Partiya və pul-DEPUTAT YAZIR
18 oktyabr 2012 00:10 (UTC +04:00)

Partiya və pul-DEPUTAT YAZIR

Azərbaycanın müstəqillik qazanması ilə təvəllüd tapan siyasi partiyalardan böyük əksəriyyətinin maliyyə müstəqilliyi heç vaxt olmayıb. Məhz buna görə də onlar ya çirkli pullardan asılı olublar,ya da hərbi qüvvələrlə birləşərək hakimiyyəti ələ keçirtmək istəyiblər ki, pula sahib olsunlar. Vətəndaş maraqlarının əks etdirilməsi, ictimai instusionallaşma və kadr ehtiyatlarının yaradılması baxımından partiyaların iqtisadi-material bazasının əhəmiyyətini sübuta yetirmək əbəsdir.

90-cı illərdə tüğyan edən yeni siyasi təşkilatlar məhz maddi iflasa uğrayaraq dövriyyədən çıxdılar. O zaman bir qərbli ekspert demişdi ki, Avropada böyük imkan sahibləri partiya yaratmaqla məşğul olduğu halda, sizdə tam əksinədir.

Yerdə qalanlar- hakim partiyanı çıxmaq şərtilə, kütləviliyi təmin edə bilməyərək və üzvlük haqları, ianələrdən məhrum olaraq faktiki şəraitdə birinci şəxslərdən asılı vəziyyətə düşdülər. Belə situasiya partiyaları nizamnamə kapitalı bir şəxs tərəfindən formalaşdırılan banklarla eyniləşdirməyə əsas verdi.

Demokratik sistemin bir elementi olan bu təsisatlar antidemokratik qaydalarla idarə olunurdular. Bütün seçkili orqanlar, kadrların təyinatı və rotasiyası faktiki şəraitdə çoxluğun iradəsindən kənarda həll olunur və partiyalar siyasi marketlərə çevrilirdilər.

Yaxşı xatırlayıram,1995-ci ildə milli- demokratik cəbhənin əsas avanqardı kimi çıxış edən bir təşkilatın siyasi vitrininə nəhəng bir biznes adamı çıxarıldı və bununla da göründü ki, yüksək amallardan bəhs edən məramnamə və bəyanatlar sadəcə görüntüdür. Bir qurumun sıralarında illərlə zəhmət çəkərək quruculuqda fiziki-mənəvi və siyasi zəhmətə qatlaşanların haqqını iş adamları çox asanlıqla satın ala bilirdilər. Beləliklə, qara pulların siyasi həyata çıxışı təmin olunurdu və həmin dairələrin qoruyucu zirehi rolunda məhz partiyalar çıxış etməyə başlayırdılar.

Biz klassik modeldən-burjuaziyanın siyasi iddialarından danışmırıq. Məsələn, Rəsul Quliyevin malik olduğu pul kütləsinin hansı layihələrdə rol oynadığını artıq hər kəs bilir. Ən azı 4 partiyanın onun maliyyəsi hesabına meydana çıxması, yaxud nüfuz dairəsinə düşməsi ictimaiyyətə bəlli faktlardır. O cümlədən, seçdiyi ideya istiqamətlərin və siyasi platformanın həyata keçməzliyi fonunda geniş xalq kütlələrinə deyil, çox məhdud mənafe qruplarına yaxınlaşmağa meyl göstərən qüvvələr də peyda oldu ki, onlar da hakimiyyətin silah vasitəsilə devrilməsi və ya separatizmin müdafiəsi yolunu tutdular. İş o yerə çatmışdı ki, şəhidlərimiz belə partiyalı mənsubiyyətə bölünərək təbliğat elementinə çevrilmişdilər. Bütün bunlar partiyaların maliyyə qaynağına sahib durmaq üçün ciddi axtarışlarının və uğursuzluğunun nəticəsi idi. Elə bir reallıq formalaşmışdı ki, hakimiyyətdən şəffaflıq tələb edənlərin özləri katolik kilsəsinin qapalı və qaranlıq dairəsini xatırladırdı. Siyasi bazara hazır ştamplı bir partiyanın çıxması və onun alınması isə stabil əqidə sisteminə və böyük Vətən amallarına necə ticarət predmeti kimi yanaşıldığını ortaya qoydu.

