Azərbaycan Milli Ordusunun ilk Baş Qərargah rəisi – ARAŞDIRMA - FOTO
Bir vaxtlar harada general görürdüksə, dərhal xəyalımızda onu kinolarda gördüyümüz sovet generalları ilə müqayisə etməyə başlayırdıq. Yaxud da, istənilən yerdə müharibədən, döyüşlərdən və sair söhbət gedərkən orada qalib tərəf kimi mütləq sovet hərbçilərini təsəvvür edirdik. Ümumiyyətlə Qırmızı ordu nəinki Azərbaycanda, təxminən 250 milyondan çox SSRİ əhalisinin nəzərində sülhün qarantı, qalib ordu kimi yaşayıb. Əslində buna səbəb də vardı. Çünki neçə-neçə övladlarımız bu ordunun məktəbini keçərək igidlik göstəriblər, ad qazanıblar. İki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovdan tutmuş Hüseynbala Əliyev, Gəray Əsədov, Akim Abbasov, Züleyxa Seyidməmmədova və sair bu kimi qəhrəman hərbçilərimiz Qırmızı ordu köynəyindən çıxıblar. Onlara olan məhəbbət Azərbaycan xalqının Qırmızı Orduya olan məhəbbətinin qırılmaz telləri olub. O ordunun əli 1990-cı il yanvarın 20-də öz qanımıza batana kimi...
Tarix bizim istəklərimizdən deyil, həqiqətdən, bəzən də acı həqiqətdən asılı olur. Yanvar hadisələri zamanı Sovet Ordusunda xidmət etmiş, istefada olan yaşlı bir zabit qohumum keçirdiyi hisslər hələ də gözümün qabağından getmir. Ordunun Bakıda törətdiyi qırğını eşidəndə, həmin keçmiş polkovnik-leytenant övladının gözlənilməz nankorluğunu görmüş valideyn kimi özünə gələ bilmirdi. O, heç cürə vaxtilə fəxrlə xidmət etdiyi ordunun indi öz xalqına silah çevirməsinə inanmaq istəmirdi... Bir gün eşitdim ki, özünün illərlə saxladığı keçmiş sovet zabiti formasını sobaya ataraq yandırıb...
O vaxtdan sonra uzun illər sovet psixologiyası ilə yaşayan və artıq SSRİ-siz qalan azərbaycanlılar bir müddət bəzi sahələrdə olduğu kimi hərbi sahədə də xəyal qırıqlığına uğradı. Lakin zaman-zaman öz kökünə qayıtmağa başlayan azərbaycanlılar uzun illər tarixin tozlu səhifələri arasında yatıb qalan sirlərini üzə çıxartmağa başlayır.
Bu sirlərin altından kimlər və nələr çıxmadı ki...
Xüsusən də, Azərbaycanın hərb tarixinin təkcə Böyük Vətən müharibəsindən deyil, daha əvvəllərdən başlanması ilə bağlı üzə çıxan maraqlı faktlar tarixə baxışımızı dəyişdi...
General Əliağa Şıxlınski, Səməd bəy Mehmandarov, Naxçıvanski və Qacar soyuna mənsub generallar. Yeri gəlmişkən son illər məlum olub ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində təkcə çar Rusiyası ordusunda Qacar nəslinə mənsub 10 generalımız xidmət edib.
Bunların hərəsi ayrılıqda bir mövzudur.
İndi haqqında danışmaq istədiyim isə elə bir şəxsdir ki, hələ də onun haqqında çox az azərbaycanlının məlumatı var. O, 1918-1920-ci illərdə şərqin ilk cümhuriyyəti olan Azərbaycan Demokratik Respublikasının (ADR) ordusunun baş qərargah rəisi kimi hərb tariximizdə müstəsna rola malik olub. Bu, ömrünü müstəqil Azərbaycan ordusunun quruculuğuna ithaf edən general Həbib bəy Səlimovdur.
Xidmətə sıravi başlayan general
Cümhuriyyət dövründə Azərbaycan Ordusunun yaranmasında əvəzsiz xidmətləri olan general Səlimov 1881-ci il fevralın 8-də İrəvanda anadan olub. Generalın ADR dövrünə qədər olan hərbi fəaliyyəti Rusiya Dövlət Hərbi Tarix arxivində saxlanılır və oradan istifadə olunub (Şəmistan Nəzirli).
