“Qubad bəyin başqanlıq şansı daha yüksəkdir”- MÜSAHİBƏ
19 avqust 2012 11:49 (UTC +04:00)

“Qubad bəyin başqanlıq şansı daha yüksəkdir”- MÜSAHİBƏ

Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyubun müsahibəsi

- Vurğun bəy, Türkiyədən izlədiyiniz Azərbaycanda və partiyanızdakı proseslər Sizdə hansı təəssüratlar doğururdu?

- Prosesləri saytlarda və qəzetlərdəki məlumatlar əsasında izləyirdim, eyni zamanda, dostlar facebook-da yazırlar, tam olmasa da, gözümün önündə ümumi mənzərə canlanırdı. Təbii ki, bu proseslərin içində sevindirən məqamlar var, amma ümumi əhval-ruhiyyəsinə baxanda xeyli kədərli notlarla da qarşılaşıram. Cəmiyyətin xeyli hissəsi amorf bir vəziyyətdədir, dəyərlər itib, insanlar bir qarın çörəyin izindədirlər, başlarını qaldırıb ətrafdakılara reaksiya verməkdə çətinlik çəkirlər. Sanki özlərinin və gələcək nəsillərin də həyatlarının bu cür davam edəcəyini düşünürlər. Cəmiyyət müxalifətin üzərinə yüklənib, “bunlar niyə nəsə etmirlər” ittihamlarını səsləndirəndə anlamırlar ki, yalnız düşərgənin gücü ilə polis rejimində nəsə etmək çətindir.

- Hikmət Hacızadənin diliylə desək, müxalifət “dissident dərnəklər”ə çevrilir?

- Hərə bu məsələyə bir cür qiymət verə bilər, amma fakt budur ki, ortada 20 ildir əqidəsindən dönməyən insanlar var, onlar mübarizə aparırlar. Bu insanlar min cür məhrumiyyətlərlə dözürlər, həbs olunsalar da mübarizəni davam etdirirlər. Cəmiyyətə yeganə ümid verəcək şey budur! Uzağa getmək istəmirəm, özümdən nümunə gətirirəm, 1993-cü ildən sonra hakimiyyət mənə ya ali məktəbdə, ya da akademiyada 5-3 manat maaşa işləməyə imkan vermədi. İki yol var idi: ya əyilməli, yaxud da acından ölməliydim. Mən məcbur qalıb başqa yol seçdim: qardaş ölkədə işləyib ailəmi dolandırmaq üzün maaş alım. Təsəvvür edin ki, müxalifətçilərin bir çoxu bu haldadır.

- Onu da etiraf edək ki, müxalifətin önündə gedənlər ictimaiyyətə ümid verə-verə prosesləri dalana dirədi...

- Natiq bəy, bəlkə tarixdən mənə bir nümunə göstərəsən ki, siyasət cəmiyyətə ümid yox, ümidsizlik verib. O cür siyasətlər yalnız Azərbaycanın anormal mühitində olar və belələri də var. 20 ildir eyni ümidsizliyi yayırlar, halbuki özü də heç bir şey etmir.

- Müxalifət liderləri də cəmiyyətə təskinlik verə-verə marginallaşmayıblarmı?

- Mən aparıcı insanlara bu münasibəti düzgün hesab etmirəm. Ümid yoxdursa, hansı mübarizədən söhbət gedə bilər, ümid mübarizəni gücləndirmək üzün verilir.

- Bəlkə etiraflar etmək və reallıqları demək lazımdır. 2003, 2005-ci illərdə müəyyən imkanları qaçırdığımızın üçün əziyyət çəkirik...?

- Etiraflar kifayət qədər olub, amma Siz nəyi etiraf hesab edirsiniz, nəyi yox? Problem yanaşmadadır, bu fikrin tərəfdarları hesab edir ki, Azərbaycan müxalifəti 2003-cü ildə əlinə silah götürməliydi, bu isə reallıqdan uzaqdır. İndi də siyasətçilərin “biz düz etməmişik, gərək silah götürəydik” etirafını eşitmək istəyirlər. Jurnalistin və ekspertin yanaşmaları müxtəlif olsa da, bunlardan çıxan ortaq nəticələr var ki, gələcək mübarizələrdə nəzərə alınmalıdır.

