Uğurlu gələcəyə böyük inamla
23 dekabr 2010 13:23 (UTC +04:00)

Uğurlu gələcəyə böyük inamla

Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır. Bu gün müstəqil Azərbaycanımızın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etməsi bir həqiqəti ortaya qoyur ki, ölkəmizin seçdiyi yol düzgündür və bu yol bizi daha uğurlu gələcəyə aparır.

Bir faktı qeyd etmək kifayətdir ki, ötən il başlanan və hələ də dünyada davam edən iqtisadi və maliyyə böhranı hər bir ölkənin hansı potensiala malik olduğunu ortaya qoydu. Azərbaycan uğurlu iqtisadi göstəriciləri ilə dünyanın diqqətində oldu. Bu reallıq beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirildi və etiraf olundu ki, Azərbaycanın bu sınaqdan şərəflə çıxmasına səbəb digər sahələr kimi iqtisadi siyasətimizin də düzgün əsaslar üzərində qurulmasıdır.

1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, tərəqqi, inkişaf dövrü kimi yazılıb. 2003-cü ildən sonrakı dövr isə uğurlu yolun davamı kimi dəyərləndirilir. Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya ən ümdə vəzifə kimi qoyan Prezident İlham Əliyev bildirdi ki, regionların inkişafı ölkənin hərtərəfli tərəqqisində başlıca amildir. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadə imkanlarımızın genişləndirilməsinə zəmin yaradır. Amma bir reallığı da qeyd edək ki, dünyada təbii resurslarla zəngin olan bir çox ölkələr var ki, orada bu ehtiyatlar heç də hər zaman uğur gətirmir.

Azərbaycan dövlətinin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində bugünkü uğurların təməli qoyuldu. Bir sözlə, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycanı regionda əsl söz sahibinə çevirdi. Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihələrin həyata keçirilməsindən söhbət gedə bilməz.

Azərbaycanın bugünkü uğurları dünyanın tanınmış mətbu orqanlarında, eyni zamanda ölkəmizlə bağlı yazılan kitablarda da geniş qeyd edilir. Publisist-beynəlxalq icmalçı, politoloq, «İlham Əliyev: Azərbaycanıma inanıram» kitabının müəllifi Mixail Vitalyeviçin ölkəmizlə bağlı açıqlamalarını xatırlatmaq istərdik. Kitabın yaranma səbəbindən bəhs edən müəllif bildirir: «Son illər Azərbaycan qüdrətli dövlətə çevrilib. Burada sözün əsl mənasında nəhəng qlobal və pozitiv dəyişikliklər baş vermişdir. İkinci səbəb isə şəxsidir. Kitabın əsl müəllifi İlham Əliyevdir. Çünki oxucu Azərbaycanı ilk növbədə onun "prizma"sından görür. Söhbət sözün əsl mənasında planetar təfəkkürlü və geniş dünyagörüşlü insan haqqında getdiyindən, bu, xüsusilə dəyərlidir.»

«Prezident öz ölkəsini necə də möhkəm, qətiyyətlə, ardıcıl olaraq inkişaf yolu ilə aparır!» deyən M.Vitalyeviç bildirir ki, ölkə lideri haqqında nə qədər material toplanırdısa, bir o qədər də məndə ona qarşı hörmət və hətta heyranlıq yaranırdı. Mənə daha da aydın olurdu ki, kitab, haqqında söhbət gedən şəxsiyyətin səviyyəsinə yüksəlmək üçün yalnız maraqlı deyil, həm də əzəmətli olmalıdır.

