Yeriyən Azərbaycan, yaxud bir mühacirin sinə dağlayan hekayəti – ARAŞDIRMA - FOTO
26 may 2011 11:25 (UTC +04:00)

Yeriyən Azərbaycan, yaxud bir mühacirin sinə dağlayan hekayəti – ARAŞDIRMA - FOTO

Tarixi keçmiş təkcə sevgi və incəlik deyil. O həm də Qorxudur... Ürəyində çat verən Qorxu...

Tarix həm də ona görə təkrar olunur ki, onu yalnız tarixçilər yazır. Və onların yazdığı tarixin rəngi, dadı, hissi, həyəcanı olmur. Allah insaf vermişlərin yazdıqları eynən ümumi yeməkxana aşpazının bişirdiyi borş kimi bir şeydi.

...Zənnim məni aldatmırsa, bütün dünyada tarixi üç cür yazıblar:

1) Arzu olunan kimi;
2) Haqqında danışılan kimi;
Və bir də
3) Olduğu kimi!

Əkbər ağa Şeyxülislamzadənin “Azərbaycan necə quruldu” məqaləsini tariximizin qısa bir dövrü haqqında qiymətli salnamə hesab etmək olar.

Əkbər ağa Şeyxülislamzadə kimdir?

Dövrün tanınmış siyasi və ictimai xadimi Əkbər ağa İbrahim oğlu Şeyxülislamzadə 1891-ci ildə İrəvan şəhərində dünyaya gəlib. İlk təhsilini gimnaziyada alıb. 1912-ci ildə Peterburqda Yol Mühəndisliyi İnstitutuna daxil olub. 1917-ci ildə Rusiyada fevral burjua inqilabından sonra yaranmış siyasi vəziyyətlə əlaqədar olaraq, vətənə qayıdıb. 1918-ci ilin fevralında Ə.Şeyxülislamzadə Zaqafqaziya Seyminin üzvü seçilib. Bu qurumda yüksək siyasi fəallıq göstərən gənc Əkbər ağanı Seym Türkiyə hökuməti ilə sülh danışıqları aparmaq üçün 1918-ci ilin martın 1-də yaradılmış nümayəndə heyətinin tərkibinə daxil etmişdi. Hətta Zaqafqaziya hökumətində (ZFDR) Daxili İşlər nazirinin müavini vəzifəsinin icrasını Ə. Şeyxülislamzadəyə tapşırmışdılar.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra o, F.Xoyskinin təşkil etdiyi birinci kabinetdə Torpaq və Əmək naziri vəzifəsini tutub. 20 gün sonra – yəni iyunun 17-də Hökumət bütövlükdə istefaya çıxdığı üçün Əkbər ağa tutduğu vəzifədən uzaqlaşıb.

1918-ci il dekabr ayının 7-də Bakıda təntənəli şəkildə açılmış Azərbaycan Parlamentinə üzv seçilib.

Ə.Şeyxülislamzadə Azərbaycan nümayəndəliyinin tərkibində 1919-cu ildə açılacaq Versal sülh konfransında iştirak etmək üçün Parisə gedib. Həmin ilin martında böyük çətinliklə Parisə gəlib çıxan Əkbər ağa bir daha vətənə dönməyib.

Ömrünün qalan hissəsini mühacirətdə keçirən Ə.Şeyxülislamzadə bir çox qəzet və jurnallarda Azərbaycan həqiqətlərini işıqlandırıb.

1943-cü ildə Ədil xan Ziyadxanlı və digər mühacirətdə olan dövlət və hökumət nümayəndələrilə birlikdə azərbaycanlıların Berlində keçirilən xüsusi qurultayında iştirak edib. Milli Birlik Partiyasının yaradıcılarından və liderlərindən biri olub.

Milli Birlik Partiyasının üzvləri sırasında Azərbaycanın Avropada yaşayan ən görkəmli nümayəndələri təmsil olunurdular. Gəncə üsyanının başçısı polkovnik Cahangir bəy Kazımbəyli, doktor Əziz Alpoud, professor İbrahimbəyli və başqa nəhəng şəxsiyyətləri partiya öz ətrafında birləşdirirdi.

Ə.Şeyxülislamzadənin qələmə aldığı və bir sıra Avropa dillərinə çevirib, çap etdirdiyi əsərləri xalqımız və torpağımız haqqında maraqlı elmi məlumatlarla zəngindir.

Əkbər ağa Şeyxülislamzadə 1920-ci illərdə Parisdə Azərbaycandan 2-ci İnternasionalın üzvü olub. Onun İkinci Dünya müharibəsinə qədər qələmə aldığı, 1952-ci ildə Parisdə nəşr olunan “Azərbaycan” jurnalının 2-ci sayında dərc olunmuş ”Azərbaycan nasıl quruldu” məqaləsi Xalq Cümhuriyyəti tarixini öyrənmək baxımından çox qiymətlidir. Bu yazıda 1918-ci ilin 26-28 may günlərində Tiflisdə baş vermiş böyük tarixi hadisələrin gedişi bütün əlamətləri ilə işıqlandırılır.

