Türkiyədən bir seçki keçdi... - ŞƏRH
13 iyun 2011 13:11 (UTC +04:00)

Türkiyədən bir seçki keçdi... - ŞƏRH

Bir vəhşi göyərçin kimi mən də
Şən könlümü azadə dilərdim
Seyranə çıxıb dağda-çəməndə
Güldükcə günəş mən də gülərdim
Şən könlümü azadə dilərdim

(Hüseyn Cavid)


Bir yüngülvari müqəddimə

Türkiyədəki seçkiləri 20 ildən bəri canlı izləyirəm. 1991-də müxalifət lideri Süleyman Dəmirəlin meydanlarda “Mənə borc səs verin, əvəzində sizə iki açar verəcəyəm: ev və maşın açarları” - vədlərini hayqırarkən boğaz damarlarının necə gərildiyini indiki kimi xatırlayıram. Bitərəf olmasına baxmayaraq, prezident Turqut Özal bu vədlərə “Ölkəyə fəlakət gəlir” - sözləriylə reaksiya göstərsə də, iqtidardan 6 dəfə gedən “Türk siyasətinin qladiatoru”nun 7-ci dəfə gəlməsinə heç kim əngəl ola bilməmişdi. 95-də Ərbakanın, 99-da Ecevitin, 2002-də Ərdoğanın gəlişlərini meydanlardan izləmişdim. 22 iyul 2007-də günorta üstü professor dostum Əsfəndər Korkmazın seçki bürosuna gedərək, Karsdan gələn bal-pendiri ləzzətlə yediyimizi, axşam seçki qutuları açılanda Əsfəndər xocanın millət vəkili seçilməsinə baxmayaraq, AKP-nin əzici çoxluqla iqtidarını davam etdirməsinin CHP tərəfdarları arasında yaratdığı şoku dünənki kimi xatırlayıram. Ancaq 2011-in seçki təbliğatı kimi bir dövrü, əşədən-billah, indiyə kimi nə gördüm, nə də eşitdim. Nə idi bu seçkinin qəribəliyi, əcəba?

