Sədrəddin İsgəndərov: “Güllə sifətimə dəydi, heç bir yanı görmürdüm...” - DÖYÜŞ HEKAYƏTİ - FOTO
Üç dəfə güllə yarası alıb, bir dəfə kontuziyaya məruz qalıb. Bir gözünün nurunu itirib, sifəti tanınmaz hala düşüb. Ölümün astanasına gəlib, kəlmeyi-şəhadətini oxuyub, sağ qalmağı da bir möcüzədir. Bu gün də çoxlu sayda oğul övladının olmasını, onların düşmənə sipərə çevrilib, işğal olunmuş Vətən torpaqlarının azadlığı uğrunda mübarizəyə qatılmalarını istəyir. Özü də müharibə başlasa, mütləq ön sırada olacağını deyir. Lent.az-ın “Döyüş tariximiz” rubrikasının qonağı keçmiş döyüşçü, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Hüquq departamentinin rəisi Sədrəddin İsgəndərovdur...
“200-dən artıq erməni döyüşçüsü məhv edildi”
Moskva Dövlət Universitetinin hüquq fakültəsinin hazırlıq şöbəsinə daxil olmuşdum. Azərbaycanda baş verən olaylar, ermənilərin torpaq iddiasından sonra Azərbaycana gəldim, Bakı Dövlət Universitetində təhsilimi davam etdirdim. 1991-ci ilin sonunda orduya yazıldım. Bir müddət Milli Müdafiə Şurasında hazırlıq keçəndən sonra məni 5 fevral 1992-ci ildə yeni yaranmış Azərbaycan Milli Ordusunun sıralarına daxil etdilər. Birinci dəstə Şuşaya getdi, mən onlarla gedə bilmədim. Bunun da səbəbi evdə telefonun olmaması idi. Səhər gələndə gördüm ki, uşaqların birinci dəstəsi Şuşaya gedib. Mart ayında Şuşaya çatdım. 5 gün sonra, martın 28-də bizim döyüşümüz oldu. Səhər saat 4-5 radələrində hücum başlandı. Döyüşçülər 7 postu alaraq, Kərkicahan kəndinə çıxdılar. 200-dən artıq erməni döyüşçüsü məhv edildi. Bizim hissə o vaxt Şuşanın Şüşülü kəndində yerləşirdi. 12 nəfərimiz şəhid oldu. O döyüşlərdə iştirak edən 6 nəfərə Milli Qəhrəman adı verildi. Bizimlə Kosalar kəndindən olan Tabil, Rasim adlı uşaqlar vardı. Onlar da, Ənvər, Tərlan, Azərbaycanın Milli Qəhrəmanı Fərhad Qəmbərov da şəhid oldular. Həmin döyüşdə Kərkicahanı ala bilməməyimizin yeganə səbəbi o oldu ki, həmin gün bizə uzağı səhər saat 9:00 radələrində zirehli texnikanın köməyi vəd olunmuşdu. Zirehli texnika axşam saat 5-ə qədər gəlmədi. Ermənilər zirehli texnikanın köməyi ilə hücum etməyə başlamışdılar. Saat 5-ə yaxın N saylı hərbi hissənin döyüşçülərinin köməyi ilə geri çəkilməyə başladıq. Bizə o hərbçilər köməyə gəlməsə idilər, geri çəkilə bilməyəcəkdik. Çünki dizdən yuxarı qar vardı. Biz geri çəkilməli olduq.
“Şuşanı geri qaytarmaq üçün hazırlanan hücumu təxirə saldılar”
Kosalar kəndinin yuxarı hissəsində “Fənər” deyilən bir yüksəklik vardı. O yüksəkliyə ermənilər də, biz də yol çəkirdik. Ora birinci “Qrad”ları yerləşdirməyə çalışırdıq. Çünki Şuşanın ən yüksək hissəsi məhz Fənər adlanan hissə idi. Bizimkilər 3 gün əvvəl o yolu çəkdilər və post quruldu. Biz 25 nəfər olmaqla, 4 gün 4 gecə Fənər postunda qaldıq. Bir məqamı qeyd edim. Mən Ağdamda Xramort postunda olmuşam. O postun əhəmiyyəti o idi ki, kənd bütünlüklə ermənilərdə, yalnız məktəb bizdə idi. Ermənilərlə bizim aramızda 15-16 metr vardı. Əgər ermənilər Xramort kəndində məktəbi ələ keçirsələr idi, dərhal 1-1,5 kilometr aralıda olan Qarağacı qəbiristanlığına çıxırdılar. Ora da Ağdamın kənarı idi. Amma mən intensiv döyüşlərin getdiyinə və çox böyük təhlükə mənbəyi olmasına görə Fənər postunu Xramort postundan çox üstün tuturam. Xramort postunda bizi zenit batareyaları qoruyurdusa, Fənər postunda elə bir şey yox idi. Postda 25 nəfərdən ibarət dəstə idik, 6-8 kilometr məsafədə heç kim yox idi. Ermənilər gecə səhərə qədər bizimlə döyüşürdülər. Bir dəfə 10 saata qədər döyüş davam etdi. Ermənilər bizə yaxınlaşırdılar, biz yuxarıda yerləşdiyimizə görə geri çəkilməli olurdular. 4 gündən sonra bizi dəyişdilər və aprel ayının 4-də Şuşaya qayıtdıq. Şuşada 2 gün olandan sonra bizi Laçının Kirs dağına göndərdilər.
