Dörd nəfərin söhbəti: Qarabağ məsələsi, bahalaşma, “Böyük Xalq Günü” və Bakımız...
13 mart 2011 15:12 (UTC +04:00)

Dörd nəfərin söhbəti: Qarabağ məsələsi, bahalaşma, “Böyük Xalq Günü” və Bakımız...

Oxucularımıza yeni layihəmizin formatını ötən həftə açmışdıq. Tanış ola bilməyənlər üçün bir də qısaca vurğulayım: Həftəsonu maraqlı bildiyimiz insanları redaksiyaya dəvət edərək bizə və onlara aktual gələn məsələləri müzakirəyə çıxarırıq, dərdləşirik və reportaj şəklində Sizə təqdim edirik.


Bu həftənin qonaqları:
Gülər Əhmədova - millət vəkili
Elza Seyidcahan - bəstəkar-müğənni
Qulu Məhərrəmli – telejurnalist-professor

İlqar Əlfioğlu: - Bu həftəmizin diqqət mərkəzində olan hadisələrindən biri Soçidə, Rusiya prezidentinin təşəbbüsü, ev sahibliyiylə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşməsidir. Əslində mən bu görüşə də intensiv danışıqların getdiyini nümayiş etdirməyə hesablanmış növbətçi addımlardan biri kimi baxmağa meylli idim. Amma Ermənistan prezidenti Serj Sarkisyanın sonuncu bəyanatı düşünməyə vadar edir. O deyib ki, Azərbaycanın mövqeyində müəyyən yumşalmalar var. İndi çoxlarını nigaran qoyan da budur: Azərbaycan tərəfi hansı addımı atıb ki, rəqiblərimiz onu müsbət yumşalma kimi qiymətləndirir? Mənə elə gəlirdi ki, biz bütün güzəşt limitlərimizi bitirmişik...


Qulu Məhərrəmli: - Hazırda bütün dünyada, xüsusilə də Şimali Afrikada gedən proseslər fonunda həm Rusiyanın özündə, həm də Ermənistanda bəlli narahatlıqlar var. Digər tərəfdən Qarabağ məsələsinin qeyri-müəyyən müddətə dondurulmuş bir problem kimi təqdim olunması da Azərbaycanda da, Ermənistanda da narazılıq yaradır.


İlqar Əlfioğlu: - Elə bu səbəbdən də artıq xroniki xəstəliyə bənzəməyə başlamış bu problemin həlli naminə atılan hər addım insanlarda canlı maraq doğurur. Soçi görüşməsi də məhz belə bir dövrdə baş tutdu.

Qulu Məhərrəmli: - Bəri başdan deyim ki, mən də çoxları kimi, bu görüşün irəliyə doğru əhəmiyyətli bir addım olacağına inanmıram. Çünki danışıqlarda meyarları müəyyənləşdirəcək baza prinsipləri üzərində neçə vaxtdan bəri səmərəsiz danışıqlar gedir. Həm də indiki formatın özü, məsələn, Madrid prinsiplərini müəyyənləşdirən formatdan böyük deyil. Ona görə də bu görüşün danışıqları faydalı, səmərəli məcraya yönəldə biləcəyinə bədbin baxıram. Məncə, belə demək mümkünsə, bu görüşün yeganə müsbət cəhəti elə danışıqların davam etdirilməsidir.


İlqar Əlfioğlu: - Hə, danışıqlar davam edirsə, deməli nəsə gözləmək olar. Gülər xanım, siz necə baxırsınız? Bu görüşdə bir keyfiyyət dəyişikliyi olubmu? Ermənistan liderinin bəyanatındakı ümid hardan qaynaqlanır? Bizim mövqeyimiz dəyişib, yoxsa ermənilərinki?

Gülər Əhmədova: - Ümumiyyətlə “Ermənistanın mövqeyi” deyilən bir anlayış yoxdur. Mən bu barədə hansı səviyyədə desəniz, kimlə desəniz, mübahisəyə hazıram. Bu danışıqlarda bizimlə üzbəüz Rusiyanın mövqeyi durur. Bizim üçün məsələn, Rusiya xarici işlər naziri Lavrovun dediyi daha əhəmiyyətlidir, nəinki Serj Sarkisyanın bəyanatları. Ermənistan bu məsələdə yalnız “ikinci skripka” rolunu oynayır. Sarkisyan nə öz mövqeyini, nə də xalqının mövqeyini ifadə edəcək vəziyyətdədir. Odur ki, Soçidə nə baş veribsə, İlham Əliyevlə Dmitri Medvedyev arasında baş verib.