1. AKP-nin seçki taktikaları

Cümə axşamının gəlişi çərşənbədən bəlli idi: 12 sentyabr 2010-cu ildə keçirilən referendumda AKP-nin 58%-lik qələbəsinə ən böyük töhfəni MHP vermişdi. Milliyyətçilərin ənənəvi şəkildə səs aldığı Orta Anadolu bölgələrindəki bozqurdların çoxu AKP-ni dəstəkləmişdilər. Bu durum MHP-ni “oyandırmadığı” kimi, AKP-nin iştahasını daha da qabartdı: bəli, düz təxmin etdiniz - 12 iyun seçkisinin təbliğatı başlar-başlamaz, iqtidar partiyası Məclisdə 71 millət vəkili ilə təmsil olunan MHP-ni 10%-lik baryerin altında qoymaq üçün bütün planlarını tədavülə daxil etdi. Tayyip Ərdoğan Devlet Bahçelidən daha “milliyyətçi” oldu, Alparslan Türkeşin ikinci arvadından olan oğlu İstanbulun ikinci bölgəsindən 7-ci sırada namizədlər siyahısında yerini aldı - mandat “çantada kəklik” idi. Bahçelinin doğum yeri olan Osmaniyyədə mitinq keçirən Tayyip Ərdoğanın yanında 32 yaşlı Ahmet Kutlamış Türkeş dururdu. Günlər irəlilədikcə, Ərdoğanın MHP-dən xalqa şikayətləri də şiddətləndi - sözü uzatmayaq, bozqurdları baryer altında qoyub mandatdan məhrum etmək üçün AKP hər şeyi etdi. Bu, Tayyip Ərdoğana hava və su kimi lazım idi. Zira:
1) MHP-nin o baryeri keçməməsi halında AKP uzun müddətdən bəri gündəmdə saxladığı yeni konstitusiyanı Məclisdən daha rahat keçirəcəkdi;
2) Başlıca məqsədi 2014-cü ildəki prezident seçkisində qalib gəlmək olan Tayyip bəy, MHP-ni baryerin o biri tərəfində qoyaraq, prezident seçkisində yenə və yenidən milliyyətçilərin səsinə göz dikəcəkdi; məntiqdən əvvəl riyaziyyat dövriyyədədir - MHP-nin Məclisdə olmaması prezident seçilməyi hədəfləyən Ərdoğanın ülküçülərdən dəstək almasını asanlaşdıracaq. AKP lideri bu seçkidə, Türkiyənin çox partiyalı seçki tarixini ən sərt ifadələrlə “zənginləşdirdi”. Təbliğat dönəmində Tayyip bəy, istisnasız olaraq, hər kəslə çatışmaya girdi: universitetlərə qəbul imtahanlarında ortaya çıxan saxtakarlıq iddialarında “Milliyət”in təhsil məsələləri üzrə şərhçisi Abbas Güçlünü günahkar çıxardı; eyni qəzetin yazarı Nuray Mərdi (bir vaxtlar hökumətə az dəstək verməmişdi) bir anda “namərd” elan etdi; CHP lideri Kemal Kılıçdaroğluna dediyi ən yumşaq söz “alçaq” oldu (Kemal bəy məhkəməyə müraciət edib); İngiltərənin “The Economist” jurnalı Türkiyədəki seçiciləri AKP-yə səs verməməyə çağıranda (2007-də AKP-yə səs verməyə çağırmışdı) Tayyip Ərdoğan həftəlik 1.6 milyon tirajı olan o məşhur dərgini “yəhudilərin əməllərinə xidmət edib CHP-yə dəstək verməkdə” suçladı. İş adamı İnan Kıraç “Cümhuriyet” qəzetinin köşə yazarı Cüneyt Arcayürəkə deyibmiş ki, istədiyin şeydən mərc gələ bilərik, bu seçkidə CHP qalib gələcək. Cüneyt abi bunu yazan kimi, eyvah, Tayyip bəy TRT-yə çıxaraq İnan Kıraça o sözlərinə görə, “seçkidən sonrakı dönəm üçün risk altına girdiyini” xatırlatmasınmı? Cənubi-Şərq bölgələrindəki təbliğatda hədəf seçkiyə müstəqil namizədlərlə girən BDP idi: Tayyip Ərdoğan gah CHP-ni, gah MHP-ni kürd təmayüllü BDP ilə “əməkdaşlığa” gorə ağır ittihamlara məruz qoydu. Bu baxımdan, seçki təbliğatının yaxşı “hazırlaşıldığını” deyə bilərik.

Üçüncü dəfə seçkiyə girən AKP ilk dəfə xalqın qabağına konkret layihələrlə çıxmadı: baş nazir Ərdoğanın ilk böyük layihəsi Qara dənizi Marmaraya bağlayan yeni kanal idi - görünür, o layihə çox tez unuduldu ki, Tayyip bəy vədlərini böyüdərək, İstanbula 2, Ankaraya 1 yeni şəhər salacağını elan etdi. Küçə reklamlarındakı hədəflər 2023-cü ili göstərirdi: bunun Türk dilinə “tərcüməsi” – 12 iyunda yenidən əzici qalibiyyət, 2014-də prezident kreslosu, 2019-da “dübarə” o kreslo. Baş nazir kreslosuna 10 mart 2003-cü ildə oturan Tayyip Ərdoğan nə az, nə də çox - düz 20 illik iqtidar hədəflədiyinə görə, o yolun ən kritik döngəsi olan 12 iyun seçkisini ölüm-dirim savaşına çevirməsinin səbəbi onun bu planlarının işığında daha yaxşı anlaşılmaqdadır....

2. “Bu bozqurdlar hara getdı?”