Kirs dağının ətəyində Müsəlmanlar və Yeni Qışlaq kəndi vardı. O kəndlərdə postlarımızı qurmuşduq, kəşfiyyata gedirdik. Əmr verilsə, biz döyüşə gedəcəkdik. Lakin döyüş əməliyyatlarına icazə verilmədi. Səbəbi mənə də məlum deyil. Ermənilərin Köhnə Qışlaq kəndinin yaxınlığında Zabux dəhlizindən əlavə bir dəhlizdən açıblar. Orada Xocabird kəndi vardı, o kəndi tutmaq istəyirdik. Lakin bizə hücum əmri verilmədi, hücumun may ayının əvvəlində olacağı bildirilirdi. May ayının əvvəlində bölmə komandirimiz bizi yığıb dedi ki, Müdafiə Nazirliyinə gedirəm, görüm nə məsələdir. İş elə gətirdi ki, mart ayında həlak olan uşaqların qırxı yaxınlaşdı. Buna görə mayın 7-də bizdən 3 nəfəri Bakıya göndərmək istəyirdik. Ancaq bizə dedilər ki, bütün tağımla Bakıya gedin. Bütün bölüyə məzuniyyət kağızı verdilər. Mən onlardan 1 gün qabaq gəlmişdim, çünki anam həddindən artıq ağır vəziyyətdə idi. Mən onların hamısını Bakıda görəndə məəttəl qaldım. Səhər Bakıya düşəndə aydın oldu ki, Şuşa əldən gedib. Uşaqların əllərində sənəd vardı, hamısı geri, Laçına qayıtdılar. Şuşaya iri miqyaslı hücumda iştirak etmək istəyirdilər. 3 gün sonra Bakıya qayıtdılar. Dedilər ki, son anda Şuşanı geri qaytarmaq üçün hazırlanan iri miqyaslı hücumu təxirə saldılar, Şuşaya hücum olmadı. Uşaqlar belə qərara gəldilər ki, hərə bir istiqamətə getsin.
“Yenə dəstək gəlmədi”
O vaxt Qazaxda Alik Muradov vardı, uşaqların bir hissəsi onun yanına getdilər. Mən uşaqların digər hissəsi ilə Ağdama, Baş Qərvənd kəndinə getdim. Şuşada Azərbaycan Qarabağa Könüllü Müdafiə taboru adlanırdı, Qərvənddə isə N saylı hərbi hissə adlandı. Bu hərbi hissədə əvvəlcə əsgər, sonra tağım komandirinin müavini, tağım komandiri, bölmə komandirinin müavini, bölmə komandiri, yaralanandan sonra arxa cəbhə üzrə komandir müavini, orduya gələndən 1 il sonra, 1993-cü il 5 fevralda hərbi hissənin qərargah rəisi təyin olundum. Ağdama gələndə ilk döyüşümüz 15 avqust 1992-ci ildə Yenikənd kəndi uğrunda oldu. Yenikənd Gülablı kəndindən 8-10 kilometr aşağıdadır. O döyüşdə 12 nəfərimiz şəhid oldu. Kənddə erməninin texnikasını da vurduq. Ancaq əvvəlcə nəzərdə tutulduğu kimi, bizə bir neçə istiqamətdən vəd olunan dəstək gəlmədi. Geri çəkilməli olduq...