Mixail Vitalyeviçin «Azərbaycanın hazırkı inkişaf yolu haqqında nə deyərdiniz» sualına cavabı da diqqətdən kənarda qalmır: «Mən bugünkü respublikanı "çiçəklənən Azərbaycan" adlandırardım. Bu, yazıçı obrazı deyil, reallıqdır. Kitab üzərində iş məni cəlb etdikcə, ölkədə baş verən dəyişikliklərə sadəcə olaraq heyran qalırdım. Sənaye istehsalı hər il həqiqətən rekord göstəricilərlə artır, kənd təsərrüfatı yüksəlir, maliyyə və yenicə yaranmaqda olan bank sistemi möhkəmlənir. Azərbaycan bildiyimiz kimi, enerji resurslarını Qərbə ixrac edən və ötürən ölkələr sırasına qədəm qoymuşdur. Sözün əsl mənasında əsrin layihəsi olan Bakı-Tbilisi-Ceyhan boru xəttinin tikilməsi və açılışı ilə Azərbaycanın bütövlükdə Avropa və Qərb üçün nə qədər böyük əhəmiyyətə malik olduğu aşkar edildi. Mən sosial sferadakı ciddi dəyişiklikləri, hətta sıçrayış adlandırardım. Mən bu haqda çox danışa bilərəm, lakin Azərbaycanda baş verənlər haqqında dünyanın bilməsi, ölkənin qüdrətli dövlətə çevrilməsinə səbəb olmuş dəyişikliklərin mahiyyətinin anlanılması çox vacibdir.»

Gündən-günə daha da qüdrətlənən ölkəmiz, eyni zamanda bu uğurların qazanılmasına əsas verən Prezident İlham Əliyevin siyasəti barədə biri-birindən maraqlı, diqqətçəkən fikirlər söylənilir. Ümumi rəy budur ki, xalqın etimadını qazanan, hər bir vədini konkret əməli işi ilə sübut edən dövlət başçısına milyonların sevgisi şəksizdir. Möhtərəm İlham Əliyev 2003-2008-ci illər prezidentliyi dövründə hər bir sahədə həyata keçirdiyi tədbirlər, uğurlu layihələrlə 2008-ci ilin 15 oktyabr prezident seçkilərində növbəti beş il üçün də qələbəsinə zəmin yaratdı. Xalqımız cənab İlham Əliyevi dəstəkləməklə uğurlu sabaha səs verdi. Ötən bu illərdə atılan addımlar Onun hər kəsin Prezidenti olduğunu təsdiqləyir. Kimliyindən, siyasi əqidəsindən, dini mənsubiyyətindən asılı olmayaraq bütün insanların problemləri, qayğıları onu düşündürən başlıca məsələdir. İnsan amili dövlətin siyasətində öndə dayanır.

2003-cü ildə keçirilən andiçmə mərasimində «Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm» söyləyən cənab İlham Əliyev «Azərbaycan gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevriləcəkdir» tezisini bəyan edərək, sonrakı illərdə atdığı addımları ilə bu vədinə sadiqliyini bir daha nümayiş etdirdi.

Ulu öndər Heydər Əliyevin ölkə iqtisadiyyatının inkişafında neft-qaz amilinə yüksək dəyər verməsi onun uzaqgörən siyasətinin nəticəsi idi. Bu gün məhz bu siyasətin uğurlarını yaşayırıq. Ümummilli liderin uzaqgörən siyasətinin nəticəsi kimi dəyərləndirilən Dövlət Neft Fondunun yaradılmasının əhəmiyyəti də həyata keçirilən işlərin fonunda aydın görünür. Fond dövlət siyasətinin prioritetlərini müəyyənləşdirir. Hazırda fondun aktivlərinin həcmi 20 milyard dollardan artıqdır. Fondun qarşısında qoyulan əsas məqsədlərdən biri neft gəlirlərinin gələcək nəsillər üçün toplanaraq artırılması, digəri isə bu gəlirlərdən ölkəmizin sosial ehtiyaclarını, iqtisadi tərəqqi və inkişaf tələblərini nəzərə almaqla, bugünkü nəsillər üçün istifadə edilməsidir. Neft Fondunda toplanmış neft gəlirlərindən əldə edilən vəsaitlərin səmərəli istifadə olunmasına Azərbaycan hökuməti tərəfindən göstərilən diqqətin təzahürü kimi, Prezident İlham Əliyevin 27 sentyabr 2004-cü il fərmanı ilə "Neft və qaz gəlirlərinin istifadə olunması üzrə uzunmüddətli strategiya" təsdiq edilmişdir. Bu strategiyada vəsaitlərin aktiv şəkildə, o cümlədən iqtisadiyyatın qeyri-neft sektorunda, regionların, kiçik və orta sahibkarlığın inkişafında, yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsində, "insan kapitalının" inkişafında, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsində və digər bu kimi istiqamətlərdə istifadə olunması nəzərdə tutulur.