Məqalə qürbətdə yaşayan soydaşlarımızın nəşr etdirdikləri qəzet və jurnallarda dəfələrlə təkrar-təkrar çap olunub. Təsadüfi deyil ki, bu məqalə düz on il sonra – yəni 1962-ci ildə Ankarada nəşr olunan “Mücahid” jurnalında bir daha işıq üzü görüb.

Ceyhun bəy Hacıbəylinin dəfnində iştirak edərkən Ə.Şeyxülislamzadənin də qəbrini ziyarət edən Mustafa bəy Vəkilov “Parisdə bir məzar daha” (“Mücahid”, №53-54, 1963) adlı məqaləsində yazırdı: ”Bir az o tərəfdə Əkbər ağa Şeyxülislam yatır. Yurdunun qurtuluşu uğrunda gənc yaşlarından bəri bir çox məşəqqətlərə sinə gərmiş, cəfakeş, idealist Əkbər ağa!...”

Parisin yaxınlığındakı müsəlman qəbiristanlığında dəfn olunan Əkbər ağa Şeyxülislamzadənin məzarı üstündə göyərən başdaşında rəqəmlər beləcə çiçək açıb: 1891-2 mart 1961...

Onun doğum günündən 100 il sonra Milli İstiqlalımız yenidən tariximizə təşrif buyurdu.

Vətəndən iraq düşənlərimizsə, Qürbətdə qaldı - doğum və ölüm təvəllüdüylə...

Əkbər ağa Şeyxülislamzadə :