MHP-dəki Türk-islam sintezi məsələsi partiyanın 1969-cu ildə Adanada keçirdiyi qurultayda ortaya çıxıb və bu proses Türkçülüyün böyük ideoloqlarından olan Hüseyn Nihal Atsızın belə MHP-dən uzaqlaşdırılmasına qədər aparıb çıxarıb. 12 sentyabr 1980-ci il hərbi çevrilişində ağır zərbə alan MHP-nin 1991-də yenidən parlamentə dönə bilməsi Ərbakan-Türkeş seçki ittifaqı sayəsində mümkün olmuşdu. O ittifaq MHP-yə Məclisdə təxminən 20 deputat mandatı qazandırsa da (1992-nin yayında Muhsin Yazıcıoğlu 6 nəfər deputatla birlikdə partiyadan ayrılaraq, özünün BBP-sini qurdu), xüsusilə Orta Anadoludakı MHP tərəfdarlarının təriqət dərgahlarına üz tutmasını da sürətləndirmişdi. MHP-ni yeni dünyanın şərtlərinə hazırlamağa çalışan Devlet Bahçeli, terror təşkilatı liderinin yaxalanması ilə ortaya çıxan rüzgarı da ustalıqla dəyərləndirərək, 1999-da partiyanı iqtidarın ikinci ortağı halına gətirməyi bacardı: MHP, tarixinin ən böyük uğuruna imza ataraq, 1999-un aprelindəki seçkidə Məclisdə 128 mandat əldə etmişdi. 2001-in fevralında ağır iqtisadi böhrana məruz qalan Türkiyə, ilyarım sonra iqtisadi göstəricilər düzəlməyə başlayanda növbəti seçkiyə getmək məcburiyyətində qaldı. Müxalifətin hökuməti seçkiyə məcbur edə bilmədiyi bir ortamda bu gözlənilməz erkən seçki təklifinin və təkidinin müəllifi Devlet Bahçelidən başqası deyildi. Nəticəni soruşdunuzmu? 10 % səs itirən MHP, topladığı 7.5 %-lik səslə baryerin altında qaldı və uzun müddət səssizliyə büründü. “Vatan”dan Ruşen Çakırın o vaxtkı silsilə yazısından birinin adını xatırlayıram: “Hara getdi bu ülkücülər?” 2006-nin noyabrındakı qurultaydan sonra MHP yenidən güc toplamağa başladı və 22 iyul 2007-də keçirilən seçkidə 71 millət vəkiliylə Məclisdə qayıtdı (önəmli xatırlatma: İstanbuldan millət vəkili seçilən, ancaq mandatını ala bilmədən avtomobil qəzasında həlak olan əziz dostum, professor Cihat Özöndəri həmişə rəhmətlə xatırlayıram). MHP-nin Məclisdəki müxalifət siyasəti “iqtidarın yanlış siyasəti nəticəsində ölkənin parçalanmasının qarşısını almaq” üzərində quruldu. Partiyanı idarə edənlər inanırdılar ki, bu siyasət onların AKP-dən “səs gəmirməsinə” səbəb olacaq, ancaq 12 sentyabr 2010-da ortaya çıxan mənzərə MHP-nin bu siyasətinin onlara reytinq qazandırmaq yerinə, etibarını daha da sarsdığını göstərirdi.
Seçki startı verilər-verilməz MHP-yə qarşı hazırlanan “tələ” iddiaları milliyyətçi mətbuatın səhifələrini “sos siqnalları” verməyə başladı. Ülkücülərə aid olduğu iddia edilən bir saytda mayın ortalarında ilk “porno-kasetlər” yayınlandı: mayın 18-nə qədər Devlet Bahçelini istefaya dəvət edən yayınçılar, tələblərinin həyata keçməməsi durumunda yeni kasetləri tədavülə daxil etməyə dair təhdidlərini də gizlətmədilər. Bahçeli özü geri addım atmadığı kimi, idarəçi arkadaşlarının da istefasını qəbul etməyəcəyini bəyan etdi. Ancaq sədrin müavinlərinin və baş katib Cihan Paçacının istefalarının qarşısını almaq mümkün olmadı. Siyasi müşahidəçilər və ictimai rəy sorğusu mütəxəssisləri “kaset skandalları”nın MHP-nin reytinqinə müsbət təsir edə biləcəyinə diqqəti cəlb etdilər: yox, burda söhbət kasetlərə haqq qazandırmaqdan yox, seçki ərəfəsində MHP-nin illeqal yollarla çəkilmiş kasetlərlə “məzlum durumu”na salınmasından gedirdi. Baş nazir Ərdoğanın və “media şakşakçıları”nın kasetlərin özəl həyatla deyil, ictimai həyatla bağlı təkidlərinə cavab səndələyən MHP-dən yox, milliyyətçilərə qarşı ailəlikcə simpatiya bəsləməyən Əziz Nesinin oğlu Əhməd Nesindən gəldi: “Mənim şeyim ictimai yerə girməz...” Devlet Bahçeli, 11 ildən bəri getmədiyi Diyarbakırda 6 iyunda mitinq keçirərək, “Sevgili Diyarbakırlı qardaşlarım, mən sizdən dəstək istəməyə yox, sizinlə söhbət edib dərdləşməyə gəldim” - sözləri ilə səmimiyyətini bir daha ortaya qoyması və “Nə mutlu Türküm deyənə” - sözləri ilə Diyarbakırdan ayrılmasını ülküçülərin coşqusunu körükləməyə kifayət etdi: kaset skandalından sonra Diyarbakır mitinqi bozqurdları bir-birinə daha sıx bağladı...

