“Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həlli çox uzaqda deyil” - MÜSAHİBƏ
16 iyun 2009 11:15 (UTC +04:00)

“Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həlli çox uzaqda deyil” - MÜSAHİBƏ

Rumıniya Xarici İşlər Nazirliyinin strateji məsələlər üzrə dövlət katibi Boqdan Aureskunun APA-ya eksklüziv müsahibəsi

- Rumıniya-Azərbaycan münasibətlərinin mövcud mərhələsini necə dəyərləndirirsiniz? Sizin fikrinizə görə, bu münasibətlərin prioritet sahələri hansılardır?

- Azərbaycan Respublikası 1991-ci ildə dünya xəritəsinə yeni müstəqil dövlət qismində daxil olduqdan sonra Rumıniya ilə münasibətlər inkişaf edib və genişlənərək indiki yüksək səviyyəyə çatıb. Bütün səviyyələrdə yüksək səviyyəli səfərlər, xüsusilə prezidentlərimiz arasında keçirilən görüşlər bir-birimizi yaxından tanımağa, Rumıniya-Azərbaycan ikitərəfli münasibətlərinin daha da inkişafına yardım edib. Ən yüksək səviyyədə siyasi dialoqun genişlənməsində prezidentlər arasında görüşlərin mütəmadi xarakter daşıması katalizator rolunu oynayıb və ümidvarıq ki, Azərbaycan prezidentinin Rumıniyaya gözlənilən səfəri bu prosesə bir daha öz töhfəsini vermiş olacaq. Bu, prezident İlham Əliyevin Rumıniyaya dördüncü rəsmi səfəri olacaq və ümid edirik ki, bu səfər ölkələrimiz arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə, mövcud ikitərəfli hüquqi çərçivəni tamamlayacaq yeni sazişlərin imzalanmasına səbəb olacaq. Bu sazişlərin xüsusi əhəmiyyəti var, çünki onlar Avropa İttifaqının tələblərinə tam uyğunlaşdırılmış sazişlərdir ki, bu da Azərbaycanla Avropa İttifaqı arasında sıx əməkdaşlığı daha da stimullaşdıracaq.


Bugünkü prioritetlərə gəldikdə, hazırda bizim qarşımızda duran vəzifə ikitərəfli iqtisadi əməkdaşlığın səviyyəsini siyasi əməkdaşlığın səviyyəsinə çatdırmaqdır. Ümid edirəm ki, Azərbaycan-Rumıniya hökumətlərarası komissiyasının bu il Bakıda keçiriləcək 4-cü toplantısı iqtisadi münasibətlərə yeni impuls verəcək. İqtisadi böhranın təsiri artmaqdadır, yalnız ölkələr arasında sıx əməkdaşlıq bu böhranın təsirini aradan qaldırmağa imkan verəcək. Müasir dünyada gedən qloballaşma şəraitində yalnız birlikdə uğur əldə etmək mümkündür.

- Bakıya səfərinizin əsas məqsədi nə idi? Səfər çərçivəsində iştirak etdiyiniz NATO seminarları barədə geniş məlumat verə bilərsiniz?

- Bu səfər mənə Azərbaycan Xarici İşlər Nazirliyindəki həmkarlarım ilə təhlükəsizlik məsələləri ilə bağlı məsləhətləşmələr keçirməyə əla imkan yaratdı. Mən həmçinin yüksək səviyyəli məmurlar ilə görüşlər keçirdim və ikitərəfli münasibətlərin mövcud mərhələsi ətrafında müzakirələr apardıq. Görüşlərdə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı yaxşılaşdırmaq üçün nə etmək lazım olduğunu müzakirə etdik. Səfərimin gündəliyində duran əsas maddə təhlükəsizlik məsələlərinə dair məsləhətləşmələr aparmaq idi. Bu məsləhətləşmələrdə qarşılıqlı maraq doğuran beynəlxalq və regional təhlükəsizlik problemlərinə dair fikir mübadiləsi apardıq. Bu zaman Qara dəniz regionunda stabilliyə mənfi təsir göstərən təhlükələr, xüsusilə mütəşəkkil cinayətkarlıq, çirkli pulların yuyulması, narkotik maddələr ticarəti, qeyri-leqal miqrasiya kimi məsələlərə xüsusi toxunuldu. Bakıda həmçinin NATO-nun təşkilatçılığı ilə keçirilən “Enerji təhlükəsizliyi: çağırışlar və imkanlar” mövzusunda seminara da qatıldım və burada məruzə ilə çıxış elədim.

- Cənubi Qafqaz “dondurulmuş” münaqişələrin mövcudluğu səbəbilə qeyri-stabil region hesab olunur. Rumıniyanın Dağlıq Qarabağ münaqişəsinə münasibəti necədir?