Azərbaycan necə quruldu

Baharın ən gözəl ayı olan maydır... Tiflisdə daha da qüvvətli bir surətdə insana təbiətin oyanması və yeni bir ömrə hazırlanmasını göstərir...
Parlayan günəş, buludsuz göy; hər tərəfdən hamını səssiz yaşamağa dəvət edir, bütün Qafqazı bizə bəxş edirmiş kimi görünür. Bu nemətdən istifadə edə bilməyimiz üçün hər şey əmrinizə hazırdır. Bu gözəl gün, bu gözəl hava, yaşıl təbiət ürəklərdən keçən qaranlığı, sonsuz düşüncələr, ağır vəzifələr qarşısında olmağımızı heç vaxt bizə unutdura bilməyəcəkdir.
Bu hisslər o zamanlar hər bir Qafqaz vətənpərvərinin qəlbində yaşamaqdaydı. Xüsusən Azərbaycan vətənpərvərləri (Azərbaycan Milli Şurasının üzvləri) əminəm ki, bu duyğuları ürəklərində bir cövhər kimi daşıyırdılar.
Ancaq bu gözəl günlərdə bütün Güney Qafqaz od tutub yanmaqdadır. Hər şey anarxiya içində, Bakı bolşeviklərin işğalı altında və Gəncə isə təhlükəli bir halda Qırmızı Ordunun qarşısında müqavimət göstərməkdədir. İrəvanda 300 kilometrlik bir cəbhə boyu erməni-Azərbaycan savaşı davam etməkdədir. Türk Ordusu Qafqazın hüdudlarına doğru hərəkət etmək üçün hazır vəziyyətdədir. Bir çox yerlərdə hətta sərhədləri belə keçmişdir. Bu hadisələr qarşısında Seym – Güney Qafqaz Parlamenti dağılmaq üzrədir. Qafqaz birliyinin gəmisi siyasi tufanların dalğaları içərisində çarpışmaqdadır. Hər kəsi düşündürən gəminin özünü qurtarıb sahilə çıxıb, yaxud çıxa bilməyəcəyidir. Bu batmaq üzrə olan gəmini ancaq bir kapitan qurtarmağa müvəffəq ola bilər ki, o da Qafqaz Xalqının Birliyidir!
Bu birliyə inanan daha yoxdur. Xarici qüvvələrdən başqa, içəridə bu batan gəmini dələnlər getdikcə artır. Qafqaz millətləri arasında birlik yaratmaq getdikcə çətinləşir. ”SOS” verməyə belə vaxt qalmır. Qayıqlar dənizə endirilir, ayrılmalar başlayır. İlk qrup gürcülər, sonra ermənilər və sonra da azərbaycanlılar bu batan Qafqaz Birliyi gəmisini tərk etdilər.
Mayın 26-da keçirilən Parlament toplantısına gələn deputatlar Güney Qafqazın bu gün son günü olduğunu dərhal anladılar. Parlament verəcəyi qərarla özünü buraxacaq, bu şəraitdə Qafqaz millətləri də bir-birindən ayrı yollarla öz hədəflərini təqib edəcəklər.
Gürcülər, ermənilər, azərbaycanlılar tarix qarşısında qərarlar verəcək, öz fərdi hərəkətlərinə özləri cavabdeh olacaq, məsuliyyətlərini özləri ayrı-ayrılıqda öz çiyinlərində daşıyacaqlardı.
...Mayın 26-da Gürcü Milli Şurası Müstəqil Gürcü Xalq Cümhuriyyətini elan etdi. O zaman dərhal Azərbaycan Milli Şurası toplaşaraq, yeni yaranan durumu müzakirə etməyə başladı.
Əcaba, niyə Azərbaycan Milli Şurası eyni gün (yəni mayın 26-da) İstiqlalını elan etmədi? O gün tarixi məqamın bir çox səbəbləri var idi:
Əvvəla, hansı siyasi partiyalar Milli Şurada təmsil edilirdilər?
1.Müsavat partiyası;
2.Bitərəflər qrupu;
3.Əhrar partiyası;
4.İttihad partiyası;
5.Sosial-inqilabçılar partiyası;
6.Sosial-demokratlar partiyası.
Seym dağılmazdan əvvəl Müsavat partiyasının bəzi məsul üzvləri erməni və gürcülərə qəti bir surətdə anlatmaq istəyirdilər ki, hər hansı vaxt bu partiyalarla onların arasında bir xırda məsələ üzərində anlaşma olmazsa, Müsavat partiyası Seymi tərk edib, Azərbaycanı müstəqil bir dövlət kimi elan etmək fikrindədir.
Belə bir vəziyyətdə ilk təşəbbüsü gürcülər ələ aldı. Məsələ elə bir qarışıq durum almışdı ki, müsavatçılar nə edəcəklərini bilməyərək, acizlik içində durdular. Sağa, sola baxan bu gözlərdən bir təşəbbüs gözləmək mümkün deyildi. Biz sosialistlər partiyalarla razılığa gələrək, Azərbaycan Mili Şurasının İstiqlaliyyət elan etməsini istədik. Bunun üçün başqa partiyaların liderləriylə təmasa girdik. Mən Fətəli xanı gördüm, Xəlil bəy, Xudadat bəy, Məhəmməd Yusif Cəfər, Şəfi bəy Rüstəmbəyli və başqaları ilə görüşdüm. Nəticədə Həsən bəy Ağaoğlu Milli Şuranın toplanmasına göstəriş verdi.
Mayın 26-da günortadan sonra Milli Şura Canişin Sarayının göy salonunda toplandı. Müzakirə başladı...
Bizim-yəni iki sosialist firqəsinin yeni proqramı beləydi:
1. Qafqazın birliyini saxlamaq.
2. Ümumi Qafqaz idarəçiliyi Azərbaycan üçün daha əlverişli olur. Azərbaycanda olan dərəbəylik, anarxiya daha tez aradan qaldırılır, həyat daha doğru demokratik məcraya düşür.
3. Qafqaz Seymində müsəlmanlar çoxluq təşkil edəcək, çünki Şimali Qafqaz Seymə gəlmək üzrədir. Azərbaycanlılarla bərabər, 65 faizi əllərində tuturlar. Demək olar ki, az bir vaxtdan sonra müsəlmanlar özlərinə layiq tam bir yer tuta biləcəklər. Biz Şimali qafqazlılarla azərbaycanlılara Qafqaz siyasətində heç bir fərq görməyərək, tam bərabərliklə çalışacağıq. Məsələn, Əli xan Qantəmirov Seymə azərbaycanlılar tərəfindən girmişdir. İbrahim bəy Heydərovla tam sıx təmasdayıq. O, eyni zamanda, bizim partiyadan Azərbaycan Milli Mərkəzinin üzvü seçilib.