İlqar Əlfioğlu: - Deməli, Ermənistan həmişəki kimi, fon, anturaj rolunu oynayır.


Gülər Əhmədova: - Bəli, Ermənistan tərəfinin bu görüşlərdə iştirakı artıq çoxdan yalnız görüntü vermək üçündür...


İlqar Əlfioğlu: - Onda Sarkisyanın nikbinliyi yəqin elə Medvedyevdən doğur. Bəlkə könlünü almaq, kefini kökəltmək üçün nəsə bir xoş söz deyib ona... Başqa cür qiymətləndirmək olmur. Çünki Azərbaycanın mövqeyi bəllidir – bütün mümkün güzəştlər artıq edilib və geriyə yol yoxdur. Elza xanım yaman diqqətlə qulaq asır; onun da fikrini bilmək istərdim. Necə bilirsiniz, Qarabağ məsələsi nə zamansa həll olacaq? Məni sizin intuisiyanız maraqlandırır. Qəlbiniz sizə nə deyir? Gözləməyə dəyər?


Elza Seyidcahan: - Babək Xürrəmdin demişkən, ümidsiz bir gün də yaşamaram. Mən hər gün gözləyirəm bunu. Həm ümidlə, hə də bir inamla gözləyirəm. Mən “Göyçə” mahnımı zərb muğamların ritmində, oynaq bəstələmişəm – nisgilli oxumaq olmur onu. Niyə oynaq? Çünki istəmirəm, ermənilər düşünsün ki, biz yurd yerlərimizdən əl çəkib xiffət edirik. Qoy bilsinlər ki, o torpaqları da alacağıq.


İlqar Əlfioğlu: - Deməli, bir vətəndaş kimi inamlısınız...


Elza Seyidcahan: - Əlbəttə. Mənim içimdə bu inam olmasa, Ağdamın Quzanlısında konsert verərdim? Orda mənimlə görüşən insanları ümidləndirərdim? Mən torpaqları alacağımızı deyirəm, onlar da inanır. Onlar mənə necə inanırsa, mən də dövlət başçımıza eləcə inanıram.


İlqar Əlfioğlu: - Oralarda necə görürsünüz, camaat ümid bəsləməkdən yorulmayıb hələ?


Elza Seyidcahan: - Yox, yorulmayıblar. Qoy heç vaxt yorulmasınlar. Mən istəmirəm, onlar ümid bəsləsinlər. Ümid insanı xəyal qırıqlığına da apara bilər. Qoy, mənim kimi inansınlar buna! Sizə çox təşəkkür edirəm ki, belə mötəbər görüşə məni də dəvət etmisiniz. Burda məndən yaşlı, böyük fikir insanları əyləşib...


Gülər Əhmədova: - Xahiş edirəm sonuncu cümlə getməsin...


Qulu Məhərrəmli: - Narahat olmayın, yaş deyəndə, yəqin məni nəzərdə tutur...


İlqar Əlfioğlu: - Təbii, içimizdə qoca olanı bircə Qulu müəllimdi də... Gördünüz, özü də etiraf elədi. O ki, qaldı mənə - mən qora ikən möyüc olanlardanam, amma özümü heç o yerə qoymuram...


Qulu Məhərrəmli: - Zarafat bir kənara, amma Elza xanımı qınamayaq - bizim xalqda Qarabağ probleminin həllinə bir romantik baxış var. Hər şey həddindən ziyadə sadə, bəlkə də lap bəsit təsəvvür olunur.


İlqar Əlfioğlu: - Əslində bu problem elə mürəkkəbliyi qədər də sadədir.


Gülər Əhmədova: - Mən də elə düşünürəm. Dərin mahiyyətinə varanda belə, çox sadədir...


Qulu Məhərrəmli: - Sadədir, amma düşünəndə! Həyata keçirmək tamam başqa şeydir...


