Azərbaycan və İran: kim kimə nümunədir? – TƏHLİL
01 fevral 2011 13:57 (UTC +04:00)

Azərbaycan və İran: kim kimə nümunədir? – TƏHLİL

Əlbəttə, İrandakı siyasi rejimin Azərbaycana “dərs keçmək” və onun daxili işlərinə qarışmağa nə qədər haqlı və ya haqsız olmasını hesablamaq mümkündür. Bunun üçün üçüncü tərəfin rəyinə müraciət etmək – mötəbər beynəlxalq hesabatlarda əks olunan sosial-iqtisadi kalibrasiyaları sərf-nəzər etmək qərarına gəldik. Aydın oldu ki, müxtəlif sosial-iqtisadi meyarlar üzrə beynəlxalq reytinqlərdə Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyəti, makroiqtisadi sabitlik, davamlı iqtisadi artım və insan inkişafı sahəsində ilk 50-liyə iddia etdiyi halda, İranın beynəlxalq reytinqlərdəki ranqlaşdırılması daha çox korrupsiya, bürokratiya, iqtisadi azadlıqların boğulması, sosial bərabərsizlik və geriliklə assosiasiya olunur. Hansı ki, iqtisadiyyatın həm bazar, həm də islam modeli məhdud resurslardan səmərəli istifadə etməklə insanların rifahını yaxşılaşdırmaqdan ibarətdir.
BMT-nin İnsan İnkişaf hesabatında “İnsan əsas sərvət sayılır”. Quranın “Nisa” surəsində “Allahın sizə dolanmaq üçün bəxş etdiyi mallar...” ifadəsi əslində iqtisadiyyatın məhz sosial rifaha xidmət etməsinin zəruriliyini qeyd edir. Hansı ki, İran dünyanın neft və qazla ən zəngin ölkələrindən biri olduğu halda beynəlxalq hesabatlar göstərir ki, əhalisi səfalət içərisində yaşayır. İslama görə dilənçilik qiyamət günündə utanc səbəbi olacaqdır. Bu mənada İran rejimi yaxşı olardı ki, Azərbaycan dövlətinə qarşı təhdidlərdən əl çəkib, ölkəmizin inkişaf modelini uğur hekayəsi olaraq nümunə seçsin.

Cədvəl. Azərbaycan və İranın müxtəlif mötəbər beynəlxalq reytinqlərdəki mövqelərinin müqayisəsi

N

Reytinqin adı

Hesabatı təqdim edən təşkilat

Reytinqdə ölkələrin sayı

Azərbaycanın mövqeyi

İranın mövqeyi

1

Qlobal rəqabətlilik

Dünya İqtisadi Forumu

139

57

69

2

İnsan İnkişafı İndeksi

BMT İnkişaf Proqramı

169

67

70

3

Doing Business

Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası

183

54

129

4

İqtisadi Azadlıq İndeksi

“İrs Fondu”nun (Heritage Foundation)

