“Hər şey Ermənistanın özünü necə aparacağından asılı olacaq. Ona görə ki, ilk iki atəşkəs məhz Ermənistan tərəfindən pozulub”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da İtaliyanın Rai-1 televiziya kanalına müsahibəsində "Yeni sülh barışığı, bu yeni atəşkəs qüvvədə olacaqmı?" sualının cavabında deyib.
Prezident bildirib ki, humanitar mülahizələrə əsaslanan birinci atəşkəsdən sonra 24 saat ərzində Ermənistan atəşkəsi pozub: “Özü də vəhşicəsinə, gecə vaxtı Gəncə şəhərinə ballistik raket atmaqla. Birinci atəşlər nəticəsində 10 nəfər həlak oldu, xeyli insan yaralandı. Sonra onlar daha bir dəfə, yenə gecə vaxtı Gəncəyə zərbə endirdilər. Bu dəfə qurbanların sayı daha çox oldu. Ona görə də biz cavab verməyə məcbur idik.
İkinci atəşkəsə gəldikdə isə bizdə atəşkəsin Ermənistan tərəfindən pozulmasının xronologiyası var. Onlar təyin edilmiş atəşkəs saatından düz 2 dəqiqə sonra atəşkəsi pozdular. Bu gün saat 08.00-dan yeni atəşkəs qüvvəyə minib. İndi Bakıda səhər saat 10.00-dır. Saat 8-dən təxminən 3-4 dəqiqə sonra Tərtər şəhərinə yenidən bir neçə mərmi atılıb. Biz buna cavab vermirik. Ümid edirik ki, bu, təsadüfən olub. Lakin əgər bu, davam etsə, təbii ki, biz adekvat cavab verməyə məcbur olacağıq”.