Bizim döyüşçülər əsasən Abdal-Gulablı kəndində yerləşirdi. Avqustun 31-də uşaqları oradan çıxardılar ki, sizi polislərlə əvəz edirlər, siz Sırxavəndə hücuma gedəcəksiniz. Açığı, bizim uşaqlar əvvəlcədən oradan çıxmağa razı deyildilər. Çünki polislərin gücü ilə Abdal-Gülablını qorumağın mümkünsüz olduğunu bilirdilər. Sentyabrın 3-də Sırxavənd kəndi yaxınlığındakı yüksəkliyə hücum etdik. Həmin yüksəkliyi 2 dəfə ələ keçirdik. Ermənilər yüksəklik boyu bütün meşəliyi, sıldırımın yanından keçən kiçik yolu da minalamışdılar. Uşaqlar həm o sıldırımın üstü, həm də yolla getdilər. Çox dəhşətli atışma gedirdi. Minanın partlaması ilə mənim tağımımda olan 2 nəfər yaralandı. Amma biz minalanmış sahəni aşdıq. 2 dəfə o postu aldıq. Lakin yenə də bizim köməyimizə texnika göndərilmədi. Ermənilərin “PDM-2” zirehli texnikası hücuma keçdi. “PDM-2”-nin bir xüsusiyyəti var, 500-dən artıq mərmisi olur və hamısını avtomatik atır. Bizim orada uşaqlardan 2 nəfər qaldı, çıxara bilmədik. Mən onların adlarını çəkmirəm, çünki Şəhidlər Xiyabanında dəfn olunublar, ancaq qəbirləri əslində boşdur...
Sentyabrın 5-də səhər-səhər bizə dedilər ki, Abdal-Gülablı əldən gedib. Abdal-Gülablının geri alınması üçün bizim tərəfdən 4 hücum təşkil olundu. Amma kəndə çatmamış erməninin texnikası fermanın yanından bizi vururdu, irəliləmək mümkün deyildi. Bizim hərbi hissənin cəmi 1 ədəd “PDM-1” və 1 ədəd də “PDM-2”-si vardı. Ermənilərin isə orada çoxlu texnikası yerləşmişdi. Kəndi geri qaytarmaq mümkün olmadı.
“Hiss etdim ki, sağ ayağım silkələndi”
Abdal-Gulablı gedəndən sonra bizdə çox böyük ruh düşkünlüyü yaranmışdı. Abdal-Gülablı elə bir strateji mövqe idi ki, onu əldən vermək olmazdı. Bu kəndi 1992-ci ilin may ayında ermənilər bir dəfə almışdı. Amma elə may aynıda bizim əsgərlər Aranzəmi, Pircamal, Naxçıvanik və bir neçə kəndi almışdılar. Abdul-Gülablının əldən verilməsi artıq Azərbaycan ordusunun geriləməsi idi. Artıq ermənilər Aran Qarabağa çıxırdılar. - Bizimkilər revanş götürmək üçün Xocavənd rayonunun Qarakənd kəndinə hücum etməyə qərar verdilər. 1912-ci il sentyabrın 19-da hücum oldu. Kəşfiyyat son dərəcə bərbad təşkil olunmuşdu. Çünki şəxsən mən o zaman bölük komandirinin müavini idim. Bizə demişdilər ki, orada cəmi 1 post var. Mən 25 nəfər döyüşçü ilə ora çıxanda gördüm ki, o tərəfdə 2 dənə də əlavə post var. 3 postdan da atəş açıldı. O döyüşdə mənə 3 güllə dəydi. Birinci 5,45 çaplı avtomat gülləsi sifətimə dəydi. O güllənin belə bir xüsusiyyəti var ki, sümüyə dəyəndə istiqamətini dəyişir. Güllə istiqamətini dəyişdi, üzümdən çıxdı, sonra sinəmdəki snayper darağına dəyərək keçdi. Sifətim qana boyandı, heç bir yanı görmürdüm. Mən yerə uzandım. Gördüm ki, qışqırırlar ki, ermənilər gəlir. Qumbaranı çıxardım ki, nə olar, olar. Arxadan səs gəldi. Şəkinin Böyük Dəhnə kəndindən Azər Yusifov adlı oğlan vardı. Bütün sifətim qan olduğu üçün hansı tərəfə yıxıldığımı da bilmirdim. O mənə dedi ki, arxa tərəfə gəl, mən səni görürəm. Arxa tərəfə fırlandım və üzü aşağı sürünməyə başladım. Daşın üstündən keçəndə hiss etdim ki, sağ ayağım sirkələndi. Əlimi vurdum ki, çəkmənin bağları qırılıb. Ayağıma güllə dəyib, ayaqqabının üstündən çıxmışdı. Bildim ki, ermənilər mənə buradan çıxmağa imkan verməyəcəklər. Əvvəlcə sürünürdüm, sonra çevrilərək fırlanmağa başladım. Bir də ayıldım ki, qayadan yerə gələrək yıxılmışam. Sifətim daşa dəyəndə burnum partlayıb, qan açılıb. Uşaqlar sifətimi bağlayanda soruşdum ki, ermənilər hansı tərəfdədirlər? Ermənilərin arxada olduğunu söylədilər. Sifətim bağlanan zaman gözüm bir az görürdü. Həmin vaxt iki qayanın arasından keçirdik və erməninin atdığı güllə daşa dəyib, yenə məni tapdı. Gözümün biri o vaxtdan tamam görmür. Artıq üzümün dərisi tamam sallanırdı. Bir ayağıma güllə dəymişdi. Azər məni çağırır, mən də bir ayağımın üstündə və yaralı ayağımın pəncəsi üstündə onun arxasınca gedirdim. O erməni nişançı məni xeyli qovdu. Başa düşmürdüm ki, niyə mənə güllə atır. Bir neçə ildən sonra mənə aydın oldu ki, bu, üzərimdəki zirehli gödəkcə ilə bağlı olub. Gödəkcənin üzərinə avtomat daraqları asmışdım. Snayper də əynimdə zirehli gödəkçə olduğu üçün məni hədəf seçib. Sonra kanala düşəndən sonra məni hospitala apardılar.