- Rumıniya Avropa İttifaqının üzvüdür və həm bu münaqişənin, həm də digər regional münaqişələrin yalnız sülh yolu ilə həllinin mümkünlüyünə dair Avropa İttifaqının mövqeyini bölüşür. Bu kontekstdə biz ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə münaqişə tərəfləri arasında keçirilən davamlı, effektiv dialoqa xüsusi əhəmiyyət veririk. Bu dialoq müstəvisi münaqişənin nizamlanmasına yönəlik digər təşəbbüsləri inkar etmir, lakin qeyd olunan təşəbbüslər ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan dialoqu tamamlamalıdır. Minsk Qrupu çərçivəsində aparılan uzunmüddətli dialoq nəticəsində böyük təcrübə toplanıb. Avropa İttifaqının orqanları və Avropa Parlamenti mütəmadi olaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı duruma qiymət verirlər. Rumıniya bu proseslərdə aktiv iştirak edir, münaqişənin nizamlanması prosesində BMT-nin müvafiq qətnamələrinə, beynəlxalq hüquq normalarına, xüsusilə suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərinə riayət olunmasını dəstəkləyir. Biz həmişə beynəlxalq hüquq prinsiplərinin, xüsusilə ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin aliliyini xüsusi vurğulayırıq.


Rumıniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasını qəti şəkildə dəstəkləyir. Çünki regionda “dondurulmuş” münaqişələrlə bağlı situasiyanın dəyişməsi dünyanın siyasi xəritəsində yeni qaynar nöqtənin yaranmasına gətirib çıxara bilər. Qoşunların təmas xəttində atəşkəs rejiminin mütəmadi pozulması ilə bağlı yaranmış vəziyyət bütün Qafqaz regionunda stabilliyə təhlükə yaradır, bu situasiya isə öz növbəsində biznes sektorunu bölgəyə sərmayə yatırmaqdan çəkindirir, həmçinin insanların gündəlik həyatına mənfi təsir göstərir.


Rumıniya hesab edir ki, münaqişənin nizamlanması zamanı beynəlxalq hüququn ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə qeyd-şərtsiz riayət olunmalıdır. Bu mövqe Rumıniya prezidenti Trayan Besesku tərəfindən istər Bakıda, istər digər paytaxtlarda dəfələrlə səsləndirilib. Eyni zamanda biz çoxlu sayda insan ölümünə səbəb olan və danışıqlar prosesini mürəkkəbləşdirən amili – qoşunların təmas xəttindəki hərbi insidentləri nəzərdən qaçıra bilmərik. Hadisələrin inkişaf dinamikasını izləyərək və xüsusilə prezidentlər səviyyəsində diplomatik danışıqların intensivləşməsini nəzərə alaraq ümid edirik ki, bu cəhdlər yeni müsbət nəticələrlə yekunlaşacaq. Məhz buna görə hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həlli çox uzaqda deyil. Buna görə də həmçinin gələcək barədə, postmünaqişə dövrü barədə düşünmək də vacibdir.


- Rumıniya bir müddət əvvəl NATO-nun Azərbaycan üzrə əlaqələndirici ölkəsi təyin olunub. BU istiqamətdə hansı gözləntiləriniz var?

- NATO-nun daxili prosedurasına əsasən, bu il Rumıniya ikinci dövr üçün hərbi alyansın Azərbaycanda əlaqələndirici funksiyasını öz üzərinə götürüb. Əminəm ki, bu, təkcə NATO ilə Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsi üçün yaxşı fürsət deyil, həmçinin Rumıniya ilə Azərbaycan arasında münasibətlərin dərinləşməsi üçün yeni impuls rolunu oynayacaq.
Rumıniya eyni zamanda NATO-ya yeni üzv ölkələrdən sayılır, bizim alyansa üzvlüyümüzün yalnız 5 il tarixi var. Hesab edirəm ki, bu amil bizim üçün bir üstünlük verib, çünki biz NATO strukturunu həm xaricdən, həm də daxildən öyrənmək imkanı qazanmışıq. Qeyd etməliyəm ki, NATO-nun əlaqələndirici ölkəsi kimi qarşımızda hər hansı operativ vəzifə qoyulmayıb, biz NATO-nun səfirliyi deyilik. Əslində NATO-nun dünyanın heç bir ölkəsində səfirliyi yoxdur, lakin alyans iştirakçı dövlətlər tərəfindən tərəfdaş ölkələrə maddi-texniki dəstək verilməsinə ehtiyac duyur, biz də Bakıdakı diplomatik nümayəndəliyimiz vasitəsilə bu vəzifəni yerinə yetiririk. Biz NATO rəsmilərinin Azərbaycana səfərlərini təşkil edir, konfrans və seminarların təşkilinə yardım göstəririk. Bu vəzifələri yerinə yetirən zaman biz Azərbaycan hakimiyyətinin və Bakıda səfirliyi olan NATO ölkələrinin dəstəyinə ümid bəsləyirik. Bizim qarşımızda duran əsas vəzifələrdən biri Azərbaycan cəmiyyətini NATO-nun missiya və vəzifələri barədə daha geniş məlumatlandırmaqdır. Hesab edirəm ki, ictimai rəyi formalaşdıran jurnalistlər, həmçinin məktəb, universitet, kitabxana və biznes qurumları NATO-nun daha yaxşı tanıdılması istiqamətində mühüm işlər görə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 917

Oxşar yazılar