“Bəzi “91-lər” onlara göstərilən etimadı doğrultmalar” - MÜSAHİBƏ
30 iyul 2009 19:30 (UTC +04:00)

“Bəzi “91-lər” onlara göstərilən etimadı doğrultmalar” - MÜSAHİBƏ

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun APA-ya müsahibəsi

- Parlamentin yaz sessiyasının son iclaslarının birində Seçki Məcəlləsinə əlavə və dəyişikliklər təklifi ilə çıxış etdiniz, amma bu dəyişikliklərin mahiyyətini açıqlamadınız...

- Hər bir seçkidən sonra həm nəzəri, həm də praktiki baxımdan qanunda müəyyən boşluqların olduğu üzə çıxır. Təbii ki, bu boşluqlar bir sıra hallarda MSK-nın təlimatları ilə doldurulur. Qarşıdan bələdiyyə seçkiləri gəlir, bununla əlaqədar qanunvericilikdə müəyyən məsələlər öz həllini tapmalıdır. Bu baxımdan mən qanuna dəyişikliklərin edilməsi təşəbbüsü ilə çıxış etdim. Birinci növbədə istəyirdim ki, bələdiyyələrdə üzvlərin sayı azaldılsın. Bizim Seçki Məcəlləsinə görə bələdiyyələrdə əhalinin sayına uyğun olaraq 3 nəfərdən 19 nəfərə üzv ola bilər. 19 bələdiyyə üzvü həddindən artıq çoxdur. Bu, həm işin operativliyinə maneçilik törədir, həm də digər məsələlərə. Təklif edirəm ki, bələdiyyə üzvlərinin sayı ilə bağlı ən yuxarı hədd 7 və yaxud 9, aşağı hədd isə 1 nəfər müəyyənləşsin. Tutaq ki, kiçik bir kənddə 3 nəfərin bələdiyyə üzvü seçilməsinə heç bir ehtiyac yoxdur. Bir nəfər seçilsin və o da bütün məsələləri həll etsin. Bu praktika Avropada da var, Türkiyədə də.
Türkiyədə muxtarlar seçilir və özləri kiçik bir kəndi idarə edirlər. İkinci bir tərəfdən prosedura qaydaları, vəkillərin təyin olunması ilə bağlı təklifim var. Qanunda partiyanın seçkilərdə iştirakı ilə bağlı müəyyən boşluqlar var. Hesab edirəm ki, parlamentin payız sessiyasında bu boşluqların aradan qaldırılmasına imkan olacaq.

- Şəhər bələdiyyələrinin yaradılması ilə bağlı təklifləri necə qiymətləndirirsiniz?

- Əslində, Bakını çıxmaq şərti ilə digər şəhərlərlə şəhər bələdiyyələri var. Bakı şəhərində isə yalnız Böyük Şəhər Bələdiyyəsinin yaradılmasından danışmaq olar. Bu məsələdə bəzən İstanbul Şəhər Bələdiyyəsini misal gətirirlər. Amma bizdə struktur etibarı ilə idarəetmə sistemi tamam başqa cürdür. Bu zaman dövlət idarəetməsində də dəyişiklik olmalıdır. O zaman rayonlar ləğv olunmalı, ümumi Bakı meriyası yaradılmalı, bundan sonra Böyük Şəhər Bələdiyyəsi fəaliyyət göstərməlidir. Bu baxımdan bizim struktur başqa dövlətlərdən fərqli olduğuna görə mövcud struktur daha məqsədəuyğundur. Sadəcə olaraq qeyd etdiyim kimi bələdiyyə üzvlərinin sayını azaltmaq lazımdır.

- Parlamentin ötən sessiyasında “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişikliklərin ediləcəyi gözlənilirdi. Bunun baş tutmamasına səbəb nə oldu?