«Biz siyasətimizi elə aparmalıyıq ki, sanki Azərbaycanda neft yoxdur. İqtisadiyyatın bütün sahələri - ilk növbədə qeyri-neft sektoru, infrastruktur inkişaf etməlidir. Ancaq bu yolla biz Azərbaycanı hərtərəfli inkişaf etmiş ölkəyə çevirə bilərik.» Yeddi il əvvəl proqnoz kimi səslənən bu istək artıq reallığa çevrilib.

Müasir dövrün tələblərindən biri yüksək ixtisaslı kadrların hazırlanmasıdır. Avropaya inteqrasiya siyasətini həyata keçirən Azərbaycan dövləti dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsinə və tətbiqinə xüsusi maraq göstərir. Dövlət başçısı İlham Əliyev yüksək ixtisaslı, yeni texnologiyaların tətbiqini bacaran gənc mütəxəssislərin yetişdirilməsini qarşıya ən ümdə vəzifə kimi qoyur. Prezident İlham Əliyevin fərmanı ilə "2007-2015-ci illər üçün Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almaları ilə bağlı Dövlət Proqramı"nın təsdiqlənməsi və uğurla icrası da bu məqsədə xidmət edir.
Dövlət Proqramında qeyd olunduğu kimi, respublikamızda elm və təhsilin maddi-texniki bazası və kadr potensialı əsasən XX əsr ərzində formalaşmışdır. 1970-1980-ci illərdə ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsu ilə gənclərin kütləvi şəkildə keçmiş ittifaqın müxtəlif ali məktəblərinə göndərilməsi yüksək ixtisaslı mütəxəssislərlə təminat baxımından respublikanın qabaqcıl mövqelərə çıxmasına imkan yaratmışdı. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu bu ənənə hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Son illər ölkə iqtisadiyyatı ilə yanaşı elmi, təhsili və mədəniyyəti də geniş inteqrasiya proseslərinə cəlb olunub. Elm və təhsil sahələrində alim, müəllim və tələbələrin mübadiləsi geniş vüsət alıb. Təbii ki, müasir mərhələdə ölkəmizin iqtisadi qüdrəti gənclərimizin yeni bilik, informasiya və texnologiyaları qavraması qabiliyyəti ilə bilavasitə bağlıdır. Mövcud intellektual potensialın zənginləşdirilməsi ölkəmizdəki elm və təhsil ocaqları ilə bərabər, xarici ölkələrdə kadr hazırlığı məsələsini aktuallaşdırır, xarici dilləri mükəmməl bilən, informasiya-kommunikasiya texnologiyalarına yiyələnən və beynəlxalq diplomatik təcrübəni yaxşı mənimsəyən yüksək hazırlıqlı mütəxəssislərə olan ehtiyacın ödənilməsini tələb edir.

Dövlət Proqramının əsas məqsədi ölkədə rəqabətqabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımi şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəliliyinin artırılmasını təmin etməkdən ibarətdir.

Dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilən təhsilin, elmin inkişafı sahəsində görülən işlər davamlılığı ilə diqqəti çəkir. Təhsilin inkişafı ilə bağlı müxtəlif istiqamətləri əhatə edən 16 Dövlət Proqramının qəbul olunması və uğurla icrası, ən ucqar kəndlərdə belə məktəb tikintisi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi və s. buna əyani sübutdur.

«Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı»nın təsdiqlənməsi də bir daha dövlətimizin elmin, təhsilin inkişafına xüsusi diqqət və qayğısının bariz nümunələrindəndir.

Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev bu sahədə böyük nailiyyətlərin qazanılması, Azərbaycan elminin sıçrayışlı inkişafını təmin etmək üçün dövrün yeni şəraitinə uyğun olaraq, islahatların aparılmasını, bu günədək müxtəlif elm sahələrində qazanılmış nailiyyətlərin bundan sonra daha da artırılmasını elmi ictimaiyyətin qarşısında mühüm vəzifə kimi qoyur.

Bütün bunlar onu deməyə əsas verir ki, neft siyasətinin uğurla həyata keçirilməsi Azərbaycanın maliyyə imkanlarının möhkəmlənməsinə, digər sahələrin inkişafına geniş imkanlar açır. Prezident İlham Əliyev bildirir: "Neft-qaz Tanrıdan verilən böyük nemətdir. Biz bundan uğurla və məharətlə istifadə edirik. Amma gec-tez, bu təbii sərvətlər tükənəcək və bilik, zəka, səviyyə isə ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra da təmin edəcəkdir. Ən yaxşı inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, o ölkənin inkişafında ən aparıcı rol oynayan neft-qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır. Biz də buna hazırıq."