Elza Seyidcahan: - Bilirsiniz, mən niyə inanıram? Çünki baxanda görürəm ki, Tanrı heç xalqlara da hər şeyi birdən vermir. Məsələn yaponlara bacarıq, zəka, ağıl verib, amma təbii sərvətləri əsirgəyib. Başqa birisinə yerin altı və üstündəki bütün nemətləri əta edib, amma...


İlqar Əlfioğlu: - Bizi deyirsən? Bizə ağıl verməyi unudub?


(Televiziya verilişi olsaydı, bu məqamda “reklam fasiləsi” elan edib kadr arxasında möhkəm gülərdik. Amma burda aşkara güldük. Elza xanımın səmimiyyətinə yox, vəziyyətimizə...)


Elza Seyidcahan: - Yox, bizə ağıl da verib. İntəhası çox elə istifadə etmirik... Baxın, görün Azərbaycanın ən ucqar bölgələri necə sürətlə yenilənir, dəyişir. Gecə yatıb səhər duranda görürsən ki, məsələn Qusarda böyük bir istirahət mərkəzi quruldu... Mən inanıram ki, bir gün səhər də eşidəcəyik ki, Qarabağı qaytarıblar. Ola bilər?


İlqar Əlfioğlu: - Ay Elza xanım, kaş arzuların çin olaydı...


Qulu Məhərrəmli: - Sadəcə, mən bu “yatıb” kəlməsinin əleyhinəyəm...


İlqar Əlfioğlu: - Hə, yatsaq, o günü də görməyəcəyik.


Elza Seyidcahan: - Ola bilməz məgər? Mən möcüzələrə inanıram...


Qulu Məhərrəmli: - İnsanın əli hər şeydən üzüləndə, reallıq hissini itirəndə, möcüzəyə bel bağlayır. Möcüzə olmayacaq. Bu məsələdə möcüzə Azərbaycanın gücüdür – hərbi gücü. Son illərdə mən bu qənaətə gəlmişəm ki, Azərbaycan hərbi güc tətbiq etməsə, bu məsələ həll olunası deyil.


İlqar Əlfioğlu: - Bir problemin ki, çözüm yolu təkdir, deməli həqiqətən dolaşıq bir şey deyil, sadədir...


Qulu Məhərrəmli: - Gülər xanımın bayaq dedikləriylə razıyam. Bu məsələdə Ermənistanın öz mövqeyi yoxdur və ola da bilməz. Bu problem Rusiyanın regionda vəziyyətə nəzarət etmək üçün çıxardığı problemdir.


Gülər Əhmədova: - Hərbi güc həlledici amildir. Əbəs yerə deyil ki, prezidentimiz son illər bu sahəyə xüsusi önəm verir. Hərbi qüdrət, necə deyərlər, yaman günün yarağıdır. Amma o mərhələyədək biz çox yollardan keçməliydik. Görün, Qarabağ problemi ilə əlaqədar nə qədər tədbir olur. Amma onları keyfiyyət baxımından araşdırsaq, görərik ki, faydalı iş əmsalı çox aşağıdır. Bizimkilərin xarici ölkələrdə keçirdiyi tədbirlərdə elə Azərbaycan diasporunun nümayəndələrindən başqa kimsə olmur.


İlqar Əlfioğlu: - Belə çıxır ki, özümüz çalıb özümüz oynayırıq...


Gülər Əhmədova: - İndiyədək bu sahədə həqiqətən təsirli bircə kampaniya olub – Leyla Əliyevanın “Justes for Khocaly” tədbiri. Çox savadlı təşkil olunmuş; auditoriyaya düzgün hesablanmış; məqsədi aydın; uğurlu sloqanı olan; həm başlanğıc, həm də son nöqtəsi düzgün seçilmiş bir kampaniya idi. Heç şübhə etmirəm ki, bu kampaniyanın səmərəsi duyulacaq. Məncə bizə indi belə tədbirlər lazımdır.


Qulu Məhərrəmli: - Gülər xanımın dediyi həqiqətdir, amma on beş il qabaq da bu həqiqəti görürdük. Əslində biz ideoloji sahədə geri qaldıq. Bizdə Qarabağla əlaqədar iki-üç təşkilat var, ermənilərdə əlliyə yaxın. Biz onların təbliğat ştamplarını təqlid edərək gülünc vəziyyətə düşdük. Dünyanın qəbul etdiyi dili tapmalıydıq, amma tapa bilmədik.