“Qardaşıma demişdilər ki, şəhid olmuşam”
Kiçik qardaşım Şamo Daxili Qoşunlarda idi. Milli Qəhrəman Ənvər Arazovun hərbi hissəsində döyüşüb. Ənvər Arazov 1992-ci ildə şəhid olub. Qardaşıma demişdilər ki, şəhid olmuşam. Noyabrın əvvəlində hospitaldan Daxili Qoşunlarda olan qardaşımı Tərtərə aparmaq adı ilə çıxdım. Hospitaldan çıxan günün sabahı yenə müharibəyə qayıtdım. Ümumiyyətlə, altı qardaşıq, dördümüz müharibədə olmuşuq...
İndi adam sifətinə düşmüşəm, o vaxt bütün sifətim sıradan çıxmışdı, ağzım yana doğru yuxarı qalxmışdı. Mənim döyüşməyə imkanım yox idi. Ancaq hospitalda qala bilmirdim. Gözümün də cərrahi əməliyyat olunmasına ehtiyac vardı. İndi də sağ gözüm görmür. Hərbi hissənin komandiri məni arxa hissə üzrə komandir müavini təyin etdi. Mənim gücüm də ancaq ona çatardı...
Bizdə ən böyük döyüşlərdən biri 1992-ci il dekabrın 6-da Mərzili kəndində oldu. Orada maraqlı bir situasiya oldu. Briqada komandiri Feyzullayev dedi ki, ermənilər Mərzilini alıblar. Komandirimiz dedi ki, bir yeri verib, digər yeri alırlar, bu, necə müharibədir? Bizdə könüllü batalyon idi. Uşaqlar dedilər ki, döyüşə getmək lazımdır, getdik. O döyüşdə 6 nəfərimiz həlak oldu. Onların arasında xaçmazlı Bayram, sumqayıtlı Nahid də vardı. Dekabrın 6-da Mərzili kəndini geri aldıq. O kənddə 3 erməni tankı da vuruldu. O döyüşdə çox unikal bir epizod da oldu. Bizdə Qəbələnin Vəndam kəndindən bir oğlan vardı, Habil Qarayev, “Müəllimoğlu” deyirdik. Onu erməni PDM-i qovurdu. O da hasardan atlanıb gah o həyətə, gah bu həyətə keçirdi. Habil orada 3 yaşlı uşaq da görür, onu da özü ilə götürür. Habil orada yaralı bir Azərbaycan əsgəri də görür. Əsgər deyib ki, məni də apar. Habil deyib ki, qardaş, mümkün deyil, uşağı çıxarmalıyam. Oğlan Habilə deyib ki, heç olmasa, bir qumbara ver. Qumbara verib, geri çevrilən kimi həmin əsgərimiz özünü partlatdı. PDM də Habilin qabağına çıxır, qaçmağa yer olmur. Habil orada uşağı PDM-ə göstərib, əlini boğazına qoydu. PDM çevrildi. O səhnəni biz gördük. Yəqin ki, PDM-dəki ruslar idi, atəş açmadılar. Ümumiyyətlə, ermənilərin texnikasının əksəriyyətini ruslar idarə edirdilər. PDM çevrilib gedəndə onu bizim uşaqlardan ikisi vurdu. Onlardan biri hazırda İmişli rayonunun Bəhramtəpə kəndində yaşayan Şakir adlı oğlan idi. Birinci PDM-i o vurdu. PDM yerində fırlandı. Bu məqamda Şəki rayonundan olan Elşad Yəhyayev PDM-İ təkrar vurdu. PDM 2 gün yandı...
Biz Mərzilini 2 dəfə almışıq. Dekabrın 6-da və 1993-cü il iyunun 12-də. Amma sonuncu döyüşdən 5-3 gündən sonra Mərzili yenə itirildi.