İqtisadi imkanlar artır. Kadr hazırlığının bu səviyyəyə uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılır. «Biz elə etməliyik ki, ölkəmiz sözün əsl mənasında müasir ölkə olsun» söyləyən dövlət başçısı İlham Əliyev kadrların hazırlanmasını ümumxalq işi olduğunu diqqətə çatdırır. Uğurlu neft stretegiyasının davam etdirilməsi üçün bu amilin rolu xüsusi vurğulanır.

Cənab İlham Əliyev hər bir çıxışında ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əhəmiyyətini önə çəkir. «Əsrin müqaviləsi» imzalanmasa idi, Azərbaycanın bugünkü iqtisadi imkanlarını, beynəlxalq aləmdə siyasi mövqeyini düşünmək çətin deyildi. «Əgər bizdə bu güclü təbii resurs olmasa idi, qeyri-neft sektorunu nəyin hesabına inkişaf etdirə bilərdik?» Bazar iqtisadiyyatı yolu ilə irəliləyən, sosial-iqtisadi proqramların həlli üçün maliyyə imkanlarını artıran Azərbaycan investisiya cəlbediciliyinə görə də maraq doğurur. Son on ildə ölkə iqtisadiyyatına 85 milyard dollar vəsait qoyulub ki, bunun da 38 milyard dolları neft-qaz sektorunun payına düşür. Daxili investisiyaların da həcmi artmaqdadır. Bu, sözsüz ki, dövlətimizin sahibkarlığın inkişafına diqqət və qayğısının göstəricisidir. Bu gün ÜDM-də özəl bölmənin payı 85 faiz təşkil edir. Qeyri-neft sektorunun inkişafını neft siyasətinin məntiqi davamı kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev bütün çıxışlarında bəyan edir ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi həyata keçirilən iqtisadi islahatların əsasında dayanır. Ötən 7 ildə 900 mindən artıq yeni iş yerinin açılması işsizlik, məşğulluq probleminin həllinə öz müsbət təsirini göstərir. Ölkədə yoxsulluğun səviyyəsi 49 faizdən 11 faizə enib. Hər sahə üzrə qəbul olunmuş proqramlar uğurla icra edilir.

Azərbaycan hakimiyyətinin daxili və xarici siyasəti, Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş davamlı tədbirlər cəmiyyətin böyük rəğbətinə səbəb olur. 2005-ci ildən başlayaraq Azərbaycan iqtisadi artım sürətinə görə dünyada liderlik edir. İqtisadiyyatın güzgüsü kimi dəyərləndirilən dövlət büdcəsi son illərdə on dəfədən çox artıb. Bu artım dövlət büdcəsindən bu və ya digər sahələrin inkişafına ayrılan vəsaitlərin həcmində də özünü qabarıq büruzə verir. Bütün bölgələrdə təhsil ocaqları, tibb müəssisələri, istirahət mərkəzləri, xidmət obyektləri və digər sosial obyektlər tikilib istifadəyə verilmiş, müasir standartlara uyğun yenidən qurulmuşdur.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının yerinə yetirilmə səviyyəsi ilə yaxından tanış olmaq məqsədi ilə mütəmadi bölgələrə səfər edən dövlət başçısı İlham Əliyev əhalinin arzu və istəkləri ilə maraqlanır, təklif və təşəbbüslərinin reallaşmasını, lazımi tədbirlərin görülməsini yerli idarəetmə orqanlarına əsas vəzifə kimi tapşırır. Bu gün paytaxt və bölgələr arasında fərqin aradan götürülməsi də bu inkişafın göstəricisidir.

Ölkə iqtisadiyyatının inkişafı üçün əsas amil olan enerji təhlükəsizliyinin təminatı istiqamətində də önəmli addımlar atılır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının, bütün dünya dövlətlərinin marağına səbəb olan enerji siyasətinin beynəlxalq birlik tərəfindən dəstəklənməsi Azərbaycana siyasi, iqtisadi divident qazandırır.