Müsavat partiyası Türklük proqramından yapışıb, Qafqaz Müsəlmanlarını parçalayır. Bu tarixi məqamda böyük qüvvəmizi dağıdır. Ona görə də biz sosialistlər yalnız Qafqaz birliyinin tərəfdarı olub, ayrıca bir Azərbaycanın əleyhinə idik. Hətta mənim İsveçrə şəkilli idarəçilik olan ümumi bir Qafqaz proyektimi Seym qəbul etmişdi.
4. Madam ki, biz indi vaqeənin diqtəsi qarşısındayıq, Qafqaz Birliyi yoxdur, Azərbaycan da istiqlalını elan edərək, qonşularının tutduqları yolla getsin.
Onun üçün də sosialistlər Müstəqil Azərbaycanın əleyhdarlığından əl çəkib, birinci planda istiqlaliyyətçi oldular. Başqa partiyalar arasında həm şəxsi, həm də siyasi dost və fikir arkadaşlarımız vardı.
Sultan Məcid Qənizadə (İttihad), Nəsib bəy, Xəlil bəy, Şəfi bəy (Müsavat) və başqa həmfikirlər görürdük.
Məhəmməd Həsən Hacinskinin bir bəyanatı Milli Şurada atmosferi daha da qızışdırdı:
- Bizə İstiqlaliyyət lazım deyil, sanki biz “ Müsavat Ədəmi Mərkəziyyət” fraksiyasıyıq, yəni federalist bir firqəyik, - dedi.
İlk vaxtlar Türkiyə ilə birlikdə federativ surətdə birləşməliyik. Bizim öz hökumətimiz ola bilər. Amma hərbi, maliyyə və xarici işlərimiz Türk dövlətinin əlində olmalıdır...
Bundan sora hamının müstəqil olaraq rəy verməsi qərarlaşdırıldı.
Hər bir şəxs öz seçiminə özü şəxsən məsuliyyət daşıyırdı. Məsuliyyət partiyalara deyil, şəxslərə aid idi.
Bu şəkildə rəy vermək partiyaları tamamilə ortadan silinmiş bir durumda saxladı.
Müsavat partiyasının mərkəzi komitəsi üzvü olan və məsuliyyətdən çox qorxan Məhəmməd Həsən Hacinski bu vəziyyəti görüncə, dərhal geri çəkilməyə başladı...
Müzakirə davam etməkdə ikən qonşularımız gürcü və ermənilər arasında cürbəcür şayiələr dolaşmaqdadır...
“Azərbaycan özünü Türkiyəyə ilhaq etməyi bəyan edəcək!...”
Sarayın ətrafında on beş mindən artıq erməni, gürcü toplaşıb bizim qərarımızı gözləyirdilər.
Məclis üzvləri yemək üçün fasilə elan etdiyi zaman çöldə duranlar: ”İstiqlaliyyətmi, yoxsa ilhaqmı elan edəcəksiniz? Milli Şuranın ikiyə bölündüyü doğrudurmu?” kimi suallar yağdırıb, bizi dövrələyirdilər.
Bu qədər gərginlik və həyəcan içində Milli Şura müzakirələri davam etdirirdi. İki gün, iki il uzunluğunda hökmünü verirdi.
Batumdan “Devleti-Osmaniye Heyeti Murahhasasi” tərəfindən bizə bir xəbər gəldi: “Türklər ilhaqın əleyhinədirlər. Azərbaycan Türkiyəyə ilhaq olunarsa, Bolqarlar Türkiyədən mükafat olaraq, Ədirnəyi istəyirlər”.
Bu xəbər üzərində, ilhaq istəyənlərin son budağı kəsildi... İstiqlaliyyət tərəfdarları qüvvətləndilər...
28 may günü gəldi. Və İstiqlaliyyət elan olundu...
Axşam Canişin Sarayında Qafqaz Seyminin müsəlman qrupunun toplantısına ayrılmış mavi salonda, Rusiya Dumasının üzvü və Kerenski zamanında Ozakom adlanan komitənin müsəlman nümayəndəsi Məhəmməd Yusif Cəfər öz katibi Mehdi bəy Hacinski və mütəxəssisi Əli bəy Zülqədərlə birlikdə oturmuşdular.
Qeyd: Ozakom (Osobıy Zakafkazskiy Komitet ) (Xüsusi Güney Qafqaz Komitəsi ). Sədr – Xarlamov, üzvlər: Məhəmməd Yusif Cəfər, Anakiy İvanoviç Çxenkeli, Papacanov (erməni) müvəqqəti rus hökuməti tərəfindən ləğv edilən canişinin yerinə təyin edilmişdi.
... Tarixi qiyməti yalnız Azərbaycan milləti üçün deyil, eyni zamanda bütün islam aləmi üçün də xüsusi əhəmiyyəti olan bu gündə ilk dəfə bir xalq cümhuriyyəti elan edilməkdədir.
Həsən bəy Ağaoğlu məclisi açdı:
- Artıq indi bütün nümayəndələr arasında anlaşma mövcuddur. Rəy vermək hər bir üzvün vəzifəsidir. Bitərəf qalmaq istəyənlər, lütfən məclisi tərk etsinlər!...
Heç kim yerindən qımıldanmır.
Həsən bəy Azərbaycan millətinin “Müstəqil və Azad bir dövlət olmasını” səsə qoyur. Katib Mustafa Mahmudi adları oxuduqda hər bir üzv ayrı-ayrılıqda “Razıyam!” cavabını verir. Hamının çöhrəsindən sevinc və fərəh tökülür.
Sədr Həsən bəy qalxıb bütün üzvlərə xitabən:
- Bu saatda - yəni gecə saat səkkizə on dəqiqə işləmiş Azərbaycanın İstiqlaliyyəti Milli Azərbaycan Şurası tərəfindən qəbul edildi.
Yeni hökumətimizi təbrik edirəm!!!
...Milli Şura üzvlərindən çoxu sevincindən gözü yaşlı qucaqlaşıb ağlayır, bir-birinin əllərini sıxırlar. Canişin sarayının önündə toplaşan gürcü və ermənilər “Yaşa Müstəqil Azərbaycan!” deyərək, saraydan çıxan nümayəndələri böyük bir sevinclə alqışlayırlar...
Azərbaycanın İstiqlaliyyət elanında iştirak edən şəxslər bunlardır :
1. Həsən bəy Ağaoğlu
2. Cəfər Axundzadə
3. Hacı Mirzə Səlim Axundzadə
4. Camo bəy Hacınski
5. Mehdi bəy Hacınski
6. Məhəmməd bəy Hacınski
7. Xəlil bəy Xasməmmədli
8. Fətəli xan Xoyski
9. Məhəmməd Yusif Cəfər
10. Aslan bəy Qardaşoğlu
11. Firudin bəy Köçərli
12. Mustafa bəy Mahmudzadə
13. Məhəmməd bəy Məhərrəmoğlu
14. Cavad bəy Məlikyeqanlı
15. Mehdi Hacıbababəyli
16. Sultan Məcid Qənizadə
17. Əliəsgər bəy Mahmudbəyli
18. Heybətqulu Mahmudbəyli
19. Xudadat bəy Məlikaslanlı
20. Nəriman bəy Nərimanbəyli
21. Mirhidayət Seyidzadə
22. Həmid bəy Şahtaxtlı
23. Şəfi bəy Rüstəmbəyli
24. Əkbər ağa Şeyxülislamzadə
25. Xosrov bəy Sultanzadə
26. Rəhim bəy Vəkili
27. Nəsib bəy Yusifbəyli

