“Qarabağ münaqişəsinin dondurulmuş prosesə çevrilməsinə yol verə bilmərik”
29 dekabr 2009 19:30 (UTC +04:00)

“Qarabağ münaqişəsinin dondurulmuş prosesə çevrilməsinə yol verə bilmərik”

“Bu ili Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi baxımından müsbət səciyyələndirərdim. Lakin o, daha müsbət ola bilərdi”.


Bu fikirləri Rusiyanın “Vesti” telekanalına müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev söyləyib. APA-nın “AzərTAC”a istinadən yaydığı məlumata görə, dövlət başçısı hələ 2008-ci ildə Ermənistan və Azərbaycan prezidentləri arasında danışıqlar aparıldığını və münaqişənin tənzimlənməsi haqqında birgə bəyannamə imzalandığını bildirib: “Həmin sənəddə dəqiq müəyyən edilib ki, münaqişə beynəlxalq hüququn prinsipləri və normaları, beynəlxalq təşkilatların qərarları və qətnamələri əsasında tənzimlənməlidir. Bunlar hansı qərar və qətnamələrdir? Təbii ki, Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazisindən dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsidir. Artıq iyirmi ilə yaxındır ki, bu qətnamələr yerinə yetirilmir. Yəni əsas məsələ budur – Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması, köçkünlərin və qaçqınların öz torpaqlarına qayıtması üçün imkan yaradılması. Təəssüf ki, 2009-cu ilə bəslənilən ümidlər bizim güman etdiyimiz dərəcədə doğrulmadı”.


Dövlət başçısı Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin birgə bəyanat imzalamasını əlamətdar hadisə adlandırıb: “1994-cü ildə atəşkəs haqqında saziş imzalanandan sonra bu, ilk birgə sənəd idi. Yəni 2009-cu ildə məsələni həll edəcəyimizə, heç olmasa, baza prinsiplərini razılaşdıracağımıza ümid var idi. Lakin bu ümidlər doğrulmadı. Həm də bizim günahımız üzündən yox. Buna görə də 2010-cu il üçün müəyyən nikbinlik vardır. Bu onunla bağlıdır ki, Qarabağ münaqişəsinin tənzimlənməsi mövzusu beynəlxalq gündəliyin əsas mövzularından birinə çevrilib. Ola bilsin ki, əvvəllər bunu tam anlamayanların çoxuna aydın oldu ki, Ermənistan-Azərbaycan münaqişəsi tənzimlənmədən digər regional problemlərin heç birini həll etmək mümkün olmayacaq. Yəni, bu, əsas səbəbdir. Bu səbəb aradan qaldırılmadan regionda əlverişli əməkdaşlıq şəraiti yaradılması, təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi mümkün deyil. Bu münaqişəni tənzimləmək üçün isə sadəcə olaraq Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməli, işğalçı qüvvələrini Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilərdən çıxarmalıdır. Bundan sonra regionda sülh və əməkdaşlıq bərqərar ola bilər”.


Azərbaycan prezidenti 2010-cu ildə əsas mövqeləri razılaşdıra biləcəklərinə ümidvar olduğunu deyib: “Lakin biz danışıqların permanent prosesə çevrilməsinin qəti əleyhinəyik. Danışıqlar 1992-ci ildən - ATƏT-in Minsk Qrupu yaradılan vaxtdan aparılır. 1994-cü ildə atəşkəs haqqında saziş bağlanıb. On beş il keçib, irəliləyiş var, lakin nəticə yoxdur. Buna görə də biz bu münaqişənin, sözün tam mənasında, dondurulmuş prosesə çevrilməsinə yol verə bilmərik. Onilliklər boyu davam edən başqa münaqişələrin taleyi təkrarlanmamalıdır. Biz buna heç vaxt razı olmayacağıq. Buna görə də hesab edirəm ki, əgər Ermənistan tərəfindən konstruktivizm və ən başlıcası, sağlam düşüncə nümayiş etdirilsə, gələn il biz irəliləyə bilərik”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 606

Oxşar yazılar