Enerji siyasətinin məqsədyönlü, xalqın maraqları baxımından həyata keçirilməsi əhalinin yanacağa olan tələbatını tam ödəməklə Azərbaycanın neft-qaz ixracatçısı kimi tanınmasında da böyük imkanlar yaratmışdır.

Enerjiyə olan tələbatını daxili imkanlar hesabına ödəyən Azərbaycan dünya dövlətlərinin enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Keçirilən enerji sammitlərində ölkəmizin mövqeyni qətiyyətlə bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, qarşılıqlı əməkdaşlığa yönəldilmiş qlobal layihələrin iştirakçısı və təşəbbüskarı olan Azərbaycan hər zaman istehlakçıların tələbatına cavab verən, dövlətlərə siyasi və iqtisadi sahədə uğur gətirəcək layihələri dəstəkləyir. Artıq iqtisadi inkişafı ilə region, MDB və Şərqi Avropa dövlətlərini qabaqlayan, heç bir dövlətin maliyyə dəstəyinə ehtiyacı olmayan Azərbaycan üçün vacib amil bütün ölkələrlə sıx inteqrasiya, Avropa İttifaqı ilə mühüm proqramlar reallaşdırmaq, birgə səylər nəticəsində həll olunan məsələlərə diqqət yetirmək və səmərəli tərəfdaşlıqdır. Azərbaycan Avropa İttifaqının "Yeni qonşuluq siyasətinə dair Fəaliyyət planı"nın iştirakçısıdır. Təşkilatla enerji məsələləri üzrə imzalanmış strateji tərəfdaşlığa dair Memoranduma hörmətlə yanaşılır.

«Əsrin müqaviləsi»nin əsas tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin çəkilməsi, eyni zamanda Qara dəniz sahillərinə çıxan Bakı-Supsanın istismarı, Bakı-Novorossiysk xəttinin işə salınması Xəzər regionunu, daha dəqiq desək, Azərbaycanı beynəlxalq əməkdaşlıq məkanına çevirdi.

Neft strategiyasının uğurla həyata keçirilməsinin nəticəsidir ki, artıq Azərbaycan yalnız investisiya qoyulan deyil, eyni zamanda investisiya yatıran ölkə kimi də tanınır. Bir məqamı xüsusi qeyd etməliyik ki, iqtisadiyyatın inkişafına mühüm töhfələr verən Azərbaycan Dövlət Neft Şirkəti müxtəlif ölkələrdə investisiya layihələri həyata keçirir. Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev Şirkətin qarşısında dünya miqyasında beynəlxalq və aparıcı şirkətlərin birinə çevrilmək vəzifəsini qoymuşdur. ARDNŞ son illərdə sürətlə inkişaf edir. Şirkət həm maliyyə, həm texniki imkanları hesabına müstəqil şəkildə kəşfiyyat, qazma işləri aparır ki, bu da neft-qaz potensialının artırılmasında vacib amillərdəndir. Dövlət başçısı İlham Əliyev "Ümid" qaz yatağının açılması münasibətilə ARDNŞ rəhbərliyi ilə keçirdiyi görüşdə bu məsələyə xüsusi diqqət yönəldərək bildirdi ki, Dövlət Neft Şirkətinin "Ümid" yatağında öz hesabına, öz gücü ilə kəşfiyyat işləri aparmaq barədə təklifi və təşəbbüsü həm riskli idi, həm də eyni zamanda, onu göstərirdi ki, biz artıq bunu etməyə qadirik.

Region, eyni zamanda Avropa ölkələrində Azərbaycan Neft Şirkəti- nin nümayəndəlikləri fəaliyyət göstərir. Bu faktlar onu təsdiqləyir ki, ARDNŞ-in dünya miqyasında neft şirkətləri arasında öz reytinqi var. Prezident İlham Əliyevin bildirdiyi kimi, ARDNŞ-in gücləndirilməsi həm Azərbaycanın maraqlarına cavab verir, həm də ölkədə neft-qaz sənayesinin inkişafı, sosial məsələlərin həlli üçün çox vacibdir. Dövlət Neft Şirkəti etibarlı tərəfdaş kimi öz imkanlarını ortaya qoyur.