Xramort postu
Daim lokal miqyaslı döyüşlər olurdu. 1993-cü il fevralın 22-də ermənilər Şelli kəndinin yuxarı hissəsini almışdılar. Orada rəhmətlik Ərşadın Kəngərli taboru vardı. Biz səhər gedib, həmin yüksəkliyi aldıq, 4 ermənini öldürdük, onların silahlarını və 1 qumbaraatanı götürdük.
Biz 2 aydan artıq Xramortu saxlamışıq. Bəstəkar Arif Məlikovun əmisi oğlu Zakir Məlikov vardı. Xramort postunu onun taboru qoruyurdu. Onlar Xramortdan çıxıb, mövqeləri bizə təhvil verdilər. Bu, 1993-cü ilin aprel ayında olub. Biz Xramortu iyunun 28-ə qədər saxladıq. Mən iyunun 28-də hospitaldan çıxdım.
Martın 8-də Xramortda çox dəhşətli bir döyüş oldu. Bizə radioəlaqə ilə xəbər verdilər ki, artıq itki var. Mən o vaxt gecə görmürdüm. Buna toyuq korluğu deyirlər, uşaqlar əlimdən tutub aparırdılar. Səbəbi o idi ki, 1993-cü ildə aprelin 13-də Mərzilidən keçib, Ağdamdan Füzuli istiqamətində yolu nəzarətə götürmək istəyirdim. Orada Çeyildağ adlanan daş karxanası var. Məsələ ondadır ki, mən Qaradağ rayonunda Çeyildağ qəsəbəsində anadan olmuşam. Elə döyüşlərdə də Çeyildağ adlı yerdə kontuziya aldım. Qazax rayonunun Orta Salahlı kəndindən Samir deyə çağırdığımız bir oğlan vardı. Mən onu çıxaranda qabağımızda PDM-in mərmisi partladı. Dəhşətli kontuziya almışdım. Ağız-burnumdan qan gəldi. Ondan sonra toyuq korluğu başladı, qaranlıq düşəndən sonra bir yerə gedəndə əlimdən tutub aparırdılar...
Mənə Ələsgər dayı adlı bir yaxın adam zorla oğlunu verdi ki, döyüşə apar. Mən də dedim ki, axı bir oğlun mənim yanımdadır, bunu hara aparım? Atası qayıtdı ki, ölsə də, döyüşdə öləcək. Daşqın dedi ki, posta gedirəm. Bizdə də ən dəhşətli post Xramortdakı post idi. Elə gedən gün şəhid xəbəri gəldi. Ürəyimə gəldi ki, ölən Daşqındır. Qardaşına deyə bilmədim ki, Daşqın postda həlak olub. Həlak olan 20 Yanvarda şəhid olmuş Fəridə xanımın oğlu Pərviz Abbasov idi. Pərviz 16-17 oğlan idi. Erməni kəşfiyyatı gələndə həyəcanlanıb ayağa durmuşdu. İki ermənini vurmuşdu. Ermənilər də snayper tüfəngi ilə onu ürəyindən vurmuşdular...
Xramortda bir olay oldu, onu ömrüm boyu unutmayacam. Xramort kəndində postun qorunmasına mənim siyasi məsələlər üzrə müavinim Novruzov Allahverən Novruz oğlu rəhbərlik edirdi. Mənim Qarabağda gördüyüm 5 ən yaxşı döyüşçüdən biridir. İlk dəfə Azərbaycan ordusunda pivə bankalarına partlayıcı maddə qoyub, məktəbin ətrafını minalamışdı. Allahverən kişi dedi ki, təcili Xramorta gəlin. Xramortda məktəb kəndin aşağı, çıxış tərəfində idi. Məktəbə getmək üçün dərinliyi 1 metrdən də az olan yarğan vardı. Arasında 15 metr məsafə vardı. Ermənilər gündüzlər qorxudan atəş açmırdılar. Amma Fərrux dağı istiqamətində ermənilərin 12 postu vardı. Biz gecə Xramorta getdik. Xramortdakı məktəbdə bizdən 22 nəfər olurdu. Allahverən kişi dedi ki, gündüz ermənilərdən biri onu söhbətə çağırıb. O da uşaqlara deyib ki, məktəbdən çıxıb ortada görüşəcəklər, erməni ondan yapışsa, qumbaraatanla hər ikisini vursunlar. Erməni ilə görüşüb. Erməni deyib ki, adı Məcnun, anasının adı Leylidır, əsli Əli-Bayramlı şəhərindəndir. Ağlayıb, deyib ki, ermənilər onlara zülm verirlər, ailələri cəbhə zonasındakı Xanabadda yerləşir, 2 aydan bir görüşürlər. Deyib ki, biz sizə, siz də bizə atəş açmayın. Onu da deyim ki, bizdə güllə məsələsi çox kasad idi. Köhnə, palçığa batmış patronları dizellə yuyub yığırdılar. Erməni Məcnun Allahverən kişiyə deyib ki, bizə siqaret verin. Allahverən də bildirib ki, siqareti sənə elə-belə verə bilmərik, bizi cəzalandırarlar, əvəzində güllə ver. 2 buxanka çörəyə və 1 siqaretə Allahverən kişi