“Avstriya Azərbaycanı gözəl gələcəyi olan iqtisadi tərəfdaş kimi görür” – MÜSAHİBƏ
19 oktyabr 2010 13:54 (UTC +04:00)

“Avstriya Azərbaycanı gözəl gələcəyi olan iqtisadi tərəfdaş kimi görür” – MÜSAHİBƏ

Avstriyanın Azərbaycandakı səfiri Silviya Mayer-Kaybiçin APA-ya müsahibəsi

- Azərbaycanla Avstriya arasında ikitərəfli əlaqələrin səviyyəsini necə qiymətləndirirsiniz?

- Avstriya ilə Azərbaycan 1992-ci ildə bir-birini müstəqil dövlət kimi tanıyıb. Bu zamandan etibarən diplomatik münasibətlər çox yaxşı inkişaf etməyə başlayıb. Azərbaycan 1995-ci ildə Vyanaya öz səfirini göndərib. Bilirsiniz ki, Vyanada ATƏT, BMT (3-cü rəsmi iqamətgah), UNİDO, OPEK, Beynəlxalq Atom Enerjisi Agentliyi kimi beynəlxalq təşkilatların ofisləri yerləşir. Avstriya da öz növbəsində bu il iyunun 23-də Bakıda diplomatik nümayəndəlik açıb.

- Azərbaycanda Avstriya səfirliyinin açılması ikitərəfli əlaqələrə necə təsir edib?

- İkitərəfli münasibətlər hər bir ölkədə nümayəndəliyin yaradılması yolu ilə dəstəklənir. Bununla yanaşı, səfirlik Avstriyadan gələn nümayəndə heyətlərinin səfərlərini hazırlayır və birgə layihələr üçün maraq dairələrini araşdırır. Münasibətlərdə növbəti zirvə nöqtəsini Avstriyanın federal prezidentinin gələn ilə planlaşdırılan rəsmi səfəri təşkil edəcək.

- İyul ayından səfirlikdə konsulluq xidməti yaradılıb. Bu müddət ərzində Avstriyaya getmək istəyən neçə Azərbaycan vətəndaşına viza verilib?

- Avstriyanın Bakıdakı səfirliyi iyuldan etibarən 400-dən artıq viza rəsmiləşdirib. Xidməti səfər edənlər çoxluq təşkil edir, lakin eyni zamanda bir sıra azərbaycanlı tələbə və turistlər də Avstriyada qalmaq üçün maraq göstərib və Şengen vizası, yaxud tələbələrə aid ölkədə qalma icazəsi üçün zəruri sayılan müvafiq şərtləri yerinə yetirdikdən sonra viza alıblar.

- Azərbaycanla Avstriyanın enerji sahəsində əməkdaşlığını necə qiymətləndirirsiniz?

- Enerji sahəsində “Nabucco“ layihəsi hazırda aparıcı mövzudur. Danışıqlar mühüm bir mərhələdədir və mən nikbinliklə ümid edirəm ki, yaxın gələcəkdə konkret nəticələr əldə olunacaq.

- Mədəniyyət sahəsində ikitərəfli əməkdaşlıq haqda nə deyə bilərsiniz?

- Hər iki ölkənin mədəniyyət nazirlikləri arasında 2009-cu ildə anlaşma Memorandumu imzalanıb. Bu Memorandum ilk növbədə muzey, qalereya və kitabxanalar arasında möhkəm əməkdaşlığı, habelə sənətkarların mübadilə proqramını nəzərdə tutur. Həm Bakıda, həm də Vyanada mədəniyyət həftələrinin keçirilməsi üzrə hazırlıq işləri gedir. Azərbaycan Dillər Universitetində Avstriyadan olan xarici dillər üzrə assistent çalışır və bundan əlavə, orada iyunda Avstriya kitabxanası açılıb.

- Ölkələr arasında ticarət dövriyyəsinin həcmi nə qədərdir və dünya maliyyə böhranı bu əməkdaşlığa təsir göstəribmi?

- 2009-cu ildə Azərbaycanın Avstriyaya ixracı 37,3 milyon avro, Avstriyadan idxalı isə 42 milyon avro təşkil edib. Avstriya Azərbaycana ilk növbədə maşınqayırma məhsulları, dərman preparatları, odun və mal-qara ixrac edir, Azərbaycandan isə əsasən neft məmulatları və avadanlıq alır. Son 10 ildə ikitərəfli xarici ticarət dövriyyəsi 10 dəfə artıb. Keçən ildəki ümumi iqtisadi böhranla əlaqədar yaranmış durğunluğa baxmayaraq, Avstriya Azərbaycanı gözəl gələcəyi olan iqtisadi tərəfdaş kimi nəzərdən keçirir.

- Azərbaycanda hansı Avstriya firmaları fəaliyyət göstərir? Onların fəaliyyət sferası nələri əhatə edir?

- Hal-hazırda bir sıra Avstriya müəssisələri Azərbaycanda təmsil olunur ki, onlar burada törəmə şirkətlər, birgə müəssisələr və nümayəndəliklər şəklində çalışırlar. Əsasən söhbət OMV, “Strabag“, “Vamed“ və “Şaller“ kimi böyük müəssisələrdən gedir. Bundan əlavə, Avstriya yerli süd istehsalında məhsuldarlığın artırılması üçün Azərbaycana südlük inəklər göndərir. Turizm sahəsində bir Avstriya müəssisəsi Qusar yaxınlığında yerləşən Şahdağ Qış Turizm Kompleksinin tikintisində məsləhətçi kimi çalışır və otelçilik, turizm sahəsində kadrların hazırlanması üzrə Azərbaycan Turizm İnstitutu ilə intensiv əməkdaşlıq edir.

- Avstriyanın Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar rəsmi mövqeyi nədən ibarətdir?

- Avstriya Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə töhfə verə biləcək bütün səyləri dəstəkləyir və ATƏT-in səylərinə etibar edir. ATƏT və onun institutlarının həlli uzanan münaqişələrin həllinə hansı töhfələri verə biləcəyi qarşıdakı Astana sammitində Avstriya və bizim Avropa Birliyindəki tərəfdaşlarımız üçün əsas məsələlərdən biri olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 839

Oxşar yazılar