Rəsmi sənədlərə iqtibas etdiyimiz istiqlaliyyət elanının əsas mətni belədir: ”Böyük Rusiya inqilabı nəticəsində Rusiyada siyasi vəziyyət elə bir mərhələyə çatdı ki, onun nəticəsində dövlət ayrı-ayrı hissələrə parçalandı və Rusiya ordusu Cənubi Qafqazı tərk etdi. Öz qüvvələri öhdəsinə buraxılmış Güney Qafqaz xalqları öz iradəsiylə Zaqafqaziya Birləşmiş Xalq Cümhuriyyəti təsis etdilər. Fəqət, siyasi hadisələrin sonrakı gedişində gürcülər Zaqafqaziya Birləşmiş Xalq Cümhuriyyətindən ayrılaraq, Gürcüstan Xalq Cümhuriyyəti yaratmağı zəruri hesab etdi.
Rusiya ilə Osmanlı İmperiyası dövründə zühur etmiş müharibənin tövsiyəsiylə mövcud olaraq Azərbaycanın hazırkı siyasi vəziyyəti, həm də məmləkət daxilindəki anarxiya şəraiti şərqi və cənubi Zaqafqaziyadan ibarət Azərbaycana özünəməxsus dövləti təşkilat yaratmağı zəruri edir. Və bu şəraitdə Azərbaycan xalqının düşmüş olduğu ağır daxili və xarici vəziyyətdən çıxarmağı amiranə surətdə təmin edir.
Yuxarıda sadalananların əsasında ümumxalq səsverməsi yolu ilə seçilmiş Azərbaycan Milli Şurası bu andan xalqa elan edir ki:
1. Bu gündən etibarən Azərbaycan xalqı Ali hakimiyyətə malik, Şərqi və Cənubi Güney Qafqazdan ibarət Azərbaycan tam hüquqlu və müstəqil bir dövlətdir.
2. Müstəqil Azərbaycanın siyasi idarəçiliyində Xalq Cümhuriyyəti forması təyin olunur.
3. Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq birliyin bütün üzvlərilə, xüsusən həmsədr xalqlar və dövlətlərlə dostcasına qonşuluq münasibətləri quracaqdır.
4. Azərbaycan Xalq Cümhuriyyəti öz sərhədləri daxilində millətindən, dinindən, ictimai vəziyyətindən asılı olmayaraq , bütün vətəndaşlarının mülki və siyasi hüquqlarını təmin edir.
5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisində yaşayan bütün xalqların azad tərəqqi və inkişafı üçün geniş meydan verəcəkdir.
6. Məclis Müəssisanın çağrılmasına qədər Azərbaycanda ali hakimiyyət xalqın səsvermə yolu ilə seçdiyi Milli Şura və Milli Şura qarşısında cavabdeh olan Müvəqqəti hökumət sayılır.