ondan 3 sink güllə aldı. Hər sinkdə 2 min güllə olur. Erməni Allahverən kişiyə deyib ki, siz bizə, biz də sizə güllə atmayaq, ancaq siz bizlərdən birini İran tərəfə keçirin, İran tərəfdən bizə şifrəli məktub gələcək. Erməni bildirib ki, əgər məktubda dedikləri şey yazılıbsa, buranı azərbaycanlılara təhvil verib gedəcəklər. Əgər biz doğrudan Xramort kəndini götürə bilsəydik, bir gecədə 12 erməni postunun hamısını ləğv edirdik və Fərrux dağı bizim idi. Bu məsələ ilə bağlı dərhal briqadaya, briqada Müdafiə Nazirliyinə xəbər verdi. O vaxt Müdafiə Nazirliyindən kəşfiyyat üzrə polkovnik Ələsgərov gəldi. Eşitdiyimə görə, sonra Zəngilanda onun gözünə güllə dəydi. O gəldi, danışdılar. 3 gün sonra Allahverən kişi Məcnun deyə çağıranda dedilər ki, burada Məcnun yoxdur. Bir gecənin ərzində bütün erməniləri orada dəyişdilər. Niyə elə oldu, indiyə qədər bilmirəm.
“Zombi kimi gözünü qırpmırdı, dəhşətə gəldim”
Ondan sonra ermənilər məktəbi götürmək üçün kəşfiyyata, hücuma başladı. Bu, sonda ona gətirib çıxardı ki, iyun ayında bizim zenit batareyası geri çəkildi. O zenit batareyaları Sultan bəy kimi tanınan Çingizə tabe idi. O zenit batareyaları geri götürüləndən sonra artıq Xramortu qorumaq mümkün deyildi. Bilmirəm ki, zenit batareyalarını niyə geri çəkdilər, əmr olmuşdu, yoxsa nə idi. O vaxt mən hospitalda idim. Gəlib soruşdum ki, niyə belə oldu, dedilər ki, Çingiz zenit batareyalarını geri götürdü. Əslində Xramortdakı mövqeyimizi zenit batareyaları qoruyurdu. Zenit batareyaları atan kimi ermənilər sakitcə dururdular. Zenit batareyaları geri götürülən kimi ermənilər dərhal Xramortun qarşısını kəsdilər və 3 gün, 3 gecə oranı vurmağa başladılar. Məktəbi tankla vurdular. Tank vurandan sonra məktəbin ikinci mərtəbəsi çökdü və bir neçə nəfərimiz dağıntı altında qaldı.
Orada Ağdaşdan Vidadi adlı oğlan vardı. Ermənilər deyiblər ki, PK pulemyotçusunu verin, biz sizin hamınızı buraxırıq. 3 gün 3 gecə ora yemək aparmaq mümkün olmadı. Məktəbin pəncərəsindən düz yarğana düşürdün, qapı açıqlığa çıxırdı. Erməni də elə bilirdi ki, o, yarğana düşəcək, qapını qorumurdular. Vidadi ac-susuz 3 gün döyüşüb, pulemyotla məktəbin qapısından çıxanda görüb ki, ermənilərin yarısı o yana, yarısı bu yana baxır. Dərhal atəş açaraq onları vurub və qaçmağa başlayıb. Yolda gələndə arxası ilə gələn 3 erməninin də birini vurub. O, hərbi hissəyə gəldi. Vəziyyəti həddən artıq pis idi, zombi kimi gözünü qırpmırdı. Mən dəhşətə gəldim ki, o, necə vəziyyətə düşüb.
Ayın 27-də ermənilər artıq Papravənd kəndini alırdılar, döyüş gedirdi. Biz Papravənd kəndinə girdik. Biz elə bilirdik ki, Papravənd kəndi bizdədir, sən demə, ermənilərdə imiş. Elə qarışıqlıq düşmüşdü ki... Allahverən kişi erməni tankından və maşınından saat soruşurdu. Allahverən kişi dedi ki, deyəsən, tankın üzərində bayraq nə isə səhv idi. Dərhal pusquda durduq. Nömrəsi “11- 25 NKA” olan bir erməni maşını gəldi. Saxladıq, əsir götürmək istəyəndə müqavimət göstərdilər, dərhal həm sürücünü, həm də zabiti vurduq. Bizimkilərdən biri, Tovuzun Qovlar qəsəbəsindən olan və “Şpana” deyə çağırdığımız oğlan iyunun 12-də Mərzilidə əsir düşmüşdü. Onunla dəyişdirmək üçün erməni zabitin meyitini götürdük. Kəndin içərisində çox dəhşətli atışma düşdü. Artıq erməni texnikası gəlməyə başladı. Biz 21 nəfər idik, 1 qumbaraatanımız vardı. Geri çəkiləndə gördük ki, əsgərlərimiz Papravənddən geridə, kanalın arxasında mövqe tuturlar. Bizim ağlımıza da gəlmirdi ki, əsgərlərimiz ikinci eşalon kimi orada yerləşirlər və Paprəvəndin əldən getməsindən xəbərləri var.