Onun atası Yusif bəy İrəvan quberniyasında məhkəmə iclasçısı vəzifəsində işləyib. Həbib bəy ilk təhsilini İrəvanda Müəllimlər Seminariyasında alır. Daha sonra isə təhsilini İrəvan gimnaziyasında davam etdirir. 1900-cü ilin avqustunda o, çar Rusiyasında orduya könüllü gələrək Yelizavetpol süvari alayında xidmət etməyə başlayır. Burada unter-zabit rütbəsi alır. 1902-ci ildə Tiflisdə süvari məktəbini bitirir. Buradan Üçüncü Qafqaz atıcı batalyonuna xidmətə göndərilir. Batalyonda ona podporuçik rütbəsi verilir. 1905-ci il oktyabrında isə batalyon yavəri olur. 1907-ci ildə isə həmin hərbi hissədə üçüncü rotanın komandiri təyin olunur. Göstərdiyi yüksək hərbi xidmətə görə həmin ilin sentyabrında komandanlıq tərəfindən “Müqəddəs Vladimir” ordeni ilə təltif olunur. Hərbçilərin dediyinə görə, sülh dövründə gənc zabitin belə bir ordenlə təltif olunması nadir hadisə idi. O dövrün arxivlərində göstərilir ki, 1906-cı ilin iyulundan ilin sonunadək Şuşada ezamiyyətdə olan Həbib bəy Səlimov öz atıcı batalyonu ilə əhalini daşnakların qırğınından qoruyub.
1908-1910-cu illərdə beşinci Qafqaz atıcı batalyonu tərkibində Naxçıvanın Culfa sərhədlərində xidmət edən Səlimov Tehranda ordu kəşfiyyatının məxfi tapşırığı ilə fəaliyyətə göndərilir. 1912-ci ilin avqustunda ona kapitan rütbəsi verilir. Həbib bəy eyni zamanda Petroqradda (indiki Peterburq) Baş Qərargahın Nikolayev Hərbi Akademiyasını bitirir.
1918-ci ilin avqustunda Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın əmri ilə Azərbaycan korpusu yenidən qurulmağa başlayanda hərbi bacarığına görə Həbib bəy korpusun qərargah rəisi təyin edilir.
Azərbaycanda cümhuriyyət elan olunduqdan sonra vaxtı ilə çar ordusunda xidmət etmiş bir sıra azərbaycanlı zabitlər kimi Həbib bəy öz vətənində ordu quruculuğunda yaxında iştirak etməyə başlayır. 1918-ci il iyunun 26-da Azərbaycan Milli Ordusu yaranan gün Həbib bəy Hərb Nazirliyinin baş qərargah və dəftərxana rəisi təyin olunur. 1919-cu ilin fevralın 26-da isə hərb naziri Səməd bəy Mehmandarovun 31 saylı əmri ilə polkovnik Həbib bəy Səlimova general rütbəsi verilir. General-mayor Həbib bəy Səlimov 1920-ci il dekabrın 30-da 39 yaşında bolşeviklər tərəfindən güllələnir. General ömrünün sonuna kimi subay qalır, həyatını hərbə həsr etdiyi üçün evlənməyə vaxtı olmur.
“Yarıac, paltarsız əsgər əlbəttə ki, evə qaçmaq istəyəcək”
Onun adı bir azərbaycanlı hərbçisi kimi daha çox tarixdə “Əsgəran müharibəsi” adı ilə tanınan döyüşlərdə məşhur olub. Həbib bəy bu müharibənin qəhrəmanı kimi ad-san qazanıb. Belə ki, 1920-ci ilin Novruz bayramı ərəfəsində daşnakları Qarabağda Əsgəran keçidini kəsiblər. Məqsəd Qarabağı Azərbaycandan ayırmaq olur. Azərbaycan Cümhuriyyətinin Müdafiə Nazirliyi top və pulemyotlarla silahlanan və İrəvandan gələn daşnak generalı Dro Kanayan komandanlığı altında birləşən ermənilərə qarşı hərbi tədbirlər görüb. General Həbib bəyin rəhbərliyi ilə həyata keçirilən bu tədbirlər nəticəsində ermənilər Əsgəranda darmadağın edilib.
Həbib bəy demək olar ki, bütün hərbi bacarığı ilə özünü Azərbaycanın suverenliyi uğrunda fəaliyyətə həsr edib. Çünki Həbib bəy Səlimovun 1918-20-ci illərdə hərbi fəaliyyətinin xəritəsi bunu göstərir. Bunu az da olsa o dövr üçün rast gəlinən tarixi sənədlər də sübut edir.