183

92

171

5

Korrupsiyanı Qavrama İndeksi

Beynəlxalq Şəffaflıq

178

134

146



Mənbə: Müvafiq hesabatlar

Azərbaycan Dünya İqtisadi Forumunun hazırladığı “Qlobal rəqabətlilik 2010-2011 hesabatında” 57-ci yeri tutmuşdur. Bu nəticəyə görə MDB lideri olan Azərbaycan İranı 12 pillə qabaqlamışdı. Hesabatda dövlət büdcəsi balansının Ümumi Daxili Məhsula (ÜDM) olan nisbətinə görə dünyada 4-cü, milli yığım səviyyəsinə görə 11-ci, dövlət borcunun ÜDM-ə olan nisbətinə görə 9-cu, orta təhsilə cəlb etmə səviyyəsinə görə 12-ci yerdə olan Azərbaycan İrana əməlli-başlı “dərs keçir”. Müqayisə üçün deyək ki, İran adambaşına düşən neft ehtiyatlarına görə Azərbaycanı 2,5 dəfə, adambaşına düşən qaz ehtiyatlarına görə isə 2,8 dəfə üstələməsinə baxmayaraq nəticə etibarı ilə Azərbaycan İrandan hər nəfərə düşən Ümumi Daxili Məhsul istehsalına görə irəlidədir. Bu o deməkdir ki, Azərbaycan iqtisadiyyatı öz səmərəliliyinə - yəni məhdud resurslardan qeyri-məhdud tələbatları ödəmək qabiliyyətinə görə İran iqtisadiyyatından orta hesabla üç dəfə üstündür.
İran Dünya Bankının hazırladığı nüfuzlu “Doing Business 2011” hesabatında 183 ölkə arasında biznesə yaradılan şəraitə görə 129-cu pillədə qərarlaşıb. Bu siyahıda 54-cü yeri tutan Azərbaycanla İranın arasındakı məsafəyə siyahıdakı dünya ölkələrinin az qala tən yarısını sığışdırmaq olar. Obrazlı desək: Azərbaycanla İranın arasında biznesə yaradılan şərait nöqteyi-nəzərindən “bir dünya fərq var”. Azərbaycan “Doing Business” hesabatında dünyanın “top islahatçısı” adına layiq görüldüyü halda, İran bu reytinqdə antirekordlar (məsələn, əmlakın qeydiyyatı, vergi yükü, investorları hüquqlarının müdafiəsi və s. kriteriyalar üzrə) vurmaqla məşhurdur. İran Prezidenti Mahmud Əhmədinejad İslam Konfransı Təşkilatının (İKT) İqtisadi və Ticari Əməkdaşlıq üzrə Daimi Komitəsinin (COMCEC) 2009-cu ildə İstanbulda keçirilən iclasında çıxış edərək bildirmişdi ki, “islam iqtisadiyyatı nəzəriyyəsi seçilə biləcək yeganə həll yoludur”. “Doing Business” hesabatında İranın sərgilədiyi göstəricilərə baxanda sual yaranır: beləmi islam iqtisadiyyatını təmsil edirlər və ya budurmu İranın nümunəsi? Əlbəttə, İran islam dəyərlərini iqtisadiyyatda lazımınca tətbiq etsəydi, onda iş adamlarına yaradılan şəraitə görə qınadığı “kafir”lərdən dəfələrlə geridə qalmazdı. Azərbaycan “Doing Business” hesabatında 9 kriteriyadan 7-də İrandan irəlidədir. Özü də necə? Bir nümunə: Əgər Azərbaycan investorların hüquqlarının qorunması sahəsində 183 ölkə arasında ilk 20-liyə daxildirsə, İran siyahıdakı sonuncu 20-likdə belə zəif görünür. Azərbaycanı islam dəyərlərinə laqeydlikdə suçlayan ölkənin rəhbərliyi yaxşı olardı ki, elementar islami tələblərə riayət edərək investorların hüquqlarını qorusun, vergi yükünü azaltsın və ya heç olmasa müqavilələrin icrasında bürokratiyanı yumşaltsın. Bunun üçün uzağa getməyə ehtiyac yoxdur: Azərbaycanın uğurlu “Doing Business” islahatlarından nümunə götürmək olar. Quranın Nəcm surəsində buyurulur: “İnsana ancaq öz zəhməti qalar! Şübhəsiz ki, (qiyamət günü) onun zəhməti görünəcəkdir”. İnsanlara, ələlxüsus iş adamlarına öz zəhmətinin nəticəsini görmək üçün fürsət tanımaq gərəkdir. İran rejimi heç olmasa müqəddəs Quran hökmlərindən nəticə çıxarsın. Çünki Qurana görə insan Allahın canişinidir və ona sahibolma, idarəetmə və istifadəetmə hüququ verilib.