“İstəyirdim ki, döyüşdən çiyində gəlim”
Artıq özümü çox pis hiss edirdim. Fikirləşirdim ki, artıq ölmək vaxtımdır. Həm də insan döyüşdə bir başqa cür olur. İstəyirdim ki, döyüşdə çiyində gəlim. Amma gəlib evdə ölmək mənə pis gəlirdi. Lakin ölmədim, yavaş-yavaş sağalmağa başladım.
Paravənddən Baş Qərvənd kəndinə qayıtdıq. Artıq o vaxt Sürət Hüseynovun məsələsi vardı, 15 iyun hadisələri baş vermişdi. Allahverən dayı dedi ki, bizim uşaqların bir dəstəsini Sürətin uşaqları əsir götürüblər, Gəncəyə aparıblar. Biz Gəncəyə getdik. Orada patrulun komandirinin adı Tacir idi. Hərbi hissənin Camal adlı qərargah rəisi də vardı, ağbaş, cavan baş leytenant idi. Camal dedi ki, bu uşaqlar bura gəliblər, tutulan uşaqların avtomatlarını da ver, maşını da qaytar. Tacir dedi ki, yox, artıq onları öz tabeçiliyimə qəbul etmişəm. Maşını götürüb sürücü ilə bir yerdə getdik. Bilirdim ki, artıq dəyişiklik olacaq. Orduda artıq deyiləsi mümkün olmayan bir vəziyyət yaranmışdı. Mən də sənədlərimi hazırladım, hərbi biletimi göndərdim, möhür vurdular.
Bakıya gəldim. Bakı Dövlət Universitetinin rektoru Murtuz Ələsgərovun yanına gəldim. Dedim ki, mən dərsə gələ bilmirəm, həddən artıq ağrıyıram, xahiş edirəm, məni qiyabiyə keçirin. Murtuz müəllim də məni həddən artıq gözəl qəbul etdi. Dedi ki, ay bala, qəhrəman oğlansan, fəxrimizsən, sən bir dəfə imtahana gəl, mən sənə qiymətləri yazdıracam. Dedim ki, yox, oxumaq istəyirəm. Murtuz müəllim bilirmiş ki, qiyabidə necə çətinliklər olurmuş. Qiyabiyə keçdim. Ali təhsili başa vurdum. Mən cəbhədən qayıdanda sonra bir müddət təmir-tikinti trestində işlədim. Mənim Moskva Dövlət Universitetindən Mübariz Elyazov adlı dostum var, hazırda MTRŞ-in üzvüdür. O, Çitada prokuror müavini işləyirdi. Deyirdi ki, yanıma gəl. Məni Hafiz Ağayarzadə Əlilləri Sosial Müdafiə Fonduna çağırdı. O, Fondun sədri idi. 1995-ci il mart ayının 19-da Fonda gəldik. Mən döyüş yoldaşım Mehdi Hüseynovla Hökumət Evinə gəldik. Qapını açdıq. Gördük ki, iki qız oturub. Sənədlərimizi vermək istədiyimizi söylədik. Mən sənədi qızlardan birinə, Mehdi isə digərinə verdi. Sənəd verdiyimiz qızlarla, iki rəfiqə ilə evləndik. Mayın 28-də nişanlandıq. İki oğlum, 1 qızım var. Hökumət mənə geniş ev versə, bəlkə də 7-8 uşağım olacaqdı. Çünki çox uşaq yaxşıdır...
Əlillər Fonduna təzə rəhbərlik gələndən sonra mən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzi aparatında baş hüquqşünas və BMT-nin İnkişaf Proqramında işləməyə başladım. BMT-nin 3 proqramında, sonra BMT-nin ekspert qrupunun rəhbəri kimi Əhali Sakinliyi Fondunda işlədim. 4 layihədə işlədim. Sonra da Milli Televiziya və Radio Şurasında MTRŞ-də Hüquq və lisenziya şöbəsinin rəisi işlədim. Oradan “Karat Holdinq” şirkətinə getdim. Sonra da AzTV-yə getdim. AzTV-də əvvəlcə hüquqşünas, sonra şöbə müdiri, sonra da departament rəisi işləməyə başladım. İndi də bu işdəyəm.