Son illərdə Azərbaycanda neft-qaz hasilatı böyük həcmdə artıb. Əgər 2003-cü ildə neft hasilatı 15,4 milyon ton idisə, ötən il 50 milyon tondan artıq olmuşdur. 2003-cü ildə 5,5 milyard kubmetr qaz hasil edilirdi, ötən il bu göstərici 24 milyard kubmetrə yaxın olmuşdur. Bütün bunlar proqnozların doğrulacağına inam yaradır. Belə ki, 2015-ci ildə neft hasilatının 60 milyon tona və qaz hasilatının 34 milyard kubmetrə çatdırılması proqnozlaşdırılır.

Ölkəmiz artıq təbii qaz ixracatçısına çevrilib. Azərbaycanın karbohidrogen ehtiyatlarını nəql edən 7 neft-qaz kəməri var. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu, dünya bazarına birbaşa çıxışı olmayan ölkə üçün həlledici məsələdir: «Neft-qaz sərvəti nə qədər olursa-olsun, bunları dünya bazarına çıxarmaq mümkün olmadığı təqdirdə onun heç bir mənası yoxdur.» Bir sözlə, bu gün Azərbaycanın neft-qaz sektoru intibah dövrünü yaşayır.

Azərbaycanın iqtisadi və siyasi mövqeyini möhkəmləndirməsi ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə də yol açır. Azərbaycanın haqlı mövqeyini dəstəkləyən dövlətlərin və beynəlxalq təşkilatların sayının artması Prezident İlham Əliyevin qətiyyət və səyinin nəticəsidir. Cənab İlham Əliyev ən yüksək tribunalardan Azərbaycanın dəyişməz mövqeyini bəyan edir. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil. Münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini tapmalıdır. Bu günlərdə NATO-nun Lissabon, eyni zamanda ATƏT-in Astana sammitində Ermənistanın işğalçılıq siyasəti bir daha faktlar əsasında diqqətə çatdırıldı. Qəbul olunan sənədlərdə ölkəmizin ədalət prinsiplərinə əsaslanan mövqeyi öz əksini tapdı. Hərbi-siyasi təşkilat olan NATO-nun Dağlıq Qarabağ probleminin nizamlanması prosesinə göstərdiyi diqqət, təbii ki, Azərbaycan dövlətinin uğurlu xarici siyasətinin nəticəsidir.

Diplomatik mübarizədə qələbə qazanan ölkəmizin münaqişənin həllində hərb siyasətini seçərsə, qələbəsi şübhəsizdir. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycanın çox güclü, qüdrətli ordusu var.

Ulu öndər Heydər Əliyev bildirirdi ki, sülh danışıqlarını cəsarətli aparmaq üçün güclü, qüdrətli ordu gərəkdir. Hər il Silahlı Qüvvələr günündə keçirilən hərbi parad bir daha Azərbaycan Ordusunun nəyə qadir olduğunu nümayiş etdirir. Bu gün ordunun güclənməsi üçün bütün lazımi tədbirlər görülür, peşəkarlıq artır. Azərbaycan Ordusu ən yüksək standartlara cavab verir. Prezident İlham Əliyevin mütəmadi olaraq regionlara səfərləri, sərhəd bölgələrində hərbi hissələrdə zabitlərlə, əsgərlərlə görüşməsi, onların qayğıları ilə maraqlanması təbii ki, gənclərdə daha böyük ruh yüksəkliyi yaradır, işğal altında olan torpaqlarımızın azad olunması üçün səylərini artırmalarına stimul verir. Dövlət başçısı İlham Əliyev çıxışlarında da vətənpərvəlik hissinin yüksəldilməsini, ordunun peşəkarlığının, müasir standartlara uyğunlaşma prosesinin sürətləndirilməsinin vacibliyini bildirir.

Peşəkarlıqla yanaşı, ordunun maddi-texniki bazası da möhkəmlənir. Bu istiqamətdə son illər ərzində böyük işlər görülüb. Azərbaycanın ümumi hərbi xərcləri son beş ildə 10 dəfədən çox artmışdır.

Böyük enerji layihələrinin əsas iştirakçısı və təşəbbüsçüsü olan Azərbaycan daha qüdrətli dövlətə çevrilir. Ermənistan isə öz işğalçılıq siyasəti nəticəsində bütün iqtisadi layihələrdən kənarda qalıb, iqtisadi böhran içərisində çapalayır. Bu gün Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi büdcəsindən çoxdur.