- Bu da seçkilərlə bağlıdır. Burada digər bir detal gələcəkdə siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi məsələsidir. Biz təkliflərimizi vermişik ki, siyasi partiyalar haqında qanun 1992-ci ildə qəbul edilib, müəyyən mərhələləri nizamlayır. Amma bundan sonra Azərbaycanın Konstitusiyası, Seçki Məcəlləsi qəbul edilib, Azərbaycan beynəlxalq qurumlarda iştirak edir. “Siyasi partiyalar haqında” qanun bu məsələlərin hamısına uyğunlaşdırılmalıdır. Lakin bizim qanunda bütün məsələlər öz əksini tapmır. Bu baxımdan da biz qanuna dəyişiklik edilməsinə ciddi ehtiyac görürük. Ortaya tamamilə yeni bir qanun çıxmalı, orada bir neçə məsəldə öz əksini tapmalıdır. Bu, ilk növbədə siyasi partiyaların qeydiyyatı məsələsidir. İkinci onların fəaliyyəti, üçüncüsü onların maliyyələşməsi, daha sonra partiyaların beynəlxalq təşkilatlarda təmsilçilik məsələləri öz əksini tapmalıdır. Yəni bu 4 qrup əsasında çox böyük yeniliklər var, bu yeniliklərin həyata keçirilməsi üçün hesab edirik ki, yeni bir qanun qəbul olunmalıdır. Bu haqda bizim partiyamızın hazırladığı qanun layihəsi parlamentə təqdim olunub, başqa partiyalar da belə layihələr təqdim edib.

- Bəs bu qanunun qəbuluna nə mane olur?

- Əslində buna mane olan bir amil yoxdur. Bu ictimai bir məsələdir, geniş ictimai müzakirədən keçməlidir. Siyasi partiyalar ölkənin siyasi həyatında mühüm rol oynayan qurumlardır. Ona görə də bir qədər zaman lazımdır.

- YAP bələdiyyə seçkiləri ilə bağlı hazırlığı yekunlaşdırıbmı?

- Bəli, bələdiyyə seçkiləri ilə bağlı artıq rayon təşkilatlarında seçki qərargahları yaratmışıq, seminarlar keçirilib və proqrama uyğun fəaliyyət göstəririk. Sentyabr ayına qədər məqsədlər var və bunlar həyata keçiriləcək. Sentyabrın axırlarında da namizədlərin irəli sürülməsi mərhələsi başlayacaq. Biz bütün təhlilləri aparmışıq, ərazilər, oradakı problemlər öyrənilib. Ümumiyyətlə bələdiyyə seçkiləri prezident və parlament seçkilərindən daha çətindir. O baxımdan bələdiyyə seçkilərində namizədlər daha çoxluq təşkil edir. Bu seçkilərdə fərdi qaydada iştirak asandır, 15-100 seçicinin imzası toplanılır və namizədliyi irəli sürülür. Amma siyasi partiya kimi bütün respublikanı əhatə edəcək qədər namizəd irəli sürmək çətindir. Ötən bələdiyyə seçkilərində biz 20 mindən artıq namizəd irəli sürdük. Bütün bunların sənədləşməsi, namizədlərin müəyyənləşməsi böyük bir prosesdir. Yaxın vaxtlarda biz şüarları, plakatları müəyyənləşdirəcəyik.

- Namizədlərin sayı bəllidir?

- Biz bütün bələdiyyələrə namizəd irəli sürəcəyik. İndi bələdiyyələr birləşib, yerlərin sayı azalıb və biz mövcud olan bütün yerlərə namizəd müəyyənləşdirmişik.

- NATO Parlament Assambleyasının növbəti sessiyası nə zaman olacaq və gündəlik müəyyənləşibmi?

- Növbəti sessiya noyabr ayında Şotlandiyada Edinburqda keçiriləcək. NATO ilə Azərbaycanın çox yaxın əlaqələri var, əməkdaşlıq edirik, NATO-nun bütün proqramlarında həm dövlət strukturları, həm parlament, ayrı-ayrı qurumlar, Müdafiə Nazirliyi iştirak edir. Növbəti sessiya ilə bağlı keçmişdən qalan bir neçə məsələ var ki, onların müzakirəsi davam etdiriləcək. Gündəlik isə sentyabrda təsdiq olunacaq.

- Azərbaycan ordusunda NATO standartları tam olaraq tətbiq edilirmi?

- Azərbaycan ordusu 2007-ci ildən tam olaraq NATO standartlarına uyğun fəaliyyət göstərir. Həm tədris, həm təlim, həm silahlanma və digər məsələlərdə NATO standartları tətbiq olunur.