3. Kamal bəy

O, CHP-nin ən fəal millət vəkillərindən olub, ortaya çıxardığı sənədlərlə AKP sədrinin iki müavininin istefasına səbəb olmuş, Ankara bələdiyyə başqanının yuxusunu ərşə çəkmişdi. Türkiyə Kamal Kılıçdaroğlunu iqtidarın qanunsuz işlərinə dair iddiaların üzərinə cəsarətlə gedən bir siyasətçi kimi tanımışdı. 6 may 2010-da CHP-nin o vaxtkı lideri Dəniz Baykalın kaseti internet saytında çıxdı: bir neçə gün səssiz qalan Baykal, 10 mayda istefa verdi. İctimaiyyətin dəstəyini də arxasına alan Kamal bəy CHP sədrliyinə namizədliyini elan edərək, 22 mayda keçirilən qurultayda lider kreslosuna oturdu. O, lider kimi ilk imtahanını 12 sentyabrda keçirilən referendumda verdi: dünyəvi təbəqə onun çalışmalarından razı qalsa da, ictimaiyyətin “Qandi Kamal”ı CHP-nin köhnə qvardiyası ilə də mübarizə aparmaq məcburiyyətində qaldı. Dekabrda keçirilən növbədənkənar qurultayda köhnə qvardiya ilə vidalaşan Kılıçdaroğlu yeni seçkiyə hazırlığın startını da o günlərdə verdi. Apreldə namizədlər siyahısı elan ediləndə CHP millət vəkillərinin əksəriyyəti öz adlarını siyahılarda görə bilmədilər: ölkənin 29 vilayətinin partiya təşkilatlarında ön seçki keçirən CHP, o seçkilərdə adları ön plana çıxan adamları namizədlər siyahısına daxil etdi. Kamal Kılıçdaroğlu CHP-nin strategiyasında və siyasi kursunda önəmli dəyişikliklərə getdi. Dəniz Baykalın müdafiə etdiyi dövlətçi və hətta ulusalçı siyasətlər Kılıçdaroğlunun lideri olduğu CHP-də öz yerini yurddaşlıq siyasətinə tərk etdi. Sosial Sığortalar Qurumunun keçmiş baş direktoru olan Kılıçdaroğlunun CHP-sində sosial siyasətlərin ön plana çıxmasından təbii nə ola bilərdi ki? Açıqladığı layihələr arasında “Sosial sığortası olmayan hər bir ailəyə ayda 400 dollar yardım” layihəsi seçicilərin diqqətini cəlb etdi. Yeni CHP-nin şüarları arasında “Heş bir uşaq yatağa ac girməyəcək”dən başlayaraq, “Əkinçilərin kredit borclarını silib, mazutdan Əlavə dəyər vergisi və Xüsusi istehlak vergisi almayacağam”a qədər hər cür sosial-iqtisadi mahiyyətli şüarlar görmək mümkün idi. O, seçicilərlə dialoqunda çox sərbəst və cəsur idi - seçki avtobusunu anidən dayandırıb