Bu gün Elçibəyin və Nəcəf Nəcəfovun doğum günüdür
24 iyun 2009 16:30 (UTC +04:00)

Bu gün Elçibəyin və Nəcəf Nəcəfovun doğum günüdür

Bu gün müasir Azərbaycan tarixində öz xüsusi yeri olan iki şəxsiyyətin doğum günüdür. Bunlar Azərbaycanın ikinci prezidenti mərhum Əbülfəz Elçibəyin və onun mətbuat katibi olmuş, müstəqil Azərbaycan mətbuatının banilərindən olan, “Azadlıq” qəzetinin yaradıcısı Nəcəf Nəcəfovdur.
Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 24 iyun 1938-ci ildə Naxçıvan MR-in Ordubad rayonunun Kələki kəndində anadan olub.
7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. Misir Ərəb Respublikasına göndərilən Əbülfəz bəy Əsvan bəndinin tikintisində tərcüməçi kimi çalışıb (I.1963 - X.1964). Xarici ezamiyyətdən dönərək 1965-ci ildə BDU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb. "Tulunilər dövləti (868-905)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). BDU-nun "Asiya və Afrika ölkələri tarixi" kafedrasında müəllim və baş müəllim işləyib (1968-1975).
1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adıyla həbs edir və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edir. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilib.
1976-cı ilin dekabrında indiki Azərbaycan EA Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayır. Sonralar böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi elmi rütbə və vəzifələrə qədər yüksəlir (16.07.1992-ci ilədək).
Klassik və müasir ərəb dilini, İslam dininin əsaslarını, Şərq ölkələrinin elm, tarix, fəlsəfə və mədəniyyətini incəliklə bilən ən ciddi alimlərdən sayılan Əbülfəz Elçibəy Azərbaycan tarixşünaslıq və şərqşünaslığında indiyədək öyrənilməyən sahələrdə çox dəyərli və əsaslı elmi araşdırmalar aparıb.
1988-ci ildə Azərbaycan Xalq Hərəkatı başlayanda məhz Elçibəy onun öndərlərindən biri olub. O, Hərəkatın təşkilatlanmış forması olan Azərbaycan Xalq Cəbhəsini yaradanlardan (iyul 1989) biri və ömrünün sonunadək onun əvəzedilməz sədri olub. Məhz sədrliyi altında AXC-nin gərgin mübarizəsi sayəsində Azərbaycanın müstəqilliyi haqqında tarixi Akt qəbul edilib (18 oktyabr 1991).
Əbülfəz Elçibəy 1992-ci ildə Azərbaycan Respublikasında ilk dəfə demokratik yolla prezident seçilib. 1993-cü ilin iyununda hakimiyyətdən uzaqlaşaraq doğma Kələki kəndinə gedib və burada 4 il 4 ay yaşayandan sonra ömrünün sonunadək siyasi mübarizəsini davam etdirib.
Uzun sürən xəstəlikdən sonra 2000-ci ilin 22 avqustunda Türkiyənin Ankara şəhərindəki xəstəxanada vəfat edib. Elçibəy birinci Fəxri Xiyabanda dəfn edilib.
Nəcəf Nəcəfov 1955-ci il iyunun 24-də Bakıda fəhlə ailəsində anadan olub. Xalq Təsərüffatı İnstitutunu bitirib. 80-ci ilin əvvəllərindən "İnşaatçı" qəzetində jurnalist fəaliyyətinə başlayıb. Sonra "Vışka" qəzetində şöbə müdiri işləyib və 1986-cı ilə kimi bu vəzifəni yerinə yetirib. Həmin il N.Nəcəfov "Molodyoj Azerbaydjana" qəzetinə redaktor təyin edilib. Onun rəhbərliyi dövründə "Molodyoj Azerbaydjana" ölkənin ən populyar və sevimli qəzeti olub. 1986-1989-cu illərdə "Molodyoj Azerbaydjana" faktiki olaraq Respublikanın mərkəzi qəzetinə çevrilib.
Müstəqil "Azadlıq" qəzetini təsis edən (1989-cu il) N.Nəcəfov, respublikanın suverenliyinə və ərazi bütövlüyünə təhlükənin artdığı bir vaxtda, AXC liderlərindən biri kimi, siyasətlə daha fəal məşğul olmağa başlayıb. 1990-cı ilin qanlı 20 Yanvar hadisələrində N.Nəcəfov Biləcəri yoxuşunda Sovet qəsbkarlarının qarşısını kəsən əliyalın adamların ön cərgəsində olub. Həmin faciənin zərbələrini ilk dadanlardan biri də N.Nəcəfov idi.
1990-1995-ci illərdə Azərbaycan parlamentinin deputatı olub. 1992-1993-cü illərdə N.Nəcəfov Azərbaycanın o vaxtkı prezidenti Əbülfəz Elçibəyin mətbuat katibi vəzifəsində işləyib. 1993-1995-ci illərdə o, AXC Məsləhət Şurasının üzvü vəzifəsində çalışıb. Ömrünün son illərində N.Nəcəfov Müstəqil Sahibkarlığa Yardım Fondunun vitse-prezidenti olub.
Nəcəf Nəcəfov 1999-cu il dekabrın 17-də uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. Bakı şəhərində Köhnə qəbiristanlıqda dəfn olunub.
Prezident İlham Əliyevin 21 iyul 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan milli mətbuatının 130 illiyi münasibətilə Azərbaycan jurnalistikasının inkişafındakı xidmətlərinə görə Nəcəf Nəcəfov "Şöhrət" ordeni ilə təltif olunub (ölümündən sonra).
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 798

Oxşar yazılar