə NATO-nun maraqlarını müdafiə edəcək tədbirləri gerçəkləşdirməməlidir. Müsəlman dövlətləri ilk növbədə biri-biri ilə əməkdaşlığa əsaslanaraq, bölgənin təhlükəsizliyin qorumalıdır. Biz NATO-nun islam dövlətləri tərəfindən dəstəklənməsinə yol verməyəcəyik. NATO təhlükəsizliyin təminatçısı deyil, o, bölgədə sabitliyin əsas pozucusudur. İslam Respublikası öz təhlükəsizliyin təmin etmək üçün yetərli gücə malikdir».

İranın müdafiə naziri Əhməd Vahidi də NATO-nun radarlarının Türkiyədə yerləşdirilməsini kəskin münasibət bildirib:«Biz həmişə hesab etmişik ki, ABŞ və Qərbin islam ölkələrində mövcudluğu sabitliyin pozulmasına və təhlükəsizliyə zərbə vuran amildir. Biz maraqlarımızı təhdid edəcək istənilən təhlükəyə dözəməyəcək və hədələrlə barışmayacağıq».

İran xarici işlər nazirinin müavini Həsən Qaşqavi də oxşar bəyanatla çıxış edərək, deyib:«Xarici qüvvələrin bölgəyə gəlişi bölgədəki təhlükəsizliyi gücləndirməyəcək, əksinə əks hadisələrə səbəb olacaq».

Son zamanlar İran İnqilab Keşikçiləri Qvardiyası terrorçu PEJAK və PKK-nın mövqelərinə zərbələrini sürəkləndirib. Tehran hakimiyyəti bununla həm bölgədə güc nümayiş etdirir, həm də beynəlxalq ictimaiyyətin gözündə özünü terrorçuluğa qarşı mübarizə aparan kimi göstərməyə çalışır. Ancaq heç kimə sirr deyil ki, bölgədəki kürd terrorçularını uzun illər Tehran hakimiyyəti bəsləyib.

İran hakimiyyətinin terrorçularla Türkiyəyə qarşı perspektivdə də dil tapa biləcəyi istisna edilmir. Bir müddət öncə terrorçu PKK liderlərindən biri olan Murad Qarailanın İran tərəfindən tutulması xəbəri bunu bir daha təsdiqlədi. Həmin xəbər yayılmazdan öncə terrorçuların lideri bildirmişdi ki, onların İran hakimiyyəti ilə heç «bir problemi yoxdur».

«Frans press»-in məlumatına görə, bu günlərdə PEJAK-ın təmsilçisi Şirzad Kamangər deyib: «Biz İran tərəfi ilə yaranmış anlaşılmazlığı aradan qaldırmaq məqsədi ilə danışıqlar aparmaq istəyirik. Savaş fikir ayrılığını nəinki aradan qaldırmaz, əksinə problemi dərinləşdirər».

Göründüyü kimi, Tehran hakimiyyəti NATO tərəfindən mühasirəyə alınmaqdadır. İslam Respublikasındakı mövcud iqtidar isə Türkiyə və Azərbaycan Respublikasını hədəfə alıb. Onlar elə sanır ki, İrana hərbi hücum bu dövlətlərdən başlaya bilər. Ancaq bu güc nümayişinin daha çox görüntü olduğu ehtimalı da az deyil.

Tehran rəhbərliyi özünü zahirdə məsələləri hərbi yolla həll etmək niyyətində olan kimi göstərməyə çalışır. Hətta onun Liviyadakı Müəmmar Qəddafi rejimindən güclü olduğu barədə təbliğat kampaniyasına da başlanılıb. Ancaq nəzərə almaq lazımdır ki, İran əhalisi də siyasi hazırlıq sarıdan liviyalılara nisbətən daha güclüdür. Bu isə Tehran hakimiyyətinin perspektivdəki durumunu daha çətinə sala bilər. Odur ki, hərbi manevrlər, qonuş dövlətlərə qarşı sərt bəyanatlar hələ İranla bağlı problemin həlli demək deyil.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 473

Oxşar yazılar