- Amma müdafiə nazirinin mülki şəxs olması ilə bağlı təkliflər hələlik reallaşmayıb…

- Dünyanın bir sıra ölkələrində belə bir hal var ki, müdafiə naziri mülki şəxs olur. Bu ondan irəli gəlir ki, həmin şəxs dövlətin bu sahədə siyasətini həyata keçirir. Amma yeni müstəqillik əldə etmiş dövlətlərin heç birinin təcrübəsində belə bir hal yoxdur. Ona görə ki, həm yeni müstəqillik əldə etmişik, bəzi məsələlərdə tam olaraq standartlara gəlib çatmamışıq, digər tərəfdən Azərbaycanın ərazisi işğal olunub. Hər gün müharibə başlaya bilər. Ona görə də hələ bu məsələlər həyata keçirilmir, amma gələcəkdə ola bilər.

- Bu təklif yenə də qüvvəsində qalırmı?

- Ümumiyyətlə, başqa-başqa ölkələrdə də bu hal var. Yəni istənilən struktura rəhbərlik edən şəxs həmin sahə üzrə deyil, siyasətlə məşğul olan şəxs olur, dövlətin siyasətini həyata keçirir. Amma onun müavinləri sırf mütəxəssis olmalıdır ki, konkret sahənin işini aparsın. Həmin qurumun rəhbəri isə dövlətin siyasətini həyata keçirməlidir. Ona görə də dünyanın başqa ölkələrində də belə hallar var ki, müdafiə sənayesinə, təhsilə və yaxud səhiyyəyə tamam başqa ixtisasların sahibi təyin olunur.

- Azərbaycan ordusunda baş verən qətllərin və digər neqativ halların səbəbi nədir? Bu faktları necə qiymətləndirirsiniz?

- Dünyanın digər ölkələrinin ordularında da belə hallar baş verir. Ötən il İraqda 20 ABŞ əsgəri intihar etmişdi. Düzdür, onların bir hissəsi sağ qaldı. Əfqanıstanda və digər ölkələrdə də belə hallar baş verir. Burada psixoloji məqamlar da var, insanın müəyyən stressləri olur. İkinci bir tərəfdən cəmiyyətin də buna təsiri böyükdür. Biz orduda qulluq edəndə iki-üç aydan bir məktub alardıq, hadisə olanda ümumiyyətlə əsgərə bildirməzdilər. Ən faciəli hadisə olanda belə əsgərdən gizlədirdilər. Amma Azərbaycanın bu başından o başına cəmi 500 kilometrdir. Səhər maşına oturanda günorta ölkənin o biri başında olursan. Hər gün valideyn bozbaş və ya dolma qazanı ilə qərargahın qarşısını kəsir, bu, əsgərə pis təsir edir. Yəni valideyn imkan vermir ki, o öz duyğuları, əsgər fikri ilə, vətənə xidmət hissi ilə birgə yaşasın. Ona görə də burada ordu ilə yanaşı cəmiyyətin də məsuliyyəti var. Bəzi zabitlərin də burada məsuliyyəti var və hamı bilir ki, onların məsələsi hazırda hərbi prokurorluqda müzakirə olunur, əsgərə xəyanətə, qeyri-qanuni hərəkətə məcbur edənlərə qarşı tədbirlər görülür. Yəni cəmiyyətdə nə varsa, o orduda da olur. Amma ordu cəmiyyətə nisbətən daha nizam intizamlı olmalıdır. Hesab edirəm ki, baş verənlərdə valideynlərin də rolu böyükdür. Yəni əsgər evdə baş verənlərdən xəbər tutmamalıdır. Amma hər gün telefon danışıqları olur və əsgər evdə səhər, axşam nə yeyildiyini də öyrənir. Əsgər mülki həyatdan tamamilə aralanmalı və hərbi mühitdə yaşamalıdır.

- Ümumilikdə, Azərbaycan ordusunun bugünkü durumunu necə qiymətləndirirsiniz?

- Qənaətbəxş hesab edirəm. Mən hərbi çağırışla əlaqədar dövlət komissiyasının üzvüyəm və bu il bütün çağırış müddətində çağırış məntəqələrində olmuşam. Qarşıya qoyulan plan artıqlaması ilə yerinə yetirilib.

- Azərbaycanın hərbi doktrinasının qəbulunun gecikməsinə səbəb nədir?