- Elə sonuncu cümlənizlə yaxın keçmişdəki səhvlərinizi etiraf etmirsinizmi?

- İnsan həyatı səhvsiz olurmu? Biri var ki, nəyisə səhv edəsən, biri də var ölkənə, millətinə, dövlətinə qarşı cinayət edirsən. Səncə, hansının çəkisi ağırdır?

- Ancaq elə səhvlər var ki, müxalifəti də strateji baxımdan əzir, insanları yorur, məsələn, Siz ölkədən getdiniz...

- Qəribədir, ölkəni bu vəziyyətə gətirən hakimiyyəti kənara qoymusunuz, müxalifəti də hardasa bir səhv varsa, bütün günah düşərgənin üzərinə qoyursunuz.

- Hakimiyyət məlumdur, amma “uman yerdən küsərlər”...

- Atalar sözləri belədir ki, hərə bir cür mənalandıra bilər. Bəli, uman yerdən küsərlər, amma uman yerin basıb gözünü çıxartmazlar, işıq gələn tərəfə barmaq tıxayıb işığın yolunu kəsməzlər ki... Mən küsməkdən daha çox bunu görürəm.

- Sizə elə gəlmir ki, son 2 ildə Müsavatdan getmələr verilən vədlərin doğrulmamasından irəli gəlirdi?

- İcazə verin, əks sual verim: bəs Müsavat Partiyasına gələnlər niyə gəlir?

- Gedənlərlə gələnləri müqayisə etmək olmaz axı...

- Axı insan elə bir varlıqdır ki, müəyyən enerjisi, gücü var, bəlkə birinin ümidlər limiti bir yerə qədərdir. Görünür, tədricən bu məsələlər adiləşir, artıq ona doğru da gedir. İnsanları seçiminə görə qınamaq olmaz, amma bir şərtlə ki, bu seçim olsun. başqalarının millətin və dövlətin maraqlarını tapdalamaq naminə öz mənafeyini təmin edirsənsə, bu, eybəcərlikdir. Amma bir insan mübarizənin bir yerinə qədər gələ bilir, nə etməli, onları atmalı, öldürməliyikmi?

- Seçimdən söz düşmüşkən, Sülhəddin Əkbərin “İsa Qəmbər heç vaxt prezident olmayacaq” söyləyən Rəsul Quliyevi seçməsi düzgün seçim idimi?

- Bu, Sülhəddin bəyin şəxsi seçimidir, ona qarışmaq istəmirəm. Sadəcə, onların hansı eyni dəyərləri bölüşmələri mənə maraqlıdır.

- Sizcə, hansı dəyərləri bölüşürlər?

- Mən nə qədər istəsəm də, təsəvvür edə bilmirəm.

- Yəni Sərdar Cəlaloğlu demişkən, tamam başqa xarakterli insanlardır?

- Nəinki xarakter, mən dəyərlərdən danışdım.

- Son bir neçə gündə qurultayın 2013-cü il seçkilərindən sonra keçirilməsi barədə fikirlər səslənir, bu barədə nə deyə bilərsiniz?

- Mən belə bir fikrin kimlər tərəfindən yayıldığını bilmirəm. Onu bilirəm ki, partiyamız qurultayını keçirməkdə israrlıdır. Amma qurultayı səhrada keçirməyəcəyik, biz beşinci-altıncı əsrdə yaşayırıq ki, çadır qurub qurultay keçirək?! Qurultayın üçün yerin verilməməsi hakimiyyətin xislətini açan bir faktdır. Əgər yer ayrılacaqsa, partiyamız 15-20 günün içində işlərini toparlayıb tədbirini keçirə bilər.

- Siz qurultayın seçkidən sonra, yoxsa əvvəl keçirilməsinin tərəfdarısınız?