* * *

İndi bir məktub oxuyacaqsınız. Əslində, bu, məktub deyil, döyüş mövqeyidir. Məktubda yazılanlar isə səngər həqiqəti...

Bəlkə də o gün əlinə qələm götürəndə Əkbər ağanın heç ağlına da gəlmirdi ki, günlərin bir günü onun yazdıqları tarixin əlinə düşəcək... Bəlkə bilsəydi bir az ehtiyatlı tərpənərdi.

Bəlkə də bilirdi!...

Bəlkə də ehtiyatın ölçüsü elə bu qədər olur... Hər halda , uzun illər keçəndən sonra bu məktubda yazılanlar üzə durur, tarixə şəhadət verir.

...Düzdür, çəkişmələr, dedi-qodular, ittihamlar... hamısı məğlubiyyətin törəməsidir... Axı, ötən əsrin 20-ci illərindən sonra Vətəndən didərgin salınan ən böyük siyasi xadimlərimiz, hərbçilərimiz bütün dünya boyu səpələnmişdilər. Bu, tariximizin milli taleyimizə əbləhcəsinə məzəmmətiydi.

Onlar didərgin düşmüşdülər - onlar İtkin düşməmişdilər.

Onlar dünyanı yeriyən Azərbaycan kimi dolaşırdılar...(Adamın, bu tarixi öyrənəndə, tez-tez köks ötürüb, gərginliyi içində boğmaqdan başqa əlindən bir iş gəlmir).

Nə isə! Bu məktub bizə başqa bir böyük həqiqəti də pıçıldayır: Bu günün özündə də , min illər boyu üst-üstə qalaqlanan dərdlərimizin üstündən deyəsən axı, heç nə azalmayıb... Təbii ki, Əkbər ağanın bu məktubunu oxuyanda kimin haqlı, kimin haqsız olduğu və ya ola bilməsi barədə düşünməli oluruq.

Məncə, kimin necə döyüşməsindən asılı olmayaraq, hamı öz həqiqətinin səngərinə sığınaraq vuruşur. Bu böyük şəxsiyyətlərin də hər biri dövrün hadisələrinə rəğmən öz həqiqətinə İnam və İman gətiribdir.

İmanları kamil olsun-İnamları Allah amanında...

Əkbər ağa Şeyxülislamzadənin Cahangir bəy Kazımbəyliyə məktubu
Paris, 24 mart 1954-cü il


Əziz Cahangir bəy!

Sizin 18 mart 1954-cü ildə yazdığınız məktubu aldım. Yevgeniya Kornilovna və mən Sizi Novruz bayramı münasibətilə təbrik edirik. Sizə can sağlığı, xoşbəxtlik və səmimi qəlbdən uğurlar diləyirik. Xüsusilə, arzu edirik ki, tezliklə Vətənə qayıda bilək... Müstəqil və Azad Vətənimizə!... O cümlədən bizim çox hörmətli dostumuz Ədil xana və Hidayət bəyə - ümumiyyətlə, bizim İstanbulda yaşayan bütün həmvətənlərimizə mənim təbriklərimi və səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm.

Sizin Parisdəki Komitəyə yazdığınız məktubu oxudum, Komitə adından şəxsən Sizə təbrik və salamlar çatdırılması məndən xahiş olundu.

Mən çalışacağam ki, Sizin məktubda toxunduğunuz məsələlərə və suallarınıza təfərrüatı ilə cavab verim.

1. Birlik!

Mən Sizinlə tam razıyam ki, bizim birliyimiz çox vacibdir. Buna görə ən çox biz - yaşlı siyasi xadimlər qayğılanmalıyıq. Belə ki, Vətənimizin maraqlarını hər şeydən üstün tutmuşuq və tutacağıq. Xüsusən, bu istiqamətdə Sizin qeyd etdiyiniz kimi: “Siz (o cümlədən mən) və Ceyhun bəy xüsusi fəallıq göstərməliyik. Amma təəssüf ki, mən Sizi məyus etməli olacam. Çünki bu iki il yarım ərzində Ceyhun bəy tərəfindən bizi ayırmaq, aramızda qarşıdurma, mübahisə, şübhə, çəkişmə, bir-birimizə qarşı hörmətsizlik yaratmaq üçün hər bir iş görülüb. Bir sözlə, bütün bunları antimilli, antiazərbaycançılıq kimi təsəvvür etmək olar. Bütün bunlar, güman edirəm ki, Sizə yaxşı məlumdur. Çünki narazılıqlarınızı mütəmadi olaraq, şifahi və yazılı şəkildə Siz özünüz də dəfələrlə mənə bildirmisiniz.

Mən də Sizin kimi Ceyhun bəyə inanırdım. Baxmayaraq ki, bütün məziyyətlərinə görə, bu vəzifəyə Fətəlibəyli layiq idi. Biz Ceyhun bəyi ona görə sədr seçdik ki, həmin vaxt o, almanların yanında qaçqınlara xüsusi icazə sənədi verən bir idarədə vəzifədə çalışırdı.

Amma Ceyhun bəy ona bəslədiyimiz ümidləri doğrultmadı. Ya öz zəifliyindən, ya bicliyindən, ya kütlüyündən, ya uzaqgörənliyindən, ya təmizliyindən, ya da tamahkarlığından - bircə Allah bilir... Ancaq mövcud faktlar var ki, onları inkar etmək olmaz. Onun rəhbərliyi dövründə bizim təşkilat, dostlarımızın və qonşularımızın gözündə öz milli prestijini itirdi. O, bizim milli ideologiyaya heç nə vermədi və onu gücləndirə bilmədi. Yaltaqlıq, yalan, aldatma, milli bayrağımıza hörmətsizlik, yaşlı xadimlərə - Müstəqillik veteranlarına sayğısızlıq, xırda paxıllıq, cılız maraqlar üçün cılız fəndlər böyük vüsət aldı...