Məsələn, 1918-ci il avqust ayında təxribatçı polkovnik İlyuşenko Lənkəranda qondarma “Muğan respublikası”nı elan edir. “1919-cu ilin iyulunda general Həbib bəy Səlimovun komandanlıq etdiyi briqada Muğanda və Lənkəranda Azərbaycan milli hakimiyyətini tanımaq istəməyən malakan və rus-erməni silahlı qüvvələrini darmadağın edir. Düşməndən qənimət kimi götürdüyü 1 təyyarəni, 24 topu və 60 pulemyotu Azərbaycan ordusunun istifadəsinə verir. Muğan və Lənkəranı ana yurdu Azərbaycana qaytaran Həbib bəy buraya qısa müddətə vali təyin edilir” (Şəmistan Nəzirli “1920-ci ildə Qarabağ döyüşləri”).
1918-ci ildə Nuru paşanın komandanlığı ilə Azərbaycana gələn türk ordusu ilə hərbi əməkdaşlıqda Həbib bəy Səlimov böyük rol oynayır. O, türk ordusu ilə birgə daşnaklara qarşı döyüşlərdə bütün Qafqazda ad-san qazanır. Həmin döyüşlərdə onun başçılıq etdiyi briqada Nəvai və Ağbulaq stansiyalarının, Ələt və Bakı-Gəncə yolunun ermənilərdən azad edilməsində mislsiz rol oynayır.
Azərbaycan Milli Ordusunda 1919-cu ildə hökm sürən maddi çətinliklərdən ən çox narahat olan da Həbib bəy olur. Onun həmin il bu mövzuda hökumətin adına ünvanladığı həyəcan dolu məktubu da var: “Demək olar ki, bütün əsgərlər Azərbaycan əyalətlərində yerli əhalinin hesabına dolanır, yarıac, yarıtox həyat sürürlər. Hətta böyük və varlı şəhər olan Bakıda da əsgərlər yemək tapmırlar. Nə alayın, nə də korpusların anbarları yoxdur. Əsgərlərə həmişə “un şorbası” yedirtmək olmaz ki?! Onuncu alayın çoxlu əsgəri çəkməsiz və corabsızdır. Ordunu yeməksiz, paltarsız, atsız, təchizatsız yaratmaq olmaz. Yarıac, paltarsız əsgər əlbəttə ki, evə qaçmaq istəyəcək.
Ona görə də özümə borc bilərək aşağıdakı təkliflərimi çatdırıram:
1. Günün şüarı ancaq bu olmalıdır: hər şey ordu üçün.
2. Kağızda deyil, rəsmi şəkildə bir korpus yaratmaq lazımdır.
3. Belə Korpusun yaradılması və təminatı üçün vəsait əsirgənməməlidir.
Böyük Napoleon Bonapart deyir ki, müharibə üçün üç şey lazımdır: birinci pul, ikinci pul, üçüncü yenə də pul.
Ordunu yedirtmək, geydirmək və bolşevikləri nəzərdən qaçırmadan hər cür xəstəlikdən qorumaq lazımdır”.
Ümumiyyətlə baş qərargah rəisi olmaqla yanaşı, müxtəlif əməliyyatlara başçılıq edən Həbib bəy Səlimov kabinet generalı olmayıb. O dövrdə Milli Ordumuzun təxminən 2 illik fəaliyyətində daim ön cəbhələrdə olub. Bəlkə də onun Azərbaycan uğrunda daim ön cəbhədə olması ölkəmizdə maraqları olan qüvvələrin onun bağlı ciddi narahatlıqlarına səbəb olur. 1920-ci ilin aprelində Azərbaycana basqın edən daşnak-bolşevik qüvvələri məğrur genaral Həbib bəy Səlimovu məhv etmək üçün müxtəlif hiylələrə əl atırlar
Ermənilərin yuxusunu qaçıran azərbaycanlı
Qəribə burasıdır ki, Azərbaycanda qurulan sovet hökuməti ilk əvvəl onun bacarığından istifadə etməyə başlayır. Təbii ki, bu da bolşevik sıralarında yer tutmuş ermənilərin ciddi narahatlığına səbəb olur. Onlar vaxtı ilə daşnaklara divan tutan bir Azərbaycan generalını öz sıralarında görməkdən ehtiyat edirlər.