xalqın arasına qarışmağı təbliğat dönəminin adi hallarından birinə çevirmişdi. Təbliğat dövründə 81 vilayətdə, 220 qəsəbədə mitinqlər keçirdi. Media ilə hərarətli münasibət yaratdı. TV ekranlarında təkbətək dialoqa çıxmaları üçün çoxsaylı müraciətlərinə Tayyip bəydən müsbət cavab ala bilmədi. “Mən studiyaya tək gələcəm, sən nazirlər şuranı da gətir, hamınıza birdən cavab verəcəm” – mesajı da Tayyip bəyin daşı ətəyindən tökməsinə kifayət etmədi - bir zamanların yarı peşəkar futbolçusu olan Ərdoğan bu topa girmədi. Tayyip bəy CHP və MHP-ni “Sivasdan o tərəfə keçə bilməməklə” ittiham edirdi, sanki həm baş nazirin o sözlərinə cavab, həm də CHP-nin uzun illərdən bəri ayağının dəymədiyi bölgələri hərəkətə gətirmək üçün Kamal Kılıçdaroğlu Cənubi-Şərq bölgəsinin bütün vilayətlərində seçicilərdən dəstək istədi. O, ana müxalifət partiyasının lideri kimi 1 ildə ikinci dəfə seçicilərin qarşısına çıxacaqdı: bunun asan iş olmadığını etiraf etməkdən başqa çarə yoxdur...

4. Müstəqillər

10%-lik ölkə baryerinin yaratdığı sıxıntı Barış və Demokrasi Partiyasını bu dəfə də seçkiyə müstəqil namizədlərlə getmək məcburiyyətində qoydu. Başda BDP sədri Səlahəddin Dəmirtaş olmaq üzrə yenidən namizəd olmaq istəyən bütün millət vəkilləri partiyadan istefa verərək Ali Seçki Şurasının müstəqil namizədlər üçün tələb etdiyi anketləri doldurdular. 39 vilayətdən 61 müstəqil namizədi dəstəkləmə qərarı alan BDP-nin, xüsusilə Cənubi-Şərq bölgələrindəki əsas rəqibi yenə və yenidən AKP idi. Siyahılar təqdim ediləndən sonra Ali Seçki Şurası BDP-nin dəstəklədiyi 14 namizədə veto qoysa da, etirazlar nəticəsində 12 namizədə yenidən yaşıl işıq yandırıldı. Baş nazir Ərdoğan seçki meydanlarında BDP-ni gah MHP ilə, gah CHP ilə, gah PKK terror təşkilatı ilə, gah “Ergenekon”la gizli əlaqələrdə limitsiz dərəcədə suçladı. BDP-nin namizədləri isə Tayyip bəyə cavab çatdırmaqda istedadlarının potensialından axıra qədər istifadə etdilər...

Bir yüngülvari müqəddimə bizi də seçkiyə qədər gətirdi.

Onu da yaza bilmək ümidiylə....

Mais Əlizadə,
İstanbul
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 558

Oxşar yazılar