- Orada müəyyən məsələlər nəzərdə tutulmalıdır. Hərbi doktrina qəbul olunduqdan sonra orada göstərilən məsələlər üzrə fəaliyyət davam etdirilməlidir. İndi bizim bir neçə istiqamətdə fəaliyyətimiz var – Avroatlantik məkanla, Avropa İttifaqı ilə əməkdaşlıq edirik və müharibə şəraitindəyik. Yəni bu məsələdə tələsik hərbi doktrina qəbul etmək doğru deyil. Hərbi doktrina uzunmüddətli hədəflər üçün nəzərdə tutulur. Orada bütün detallar nəzərdə tutulmalıdır. Bununla bağlı iş gedir, amma tam istiqamət müəyyən olunduqdan sonra bu iş daha da sürətlənəcək. Hərbi doktrina adi sənəd deyil ki, bu gün qəbul edilsin və sabah dəyişiklik olsun. Bu baxımdan da məsələ tam yetişməlidir ki, doktrina da qəbul olunsun.

- Hərbi doktrinanın layihəsi hazırdırmı?

- Bəli. Hazırda bu istiqamətdə iş davam etdirilir.

- Layihə kim tərəfindən hazırlanır?

- Hərbi doktrina ali baş komandanla bağlı olan məsələdir. Həmçinin bu bir strukturun məsələsi deyil. Bu, Azərbaycanda təhlükəsizlik sisteminə daxil olan, silahlı qüvvələrə daxil olan bütün qurumların birgə hazırlığı əsasında həyata keçirilən bir məsələdir.

- “Dini etiqad azadlığı haqqında” qanunun parlamentdə müzakirəsi zamanı etdiyiniz çıxış Şeyxülislam Hacı Allahşükür Paşazadə tərəfindən kəskin etirazla qarşılandı. Şeyxin bu reaksiyasını necə qiymətləndirirsiniz?

- Mən onun reaksiyasını oxumamışam, heç məlumatım da yoxdur. Çünki həmin vaxt Azərbaycanda deyildim. Sonradan da maraqlanmadım. Mən qanuna təkliflərimi vermişdim, verdiyim təkliflərin ikisi qəbul olundu və cənab prezident tərəfindən imzalanıb. Birincisi ondan ibarət idi ki, Azərbaycanda dini mərasimləri həyata keçirən şəxslərin təyinatı müvafiq icra hakimiyyəti ilə razılaşdırılmalıdır. İkinci məsələ isə ondan ibarət idi ki, Azərbaycana başqa-başqa ölkələrdən gələn insanlar din pərdəsi altında dövlətçilik, xalqın əleyhinə və hətta dinin özünün əleyhinə işlər aparırlar. Yəni o şəxslər dini mərasimləri apara bilər ki, onlar yalnız Azərbaycanda dini təhsil alıblar. Hətta onlar bir yox, bir neçə dövlət qurumundan qeydiyyatdan keçməlidir.

- Siz Qafqaz Müsəlmanları İdarəsində islahatların aparılmasına ehtiyac görürsünüz?

- Mən bu fikirlərin hamısını qanunla bağlı bildirmişdim, qanunda islahatları vacib saymışdım. Bunlar da həyata keçirildi. İdarənin özü isə qeyri-hökumət təşkilatıdır. QMİ dövlət strukturu deyil və orada nə işlə məşğul olurlarsa, bu onların öz işidir.

- Şeyxülislam deputatların nəzir qutularına göz dikməsi barədə də ittiham səsləndirmişdi…

- Məni Azərbaycanda hamı yaxşı tanıyır. Bilirlər ki, 20 ildən artıqdır ki, siyasətlə məşğulam və mənim heç kimin nə cibində, nə də nəzir qutusunda gözüm yoxdur. Kimin gözü olduğunu hamı yaxşı bilir.

- Mütəmadi olaraq YAP daxilində “91-lər”ə qarşı olan ayrı-seçkiliklə bağlı məlumatlara rast gəlinir. Partiyada belə bir ayrı-seçkilik varmı?