1920-ci ilin iyulunda Həbib bəy Təbriz şəhərinə ticarət məsələləri ilə məşğul olmaq üçün 14 günlüyə ezam olunur. Avqustun 26-da Naxçıvan Hərbi İnqilab Komitəsinin sədri, XI ordunun xüsusi şöbə rəisi Semyon Pankrotova məlumat verir ki, general Səlimov iyunun 30-da qayıtdı və qırmızı ordunun ehtiyacı olduğu ticarət məhsullarından kifayət qədər gətirə bilib.
Həbib bəyin öz peşəsinə sadiq, qüsursuz fəaliyyəti və general nüfuzu ermənilərin yuxusunu qaçırmağa başlayır. Əslində keçmiş Müsavat generalı olsa da, Həbib bəy Səlimovu ittiham etmək üçün əsaslar olmayıb. Çünki, o hərbçi kimi daim ölkəyə olan basqınlara qarşı döyüşüb, siyasətdən uzaq olub. O dövrdə bolşevik ermənilər də bu faktın qarşısında aciz qalırlar. Lakin bu, Həbib bəyin həbs olunmaması üçün əsas olmur. Onu 1920-ci il sentyabrında həbs edirlər. General Səlimov üçün 2017 saylı həbs vərəqəsi yazılır. Tarixi sənədlərin göstərdiyi utandırıcı məqam odur ki, Qubin soyadlı rus istisna olmaqla Həbib bəyə qarşı yalançı ittihamların əksər müəllifləri öz soydaşlarımız olur. İttihamlarda cəhd olunur ki, generalın Qarabağ, Muğan və Lənkəran döyüşlərində əvəzolunmaz xidmətləri danılsın. Təbii ki, bu alınmır. Çünki, bu döyüşlərdə xidmətin mərkəzində məhz general Səlimov özü olub. O zaman başqa fəndə əl atılır. İttiham irəli sürülür ki, 1918-ci ildə türk generalı Nuru paşa Azərbaycana gələndə Həbib bəy Səlimov onun ordusunda bolşeviklərə qarşı döyüşüb.
Əslində bu fakt həqiqətən olub. Belə ki, 1918-ci ildə Nuru paşa Gəncədən sonra cəbhəni şimal və cənub qruplarına ayıraraq cənuba Həbib bəyi təyin edib. Bu haqda sonralar Türkiyədə “Böyük hərbdə Bakı yolları” kitabını yazan türk polkovnik-leytenantı Rüştü bəy general Həbib bəyin xidmətlərini xüsusi qeyd edir.
Həbib bəyin həbsi ilə bağlı ittihamlarda səslənir ki, Tiflisdə və Bakıda təşkilat fəaliyyət göstərir və onlar bolşevik hakimiyyətinə qarşı üsyana hazırlaşırlar. Guya Tiflis və Batumda əksinqilabçılara general Vrangel general Həbib bəy Səlimov vasitəsilə silah göndərir.
Hətta bu ittihamlarda onun İrana ticarət məsələləri üçün göndərilməsindən də istifadə olunur. Guya o, İranda əksinqilabi danışıqlar aparıb. Beləliklə “İran məsələsi”, 1919-cu ildə Lənkəran döyüşlərində yerli əhalini guya soyub talaması, ağqvardiyaçı praporşik Dubininlə əlaqəsi, ADR dövründə sovet hökumətinə nifrəti, Naxçıvanda xan və bəylərlə oturub-durması və sair bu kimi hallar bolşeviklərin əlində “əsas fakt”a çevrilir.
1922-ci avqustun 22-də Naxçıvan ÇK-nın iclasında hərbi komissar Starovun rəhbərliyi ilə Həbib bəyin işinə baxılır.
Bütün yalançı ittihamlardan sonra bolşeviklər general Həbib bəy Səlimovu 1920-ci il dekabrın 30-da saat 10:30-da güllələyirlər. İttihamda əmlakının müsadirə olması da göstərilir. Qəribədir, hansı əmlak?! Arxiv sənədlərində göstərilir ki, subaydır, qardaşı ilə birgə yaşayır və iki desyatin torpağı var. Özü bəy olsa da var-dövləti elə bunlar olub.
P.S. Çox arzulayırdıq ki, Həbib bəylə bağlı geniş bir hekayətə cəhd edək. Çünki, onunla bağlı az-çox eşitdiyimiz onun adi general deyil, əsl sərkərdə olması təəssüratını yaradır. Amma təəssüf ki, bütün Azərbaycanda bu igid azərbaycanlı sərkərdə ilə bağlı çox az məlumat var...
Mübariz Aslanov
[email protected]

1583