- Partiyamız qurultayın keçirilməsi üçün icra hakimiyyətinə müraciət edib. Hakimiyyət yer verəcəksə, qurultayımızı keçirəcəyik. Partiyada da qurultayın seçkidən əvvəl, yoxsa keçirilməsi məsələsi də müzakirə olunmur, ümumiyyətlə biz tədbirimizi keçirmək istəyirik və müraciətimizi də etmişik.

- Amma Divan funksionerlərin mətbuatın qurultayla bağlı suallarına cavab verməməsi haqqında qərar çıxarıb. Bu qərar antidemokratik deyilmi?

- Mən həmin qərarın qəbulunda iştirak etmədiyim üçün motivlərini də düzgün bilmirəm. Ona görə cavabım çox dəqiq olmaya bilər. Ancaq partiyanın daxili həyatı olduğundan belə bir qərarlar mümkündür. Çünki Azərbaycanda Natiq Cavadlı xarakterində xeyli jurnalist var, bütün məsələlərin kökünə qədər getməyi xoşlayır, bir az sərt suallar verir, hər kəs də xarakterinə uyğun cavab verir. O zaman müxtəlif problemlər çıxır, bu baxımdan qərarı normal hesab edirəm. Amma heç kəsə də belə bir sərt tələb qoyulmayıb, daha çox tövssiyə xarakterlidir.

- Əgər partiya rəhbərliyi özünə arxayındırsa, daxili situasiya şəffafdırsa, məlum qərara nə dərəcədə ehtiyac vardı?

- O zaman Siz Azərbaycan cəmiyyətinin reallıqlarını unutmuş olursunuz. Cəmiyyətimizdə belə bir psixologiya var, irəli çıxardığı qüvvəni, lideri həmişə söz-söhbətlərdən uzaq görmək istəyir. Yəqin ki, Siz də çox rastlaşıbsınız, ən adi bir fikir ayrılığını cəmiyyət çox böyük bir problemə çevirir.

- Ancaq söhbətin əvvəlində cəmiyyətin amorflaşdığını, siyasətdən uzaqlaşdığını bildirdiniz...

- Mən siyasətə maraq göstərən təbəqəni nəzərdə tuturam. Başqaları ölkədə nələrin baş verdiyini bilmirlər, ümumiyyətlə, talelərinə təsir edəcək qanunlardan belə xəbərləri yoxdur. Mən 1 aydır Bakıdayam, sadə insanlarla hər gün təmasdayam, ürəkağrıdıcı mənzərə ilə qarşılaşıram.

- Siz qurultayda öz namizədliyinizi irəli sürəcəksiniz, yoxsa əvvəllər adını xatırlatdığınız Qubad İbadoğlunu müdafiə edəcəksiniz?

- Mən ad çəkəndə düşünüb çəkirəm, boşuna yox, fikrimi də dəyişməmişəm.

- Niyə məhz Qubad İbadoğlu, onun hansı xüsusiyyətləri başqan olmağa kömək edir?

- Qubad İbadoğlunun bir çox müsbət keyfiyyətləri var, savadı, təmkini, siyasi proseslərdə tərəfsizliyini qoruya bilmək qabiliyyəti, beynəlxalq əlaqələri, təşkilatçılıq qabiliyyəti və s. Bu məsələləri başqanlığa namizəd irəli sürüləndə daha geniş şəkildə münasibətimi bildirəcəm.

- Deməli, bu xüsusiyyətlər əsasında onu başqa iddiaçılardan üstün sayırsınız?

- İndi sən məndən nə söz almaq istəyirsən, əgər mən Qubad bəyi müdafiə etmək istəyirəmsə, təbii ki, belədir. Namizədləri göz özünə gətirsək, onların heç birinə etirazım yoxdur. Amma bu bir seçim olduğu üçün hər kəs öz seçimini edir.

- Bəs onun başqan seçilmək şansı nə qədərdir?

- Mən yüksək qiymətləndirirəm.