İlqar Əlfioğlu: - Gec də olsa, bu olmalıdır. Gülər xanım demişkən, artıq azı bir uğurlu nümunəmiz var. Bir də ki, çəkici hamı bir nöqtəyə vurmalıdır...


Elza Seyidcahan: - Bu mənim də yaralı yerimdir. Təsəvvür edin ki, məni Hollandiyaya dörd dəfə çıxışa çağırıblar. Niyə? Çünki orada Azərbaycan diasporunun dörd təşkilatı var. Heç biri də digərini bəyənmir, bir-birinin dalınca danışır, bir-birinin uğursuzluğuna sevinir. Mən çox məyus oldum. Sonuncu konsertimdə dedim ki, kaş hamınız birləşib bir salona toplanaydınız, hərəniz də yanınıza qonşularınızı salıb gətirəydiniz... Onda mən də Azərbaycanı ürəklə təqdim edərdim. Onda bizi vahid bir xalq kimi görərdilər...


İlqar Əlfioğlu: - Gözəl arzudur. Həm də ona görə gözəldir ki, bu görüşdə gündəmə çıxarmaq istədiyim ikinci mövzuya birbaşa ayaq verir. Həftəmizin sonuncu iş günü “Facebook” şəbəkəsində yazışan bir qrup cavan tərəfindən “Böyük xalq günü” elan edilmişdi, bu hərəkata qoşulanların Bakıda etiraz aksiyaları keçirəcəyi haqda söhbətlər gedirdi. Amma həmin gün xəbərləri izlədim, bir-iki insidentdən başqa heç nə tapmadım. İstərdim, bu məsələyə qiymət verək. Gülər xanımın mövzu ilə birbaşa əlaqədar olan gözəl bir məqaləsi çıxıb. Məqalənin adı da çox simptomatikdir: “Bizə inqilab lazımdır”. Gülər xanım, doğrudan inqilab lazımdır bizə?


Gülər Əhmədova: - Əlbəttə! Amma “Facebook”da deyilən inqilabdan yox... İlqar müəllim, sizə bir sual verim: Yəni bu tədbiri bizim cavanlara aid edəcək qədər sadəlövhsünüz?


İlqar Əlfioğlu: - Mən bu görüşdə ev sahibiyəm və fikir öyrənmək istəyirəmsə, qədərində sadəlövhlük vəzifə borcumdur. Amma, düzünə qalsa, dəqiqini bilmirəm. Dünən çox hörmətli yoldaşlardan biri elan etdi ki, bu tədbirdə erməni izləri var. Bircə şeyi başa düşmədim – “erməni izi” varsa, bunu bir pedaqoq yox, Milli Təhlükəsizlik Nazirliyi elan etməliydi axı... İstərdim ki, bu məsələ ətrafında fikirlərinizi alım.

(Söhbətin bu yerində müsəlmansayağı bir “buyur-buyur” düşdü. Qulu Məhərrəmli sözü Gülər Əhmədovaya verməyimi təklif elədi – bəhanəsi də millət vəkilinin bu qəbil məsələlərdə çox məlumatlı olması, özününsə Amerikadan təzəcə qayıtması idi. Heç mənim “Amerikadan təzə qayıtmısınızsa, “Facesbook inqilabı” haqda məlumatınız yəqin daha çox olar” replikam belə gözlədiyim effekti vermədi: Qulu Məhərrəmli, yumşaq təbiətinə rəğmən, bu dəfə alınmaz qala kimi durmuşdu. Kompromis variant Elza Seyidcahan idi və o bir aparıcı kimi mənim halıma yanıb, “istəyirsiniz mən başlayım” dedi, amma mən də bu gözəl xanımın ürəkli jestindən sui-istifadə edəcək dərəcədə fürsətçi deyiləm axı – buna imkan vermədim. Mübahisə bir az da davam etdi, arqumentlər toqquşdu və əslində Gülər xanım gənclərə yaş etibariylə Qulu müəllimdən çox-çox yaxın olduğundan sözə başlamaq onun boyuna biçilmişdi deyə, mənim sonuncu, sarsıdıcı arqumentim öz effektini verdi – millət vəkilimiz razılaşdı. Deyim ki, yaş məsələsini bu dəfə ortaya atmağımla Qulu müəllimin də mövqeyində bir yumşalma duydum, danışmağa hazır idi, amma necə deyərlər, “o qatarın dalınca baxma...” Qatar artıq getmişdi. Və məzmununu hörmətli oxucularımıza açıqladığım “zahiri konsensus”dan sonra Gülər xanım sözə başladı.)