Azərbaycan bir müsəlman ölkəsi olaraq İnsan İnkişafı sahəsində İrana nümunə ola bilər. Ölkəmiz 2000-2010-cu illər ərzində BMT-nin hazırladığı İnsan İnkişafı İndeksinin artım sürətinə görə orta dünya göstəricisini iki dəfə qabaqlayaraq planetin top-15-liyinə daxil olmuşdur. 2005-2010-cu illərdə İnsan İnkişafı İndeksində reytinq irəliləməsinə görə isə Azərbaycan dünya liderliyinə yüksəlmişdir. Tədqiqatlar göstərir ki, heç də iqtisadiyyatı sürətlə inkişaf edən ölkələrin hamısı Azərbaycan kimi insan inkişafı indeksini yaxşılaşdıra bilmir. Məsələn, son illər iqtisadiyyatları sürətlə artan Çin, Braziliya və Türkiyə kimi dövlətlər insan inkişafı indeksinə görə Azərbaycandan xeyli geridə qalırlar. Bu müqayisə Azərbaycan hökumətinin iqtisadi müstəvidə əldə etdiyi nəticələrin uğurla insanların sosial rifah müstəvisinə transformasiya etdiyinin göstəricisidir. Hər halda İnsan İnkişafı İndeksinə görə Azərbaycan (67-ci yer) İranı (70-ci yer) üstələməklə təbii ehtiyatlar baxımından özündən dəfələrlə zəngin bir dövlətə nümunəvi model ola bilər. Azərbaycan dövləti daha az resursla daha yüksək insan inkişafı səviyyəsinə çatmaqla İran rəhbərliyinə sübut edir ki, kim daha çox müdrikdir: ölkənin zəngin resurslarını insanlarının rifahı naminə istifadə etmək əvəzinə, özünün qeyri-real iddialarını daha üstün tutan İranın molla rejimi, yoxsa müstəqilliyinin 20-ci ildönümü ərəfəsində yüksək insan inkişafına çatan Azərbaycan dövləti. İş o yerə çatıb ki, İnsan İnkişafı Hesabatına görə İran Kosta-Rikadan daha çox adambaşına gəlir əldə etdiyi halda ana ölümü səviyyəsinə görə həmin ölkədən 4,5 dəfə pis vəziyyətdədir. Azərbaycanla da müqayisə İran üçün uğursuzdur: 2 dəfəyə qədər fərq. Bu yerdə molla rejiminə xatırlatmaq yerinə düşər: Cənnət anaların ayaqları altındadır!
İnsan İnkişafı Hesabatında Azərbaycan daha bir dünya rekordu vurmuşdur: 2000-2010-cu illərdə Gəlirlər üzrə Cini indeksi Azərbaycanda ən aşağı həddə - 16.8-ə (əmsal 0-a yaxınlaşdıqca gəlirlər bərabər, 100-ə yaxınlaşdıqca qeyri-bərabər bölünür) bərabər olmuşdur ki, bu da ölkəmizdə gəlirlərin əhali qrupları arasında planetin digər dövlətləri ilə müqayisədə ən ədalətli bölgüsünü ehtiva edir. Nəticədə hesabata görə “qeyri-bərabər bölgü də nəzərə alınmaqla adambaşına düşən gəlir” səviyyəsinə görə Azərbaycan dünyanın 50 ən güclü inkişaf etmiş ölkəsinin sırasına daxil olub. Bu mənada Azərbaycan sözügedən hesabatda qeyd olunduğu kimi “bərabərsizlik azaldıqca İnsan İnkişafı İndeksi də yüksəlir” tezisinin doğruluğunu sübut etmişdir. Bəs İran bu konteksdə neyləyib: cənub