Xarici mənbələr də çox mürəkkəb sxem düşünməyə ehtiyac görmürdü. Onlar ilk dövr qrantlar hesabına antihakimiyyət platsdarmını ayaqda saxlasalar da, sonradan daha konkret yola əl atdılar. Müxtəlif beynəlxalq tədbirlər, dinləmə mərasimlərinə dəvət adı ilə həmin partiyaları xarici layihələrə qoşurdular və süfrənin çox kiçik hissəsindən onlara pay ayırırdılar. Biz artıq idarə heyətləri və sədarət lojaları sorosçulardan ibarət qüvvələr haqqında cəmiyyətdə formalaşan mifləri bilirik. Lakin mövcud iqtidarlara təzyiq və iqtisadi maraq aləti kimi yararlı hesab olunan bu təcrübə artıq köhnəlib. İndi qəzetlərin hesabına alınan cüzi məvaciblərlə müxalif düşərgəni təşkil etmək alınmır.

Aydın görünür ki, iqtidar əleyhdarları çox böyük maliyyə sıxıntısı yaşayır və vətəndaş da artıq başqa alternativlərin siyasi gələcəyinə investisiya qoymaqdan imtina edib. Belə demək mümkündürsə, reallıq kəsb etməyən çağırışlar və hakimiyyət perspektivsizliyi kasıblığın əsas səbəbinə çevrilib.

Əlbəttə, biz güclü siyasi sistemin formalaşmasında maraqlı olmalıyıq. Söhbət heç də gəlirləri artan bir ölkənin lümpenləşən partiyalarının bolşevizmə və aqressiyaya əl atmasından getmir.

Şübhəsiz ki, dövlətin artan iqtisadi gücü həm də siyasi həyatı təsirləndirir. Dövlət büdcəsinin və valyuta ehtiyatlarının artması avtomatik siyasi mübarizənin də şiddətinə təsir göstərir. Onların gözündə hakimiyyətin tutumu və siyasi qiyməti artır.

Beləliklə, artıq 2013-cü ildən başlayaraq dövlət partiyaların maliyyə buxovlarından azad olunmasına və yeni sistemin formalaşmasına, əvvəlki qərarlaşmış şəraitin dəyişməsinə doğru mühüm addım atır. Söhbət heç bir halda onunla ölçülə bilməz ki, partiyaların bu millət qarşısında xidməti və sosial-iqtisadi faydasının ölçüsü büdcədən ayrılan 2 milyon manat vəsaitə bərabərdir. Əsas məsələ partiyaların şəffaf idarəçiliyə qədəm qoyması, vəsaitlərin bölgüsü, güclü kadrların formalaşması və partiyaların idarəçıliyinə demokratiyanın gəlməsidir. İndi hər kəs apardığı mübarizənin o təşkilata hansı faydaları qazandırdığının maddi ekvivalentini biləcək və partiyalar içərisindəki köləlik sisteminə son qoyulacaq. Hətta sadəcə dolu beyni və siyasi fəhmi ilə bir təşkilatın gücünü artıran simaların iqtisadi faydasını ölçən meyar ortaya qoyulacaqdır.

Xalq qarşısında hər bir vəsaitin hesabatını istəyənlər cəmi bir il sonra Hesablama Palatası qarşısında dayanacaq. Onda həqiqi partiyalaşmanın səviyyəsindən daha dolğun şəklidə bəhs etmək mümkündür. İndi isə, partiyalar və pul fenomeni açıq müstəviyə çıxır.

…Hansının qalib gələcəyini bir az sonra görəcəyik.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1081
avatar

Zahid Oruc

Oxşar yazılar