Azərbaycanda müasir və çox güclü hərbi sənaye kompleksi yaradılıb. Müdafiə Sənayesi Nazirliyinin yaradılması da dövlətin bu sahəyə göstərdiyi diqqətin bariz nümunəsidir. «Biz istəyirik ki, Azərbaycana lazım olan hərbi texnika və silah-sursat maksimum dərəcədə ölkəmizdə istehsal olunsun.» Dövlət başçısı bunun üçün yeni texnologiyaların gətirilməsinin, peşəkar mütəxəssislərin hazırlanmasının vacibliyini önə çəkir. Bu işlərin yüksək səviyyədə görülməsi üçün maliyyə də əsasdır. Bütün bu amillər bu gün ölkəmizdə mövcuddur. İldən-ilə artan hərbi xərclərin tərkib hissəsi olan müdafiə sənayesinə ayrılan vəsaitlər də artır.

Dövlət başçısı gələcəkdə bu müsbət meyllərin davam etdiriləcəyinə əminliyini ifadə edir.

Ölkəmizin müdafiə qabiliyyətini gücləndirməsi, hərbi büdcəsini artırması suveren hüququdur. Azərbaycan işğala məruz qalan ölkədir. Torpaqlarımızın 20 faizi işğal altındadır. Belə olan halda, ordu quruculuğu, müdafiə potensialının möhkəmlənməsi və güclü ordunun yaranması dövlət üçün, hər bir vətəndaş üçün əsas vəzifədir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların intensivləşməsinə baxmayaraq işğalçı Ermənistan qeyri-konstruktiv mövqeyi ilə problemin həllini uzadır. «Bu danışıqlar uzun müddətdir ki, aparılır və Azərbaycan xalqı bu danışıqlardan artıq yorulubdur. Biz hesab edirik ki, danışıqlar əbədi aparıla bilməz.» Xalqın səbrinin tükənməz olmadığını ən yüksək tribunalardan bildirən cənab İlham Əliyev bəyan edir: «Biz imitasiya naminə danışıqlar aparmayacağıq.»

«Mən bu fikirdəyəm ki, ölkəmizin davamlı və uzunmüddətli inkişafı, bütün digər cəhətlərlə yanaşı, ilk növbədə, demokratiyanın, inkişaf səviyyəsindən və hər bir vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsindən asılıdır» söyləyən Prezident İlham Əliyev ölkədə insan hüquqlarının, söz, mətbuat, vicdan azadlığının qorunmasına xüsusi diqqət və qayğı ilə yanaşır. Ötən müddət ərzində prezident, parlament, bələdiyyə seçkiləri, ümumxalq səsverməsi-referendumun keçirilməsi demokratiyanın tələblərinə tam uyğun təşkil olunur.

İnsan hüquq və azadlıqlarının qorunması dövlətimizin siyasətinin əsasında dayanır. Ötən ilin martında keçirilən ümumxalq səsverməsində Konstitusiyanın 29 maddəsinə edilən 40-a yaxın əlavə və dəyişikliyin böyük əksəriyyəti insan hüquqlarının müdafiəsinə xidmət edir. Konstitusiyaya edilən əlavəyə əsasən dövlətin ali məqsədi insan hüquq və azadlıqlarını qorumaq, vətəndaşların layiqli həyat səviyyəsini təmin etməkdir. Prezident İlham Əliyevin imzaladığı əfv fərmanlarına əsasən minlərlə azadlıqdan məhrum edilmiş məhbus azadlığa buraxılıb. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən amnistiya aktları minlərlə məhbusa şamil edilib. Bütün bunlar dövlətin siyasətində insan amilinə necə yüksək dəyər verildiyini təsdiqləyir.

