Xraxoba sakinləri Rusiyaya köçürlər - FOTO
01 iyul 2011 13:52 (UTC +04:00)

Xraxoba sakinləri Rusiyaya köçürlər - FOTO

Xaçmaz rayonu Xraxoba kəndinin sakinləri mülklərini sataraq kəndi tərk edir, Rusiyaya köçürlər. Artıq 30-dək ailə Dağıstanın Məhərrəmkənd rayonunun Novoaul kəndinə köçüb. Bundan başqa, kənddən Dağıstanın Mahaçqala və Dərbənd şəhərlərinə də köçənlər var. Bu barədə APA-nın şimal bürosunun Xraxoba kəndində olan əməkdaşına yerli sakinlər bildiriblər. Kənd sakini Abdulla Abdullayevin sözlərinə görə, sakinlərin əksəriyyəti Rusiya vətəndaşlığına üstünlük verir: “Kəndə yaşayan 260 nəfərdən artıq 120 nəfəri Rusiyaya köçüb. Onların arasında cavan nəsil üstünlük təşkil edir. Kənddə qalanların əksəriyyəti yaşlı insanlardır”.


Digər kənd sakini Veysəl Adıgözəlov da APA-ya açıqlamasında Rusiyaya köçməyə hazırlaşdığını deyib: “Kənddəki evimi və torpağımı tezliklə satıb Rusiyaya köçəcəyəm”.


Sakinlərin Azərbaycan vətəndaşlığını qəbul etmək istəyib-istəmədiklərinə gəlincə, onlar Rusiya vətəndaşları olduqlarından, bütün sosial və digər xarakterli problemlərini həmişə Dağıstan Respublikasında həll etdiklərindən orada yaşamaq istədiklərini, buna görə də Azərbaycan rəsmilərinə vətəndaşlıq barədə müraciət etmədiklərini söyləyiblər.


Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Xraxoba kəndinin də daxil olduğu Dədəli İnzibati Ərazi Vahidliyi üzrə icra nümayəndəsi Abdulla Didarov da APA-ya açıqlamasında sakinlərin söylədiklərini təsdiqləyib. O, Xraxoba sakinləri arasında Azərbaycan vətəndaşlığını qəbul etmək üçün müraciət edənlərin olmadığını bildirib.


Qeyd edək ki, 1954-cü ildə SSRİ Nazirlər Kabinetinin qərarı ilə müvəqqəti olaraq otlaq sahəsi kimi Dağıstanın Məhərrəmkənd rayonuna verilən Xaçmaz rayonu Xraxoba kəndinin icarə müddəti 1984-cü ildə Azərbaycan SSRİ Nazirlər Kabineti tərəfindən 2004-cü ilə qədər uzadılıb.


Uzun sürən danışıqlardan sonra 2010-cu ilin sentyabr ayında Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Dmitri Medvedyev arasında keçirilən görüşdə bu məsələ həllini tapıb. Belə ki, adıçəkilən ərazinin Azərbaycana məxsus olduğu rəsmən təsdiqlənib. Bu qərardan sonra isə orada yaşayan sakinlərin vətəndaşlıq və ümumilikdə hüquqi vəziyyətləri ilə bağlı problemlərin nizamlanması məsələsi gündəmə gəlib. Müzakirələr zamanı Azərbaycan və Rusiya tərəfinin razılaşdırılmış mövqeyinə əsasən, yaranmış problemin Azərbaycan qanunvericiliyi, beynəlxalq hüquq əsasında, tərəflərin bir-birinin ərazi bütövlüyünə hörmət bəsləməsi, Rusiya-Azərbaycan münasibətlərinin dostluq xarakterinə uyğun və Xraxobada Rusiya vətəndaşlarının düşdüyü humanitar vəziyyətin nəzərə alınmaqla həll edilməsi qərara alınıb. Nəticə olaraq problemin mümkün həll yolları kimi sakinlərin Azərbaycan vətəndaşlığını qəbul edərək, yaşayış hüquqlarını qanuniləşdirməsi və ya Rusiya vətəndaşlığında qalaraq qanunun imkan verdiyi statusu müəyyən etməli olduqları və alternativ olaraq əhalinin istəyinə uyğun olaraq öz yaşadıqları evləri sataraq ölkəni tərk edib Rusiya ərazisinə köçmələri razılaşdırılıb. Hətta Azərbaycan tərəfindən alternativ variant kimi sakinlərin fərdi qaydada və yaxud Soydaşların könüllü köçürülməsinə dəstək Dövlət Proqramı əsasında köçürülməsi də təklif olunub.


Dəfələrlə hər iki ölkənin rəsmiləri tərəfindən əhaliyə problemin mümkün həlli, yaranmış vəziyyətdən çıxış yolları və bununla bağlı təşkilatı və hüquqi aspektlər barədə izahlı məlumat verilib.

Müxtəlif vaxtlarda Rusiya və Azərbaycan arasında aparılan məsləhətləşmələrdə Xraxoba sakinləri tərəfindən fərdi qaydada qərar qəbul etməyə şərait yaratmaq və xarici destruktiv qüvvələrin bu prosesə qarışmasının qarşısını almaq üçün aktiv əməkdaşlıq etmək haqqında razılığa gəlinib.

Bu il mayın 24-də isə Azərbaycan və Rusiya rəsmilərinin Xaçmaz rayonu Xraxoba kəndində yerli əhali ilə görüşü zamanı Azərbaycanın Dövlət Miqrasiya Xidməti kənd sakinlərinə 90 gün ərzində Azərbaycanda əcnəbi vətəndaş kimi mövcudluqlarını leqallaşdırmağı tövsiyə edib. Həmin müddət avqustun 24-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 935

Oxşar yazılar