Gülər Əhmədova: - Bir qədər uzaqdan başlayacam...


İlqar Əlfioğlu: - Eyb etməz, mənzil yaxın olsun...


Gülər Əhmədova: - Amerika Rusiyayla çəkişmək üçün Əfqanıstana girdi – ha vuruşdu, ortaya bir şey çıxara bilmədi, çəkilib getdi. Amma diqqət verdiniz ki, İraqa nə qədər ağıllı, savadlı girdi? Girdi və qısa müddətdə bütün məsələlərini həll etdi... Elə bir zəmanədə yaşayırıq ki, bəzi şeyləri açıq etiraf etmək lazımdır. Bu gün “dünyanın jandarmı” roluna iki iddiaçı var – Rusiya və Amerika. Amma bunların dabanını basan daha bir dövlət də Çindir. Çinin gücü iqtisadi yüksəlişindədir. İndi dünyada konkret olaraq yeni şəbəkə yaranır. Təxminən iyirmi il qabaq bütün xalqların leksikonuna “qloballaşma” terminini atdılar. Dedilər ki, ümumi dünyada, ümumi fəza altında, ümumi ekoloji şəraitdə yaşayır və ümumi problemlərdən əziyyət çəkiriksə, qloballaşmalıyıq...


İlqar Əlfioğlu: - SSRİ-ni dağıdandan sonra yadlarına düşdü ki, qloballaşmaq lazımdır...


Gülər Əhmədova: - Bəli, qloballaşma şüarında Amerikanın dünya hegemonuna çevrilmək istəyi vardı. Bu gün isə həmin o qloballaşmanın ikinci fazasına qədəm qoymuşuq. Əyri oturaq, düz danışaq – nə Misirdə, nə Liviyada, nə Tunisdə insanlar acından, xəstəlikdən qırılmırdılar ki...


İlqar Əlfioğlu: - Hə, dünyanın ən kasıb dövlətləri deyildilər və hər halda, məsələn Hindistandan çox yaxşı yaşayırdılar...


Gülər Əhmədova: - Məsələn, Tunisdə işləməyən əhalinin sayı işləyənlərdən çox idi, hamısı da dolanmaq üçün dövlətdən vəsait alırdı. Amma görün, həmin regionda necə hadisələr oldu. Son illərin Hollivud filmlərində buna bənzər hadisələr dəfələrlə öz təsvirini tapıb və Hollivud Amerika ideoloji maşınının tərkib hissəsidir.


İlqar Əlfioğlu: - Demək istəyirsiniz ki, Hollivud bəlli vəziyyəti Amerikaya lazım olan sonluqla modelləşdirib beyinlərə yeridir və xalq bu uydurma modellər üzərində düşünərək buna can atır?


Gülər Əhmədova: - Elədir ki, var. Həmişə elə olub. Əvvəlcə göstərirlər, sonra başlayırlar yavaş-yavaş həyata keçirməyə. Rus da eyni üsuldan istifadə edir... Demək istəyirəm ki, Hollivud bir müddət əvvəl təbliğat maşınındakı əhəmiyyətli rolunu itirdi, “Facebook”, “Twitter” kimi sosial şəbəkələr yarandı. Mən “Facebook”un dörd tələbə tərəfindən yaranmasına inanacaq dərəcədə sadəlövh deyiləm. Bunlar Elza xanımın bayaq dediyi nağıllardandır.


İlqar Əlfioğlu: - “Göyçək Fatma” nağılının Amerika interpretasiyası...


Gülər Əhmədova: “Facebook” və başqa sosial şəbəkələr dünyanın qloballaşmasında önəmli rol oynayan alətlərdir. Belə şəbəkələr əslində yaxşı yaşayan, imkanlı adamlara hesablanmış şeylərdir.



İlqar Əlfioğlu: - Hə, kasıbın ondan nə xəbəri... Bizim vəziyyətimizdə “Facebook” ən çox xaricdə oxuyan və burdakı imkanlı cavanlar üçün ünsiyyət vasitəsidir.