Bütün bu çirkab axınının içində isə ümummilli işə sadiqlik, hər cür qurbanlara hazır olmaq, əqidə ... boğuldu.

Cahangir bəy! Əlinizi ürəyinizin üstünə qoyaraq deyin: bizim gənc fədailərimiz bu çirkabın içindən nə götürə bilər və ümumiyyətlə, onlar bizdən əvvəlki nəslin müqəddəs işinin davamçısına çevrilə bilərlərmi?

Bizim təşkilat Ceyhun bəyin ürəyinə yatan adamların şəxsi mülkiyyətinə çevrilib və heç kimdən heç nə soruşulmadan istifadə olunur. Bunun günahı istər Ceyhun bəydə, istərsə də başıbəlalı Abo bəydə olsun, fakt dəyişilməz qalır. Formal olaraq Ceyhun bəy sədr kimi məsuliyyət daşıyır. Əgər o zəifdirsə, heç olmasa özü səmimi olmalı və ciddi nəticələr çıxarmalıdır: belə ki, öz vəzifəsindən imtina edərək onu daha güclü bir şəxsə təhvil verməlidir.

Bunun yerinə biz tamam başqa şeylər görürük. Ceyhun bəy öz vəzifəsindən daha bərk-bərk yapışıb, əlindən gələni edir ki, Azərbaycanın milli maraqlarına yönələn siyasəti öz ziyan gətirən əməlləriylə kənarlaşdırsın.

Belə ki, Siz sıxışdırılıb uzaqlaşdırılmısınız; mən Parisdə iflic vəziyyətindəyəm, O Rone işə buraxılmır. Əmircan (Fuad - Z.S.) isə kənarlaşdırılıb və s. və i.

Mümkündür ki, bu cənablar bizim təşkilatı buraxsınlar. Oraya yeni adamlar cəlb edib, bizimlə işlədikləri müddətdə qurduqları kələk hesabına əldə etdikləri səlahiyyətlərdən gen-bol istifadə etsinlər?

Mən bu məqamda Ceyhun bəyin bir sıra xarakterik fırıldaqlarının bəzi cizgilərini qeyd etmək istəyirəm.

Hər şeydən əvvəl, o, demaqogiya ilə gənc nəsli bizimlə - yaşlı nəsillə, üz-üzə qoyur. Onun fikrincə, biz yaşlı nəsil öz əsrimizi bitirmişik. Gələcək Azərbaycanın yiyələri cavan nəsildir. Bu siyasi fəaliyyətdə bizim üçün yer yoxdur. Amma o, özü daha geniş təfəkkürlə işləməyi bacarır və fəaliyyət göstərməyə qadirdir. O, cavanlara yaltaqlanır, onlara imkan vermək adı altında əslində özünə şərait yaradır. Özü tamamilə işə yaramadığı halda məqbul hesab etdiyi bütün vasitələrlə və qısqanclıqla başqalarını uzaqlaşdırır. Bunu həm intriqalara əl atmaqla, həm nəzərdə tutduğu şəxsi maddi imkanlardan məhrum edərək iflic vəziyyətinə salmaqla həyata keçirir. Bir sözlə, “məqsəd vasitələrə haqq qazandırır!” fikrini tətbiq edir.

Sizə məlumdur ki, Ceyhun bəy Məcidi və Əkbər İsmayıllı 500 dollarlıq məvaciblə radioya işə düzəlib. Beləliklə, radioveriliş Abo, Musazadə və Əkbər İsmayıllının əlindədir. Elə bu vaxtlarda isə bizim təşkilatda yüksək vəzifə tutan üzvlərimiz sözün həqiqi mənasında acından ölür və iflic vəziyyətindədirlər. Eyni zamanda o, mənim də haqqımda yalan məlumatlar yayır; Guya ki, mən radioda işləmək istəməmişəm. Halbuki, mən əlimdə razılıq sənədi olduğu halda, işdən çıxarılma vərəqi almışam.

Ceyhun bəyin qeyri loyallığını, qeyri səmimiliyini təsvir edən daha başqa bir misal çəkim: O, Parisə gəlmişdi ki, məni maddi və mənəvi cəhətdən məhv etsin. Xoşbəxtlikdən onu əlləri qısadır, mənə mənəvi zərbə vura bilmir. Sizə məlumdur ki, cənab Tsinzade onu müdafiə edir ki, cənab Şamili öz tərəfinə çəksin. Və o, mənim yanımda ləzgi olduğunu deyibdir. Mən ona yazılı şəkildə etiraz göndərdim. Mənimlə görüşəndə o, rəsmi şəkildə dediyindən imtina etdi və utanıb-qızarmadan belə söz demədiyini bildirdi.