- “91-lər” bizim partiyanın yaradıcıları olublar. Onların demək olar ki, hamısı bu və ya digər şəkildə daim diqqət mərkəzindədir. Kim özünü kənarda tutursa, bu, artıq onların öz problemidir. Çünki o adamlara da kifayət qədər diqqət göstərilib, sadəcə olaraq bir-iki adam çox böyük iddialarla yaşayır. Yəni “gəlib bir imza atdım və bundan sonra ən böyük dağlar mənə verməlidirlər” kimi iddialar var. “91-lər”ə qarşı necə ayrı-seçkilik ola bilər ki, bu gün parlamentdə onların 20-dən artıq nümayəndəsi var. Onlar dövlət idarəetmə sistemində, nazirliklərdə, komitələrdə fəaliyyət göstərirlər. Ona görə də bu fikri söyləyənlər doğru danışmır, bu, artıq onların öz problemləridir. Partiyanın bu insanlara qarşı hər hansı diqqətsizliyi yoxdur.

- “91-lər”dən neçə nəfər kənarda qalıb?

- “91-lər”dən 20 nəfərə yaxını dünyasını dəyişib, bir neçəsi öz fəaliyyəti ilə əlaqədar olaraq partiyadan xaric olunub. Bir-iki nəfər bu cür insanlar var ki, bu və ya digər şəkildə guya öz narazılıqlarını bildirirlər. O adamlara da etimad göstərilib, bu etimadı doğrultmayıblar və buna görə də kənarda qalıblar.

- Müxalifət partiyalarının bələdiyyə seçkilərində uğur qazanacağını düşünürsünüzmü?

- Çox çətin. Müxalifətin indiki durumu hamıya bəllidir və hesab edirəm ki, müxalifət rəhbərləri bir kənd bələdiyyəsinə öz namizədliklərini irəli sürsələr, nə isə əldə edə bilərlər. Qalan hallarda onları bu bələdiyyə seçkilərində heç bir perspektiv gözləmir.

- Nə üçün?

- Birincisi, ümumxalq mənafeləri var və bunlar xalqın maraqlarını təmsil etmirlər. Müxalifət iqtidarın görmədiyi tərəfləri görməli və alternativ layihələr irəli sürməlidir. Azərbaycan müxalifəti bu işlə ümumiyyətlə məşğul olmur. İkinci bir tərəfdən siyasi partiyaların funksiyaları kadrların hazırlanması, yetişdirilməsi, ictimaiyyətə təqdim olunmasıdır ki, bu məsələ də yoxdur. Üçüncü funksiya seçkilərdə iştirak etməsi və fəaliyyət göstərməkdir ki, bu da sıfıra bərabərdir. Ümumilikdə partiyadaxili demokratiya, islahatların aparılması da yoxdur. Yəni bütün hallarda ibtidaidən necə olublarsa, elə də qalıblar. Onlarda obyektivlik olmadığına görə əhali tərəfindən də qəbul edilmirlər. Əhali tərəfindən dəstəklənməyən partiyanın da heç bir perspektivi yoxdur.

- Sizcə, müxalifəti hazırkı durumdan nə çıxara bilər?

- Dünyanın hər yerində bir partiya rəhbəri seçkidə qalib gələ bilmirsə, geri çəkilir. Hətta futbol komandasında da məşqçi komandanı lazımı səviyyəyə gətirə bilməyəndə istefa verir. Ya zəlzələdən, ya vəlvələdən. ABŞ-da prezident seçkilərində Corc Buşun ilk alternativi Albert Qor idi. İkinci dəfə Qor öz namizədliyini irəli sürmədi. Halbuki birinci seçkilərdə onların topladığı səslər çox yaxın idi. Demokratlar ötən seçkilərdə irəli sürdükləri namizədi bu dəfə irəli sürmədilər. Hər bir siyasi partiyanın rəhbəri görəndə ki, onların perspektivi yoxdur, onlar öz partiyaları naminə geri çəkilirlər. Türkiyə təcrübəsində də bir sıra siyasətçilər 90-cı illərdə yüksək vəzifələrdə olsalar da, sonradan geri çəkildilər və ortaya yeni insanlar çıxdı. Azərbaycanda 90-cı ildən kim partiyaya rəhbərlik edirsə, bu gün də həmin adamlar partiya başındadır. Onların heç biri heç qardaşına da güzəştə getmək fikrində deyillər. Onlar partiya sədrliyinə bir iş yeri kimi baxırlar. Bu üsulla siyasi partiya idarə oluna bilməz, partiyada daim islahatlar getməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 854

Oxşar yazılar