Gülər Əhmədova: - Və Azərbaycanda bu şəbəkəyə girənlərin böyük əksəriyyəti hökuməti istəməyənlər deyil. Həmin bu “Böyük Xalq Günü”nü planlaşdıranlar bax, bunu hesablamayıblar. Bu isə ona dəlalət edir ki, Azərbaycan Amerika üçün hələ təzə ölkədir və bir sirr olaraq qalır.


İlqar Əlfioğlu: - Onlar nə bilsin ki, bizdə internetə çıxış birbaşa maddi vəziyyətlə bağlı bir şeydir. Onlar nə bilsin ki, bizdəki potensial “etiraz elektoratı” internetə girmək hayında deyil...


Gülər Əhmədova: - Mən sizə çox səmimi deyirəm, Amerika Azərbaycanda hələ iyirmi il heç nə edə bilməyəcək – nə yaxşılığa, nə pisliyə.


İlqar Əlfioğlu: - Deməli, belə düşünürsünüz ki, Amerika burada nəsə etmək istəyir?


Gülər Əhmədova: - Məncə, bu çox aşkar həqiqətdir. Amma Rusiyanın bu sahədə imkanları qat-qat genişdir.


İlqar Əlfioğlu: - Ruslar bizim dilimizi daha yaxşı bilir də, yüz əlli il bir köynəyin altında yaşamışıq...


Qulu Məhərrəmli: - Həm də Rusiyanın barmağı daha yaxındadır...


İlqar Əlfioğlu: - Hə, “barmaq” faktorunu da qulaqardına vurmaq olmaz...


Gülər Əhmədova: - Rusiyada iki milyondan artıq adamımız var. Kimdir, bu gün ingiliscə oxuyan? Bizim imkanlıların uşaqları.


İlqar Əlfioğlu: Elə Oksfordda oxuyan da onlardır – kasıbın nə işi var orda?..


Gülər Əhmədova: - Odur ki, mən “Facebook inqilabı”na hazırlaşanların hamısına başsağlığı verirəm. “Facebook” qloballaşmanın təsirli silahıdır, amma Azərbaycan üçün deyil.


İlqar Əlfioğlu: - Necə deyirlər – “şurası Azerbaycan!”
Qulu müəllim, sizi eşidək; deyəsən budəfəki məzuniyyət çox çəkdi...


Qulu Məhərrəmli: - Bilirsiniz, cəmiyyətdə narazılar var və hərə öz fikrini, düşüncələrini, emosiyalarını bir cür ifadə edir. Kimisi adam içində danışır, kimisi “Facebook”a yazır. İnsan narazılığını dilinə gətirmək imkanına malik olmalıdır. Gənclərin aktivləşməsini də mən müsbət amil sayıram. Lakin dağıdıcılıq, inkarçılıq tendensiyalarının əleyhinəyəm. Amma ümumiyyətlə götürəndə, mən Gülər xanım kimi düşünmürəm. Mən deməzdim ki, bu, Amerikanın Azərbaycan üçün hazırladığı addımdır.


Gülər Əhmədova: - Bəs nədən son günlər Amerika səfirliyinin müxtəlif məzmunlu görüşləri belə aktivləşib?


Qulu Məhərrəmli: - Bu ərəfədə ölkədə olmadığım üçün birmənalı söz deyə bilmərəm; təhlilə ehtiyac var. Amma bu, kiməsə və nəyəsə etiraz etmək üçün bizim gənclərin öz təşəbbüsüdürsə, alqışlanmalıdır.


İlqar Əlfioğlu: - Əslində siz eyni şeyi deyirsiniz. Sadəcə olaraq, eyni məsələyə müxtəlif rakursdan baxırsınız deyə, mənzərə fərqli olur.


Gülər Əhmədova: - Mən nə Amerikanı tənqid edirəm, nə də qınayıram – o öz işini görür...


Qulu Məhərrəmli: - Heç mən də Amerikanın tərəfini saxlamaq fikrində deyiləm...