Mən müalicə olunmadım. Beşinci mərtəbədə olurdum. Hər mərtəbəyə qalxanda 3 dəfə dincəlirdim. Bir dəfə axşamüstü halım pisləşdi. Anam soruşanda dedim ki, yaxşıyam. Amma fikirləşirdim ki, səhərə çıxmayacam. Kəlmeyi-şəhadəti gətirdim. Səhər oyananda məndə elə gəldi ki, kəfəni yırtmışam. Özümü həddən artıq yüngül hiss etdim...
Mən dərman atmırdım. Əlillər mərkəzində müalicə olunanda yalnız idman, gimnastika, fizioterapiya ilə müalicə olunmuşam. Mən iynə, dərman vurdurmamışam. Ancaq Ağdam hospitalında cərrahi əməliyyat olunmuşam.
“Hazırlığımız yox idi...”
Biz qalib gələ bilərdik, sadəcə, hazırlığımız yox idi. Mən 18 yaşlı Azərbaycan əsgərinin necə döyüşdüyünü 1992-ci il sentyabrında gördüm. Sentyabrın 5-də gördüm ki, Cahid adlı kürdəmirli balası geri çəkiləndə onu yaralamışdılar. O, yaralı gedəndə yolda qan itirib, şəhid olmuşdu. Amma silahı sinəsinə sıxıb şəhid olmuşdu. Mən onu görüb ağladım...
Bizdə bir oğlan var, əsli Maştağadan idi, adı Elmar idi, namaz qıldığı üçün Molla deyirdik. 1992-ci ilin oktyabr-noyabr aylarında Qarakəndə hücum oldu. O vaxt Qurban bayramına düşürdü. Qüsl aldı, namaz qıldı ki, şəhid olum. Ayaq üstə snayperdən atəş açıb ki, şəhid olsun. Ayaq üstə 5-6 nəfəri vurmuşdu. Hətta tankın üstündə pulemyotdan atəş açan bir ermənini də vurmuşdu. O gəlib hərbi hissədə ağladı ki, bu gün şəhid olmaq istəyirdim, amma ola bilmədim. Aradan bir neçə gün keçəndən sonra kəşfiyyatda minaya düşdü, kontuziya aldı. İstiqaməti itirib, ermənilər tərəfə sürünüb, ermənilərin yanına çatanda həlak olmuşdu.
Bizim çox gözəl döyüşçülər olub. Şəkinin Aşağı Küngüt kəndindən Yusifov Telman adlı döyüş yoldaşım olub. Mən döyüşçü kimi şəxsən onun qarşısında diz çökərdim. O, Şuşa gedəndə Meşəli kəndində olub. Tağımla 3 gün atışıb, mayın 11-də Şuşaya giriblər. Artıq o vaxt Şuşa alınmışdı. Baxıblar ermənilərə, heç kim də soruşmur, elə bilir ki, özününküdür. Onların içərisində bir şuşalı balası vardı, onların evinə giriblər. Görəndə ağlayıb ki, ev nə gündədir, dağılıb, qaçıb gediblər. Onlar səhərə yaxın biliblər ki, artıq Şuşa əldən gedib. Səhər ermənilərlə atışıb çıxıblar. Laçın rayonuna çatanda yolda OMON-un uşaqları ilə qarşılaşıblar.
Bir daha deyirəm ki, sadəcə, bizim hazırlığımız yox idi. Ermənilər Beyləqan yaxınlığında mindən çox adam itirəndən sonra əhdləri kəsildi. Həmin gecə min nəfər erməni, bəlkə də çox qırdılar. Öldürülən ermənilər əsasən Kirovakandan idilər. Min nəfərdən çox erməni öləndən sonra çəkindilər. Üzbəüz müharibə bizə çox kömək etdi. Ermənilər gördü ki, sülh bağlamaq lazımdır. Üzbəüz döyüş çox yaxşıdır. Məsələn, əvvəllər biz 200 nəfər döyüşə gedirdik. Amma ermənilər yaxşı bir üsul tapmışdılar. Əgər Ağdam tərəfdə hücuma keçəcəkdilərsə, Qazax tərəfdə danışırdılar ki, atışmayaq, qüvvələrini yığıb Ağdam istiqamətində hücuma keçirdilər. Bizdə isə belə şey alınmırdı. Heydər Əliyevin noyabrda birinci çağırışından sonra çox böyük döyüşlər oldu və ermənilər gücümüzü gördülər.
Bu gün döyüş olsa, yenə tərəddüd etmədən gedərəm...
Ramiz Mikayıloğlu

1828