- Amma nəzərə alın ki, partiyada Arif Hacılını da dəstəkləyənlər var, o cümlədən başqa iddiçılar da yox deyil. Daha çox Arif bəyin adı çəkilir və o, həbsdən yazdığı müraciət və müsahibələrdə iddiasını gizlətməmişdi...

- Təbii ki, hər bir partiya üzvünün iddiasını ortaya qoymağa haqqı var. Olsa-olsa kimsə iddianın ifadə formasına etiraz edə bilər. Başqa bir şəkildə kim etiraz edə bilər ki, hər hansı bir partiya üzvü, üstəlik də təşkilatın qurulmasında çox böyük zəhmətləri olan Arif Hacılının namizədliyini irəli sürməsinə etiraz edə bilsin. Partiyanın nizamnaməsi buna tamamilə imkan verir.

- Partiyadakı nisbəti götürdükdə onun şansı nə qədərdir?

- Vallah, mənim əlimdə elə bir tərəzi yoxdur. Mən sadəcə hesab edirəm ki, Qubad bəyin şansı daha çoxdur.

- Adətən, İsa Qəmbərdən sonra Müsavatın dağılması barədə fikirlər gündəmdə olub. Bu mənada Arif Hacılı və Qubad İbadoğlu, bunlardan hansının monolitliyi saxlamaq gücü var?

- 20 ildir bu fikirləri eşidə-eşidə gəldiyimdən bu barədə şərhim yoxdur. Nələr olacaqsa, görünəcək. Mən belə bir təhlükə görmürəm.

- Ancaq Ali Məclisin sabiq sədri Sülhəddin Əkbər bildirib ki, AXCP və Müsavat birləşsin, başqan da Əli Kərimli olsun, necə düşünürsünüz?

- Bu təklifi verəndə o, partiyanın ikinci şəxsiydi, öz təklifini də əsaslandırmışdı. Bu da onun fikridir, yəni anlayışla qarşılamaq olar. Amma onun indi də belə bir təklifi varsa, bu, yalnız kənar müşahidəçinin təklifi ola bilər. Sülhəddin bəyin indiki tutduğu mövqe baxımından başqa partiyalara belə məsləhət verməsi siyasi nöqteyi-nəzərdən qeyri-etikdir.

- Müxalifət daxilində inteqrasiya proseslərini hansı müstəvidə getməsinin tərəfdarısınız?

- Uğurlu bir format olaraq İctimai Palata tapılıb, bəzi müxalif qüvvələr də orada toplaşarsa, daha uğurlu variant olacaq.

- İP-nin ömrü seçkilərə qədər ola bilərmi?

- Hər hansı qurumun qarşısında konkret məqsədlər olur. Məqsədlər boşa çıxanda, həmin qurum da müəyyən rolunu oynamış olur. Bundan xüsusi bir təşviş keçirməyə ehtiyac yoxdur.

- Ona görə seçkilərə qədər deyirəm ki, artıq hər iki partiyanın üzvləri bu məsələdə güzəştli mövqe tutmurlar...

- Bu normal hal deyilmi, hər bir partiya istəyər ki, onun lideri daha öndə olsun. Amma bu o demək deyil ki, seçki yaxınlaşdıqca, hər kəs mövqeyində israrlı olacaq. Proses getdikcə uyğun variantlar ortaya qoyula bilər. Bunun üçün müxalifətdə səmərəli təkliflər verən adamlar var. İctimai Palatada bu cür insanlar toplaşıbsa, onlar ortaya mövqe qoyub vahid namizəd də müəyyənləşdirə bilərlər. Mən bu məsələdə xüsusi faciəvi bir şey görmürəm.

- Müxalifətin indiki situasiyasından razısınızmı?

- O zaman razı salardı ki, müxalifət hakimiyyətdə olardı. Əgər hakimiyyətdə deyilsə, mənim razı olmağımdan söhbət gedə bilməz.

Natiq Cavadlı, Bizim yol

(Müsahibə ixtisarla yayımlanıb)
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1652

Oxşar yazılar