İlqar Əlfioğlu: - Unudursunuz ki, hər bir insan özünün subyektiv fikrini dilinə gətirəndə belə, kiminsə dəyirmanına su tökə bilər. İnsan öz ideyasının dalınca əzmlə irəliləyəndə belə, hansısa daha böyük qüvvələrin alətinə çevrilə bilər və özü də bundan xəbərsiz olar. Məgər yaxın tariximizdə belə şeyləri az görmüşük? Mən də özünü ifadə etmək istəyən cavanlarımızı qınamıram. Amma gerçəklik belədir ki, indi bunun üçün geniş imkanlar var. Elə korrupsiyaya qarşı mübarizə üçün də gənc, qaynar ürəkli cavanlara ehtiyac var. Yaşlılar “demaqoqluq” etməkdən bəlkə də çəkinirlər, amma gənclərdə elə komplekslər yoxdur. Mübarizə aparmaq istəyirlərsə, buyursunlar, təşəbbüs göstərsinlər. Xalqın sabahına köklənmiş əməli işlər görsünlər. Bu daha faydalı olar.


Elza Seyidcahan: - Mən bir məsələni də diqqətinizə yetirmək istəyirəm. Pis şeyləri deməklə yanaşı, yaxşı cəhətləri də görmək lazımdır. Yoxsa elələri var ki, hər şeydən narazıdır. Ən yaxşı bir məsələdən də söz düşəndə, mütləq pisləyirlər. Elə adamların səmimiliyinə inanmıram.


Qulu Məhərrəmli: - Düzdür. O gün mən prezidentimizin Bakı şəhərindəki vəziyyətlə əlaqədar müşavirəsini diqqətlə izlədim. Orda çox vacib məsələlər qaldırıldı. Onlar öz həllini tapsa, gözəl olar. Prezident korrupsiya məsələsinə orda da toxundu. Bilirsiniz, kimsə bu xalqın büdcəsini talayıb özünü toxunulmaz hiss edirsə, bu çox pisdir.


İlqar Əlfioğlu: - Cəzasızlıq mühiti həmişə yeni cinayətə sövq edir.


Qulu Məhərrəmli: - Azərbaycan gəncləri daha yaxşı yaşamaq, bu ölkəni gözəlləşdirmək istəyirsə, alqışlanmalıdır. Lakin kiminsə əlində bilərəkdən alətə çevrilirsə, buna son qoyulmalıdır. Azərbaycan gənci bu gün rüşvətxor məmuru görəndə nifrətini ifadə edirsə, normaldır. Qoy, onun aktivliyindən həmin korrupsionerlər qorxsun.


Gülər Əhmədova: - Bir məsələni də qeyd etmək yerinə düşərdi. Amerikalılar bizi islam kontekstində qiymətləndirirlər. Bütün səhvləri də burdan qaynaqlanır. Bizi daha çox Qafqaz kontekstində qiymətləndirmək lazımdır. Ruslar bunu yaxşı bilir. Amerikanın İslam dünyasına hesablanmış heç bir layihəsi Azərbaycanda gerçəkləşə bilməz.


Qulu Məhərrəmli: - Çox dəqiq mülahizədir. Əslində bizdəki tolerantlıq da bundan qaynaqlanır. Bizim genetik yaddaşımız da çox fərqli yaddaşdır.


Gülər Əhmədova: - Bizi anlamaq üçün Qafqaz üstəgəl İslam kontekstindən yanaşmalıdırlar. Bizim millət təhsilə, inkişafa çox meyllidir. Mənim bizdə bu gün ən çox bəyəndiyim şey həmin o bəyənmədiyim korrupsioner məmurların öz övladlarını təhsil almaq üçün xaricə yollamalarıdır. İndi “Facebook”dakıların azı 60-70 faizi həmin insanların yaxın ətrafıdır.


İlqar Əlfioğlu: Onlar da bu vətənin övladları, bizim balalarımızdır. Əsas olanı budur ki, Avropa təhsili alandan sonra, ordakı sosial ədaləti görəndən sonra vətənə dönərək bəzi şeylərlə barışmaq fikrini özlərindən uzaqlaşdırsınlar, özlərini bizə yox, bizi özlərinə oxşatmaq üçün mübarizə aparsınlar.
Bu söhbətdən mən belə bir nəticə əxz etdim ki, “Facebook”la Azərbaycanda bir şey hasil olası deyil.


Qulu Məhərrəmli: - Mən bir də Bakı mövzusundakı müşavirəyə qayıdıram və bir balaca pessimist notda davam edəcəyəm. İndiki məmurların yeni formata necə uyacağı məndə şübhə doğurur.