qonşularımız gəlirlərin ədalətli bölgüsü baxımından Azərbaycandan 2 dəfə geridə qalırlar. İslamın iqtisadi siyasəti Quranda Həşr surəsində belə ifadə olunub: “Bu ona görədir ki, (mal-dövlət) içinizdəki zənginlər arasında əldən-ələ dolaşan bir sərvət olmasın”. Belədə daimi olaraq gəlirlərin yoxsulların xeyrinə yenidən bölgüsünə çağıran müqəddəs İslam dəyərlərinə kim çox riayət edir: Cini indeksi 16,8 olan Azərbaycan, yoxsa 38,3 olan İran? Fikrimizcə, müqayisə Azərbaycanda “islami şəxs”in (Homo İslamicus), İranda isə “iqtisadi şəxs”in (Homo Oeconomicus) daha çox fərqlənməsinə dəlalət edir. Belə fərqlənmə isə İran rejiminin iddia etdiyi mövqedən çox uzaqdır.
“İrs Fondu”nun (Heritage Foundation) “İqtisadi Azadlıq İndeksi”nə görə Azərbaycan 2011-ci ildə 100 mümkün baldan ötən ilkinə nisbətən 0,9 xal daha çox - 59,7 bal toplayaraq 92-ci pillədə qərarlaşıb. Qeyd edilməlidir ki, son illər ölkəmiz bu reytinqdə öz mövqelərini yaxşılaşdırmaqda davam edir. Bu göstəriciyə görə Azərbaycan aid edildiyi Asiya-Sakit Okean regionunda 41 ölkə arasında 15-ci yerdə qərarlaşaraq regionun orta göstəricisindən yüksək nəticə sərgiləyib. Bəs İran? İran isə Afrikanın cəngəllik ölkələri ilə birlikdə siyahıda sonuncu 10-luqdadır: 171-ci yer. Üstəlik bu azmış kimi son illər Azərbaycan İqtisadi Azadlıq İndeksini ilbəil yaxşılaşdırdığı halda, İran keçən ilkinə nisbətən 4 pillə geriləyib. Azərbaycan “İnvestisiya azadlığı”na görə “İrs Fondu”nun hazırladığı hesabatda orta dünya səviyyəsini üstələdiyi halda, İran sıfır bal toplamaqla dünya antirekordu vurur. “İrs Fondu”nun hazırladığı hesabatda İran haqqında bunlar deyilir: “İran iqtisadiyyatı yüksələn inflyasiya, korrupsiya, subsidiya və şişman və səmərəsiz dövlət sektoru ilə yüklənib”. Yəqin sadalanan epitetlərin hansınınsa İslam iqtisadi nəzəriyyəsində müsbət səciyyələndirilməsini heç İranın ayətullahları da sübut edə bilməz.
Azərbaycan Dünya İqtisadi Forumunun “Qlobal informasiya texnologiyaları” illik hesabatı və “Beynəlxalq Büdcə Layihəsi” (İBP) təşkilatının “Açıq Büdcə İndeksi” nə görə regional liderliyini sürərkən İranın adı heç belə mötəbər siyahılara ümumiyyətlə salınmayıb. Əgər İrandakı siyasi rejim başqalarına “ağıl öyrətmək” əvəzinə ən azı Azərbaycandan nümunə götürsəydi, onda belə nüfuzlu reytinqlərdə İranın heç olmasa təmsilçiliyinə nail olardı. Hətta Azərbaycanın beynəlxalq reytinqlərdə ən zəif nöqtəsi “Beynəlxalq Şəffaflıq” təşkilatının hazırladığı “Korrupsiyanı qavrama” indeksinə görə də İran bizdən xeyli geridədir. Azərbaycan 178 ölkə arasında 134-cü yeri tutduğu halda İran siyahıda 146-cı ölkə sayılır. 2008-ci ildən başlayaraq Azərbaycanın “Korrupsiyanı qavrama” indeksinin 25 faizdən artıq yaxşılaşması və reytinqdə müvafiq olaraq 25 pillə irəliləməsi İran rejimi üçün korrupsiya ilə mübarizə sahəsində “uğur hekayəsi” sayıla bilər.


Vüsal Qasımlı, iqtisad elmləri namizədi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 663

Oxşar yazılar