Demokratik cəmiyyətin mövcudluğunu təsdiqləyən amillərdən biri də ölkədə söz, mətbuat azadlığını təmin etməkdir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev bu sahədə də atılan addımların davamlılığını təmin etmək üçün ciddi səylər göstərir. «Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası»nın qəbulu da bu məqsədə xidmət edir. Konsepsiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti Yanında KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun yaradılması dövlətin mətbuata hərtərəfli qayğısının daha bir əyani təzahürü kimi diqqətəlayiqdir. Fondun yaradılmasının əsas məqsədi azad və müstəqil mətbuatı inkişaf etdirmək, onu dəstəkləmək, mətbuatın maddi-texniki bazasının, o cümlədən jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət etməkdir. Bu il Azərbaycan milli mətbuatının 135 illik yubileyinin dövlət başçısı İlham Əliyevin sərəncamı ilə ölkəmizdə geniş şəkildə qeyd olunması da bu diqqət və qayğının əsas tərkib hissələrindəndir. Möhtərəm Prezidentimiz İlham Əliyevin «Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında», «Mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında», eyni zamanda milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif olunması haqqında sərəncamları böyük minnətdarlıq hissi ilə qarşılandı. «Mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında» sərəncamı xüsusilə vurğulamaq istəyirəm. Möhtərəm Prezident İlham Əliyevin sərəncamı ilə jurnalistlərin mənzil-məişət problemlərinin həlli məqsədilə 5 milyon manat məbləğində vəsaitin ayrılması Azərbaycan mətbuat tarixində çox böyük bir hadisədir. Ümumiyyətlə, dünyada analoqu olmayan bir hadisədir.

Azərbaycan bu gün bütün sahələrdə böyük uğurlara imza atır. «Hakimiyyətin yeganə mənbəyi xalqdır» söyləyən Möhtərəm Prezident İlham Əliyev bildirir ki, hər sahə üzrə proqramların mövcudluğu, həyata keçiriləcək layihələrin xalq tərəfindən dəstəklənməsi, birgə addımların atılması gələcəyə daha böyük inamla irəliləməyə stimul verir. Prezident İlham Əliyevin son yeddi ildə hər bir vədini konkret əməli işi ilə təsdiqləməsi, həyata keçirdiyi siyasətin alternativsizliyi dünyanın tanınmış siyasətçilərinin, politoloqlarının, nüfuzlu araşdırmalar mərkəzlərinin açıqlamalarında xüsusi qeyd edilir, ən yüksək mükafatlara layiq görülür.

Mütəmadi olaraq Cənubi Qafqaz ölkələrində əhalinin Prezidentlərinə etimadını, ölkədəki ictimai-siyasi, iqtisadi durumu öyrənmək məqsədi ilə sorğu keçirən ABŞ-ın nüfuzlu «Gallup» təşkilatının hesabatlarında əksini tapan statistik rəqəmlərdən də məlum olur ki, dünya dövlətlərini narahat edən qlobal maliyyə böhranına baxmayaraq iqtisadiyyatı sürətli, dinamik və davamlı inkişaf yolu ilə irəliləyən Azərbaycan aparılan məqsədyönlü islahatlar nəticəsində qazandığı liderliyini qoruyub saxlayır.

Prezident İlham Əliyevin Rusiyada təsis edilmiş «İlin adamı-2009» Qran-pri mükafatına, eyni zamanda Rumıniyada "İlin adamı-2010" mükafatına layiq görülməsi də ölkənin ictimai-siyasi, iqtisadi, demokratik islahatlar və dövlət mənafelərinə xidmət sahəsində göstərdiyi səylərinin təsdiqidir. Mükafatın təsisçiləri bildirirlər ki, «İlin adamı» öz ölkəsinin inkişafının mühüm meyllərini təcəssüm etdirən, onun gələcəyini formalaşdıran insanlardır. Bu kontekstdə Prezident İlham Əliyev ölkədə sabitliyin təminatçısı kimi qiymətləndirilir.

Bu uğurları yüksək dəyərləndirən xalqımız yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də tezliklə öz müsbət həllini tapacağına, Azərbaycanın daha böyük uğurlar əldə edəcəyinə inamlarını ifadə edir, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, bu həmrəyliyin sarsılmazlığını nümayiş etdirirlər.

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin son yeddi ildə gördüyü işləri bir yazıda əhatə etmək qeyri-mümkündür. Sadalananlar yalnız onların cüzi bir hissəsidir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi, 7 ilin statistikasına baxmaq kifayətdir ki, Azərbaycanın uğurlu inkişafı haqqında hər kəsdə aydın təsəvvür yaransın. Bu günün uğurları isə gələcəyə daha böyük inamla irəliləməyə stimul verir.

Vüqar Rəhimzadə,

«İki sahil» qəzetinin baş redaktoru,
Əməkdar jurnalist,
YAP Siyasi Şurasının üzvü
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1047

Oxşar yazılar