O, Ştarberq Konfransının bütün qərarlarını pozubdur. Nə vaxt onların özlərinə lazım olursa, bizim adımızdan istifadə edirlər. Qəzetlərimizdən Sizə məlumdur ki, onlar bizləri Rəyasət heyətinin üzvləri hesab edirlər, amma eyni zamanda da saymırlar. Üstəlik o, Ceyhun bəylə mənim aramda olan yeddi bəndlik razılaşmanı pozub. Bu anlaşmanı mən yazılı şəkildə yola düşərkən Visbadenə təqdim etmişdim; sonra da mən özüm oraya getmişdim...

Gördüyünüz kimi, Hacıbəylinin əllərini və üzünü qalın çirkab qatı örtüb. Çətin ki, belə bir hamam tapılsın və bütün bu çirkabları yuyub apara bilsin. Elə buna görə də Parisdə Azərbaycan Milli Komitəsi onu xain kimi öz ətrafından uzaqlaşdırıb. O isə Sizin sədrlik etdiyiniz Ştarberq konfransında Komitəyə və Təftiş komissiyasına sədr seçilən Ağarza Tağıyevə heç bir hesabat vermək istəmir.

Siz soruşursunuz ki, Parisdəki nə komitədir?

Don-Levin tərəfindən notariusda təsdiq olunmuş Amerika Komitəsinə ünvanlanan, Hacıbəyli və mənim tərəfimdən imzalanan sənədin surətini əlavə edirəm. Notarius kağızı iki nüsxədən ibarət tərtib olunub və biz imzalamışıq. Bir nüsxəni mən qoruyub saxlamışam.

Nə qədər ki, Ceyhun bəyə sərf edirdi, o, bu komitəni tanıyırdı. Amma imza atmağına baxmayaraq, o, indi bunu inkar edir. Ceyhun bəyin imzası olan orijinal sənədi mən indi də saxlayıram.

Bu Komitə Ştarberq Konfransının çağırılmasına və onun bütün üzvlərinin iştirakına təşəbbüs edir.

O cümlədən Komitənin 1954-cü il 18 fevral tarixli iclasının protokolunu da məktuba əlavə edirəm.

Yəqin siz bilirsiniz və xatırlayırsınız ki, bu Komitənin üzvləri Qafqaz Konfransında da iştirak edib. Əlbəttə, mən Ceyhun bəyin xeyrinə öz imzamdan imtina etmirəm və Komitəni də tanıyıram. Bundan başqa, məni Ştarberq Konfransı Paris və bütövlükdə Fransa üzrə Komitənin sədri seçib.

Baxmayaraq ki, Hacıbəyli Komitənin iki üzvünü məndən gizlin Amerika səfirliyinə öz tərəfdarı kimi təqdim edib (bax, 19 fevral 1954-cü il. Tağıyevin mənə yazdığı məktub).

Bu, cənab Hacıbəylinin mənə və bizim Konfransın qərarlarına qarşı necə “loyal” olduğunu sübut edir.

Amerika Komitəsi bir neçə gün bundan əvvəl Parisdə olub. Cənab Kelli cənab Gelikoziyaya “Meltqunev-Kerenski” qrupu ilə Make genişləndirilmiş Paris bloku arasında razılaşmanın layihəsini təqdim etdi. Aprelin 2-də cənab Gelikoziyagilə toplaşdıq.

İştirak edənlər: cənab Gelikoziya, Keresenidze, Skutladze (Gürcüstan), mən və Ceyhun bəy (Azərbaycan), Simonyan və Ter-Terekuyan (Ermənistan), Sazontsev (Ukrayna) layihənin məzmunu ilə tanış olduq.

Maksimum on beş gün ərzində cavab verməliyik.

Make konfransının çağırılmağı qərara alındı.

Münhendən Krılov və Milovanov (sbork), Axmedcan və Berdimurad (Türkistan), Türkiyədən Şamil və Natitok (iki dağlı qrupu), Cahangir bəy Kazımbəyli (mən təklif etdim) və Alpoud (Ceyhun bəy təklif etdi) (Azərbaycan).

Beləliklə, mən və yoldaşlarım sizi səbirsizliklə gözləyirik. İstəyirik ki, bütün sərhədləri keçən Ceyhun bəyin məsələsini həll edəsiniz.

Bizim qonşular sizə ofis təqdim etmək istəyirlər. Həm bizi, həm də dağlıları barışdırmaq məqsədilə.

Uzun-uzadı məktuba görə bağışlayın. Əks halda mənzərə Sizə tam aydın olmazdı. Yevgeni Komilovna və Xoyskilər ailəsi Sizə salam göndərirlər. Mənim dost salamımı qəbul edin. Əllərinizi bərk-bərk sıxıram.

Sizə sadiq olan Əkbər ağa Şeyxülislamzadə.

Əlavələr:
1. Notarius surəti. 18.03-52-ci il.
2. Parisdəki Azərbaycan Milli Komitəsinin iclasının protokolu.
3. Ağarza Tağıyevin məktubu. 19.02-1954-cü il.



Zakir Sadatlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1868

Oxşar yazılar