İlqar Əlfioğlu: - Şübhə doğurar da. Bazarda qiymətlər bahalanıb, yumurta az qala 30 qəpiyə çıxmışdı, məmur bunu dünya bazarındakı yem qiymətlərinin artımı ilə əsaslandırırdı. Amma nə oldu? Prezident bu məsələni ciddiyə alan kimi, yumurta düşdü. Quşçuluq fabrikləri ilin on ayı böyük gəlirlə işləyir. Nə olar, qoy iki ay da ziyan eləsin.


Gülər Əhmədova: Heç bir ölkədə ərzağın qiymətini başlı-başına buraxmırlar. Bizdə də buna real nəzarət mexanizmləri olmalıdır. Dövlət kənd təsərrüfatına güzəştli kreditlər verirsə, ərzağın maksimum satış qiymətini ədalətlə müəyyənləşdirməlidir. Və heç kəs o qiymətdən yuxarı satmağa cəsarət etməməlidir.


Qulu Məhərrəmli: - Hər şeyi insan nəfsinə buraxmaq olmaz.


İlqar Əlfioğlu: - Nahaq yerə deməyiblər ki, insanın ən böyük savaşı öz nəfsiylə olur və bu savaşdan tək-tük adam qalib çıxa bilər. Elza xanımın səsi bayaqdan çıxmır, xeyir ola... Bahalaşmanın sizə təsiri yoxdur?


Elza Seyidcahan: - Vallah, səmimi deyim, bahalaşmanın mənə aidiyyəti yoxdur. Bilirsiniz ki, sənətkarı xalq dolandırır...


Qulu Məhərrəmli: - Siz də bu xalqın sənətçi övladısınız. Xalqın güzəranı pisləşəndə sənətçisini də pis dolandırır.


İlqar Əlfioğlu: - Mən başa düşmədim, Elza xanım bəlkə heç yumurta yemir...


Elza Seyidcahan: - Xoşbəxt adamam ki, cibimdə, kasıbın olanından, məsələn yüz dollar gedirəm xaricə, öz pulumu xərcləməmiş qayıdıram. Hələ üstəlik hədiyyələrlə qayıdıram. Zarafat bir kənara, mən gündəlik həyatımızda olan qüsurları sizin qədər olmasa da, hər halda görürəm. Amma prezidentimizə inandığım üçün bunların hamısını düzəldəcəyinə inanıram. Tikilən evlərin qeydiyyata alınması da belə məsələlərdəndir. O gün bərk-bərk tapşırdı ki, camaatı incitməsinlər. Ev müqəddəs şeydir. İnsanın bütün ömrü boyu qazandığı bir evidirsə və o da sənədsizdirsə, hansı məmur istəsə, sökə bilər. Amma Prezidentimizin o gün verdiyi tapşırıqlardan sonra camaatın dərdinin biri də azalacaq. Mən görürəm ki, o da, Mehriban xanım da hər şeyin yaxşı olmasına çalışır. İnanıram ki, yaxşı da olacaq.


Qulu Məhərrəmli: Təki olsun. Necə deyərlər, niyyətin hara, mənzilin də ora...


Gülər Əhmədova: - Amma mənim dərindən inandığım bir şey var: Əgər İlham Əliyev bu siyasəti əzmlə, sona kimi aparsa, əsl inqilabı o etmiş olacaq. Təbii ki, hamı razı qalmayacaq; narazılar da olacaq - əsas məsələ siyasi iradə və əzmdir.


İlqar Əlfioğlu: - İradə və əzm görünür. Narazıların olacağı da bəllidir. Əsas məsələ bu gündən etibarən yeni formatın tələblərinə cavab verməkdir. Dövlət aparatının yeni siyasətiylə sinxron hərəkət etməyənlər mütləq əziləcək, sıradan çıxacaq və onların yerini həmin o xaricdə oxumuş cavanlarımız tutacaq. Söhbətimizi elə bu nikbin notda bitirək. Sizin hər birinizlə dərdləşmək xoş idi. Təklifimizi qəbul etdiyiniz üçün Lent.Az portalının bütün kollektivi adından sizə uğur diləyirəm.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 637

Oxşar yazılar